Bakı dünyanın qlobal problemlərinin
müzakirə olunduğu diplomatik
paytaxt statusunu qazanmaqdadır
2014-cü
ildə beynəlxalq təşkilatların xətti ilə Azərbaycanda
təşkil
olunan tədbirlər də bunu təsdiqləyir
2014-cü il respublikamızın
tarixində bir sıra əlamətdar hadisələrlə
yadda qalacaq. Əvvəlki illərdə olduğu kimi, keçən
il də həm daxili, həm də xarici siyasətdə
uğurlu addımlar atılmış, ölkəmizin
dünya birliyində reytinqinin yüksəldilməsi istiqamətində
əhəmiyyətli hadisələr baş vermişdir. Xarici
siyasət sahəsində qazanılan uğurlar ölkəmizin
dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir.
Respublikamızın
beynəlxalq aləmdəki əlaqələrinin getdikcə
genişləndirilməsini prioritet vəzifə
kimi qarşıya qoyan
Prezident İlham Əliyev
diplomatik xidmət orqanları rəhbərlərinin
2014-cü ildə keçirilmiş beşinci müşavirəsində ölkəmizin
xarici siyasətinin prinsipial
və ardıcıl surətdə
aparıldığını və Azərbaycan diplomatiyasının inkişaf dövrünü
yaşadığını qeyd edərək,
bu istiqamətdə mühüm
tapşırıqlar vermişdir.
Dövlət
başçısının rəhbərliyi ilə həyata
keçirilən xarici siyasət beynəlxalq
hüququn norma və
prinsipləri, BMT Nizamnaməsi əsasında, dövlətlərarası
münasibətlərdə qanunun aliliyi və dövlətlər tərəfindən
öz öhdəliklərinə riayət
edilməsi kimi məsələləri təşviq edib. Bütün
bunların nəticəsi olaraq hazırda
ölkəmiz dünyada etibarlı tərəfdaş
kimi qəbul olunur və
bizimlə sıx əməkdaşlıq etmək istəyən
tərəfdaşların sayı getdikcə artır. Bunu ölkə başçısının
2014-cü ildə keçirdiyi
görüşlər və xarici ölkələrə
səfərləri də təsdiqləyir. Keçən il Azərbaycan Prezidentinin
səfərləri, görüşləri və beynəlxalq
tədbirlərdə iştirakı əvvəlki illərlə
müqayisədə xeyli zəngin olmuşdur. Bu tədbirlər
ölkəmizin beynəlxalq aləmdə reytinqini
daha da yüksəltmiş,
nüfuzunu artırmış və əlaqələrini
möhkəmləndirmişdir. Azərbaycan Prezidenti
müxtəlif ölkələrə 15-ə yaxın rəsmi
səfər etmiş, həmçinin 10-a
yaxın beynəlxalq tədbirdə iştirak
etmişdir. Bu səfərlərin
əksəriyyəti Avropa ölkələrinə
həyata keçirilib.
İlin ilk ayından başlayaraq sonuna qədər
dövlətimizin başçısı xarici
siyasət sahəsində mühüm
görüşlər keçirmiş,
ikitərəfli əməkdaşlığın
inkişafı istiqamətində əhəmiyyətli tədbirlərdə
iştirak etmişdir.
Yanvar ayının 14 -15-dən Belçika Krallığında işgüzar səfərlə başlayan tədbirlər silsilə halında
davam etdirilmişdir. Həmin
səfərlərə diqqət yetirdikdə ölkə
başçısının iş qrafikinin necə gərgin olması bir daha özünü
büruzə verir. Bu
səfər çərçivəsində Azərbaycan Prezidenti müxtəlif təşkilatların
rəhbərləri ilə dörd görüş keçirmişdir.
Brüsseldə Avropa İttifaqının
Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Filip Lefort,
NATO-nun baş katibi Anders Foq
Rasmussen, NATO-nun Şimali Atlantika
Şurasında üzv dövlətlərin
NATO yanında daimi nümayəndələri
ilə görüşmüş və sonda mətbuat konfransında iştirak
etmişdir. Bundan bir həftə sonra isə
Davosda keçirilən Dünya
İqtisadi Forumunda iştirak etmək üçün
İsveçrədə işgüzar səfərdə
olmuşdür. Bu səfər
çərçivəsində ölkə Prezidentinin
gündəlik iş qrafiki
daha gərgin və zəngin olmuşdur. Azərbaycan Prezidenti
Davosda səfərdə olarkən iki gün ərzində 17
görüş keçirmişdir.
“Holcim”, “Airbus
Group International”, “Swiss Re”, “Philips”,
“Hewlett-Packard”, “GDF Suez”,
“Microsoft International”
şirkətlərinin nümayəndələri, Avropa Yenidənqurma və İnkişaf
Bankının prezidenti və digər
dövlətlərin nümayəndələri ilə
keçirilən görüşlərdə əsas məqsəd
ölkəmizin iqtisadi qüdrətinin
daha da
artırılması, Azərbaycana yeni
investorların cəlb edilməsi, həmçinin ikitərəfli
əməkdaşlığın yeni
müstəviyə qədəm qoyması olmuşdur.
Göründüyü kimi, 2014-cü ilin ilk ayından dövlət
başçısı İlham Əliyev çox gərgin fəaliyyətə
başlamışdır. Bir-birini əvəz edən görüşlər, səfərlər
və beynəlxalq tədbirlərə qatılmaq uğurlu daxili siyasətimizin
davamı olaraq müstəqil, prinsipial, çevik və
ardıcıl xarici siyasətimiz milli maraqlarımıza xidmət etmiş və Azərbaycanı dünya birliyində söz
sahibinə çevirmişdir.
Qeyd edək ki,
2014-cü il beynəlxalq münasibətlər
sistemində ziddiyyətlər və hərbi-siyasi bloklara bölünmə kimi
meyillərin dərinləşməsi ilə yadda
qalmışdır. Bütün bunlar ölkəmizdə ictimai-siyasi
sabitliyin pozulmasına təsir göstərə
bilməyib. Əksinə, nüfuzlu beynəlxalq
qurumlar öz tədbirlərini
Azərbaycanda keçirməyə üstünlük
veriblər. Respublikamıza olan
bu inam və etimad bir daha
təsdiqlədi ki, bu
gün Azərbaycan postsovet
məkanında, yəni Sover
İttifaqının süqutundan sonra yaranan müstəqil
dövlətlər içərisində, heç
bir problemi olmayan, sürətlə inkişaf
edən, beynəlxalq aləmdə reytinqi
getdikcə artan bir
dövlətdir. Dünyanın
tanınmış ekspertləri də təsdiqləyirlər ki, postsovet ölkələri
ilə müqayisədə Azərbaycan iqtisadi,
siyasi, hərbi, mədəni, idman və digər sahələrdə əməkdaşlıqla
bərabər, beynəlxalq aləmdə öz
mövqeyini gündən-günə
möhkəmləndirir.
Ötən
ilin yadda qalan hadisələri sırasına dövlət
başçımızın Macarıstana səfəri, iki ölkə arasında əməkdaşlığın
bütün sahələrdə daha da genişlənməsinə
və dərinləşməsinə təkan verəcək mühüm bir bəyannamənin imzalanması da daxildir. Bundan bir gün sonra
reallaşan İran İslam Respublikası Prezidentinin
Bakıya səfəri də əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Bu səfər çərçivəsində
Azərbaycan və İran prezidentləri
arasında mühüm bəyannamə
imzalanmışdır. Ekspertlərin fikrincə, həmin sənədlər
çox böyük əhəmiyyət
kəsb edir. Çünki
bəyannamə bu ölkələrin əməkdaşlıq
edəcəyi bütün sahələri əhatə
edir. Xüsusilə, ölkəmiz
üçün vacib
olan odur ki, hər iki bəyannamədə
Azərbaycanın ərazi bütövlüyünün,
suverenliyinin dəstəklənməsi,
münaqişənin beynəlxalq hüququn
norma və prinsiplərinə uyğun, zor işlətməməklə
həlli və digər amillər açıq-aydın formada özünü
göstərir. Bu səfərlər zamanı elə bir
sahə olmadı ki, həm Azərbaycanla
Macarıstan, həm də Azərbaycanla İran
arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi, müzakirə
aparılmasın. Ötən il Azərbaycan
Prezidentinin İtaliyaya
səfəri zamanı da İtaliya
ilə Azərbaycan arasında strateji tərəfdaşlıqla
bağlı bəyanat qəbul edilmişdir.
Azərbaycan
2012-2013-cü illərdə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi
üzvlüyündən və müxtəlif vaxtlarda
bu quruma sədrliyindən
sonra xarici siyasətimizin
coğrafi ölçüləri daha da genişləndi. Bundan sonra qlobal proseslərə
təsir imkanlarımız xeyli artdı.
Latın Amerikası ilə bərabər, Asiya
və Afrika istiqamətləri üzrə
ikitərəfli əlaqələrimizin inkişafı üçün əlverişli imkanlar yarandı. Bu regionlarda yeni diplomatik təmsilçiliklərimizin
yaradılması, dövlət və hökümət
başçılarının qarşılıqlı səfərləri
ikitərəfli münasibətlərin gələcək
inkişafının təməlini qoydu və
mövqeyimizin möhkəmlənməsinə
əsaslı təsir göstərdi.
Dövlət
başçısının həyata keçirdiyi
məntiqli siyasətin nəticəsidir ki,
hazırda paytaxt Bakı regional
çərçivədə biznes, mədəniyyət,
idman mərkəzi kimi
statusları ilə bərabər, qlobal
problemlərin müzakirə olunduğu diplomatik paytaxt statusunu qazanmaqdadır.
2014-cü
ilin ən yaddaqalan
hadisələrindən biri də Azərbaycanın
Avropa Şurası Nazirlər Komitəsinə
sədrliyi oldu. Ölkəmiz 2001-ci ildə
Avropa Şurasına üzv
olduqdan sonra ilk dəfə 2014-cü il
mayın 14-dən altı aylıq dövr
üçün təşkilatın
Nazirlər Komitəsində sədrlik edib. Bu müddət ərzində Avropa
Şurasının fəaliyyətinin əsas
sütunlarını təşkil edən insan
hüquqları, qanunun aliliyi
və demokratiyanın daha da
inkişafı istiqamətində mühüm
səylər göstərilmiş, qurumun üzv ölkələri və müxtəlif
təsisatları ilə qarşılıqlı anlaşma şəraitində əməkdaşlıq
edilmişdir.
Ölkəmizin
sədrliyinin prioritetləri Avropa Şurasının
gündəliyində duran aktual
məsələlər, dövlətlərin üzləşdikləri
təhdidlər, respublikamızın müsbət təcrübəsi
və fərqli üstünlükləri nəzərə
alınmaqla, korrupsiyaya qarşı
mübarizə, mədəniyyətlər və dinlərarası dialoq, sosial həmrəylik
və sosial davamlılıq, gənclərin
hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən
edilmişdir. Həmin prioritetlərin dəstəklənməsi
məqsədilə Azərbaycanda 18 mühüm
beynəlxalq tədbir keçirilmişdir.
Azərbaycanın
Avropa İttifaqı ilə
qarşılıqlı əməkdaşlığı
dövlət başçımızın diqqət mərkəzində
saxladığı prioritet vəzifələrdən
olub. 2014-cü ildə də bu sahədə qətiyyətli addımlar
atılmış və əlaqələrimiz daha
da möhkəmlənmişdir. Bərabərhüquqlu və
qarşılıqlı maraqlara əsaslanan
əməkdaşlıq Azərbaycanın Avropa
İttifaqı (Aİ) ilə münasibətlərinin özəyini
təşkil edib. Şərq Tərəfdaşlığı
və Avropa İttifaqı ölkələrinin
Vilnüs Zirvə toplantısı, ondan sonrakı dövrdə imzalanmış
ikitərəfli sənədlər, həmin sənədlərin
icrası istiqamətində aparılan iş
ölkəmizin bu qurumla
əməkdaşlığının əsas tərkib hissəsinə
çevrilib. Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozunun iyunun 14-də ölkəmizə rəsmi səfəri
zamanı Azərbaycanın Avropa
İttifaqı proqramlarında iştirakına dair
imzalanmış protokol müvafiq
dövlət qurumlarında kadr
potensialının gücləndirilməsinə, iqtisadi, mədəni və humanitar
sahədə təcrübə mübadiləsinə
şərait yaradan mühüm
sənəd olmuşdur.
Azərbaycanla Avropa İttifaqı arasında enerji
sahəsində strateji tərəfdaşlığın
inkişafı üzrə xarici siyasət
kursu uğurla davam etdirilib. Azərbaycanın
Aİ-yə üzv ölkələrlə
geniş əlaqələri rəsmi
Bakının bu təşkilatla
münasibətlərinin inkişaf etdirilməsi
istiqamətində aparılan fəaliyyətə təkan verib. Belə ki,
bu ölkələrlə fərdi qaydada siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə
genişləndirilən dialoq Aİ ilə
əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi
və bərabərhüquqlu tərəfdaşlığın
inkişafı istiqamətində aparılan işə
müsbət töhfə verib. Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın özünü
etibarlı tərəfdaş kimi təsdiq
etməsi, eləcə də Aİ-də strateji
tərəfdaşlarının sayının artması Azərbaycanın
bu təşkilatla əməkdaşlığının
strateji ruhda köklənməsini
zəruri edib.
2014-cü il ərzində Azərbaycan
Respublikasının xarici ölkələrlə
ticarət-iqtisadi əlaqələrinin inkişaf
etdirilməsi qarşıya qoyulan prioritet vəzifələrdən olub. Bu məqsədlə birgə hökumətlərarası
iqtisadi komissiyanın 18 və işçi qrupun 2
iclası keçirilib. İclaslarda
Azərbaycanın bu ölkələrlə
ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat,
informasiya və telekommunikasiya
texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və
elmi-texniki sahələrdə əməkdaşlığın
genişləndirilməsi məqsədilə konkret
razılaşmalar əldə olunub və
gələcək əməkdaşlıq istiqamətləri
müəyyən edilib. Bununla yanaşı, Azərbaycanın
bir sıra mühüm
ölkələrlə keçirdiyi
hökumətlərarası iqtisadi komissiya və işçi
qruplarının iclasları zamanı qəbul olunmuş
sənədlərdə Azərbaycan Respublikasının
Dağlıq Qarabağ bölgəsi və
işğal altında olan
digər ərazilərində Ermənistan tərəfindən
həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətin
qarşısının alınması məqsədilə həmin
ölkələrlə birgə səylərin
aparılması üzrə razılıqlar əldə edilib.
Ümumilikdə,
2014-cü ili xarici
siyasət sahəsində uğurlar ili kimi də dəyərləndirmək
olar. Dövlət
başçısının ilin bütün aylarında gərgin iş qrafiki olmuş, bəzi aylarda o, 15-dən çox tədbirdə
iştirak etmişdir.
Bütün bunlar Azərbaycanın
dünya birliyində mövqelərinin
getdikcə möhkəmləndirilməsinə zəmin
yaratmışdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2015.- 7 yanvar.- S.4.