Təbiəti düşünərək...

 

Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Bu gün Yer üzünün bütün zənginliklərindən yararlanmaq istəyən milyardlarla insan gələcəyi düşünmədən təbiəti istismar etməkdədir.  Əhalinin sayı və istismar tempi eyni dərəcədə artarsa, Yer kürəsinin bütün təbii qaynaqları insan ehtiyaclarını ödəyə  bilməyəcək bir vəziyyətə düşə bilər.

 

Bu səbəbdəndir ki, XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Çünki təbiət, obrazlı şəkildə ifadə etsək, bizim evimizdir və gələcəyimiz bizə əmanət olunan bu evin təmizliyinin qorunub saxlanmasına necə riayət etməyimizdən çox asılıdır. Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi  davamlı inkişaf üçün vacib amillərdən biridir.

İqtisadiyyatın sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir.  Son dövrlər ekoloji məsələlərin ümumbəşəri bir  problem kimi qəbul edilməsi ilə əlaqədar olaraq ölkəmizdə də ekoloji siyasət geniş vüsət almışdır. Azərbaycan Respublikası ekoloji sağlamlığın təmini,  gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədilə müvafiq addımlar atır. Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji təhlükəsizliyinin daim diqqət mərkəzində olmasını tələb edir.

Müstəqilliyimizdən sonrakı illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması istiqamətində respublikamızda müəyyən işlər görülmüşdür. Məsələn 1998-ci ildə “Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazırlanmışdır. Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər görülmüşdür. Bu tədbirlərdən ən mühümü 2001-ci ilin  may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla icra olunmuşdur.

Azərbaycanın ekoloji təhlükəsizliyinə olan təhdidləri və bu problemləri doğuran səbəbləri aşağıdakı kimi sadalamaq mümkündür:

- Azərbaycan Respublikasındakı ekoloji problemlər Sovet İttifaqının enerji ehtiyatına olan tələbatının ödənilməsi məqsədi ilə əsasən Abşeron yarımadasında və Xəzər dənizində ekoloji nəticələr nəzərə alınmadan qeyri-təkmil üsullarla onilliklər ərzində aparılmış neft hasilatı ilə bağlıdır;

-Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə flora və faunanın kütləvi şəkildə məhv edilməsi, o cümlədən bu torpaqlarda törədilən genişmiqyaslı yanğınlar ölkə üçün ən böyük ekoloji problemlərdən birinə çevrilmişdir;

- Azərbaycan Respublikasının şirin su ehtiyatlarının böyük həcminin qonşu ölkələrdə formalaşması və bu ölkələrin ərazilərində kimyəvi, radioaktiv və digər zərərli maddələrlə intensiv çirklənməyə məruz qalması əhalinin içməli su ilə təmin olunmasında problemlər yaradır;

- Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması ekoloji təhlükəsizliyin minimallaşmasını sual altına alır;

 Ermənistan ərazisində seysmik zonada yerləşən və texnoloji baxımdan köhnəlmiş Metsamor Atom Elektrik Stansiyası nəinki Azərbaycan bütövlükdə region üçün təhlükə mənbəyi, dövlətlərin ekoloji təhlükəsizliyinə böyük təhdiddir.

Azərbaycan Respublikası zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlət kimi geniş imkanlara malikdir. Bu imkanlar isə ekoloji təhlükəsizlik üçün proqressiv amil kimi qiymətləndirilməyə bilər. Çünki sənayenin inkişafı ekoloji problemlər doğurmaq iqtidarındadır. Belə problemlə üzləşməmək üçün ekoloji cəhətdən təmiz texnologiyaların Azərbaycana gətirilməsi stimullaşdırılmalıdır.

Azərbaycan qlobal ekoloji problemlərin həllində aktiv iştirak etməklə, regional  və beynəlxalq səviyyədə geniş fəaliyyət göstərir. Son zamanlar ekoloji problemlərin həllinə həsr olunmuş müşavirələrin, yerli və beynəlxalq konfransların keçirilməsi bu sahənin dövlətin prioritet məqsədləri sırasına daxil edilməsinin əyani sübutudur. Ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə də diqqət artırılır, ekoloji vəziyyətin yaxşılaşdırılması istqamətində əhəmiyyətli addımlar atılır.  Beynəxalq konvensiyaların ratifikasiyası, beynəlxalq sahədə əməkdaşlığın genişlənməsi, eyni zamanda, milli səviyyədə qanunların qəbulu və həyata keçirilməsi sübutedici faktorlardır. Azərbaycan ekoloji cəhətdən gərgin regionda yerləşdiyi üçün ekoloji qayğı daim diqqət mərkəzindədir. 2010-cu ildə bu məqsədlə “Ekologiya ilielan olunmuş, bu il ərzində respublikada ekoloji durumun vəziyyəti, gənc nəslin maarifləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilmişdir.

Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. O cümlədən, respublikamız Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir. Dünyada mövcud olan 11 iqlim tipindən 9-na ölkəmizdə rast gəlmək mümkündür. Azərbaycan cənubda subtropik ağaclarına və meyvələrinə, şimalda isə alp buzlaqlarına görə məşhurdur. Bu, Qafqazdakı vəhşi təbiətin flora və faunasının zəngin biomüxtəlifliyini təmin edən əsas amildir.

Ekoloji mühitin tənzimlənməsinə yönələn siyasət kompleks şəkildə həyata keçirilən strategiya olmalıdır.

Son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində IDEA ( Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti danılmazdır. Təşkilat 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası əsasında fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır. Burada diqqətçəkən məsələ ondan ibarətdir ki, hər bir layihə  gənc nəslin təşəbbüsü, iştirakı və  rəhbərliyi ilə gerçəkləşir. Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə realvirtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün  bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir.

Qısa müddət ərzində təşkilat ölkə daxilində, həmçinin xaricdəki fəaliyyəti ilə uğurlara imza atır, həyata keçirdiyi müxtəlif layihələr və tədbirlərlə ekoloji şüurun formalaşmasına, ekoloji təhsilin artırılmasına xidmət edir.  Belə ki, gənc ekoloqlaradi tələbələr üçün ağacəkmə fəaliyyətləri, o cümlədən 5 qitə və 90 ölkədən 1200 iştirakçının qatıldığı “Yer Kürəsi uşaqların gözü ilə” uşaqlar üçün beynəlxalq fotomüsabiqə, “Hər kağızı bir yarpağa dəyişək” layihəsi 1-ci Azərbaycan Ətraf Mühit Forumu   və digər müxtəlif layihələr birliyin əldə etdiyi nailiyyətlərdəndir. Həmçinin, 2011-ci ildə Qəbələdə baş tutan konfrans və 2012-ci ildə UNEP-in əməkdaşlığı ilə reallaşdırılan “Yaşıl həftə” konfranslar silsiləsi kimi beynəlxalq mütəxəssislərin iştirak etdiyi çoxsaylı konfrans və görüşlər beynəlxalq əməkdaşlığın genişləndirilməsi, dünyanın müxtəlif ölkələrindən olan gənc ekoloqların şəbəkələşməsini təmin etmişdir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-ci il mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi üzrə Beynəlxalq Sammit keçirilib və tədbir çərçivəsində regionda bəbirlərin mühafizəsi məsələsi geniş müzakirə edilib. O cümlədən, IDEA-nın təşəbbüsü ilə respublikada 3 milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması istiqamətində layihələr reallaşdırılmışdır.

Təşkilat dövlətin ekologiya siyasətinin əsas təkanverici qüvvəsi rolunda çıxış etmə səlahiyyətini artıq qazanmışdır. IDEA indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemin qorunması, təbii ehtiyatların səmərəli istifadə olunması ilə davamlı inkişafı təmin etməyə yönəlmişdir. Birlik iqtisadi fəaliyyət zamanı meydana çıxan ekoloji problemləri aradan qaldırmaq və onların ətraf mühitə təsirinin minimuma endirilməsinə çalışır.

Bütün bu sadalanan amilləri ümumiləşdirməklə IDEA İctimai Birliyinin aşağıdakı əsas istiqamətlərini müəyyənləşdirmək olar:

- ətraf-mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təmin olunması naminə nəticəli addımların atılması;

- Qafqazdakı vəhşi təbiətin flora və faunasının zəngin biomüxtəlifliyinin tanıdılması və qorunub saxlanılması;

- gənc nəslin ekoloji problemlərin həllinə cəlb olunması, həm milli, həm də beynəlxalq səviyyədə dialoqun təmin edilməsi;

- qlobal ekoloji problemlərin həllinə dair yolların müəyyənləşməsi, beynəlxalq əməkdaşlığın genişlədirilməsi.

Noyabrın 14-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) Sidney şəhərində keçirilən Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edən Leyla xanım Əliyevanın əlverişli coğrafi mövqeyə malik Azərbaycanın zəngin təbiəti, eləcə də ölkədə yaradılan milli parklar və qoruqlar barədə, təsisçisi olduğu IDEA İctimai Birliyinin ölkəmizin, eləcə də Qafqaz regionunun təbiətinin mühafizəsi sahəsindəki fəaliyyəti barədə məlumatı konqres iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.  Daha sonra IDEA-nın Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə üzv olması təşkilatın reallaşdırdığı fəaliyyətin izlənildiyini və beynəlxalq əhəmiyyət kəsb etdiyini sübut edir. Bu birliyə üzv olmaqla IDEA ekoloji sahədə fəaliyyət göstərən qabaqcıl beynəlxalq təşkilatlarla əməkdaşlıq perspektivlərini genişləndirmək, qlobal layihələrdə daha yaxından iştirak etmək və ətraf mühit ilə bağlı beynəlxalq səviyyədə qərarların qəbul olunması prosesinə təsir etmək imkanı əldə etmişdir. Əsası 1948-ci ildə qoyulan IUCN  bu gün dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ən böyük və ən qədim qurum olaraq tanınır.

Sonda qeyd etmək lazımdır ki, bütün canlıların yaşadığı mühiti təbiət adlandırırıq. Təbiət uca Yaradanın insanlara bəxş etdiyi ən böyük ərməğandır. Təbiətin tarazlığının pozulmaması üçün lazımi tədbirlər görmək hər birimiz üçün vacib bir vəzifədir. Dünya əhalisinin sürətlə artdığı, suenerji ehtiyatının azaldığı bir vaxtda gələcək fəlakətlərin qarşısının alınması naminə ətraf mühitin mühafizəsində birlik nümayiş etdirilməlidir.  Təbiəti hamılıqla qorumalıyıq.  Bu öhdəliklər isə xüsusilə dövlətin sütunu hesab olunan gənc nəslin üzərinə düşür. Təsadüfi deyildir ki, IDEA İctimai Birliyi çərçivəsində görülən bütün işlər də bu amala yönəlir: gənc nəsli  ətraf mühitin qorunmasına səsləmək, bu gün və gələcək üçün sağlam ekoloji mühitin formalaşmasına istiqamətləndirmək.

IDEA = Təbiət – Düşüncə – Siyasət.

Təbiəti düşünərək siyasətə tətbiq edək!

 

Nailə MƏMMƏDOVA

“Azerbaijan Realities”

analitik təhlil qrupunun üzvü

 

Xalq qəzeti.- 2015.- 8 yanvar.- S.4.