İsgəndər Həsən
oğlu Cəfərov
Azərbaycanın təhsil
və elmi ictimaiyyətinə
ağır itki üz vermişdir. Tanınmış alim, Azərbaycan
Milli Elmlər Akademiyasının
müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru,
professor, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Pedaqoji
Universitetinin nəzəri fizika
kafedrasının müdiri İsgəndər Həsən
oğlu Cəfərov 2015-ci il yanvarın 7-də
ömrünün 75-ci ilində vəfat etmişdir.
İsgəndər Cəfərov
1940-cı il dekabrın 30-da İmişli rayonunun Əlipənahlı
kəndində anadan olmuşdur. 1957-ci ildə rayonun
Sarxanlı kənd orta məktəbini bitirən İ.Cəfərov
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) fızika-riyaziyyat fakültəsinə qəbul
olunmuşdur. 1962-ci ildə ali məktəbi fərqlənmə
diplomu ilə bitirdikdən sonra M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin (MDU) fizika fakültəsinin
aspiranturasına daxil olmuşdur. O, məşhur sovet fiziki
A.A.Sokolovun elmi rəhbərliyi altında nəzəri fizika
sahəsində tədqiqatlar aparmağa başlamış və
1966-cı ildə MDU-da “Polyarizələnmiş zərrəciklərlə
aparılan təcrübələrdə kompleks elektromaqnit
formfaktorlarının təyini və birfotonlu
yaxınlaşmanın tətbiq hüdudunun müəyyənləşdirilməsi
imkanları” mövzusunda namizədlik dissertasiyası
müdafıə etmişdir.
Moskvada namizədlik dissertasiyası
müdafiə edib Bakıya qayıtdıqdan sonra İ.Cəfərov
Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki
Universiteti) fizika kafedrasında baş müəllim kimi əmək
fəaliyyətinə başlamışdır. 1969-cu ildə
müsabiqə yolu ilə Azərbaycan Elmlər Akademiyasının Fizika
İnstitutunun nüvə fizikası laboratoriyasında baş
elmi işçi vəzifəsinə və az sonra həmin
laboratoriyanın müdiri vəzifəsinə təyin
olunmuşdur.
İsgəndər Cəfərov
1979-cu ildə M.V.Lomonosov adına MDU-da “Kalibrlənən
SU(2)xU(1)-modellər və elementar zərrəciklərin zəif
qarşılıqlı təsiri” mövzusunda doktorluq
dissertasiyası müdafiə etmişdir. 1970-1985-ci illərdə
İ. H. Cəfərov gərgin və məhsuldar elmi
yaradıcılıqla yanaşı, Bakı Dövlət
Universitetində və Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda tələbələrə nəzəri
fizikanın müxtəlif sahələri üzrə ümumi
və xüsusi kurslardan mühazirələr oxumuşdur.
Görkəmli alim
1985-1989-cu illərdə Naxçıvan Dövlət Pedaqoji
İnstitutunun rektoru, 1989-1995-ci illərdə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsinin
dekanı, 1995-ci ildən ömrünün sonunadək Azərbaycan
Dövlət Pedaqoji Universitetinin nəzəri fizika
kafedrasının müdiri vəzifələrində
çalışmışdır.
Professor İ. H. Cəfərov
2014-cü ildə fizika ixtisası üzrə Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü
seçilmişdir.
Onun elmi tədqiqatının
əsas qayəsini elektromaqnit və zəif
qarşılıqlı təsirlərin vahid nəzəriyyəsi
üzrə işlər təşkil edir. O, zərrəciklərin
elektrozəif qarşılıqlı təsirlərinin
SU(2)xU(1) və digər simmetriya qruplarına əsaslanan vahid nəzəriyyəsinin
bir sıra variantını irəli sürmüşdür.
180-ə yaxın elmi əsərin
müəllifi olan İsgəndər Cəfərovun
aldığı elmi nəticələr dünyanın elm və
texnika sahəsində qabaqcıl ölkələrinin, həmçinin
respublikamızın nüfuzlu elmi nəşrlərində dərc
olunmuş, həmin elmi əsərlərə dünyanın
görkəmli alimləri çoxsaylı istinadlar etmişlər.
Professor İ.Cəfərov
elementar zərrəciklər nəzəriyyəsi sahəsində
elmi məktəb yaratmışdır. Onun elmi rəhbərliyi
və məsləhətçiliyi ilə ondan artıq doktorluq və namizədlik
dissertasiyası müdafiə edilmişdir.
İ. H. Cəfərovun
elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən
layiqincə dəyərləndirilmişdir. 2011-ci ildə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar
elm xadimi” fəxri adına layiq görülmüşdür.
Tanınmış
alim, pedaqoq, elm və təhsil təşkilatçısı,
səmimi insan İsgəndər Həsən oğlu Cəfərovun
xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Xalq qəzeti.-2015.- 9 yanvar.- S.6.