Azərbaycanda turizm sektoru iqtisadi uğurun
açarı kimi : problemlər və mülahizələr
Müasir
dünyamızda turizm
istənilən ölkənin
milli dəyərlərindən
birinə çevrilib.
Ölkə iqtisadiyyatına
çox böyük həcmdə gəlir gətirən turizm sektoru istər milli mənfəətə,
istərsə də ölkənin dünyada tanınmasına ciddi təsir göstərməkdədir.
Müasir dövrdə
ölkələrin turizm
siyasəti:
- Turizmin inkişafı
üçün yeni imkanlar, hədəflər
və mümkünlüklər
ortaya qoyur;
- iqtisadi hədəfə
istiqamətlənir və
turizmdən gələn
iqtisadi faydaları ən yüksək həddə çatdırmağa
istiqamətlənir;
- turizm sahəsində
mövcud olan psixoloji və sosial maneələri, fərqli fikir və davranışları
tənzimləyir;
- turizm sektorunda
mövcud problemlərin
müəyyənləşib, qarşısının alınmasına
qismən yardım edir.
Turizm sektorunun inkişafı üçün 3 şərtin
olması vacibdir:
- mövcud təbii-coğrafi şərait, yəni zəruri
infrastruktur (cəlbedici, tarixi, maraqlı məkanların
olması);
- yüksək xidmət;
- münasib
qiymət.
Bu gün, Azərbaycan
üçün əsas hədəf neftdən
asılılığın azaldılması, qeyri-neft
sektorunun dinamik
inkişafının təmin olunmasıdır. Neft tükənən,bərpa olunmayan
təbii sərvətdir. Bu baxımdan, bu zəngin
təbii sərvətdən son dərəcə
səmərəli şəkildə, qənaətlə istifadə
olunmalıdır. Ulu öndər Heydər
Əliyev çıxışlarında daim
bəyan etmişdir ki,
neft təkcə indiki nəsillərə deyil,
həm də gələcək nəsillərə məxsusdur.
Respublikamızda
iqtisadiyyatın yalnız neft amilindən
asılılığının qarşısının alınması istiqamətində tədbirlər
həyata keçirilir. Bu
istiqamətdə turizmin inkişafı
ayrıca qeyd olunmalıdır. Məlumdur
ki, ölkənin turizm
potensialının inkişafı təsərrüfatın bütün sahələrinə təsir
göstərir və onların inkişafını
stimullaşdırır. Azərbaycan Respublikasında tətbiq
olunan turizm siyasəti
iqtisadi inkişafa
yönləndirilir.
Azərbaycan turizmi və
özəllikləri
Məhz kontinentlərin və əlaqələrin
yaranışından bu günə
kimi dünyanın vacib keçid bölgəsi rolunda
çıxış etməsi
qədim mədəniyyətlərin
beşiyi olması və bu təsirin iz qoyduğu fərqlilik,
zənginlik respublikamıza turizm ölkəsi kimi böyük
üstünlük bəxş etmişdir. Ölkəmizin hər
bölgəsində fərqli təsirlərin, zəngin
gözəlliklərin şahidi olmaq mümkündür. Azərbaycan
yalnız qədim, antik mədəniyyəti ilə deyil, həm
də müasirliyi ilə fərqlənir. Ölkəmizi
gözəlləşdirən və özəlləşdirən
amil budur. Bir sözlə, Azərbaycan həm coğrafi
mövqeyi və iqlimi, həm də sahib olduğu təbii sərvətləri
baxımından böyük üstünlüyə malikdir.
Azərbaycanın turizm sektorunda mövcud
problemlər və onların həlli yolları barədə təkliflərimiz:
1) Ölkə turizminin ən böyük
problemlərindən biri səriştəsiz təqdimatıdır:
– Azərbaycanın zəngin təbii-coğrafi
durumunun layiqli və düzgün şəkildə
tanıdılması turizmdə yüksəlişi təmin edən
əsas amillərdəndir. Nəzərə almaq
lazımdır ki, 2012-ci ildə “Eurovision”a ev sahibliyi edən
ölkəmiz maksimum potensialını nümayiş etdirmək
üçün imkan qazandı. Yeni bir imkan isə 2015-ci ildə
Azərbaycanda keçiriləcək birinci Avropa Olimpiya Oyunları ilə
reallaşacaq. Lakin bu iş müvəqqəti, dövri
xarakter daşımamalıdır. Davamlılığı təmin
etmək, turist axınını kütləviləşdirmək
vacibdir. Bunun üçün isə hər il Azərbaycanın
turizm imkanlarını dolğun şəkildə təqdim edəcək,
turist maraqlarına xidmət edəcək məlumatlandırıcı
proqramlarının hazırlanması vacibdir. Artıq dövlətin
sosial və iqtisadi həyatının mühüm hissəsinə
çevrilmiş turizm sektorunun daha sürətli
inkişafı, rəqabətqabiliyyətliliyi və yüksək gəlir əldə
edilməsi üçün plan hazırlanması olduqca zəruridir. Bu iş dövlət və özəl
sektorun birgə fəaliyyətini tələb edir. Bu işi məqsədyönlü
və ardıcıl şəkildə aparmaq üçün
turizmdə məlumatlandırıcı proqramlara nəzarət
edən qurumun yaranması vacibdir.
2) Kadr çatışmazlığı:
- turizm sektorunda ölkəmizin üzləşdiyi
vacib problemlərdən biri də məhz bu sektorda xidmət edən
ixtisaslı mütəxəssislərin azlığı problemidir.
Turizm sektoru ilə əlaqəli biliyi olan işçi tapmaq
olduqca çətindir. Ölkəmizdə turizmlə
bağlı təhsil qurumlarının kifayət qədər
olmaması problemin həllini çətinləşdirir. Bu
baxımdan turizm
personalının mütəmadi olaraq kurslara göndərilməsi,
maarifləndirilməsi, vaxtaşırı treninqlərin
keçirilməsi problemin həllinə təsir göstərə
bilər. Qeyd etmək lazımdır ki, son illər ərzində
dövlət tərəfindən mütəmadi şəkildə
keçirilən kursların, treninqlərin şahidi olmaq
mümkündür. Belə kursların regionlarda da aktiv və
daimi şəkildə təmin olunmasını təşkil
etmək lazımdır. Təkzibedilməz faktdır ki, bu
gün dünyada ən vacib sektorları belə geridə
qoyan, “bacasız sənaye” olaraq adlandırılan turizm
işsizliyin aradan qalxmasının ən təsirli “dərmanlarından
biri” hesab olunur.
3) Əyani vəsaitlərin
azlığı:
– ölkəyə gələn
turistlər Azərbaycanla tanış olmaq
üçün kifayət qədər əyani
vəsaitlərə malik deyillər. Bu problemin həllində əsas vasitə ilk növbədə turist
xəritələrinin təşkil olunması, səyahət
ediləcək şəhər, rayon, kənd
haqqında ətraflı məlumatların müxtəlif dillərdə
turist kitabçalarının,
broşurların çap olunaraq
turistlərə paylanmasıdır.
4) Turizm
obyektlərində qiymətlərin baha
olması:
- turizm
sektorunun inkişafına əngəl
törədən ən vacib problemlərdən
biri məhz mövcud
qiymətdir. Məsələn, Azərbaycanda nəqliyyat
xərcləri də daxil olmaqla
turistin 1 həftəlik dincəlməsi üçün xərclər qonşu
Gürcüstanla müqayisədə təxminən
60 faiz, Türkiyəylə müqayisədə
təxminən 40 faiz bahadır. Bu isə ölkənin daxili
turizmin inkişafına ciddi
əngəl törədir. Məhz buna
görə də yerli turistlər də səyahət
üçün ölkə daxilini deyil, əsasən qonşu ölkələri (Gürcüstan,
Türkiyə və s) seçirlər. Bu da öz
növbəsində vətəndaşlarımızın qonşu ölkələrin turizm
sektoruna maliyyə vəsaitini yönəltməsi,
ölkənin turizm imkanlarından tam istifadə edilməməsi deməkdir. Bu problemin həlli üçün
əsas vasitə məhz dövlət dəstəyinin daha da
artırılmasıdır. İnkişaf
etmiş ölkələrin təcrübəsinə
də nəzər salsaq, görərik ki, bu ölkələrdə
turizmin daha keyfiyyətli,
cəlbedici və rəqabətqabiliyyətli olması üçün dövlət tərəfindən
müxtəlifyönlü dəstəkləyici tədbirlər
həyata keçirilmişdir
(aşağı dəyər vergisinin tətbiq
olunması, turizm obyektlərinin xərclərinin
azaldılması və s.). Turizm sektorunda fəaliyyət göstərən
şirkətlərdən 18 faiz həcmində
əlavə dəyər vergisinin
tutulması onların xərcini daha da artırır, eyni zamanda, həmin şirkətlərin də yerli və xarici tursitlərə
daha yüksək məbləğ dəyərində
xidmət təklif etməsinə səbəb olur. Bu sahədə
dövlət tərəfindən müəyyən həvəsləndirici
güzəştlərin edilməsi zəruridir.
5) Turizm
xidmətlərinin zəif elektronlaşması:
– turizm
sektorunda əsas problemlərdən biri də turizm xidmətlərinin
zəif elektronlaşmasıdır. Xüsusilə “elektron əsri”
kimi xarakterizə olunan
müasir dövrümüzdə elektron xidmətlərin fəaliyyətini daha da zəruri edir. İstər yerli, istərsə
də əcnəbi turist səyahət edəcəyi
şəhər, kənd, orada yerləşən
turizm obyektləri, turizm
xidmətləri haqqında əvvəlcədən elektron məlumat toplamağa
çalışır. Azərbaycanda isə xüsusilə regionlarda fəaliyyət göstərən turizm obyektlərinin rəsmi internet
səhifələrinin olmaması, kifayət qədər məlumatla
zəngin materialların tapılmaması növbəti problemi doğurur. Bu işdə
həll yolu ilk
növbədə hər bir turizm obyektinin elektron məlumat bazasının
formalaşması, xidmətlər haqqında ümumi
məlumatın əks olunması, turizm obyektinin yeri, region haqqında dolğun
informasiyanın çatdırılması, şəkillərin
paylanması, öncədən xidmət haqqının ödənilməsini
mümkünləşdirməkdir.
6) Turizmin
bir istiqamət üzrə cəmləşməsi:
– hər nə qədər
alternativ turizm
imkanları artsa da Azərbaycanda
turizm əsasən bir nöqtə
üzrə kəskinləşir. Respublikamızda
tək şəhər turizminin deyil, rayon, kənd turizminin inkişafı üçün
də potensial vardır. Ələlxüsus,
şəhərdənkənar ərazilərdə füsunkar təbiət, təmiz, sakit hava ekoloji
turizmin (dağ turizmi, su turizmi,
veloturizm və s.)
formalaşmasına imkan yaradır. Bu istər yerli, istərsə
də əcnəbi turistlər üçün daha cəlbedicidir.
Daxili turizm ölkəmizdə
tam təkmilləşmiş bir sahə deyildir. Lakin daxili turizm
tarixi-mədəni dəyərlərin öyrənilməsi, zəif
inkişaf etmiş
bölgələrimizin iqtisadi
canlanması baxımından mühüm əhəmiyyət
kəsb edir. Təəssüf ki, bəzi iqtisadi problemlər,
həmçinin təhsil səviyyəsi, səyahət mədəniyyətinin
tam formalaşmaması daxili
turizmə əngəl törədir. Avropa
ölkələrində daxili turizm xarici turizmin
alternativi deyil,
tamamlayıcısı rolunu oynayır. Bizim ölkəmizdə isə daxili
turizm xarici turizmə alternativ olaraq qiymətləndirilir.
Problemin
həllinə təsir göstərəcək amillər:
ölkədaxili səyahət bazarının
formalaşdırılması, təhsil səviyyəsinin
yüksəldilməsi (məktəblərdə ölkənin
turizm tarixinə dair dərslər
təşkil etməklə maraq oyatmaq), qiymətlərin əcnəbi turistlərə
nisbətdə əlverişli təqdim olunması, əhalinin rahat
və ucuz istirahətinin təmin olunması
üçün ölkə ərazisində
turizm müəssisələrinin
sayının çoxaldılması, ödəmənin
asanlaşdırılması və s. Avropa ölkələrində mənimsənilmiş
“hər kəs üçün turizm” prinsipi Azərbaycana
da şamil
olunmalıdır. Məsələn,
fransızların 90,6 faizi tətil üçün öz
ölkələrini seçir. Fransada turizm
bazarının 65 faizini, İtaliyada
da 65 faizini, Almaniyada isə 47 faizini daxili bazar
formalaşdırır.
2008-ci
ildə Avstraliya hökuməti tərəfindən
irəli sürülən dünya
böhranı ilə əlaqədar
iqtisadi problemlər yaşayan
turizm sektorunu
dirçəltməyə yönələn “Tətil yoxdursa, həyat da yoxdur”(“no leave,
no life”) kampaniyası Avropa Birliyi ölkələri
tərəfindən də böyük maraqla
qarşılanmışdı. Avstraliya Turizm Nazirliyi ölkədaxili
turizmi canlandırmaq məqsədilə “tətilə
çıxın” şüarı altında kampaniyaya
başlanılmasını təklif etmişdi.
Beləliklə, sadalanan strateji planmalardan istifadə etməklə, turizm sektorunda üzləşdiyimiz
bir istiqamətli problemlərin həlli sahəsində
qabaqcıl dünya təcrübəsini dərindən
öyrənməli və tətbiq etməliyik.
7) Dövlət-özəl
sektor əlaqələrinin zəifliyi;
– turizm
sektorunun formalaşmasında ən önəmli
vəzifə məhz dövlətin üzərinə düşür. Bunu əyani şəkildə belə bir
misalla göstərə bilərik: əgər
turizm sektorunda özəl
sektor ağacın gövdəsidirsə,
dövlət ağacın kökü rolunu oynayır. Əgər ağacın kökü möhkəm və
davamlıdırsa, gövdə də tez və
güvənli şəkildə böyüyəcəkdir.
Bu baxımdan turizmin
böyüməsi üçün
lazımi infrastrukturun qənaətbəxş
səviyyəyə çatdırılmasında həm özəl
sektorun, həm də dövlətin üzərinə
böyük məsuliyyət düşür. Bunun üçün birgə fəaliyyət
planının hazırlanması, qarşılıqlı fəaliyyətin
və güzəştlərin
reallaşması zəruridir.
Niyə məhz Azərbaycan? Azərbaycan
nə üçün turist
axınının diqqət mərkəzində
olmalıdır? Bu suala
ən dolğun və sadə formada aşağıdakı şəkildə
cavab verə bilərik:
- əlverişli təbii-coğrafi
şərait;
- tarixi
qədim və zəngin mədəniyyətlə müasirliyin vəhdəti;
- mövcud
siyasi sabitlik, cəmiyyətdə
hökm sürən tolerantlıq;
- tarixi qonaqpərvərlik, humanistilik.
Azərbaycan
turizminin inkişaf tarixi
və
gələcək üçün strateji təkliflər
planı
İlk səyahətlər əsasən ticarət,
dini, iqtisadi amillərlə bağlı olmuşdur. İnsanlar
yeni yerlər kəşf etmək, görmək, tanımaq,
yeni təcrübələr qazanmaq, fərqli insanlar, fərqli
mühit, fərqli davranış normaları ilə
tanış olmaq, öz mədəniyyətlərini
inkişaf etdirmək məqsədilə səyahətlərə
çıxmışlar. Qədim Azərbaycan ərazisindən
keçən ticarət karvanlarının hərəkəti
ilk səyahətlər hesab olunur.
Azərbaycanın
əlverişli təbii-coğrafi şəraiti, zəngin
yeraltı və yerüstü sərvətləri
hər bir tarixi dövr üçün aktual qiymətləndirilmişdir. Əvvəla,
Şərqlə Qərb arasında körpü
rolunu oynaması, zəngin tranzit
potensialına malik olması, geostrateji mövqe Azərbaycanın
istər-istəməz mühüm ticarət məkanı, əlçatan
ölkə və qovşaq olmasını
şərtləşdirirdi. Digər tərəfdən,
Azərbaycan Böyük İpək yolu üzərində yerləşən mühüm dayanacaq mərkəzi kimi
tanınırdı. Qədim atəşpərəstlik məbədləri,
xüsusilə uzun illər ərzində
zərdüştlərin ibadətgahına çevrilmiş
Atəşgaha çoxsaylı ziyarətlər Azərbaycanda
inanc turizminin əsası
hesab olunur. Həmçinin, təbii sərvətlər, “qara qızıl”la zəngin torpaqlar
ölkəmizə marağı daha da artırırdı. Sadalanan amillər
hələ qədim dövrlərdən bəri Azərbaycanı
səyyah və tüccarlar, müxtəlif
təbəqədən olan insanlar üçün cəlbedici edirdi. Bütün
bunları özündə ehtiva edən
“həm ziyarət, həm ticarət” atalar
sözü də eyni
mənbədən qaynaqlanır. Həmin tarixi
ənənə əsrlər boyu davam etmişdir. Sovet dönəmində də Azərbaycan turizm potensialı yetərli respublika
olsa da bundan
istifadə edilməmişdir.
Eyni zamanda, tarixən milli mentalitetimizə xas olan qonaqpərvərlik müəyyən mənada
turizmdən faydalanma imkanlarımıza əngəl
törətmişdir. Belə ki, milli şüurumuzda əksini
tapmış “əvəzsiz xidmət” prinsipi
turizmdən mənfəət üçün
deyil, gələn qonaqların rifahı
naminə istifadəyə yönəlmişdir. Yəni, Azərbaycan
daha çox istifadə
edilən tərəf qismində çıxış etmişdir. Bu isə turizmin
inkişafına əks göstəricidir. Unutmaq
olmaz ki, turizm əlverişli biznes
növüdür. Turizm
üzrə qabaqcıl olan ölkələrin
təcrübəsinə nəzər yetirsək, bu ölkələrdə turizmin
daha çox iqtisadi mənafeyə xidmət etdiyini
görərik. Ola bilsin
ki, ölkə mentaliteti
səxavət və qonaqpərvərlik kimi
keyfiyyətlərdən uzaqdır, lakin turizm potensialı onu
başlıca kurort zonasına çevirir. Məhz bu
problemdən doğan səbəbdir ki, Azərbaycan turizm
ölkəsi kimi tanınmır və bu sahədə
ölkəmizin inkişaf tarixini
əks etdirən baza, demək olar ki, yox
dərəcəsindədir. Bunun üçün, ilk növbədə, lazım olan
“qızıl orta”nı müəyyənləşdirməkdir.
Turist xidmətləri, ölkəmizə
gələn qonaqlar üçün
qiymət tarifi dəqiq müəyyənləşməli,
aşağı, yaxud ifrat
qiymətləndirmə tətbiq olunmamalıdır. Yəni
bizə turist lazımdır, istər yerli, istərsə də xarici.
Bu, həm
ölkəmizin daha yaxşı, real şəkildə tanınması, həm də
iqtisadi gəlirə yararlı xidmət üçün
nəzərdə tutulmalıdır. Turistin
ölkəmizdə qarşılaşdığı ab-hava, xoş təəsürat,
qonaqpərvərlik, humanistlik isə turizmin davamlı inkişafına imkan yaratmalıdır.
Əslində,
dünya gözəlliklərini görmək
və bu görüntüdən həzz almaq bütün dünya vətəndaşlarının məxsusi
bir haqqıdır. Ümumdünya
İnsan Hüquqları Bəyannaməsinin13-cü
maddəsində də bildirildiyi kimi , turist və ziyarətçilər,
dövlət və dövlətlərarası hüquqlara
uyğun olaraq öz ölkələri
içində və ya ölkələr
arasında səyahət etmək azadlığına malikdirlər.
Ölkəmizin turizm tarixinin
qədim və kaloritli olmasına baxmayaraq, bu sahənin inkişaf istiqamətlərini, mahiyyət və
rolunu özündə əks etdirən mövcud hüquqi baza qənaətbəxş
deyildir. Azərbaycan Respublikası
Konstitusiyasının 37-ci maddəsində istirahət hüququ “əsas insan və
vətəndaş hüquqları”ndan biri
kimi təsdiq olunmuşdur.
Lakin turizm
qanunvericiliyində əsas boşluqlardan biri məhz dövlətin əsas qanunu hesab olunan
Konstitusiyamızda turizmin iqtisadi
inkişafa yönələn bir gəlir sahəsi kimi qeyd olunmaması, səyahət hüququ
ilə bağlı heç bir maddənin əksini tapmamasıdır. Bir çox dövlətlərin
Konstitusiyalarında ( məsələn, qonşu Türkiyə) səyahət hüququ vətəndaşların təbii
hüquqlarından biri kimi
öz təsdiqini tapmışdır. Həmçinin,
yerli və xarici
turistlərin hüquqları çoxsaylı normativ
aktlarda əks olunmuşdur.
Lakin Azərbaycan qanunvericiliyində bununla bağlı norma geniş şəkildə əks olunmayıb. Mövcud qanunvericilikdəki boşluqlar
turizm sektorunda
sui-istifadə hallarının ( süni qiymət artımı, turist
hüquqlarının pozuntusu və s.) yaranmasına gətirib çıxarır.
Yuxarıda sadalanan problemlərin həllində əsas
vasitə mütəşəkkil normativ-hüquqi
bazanın yaradılmasıdır. Bu baza
ölkədə turizm siyasətinin
perspektivlərini, mahiyyətini, turizmin
müxtəlif növlərinin inkişaf
etdirilməsini, mövcud turizm
potensialının beynəlxalq aləmdə
tanınmasını, yerli və xarici turistlərin hüquqlarını,
dövlət və özəl sektor əlaqələrini
tənzimləyən hüquqi normaları
ehtiva etməlidir.
Qeyd olunmalıdır ki,
son illər ərzində Azərbaycanda turizm qanunvericiliyinin təkmilləşdirilməsi
istiqamətində tədbirlər həyata keçirilməkdədir.
Turizmin
inkişafı çərçivəsində qəbul edilən
çoxsaylı hüquqi-normativ aktlar, aparılan islahatlar məhz ölkənin turizm imkanlarından səmərəli şəkildə
yararlanması, Azərbaycanın dünyada
yalnız neft ölkəsi kimi
deyil, eyni zamanda zəngin turizm
potensialı, əlverişli coğrafi mühitin hakim olduğu bir dövlət kimi tanınması məqsədini
daşıyır. 2010-cu ildə “2010-2014-cü illərdə
Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramının qəbul
olunması, Prezidenti İlham
Əliyev tərəfindən 2011-ci ilin Azərbaycanda
“Turizm ili” elan edilməsi, bununla əlaqədar
geniş Tədbirlər Planının təsdiq
və icra olunması nəticəsində
ölkəmizdə turizm sənayesi yeni mərhələyə qədəm qoymuşdur. Bununla belə,
yenə də müəyyən istiqamətlərdə boşluqlar özünü
göstərir. Baxmayaraq ki,
Azərbaycan 23 illik qısa tarixi müstəqilliyə və faktiki müharibə şəraitinə malik bir dövlətdir, artıq tarixi
minillərə dayanan turizm
potensialının reallaşması vaxtıdır. Bunun üçün də
çalışmalıyıq ki, Azərbaycanın
məhz zəngin, çoxəsrlik, özünəməxsus turizm dəyərlərini layiqincə dünyaya tanıdaq. “Əvvəl evin içi, sonra çölü” prinsipini tətbiq edərək, daxili turizm imkanlarını artırmalı,
qanunvericilikdəki boşluqları tənzimləməli,
problemlərin həlli yollarını müəyyənləşdirməliyik.
Eyni
zamanda, Turizmin İnkişafına dair Strateji Plan hazırlanmalıdır.
Turizm
sektoru, obrazlı ifadə etsək, bir növ ölkələrarası
əlaqələrə barış,
dostluq duyğusunu qataraq, həm iqtisadi, həm sosial, həm də siyasi inkişaf üçün
mühüm əhəmiyyət
kəsb edir. Əgər
beynəlxalq arenada söz sahibi olan ölkə olmaq istəyiriksə,
ilk öncə güclü dövlətlər və millətlərlə
qlobal yaxınlaşmanı təmin etmək lazımdır.
Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə
bütün dünyada 1 milyard 600 milyon insanın turist şəklində
səyahət edəcəyini, bu turistlərin 2 trilyon dollardan
artıq xərcləyəcəyini proqnozlaşdırır.
ÜTT-nin məlumatlarına görə dünya əhalisinin
3,5 faizi hərəkət halında olacaq. Bizim
üçün əsas hədəf bu imkandan maksimum şəkildə
yararlanmaq, gələcək illərdə Azərbaycanın
turizm ölkəsi kimi tanınmasına nail olmaq,
çoxsaylı turist axınını ölkəmizə cəlb
etməkdir.
Ölkəmizin uğurlu gələcəyi naminə
turizmə dəyər verək və dəstəkləyək!
Nailə
MƏMMƏDOVA
“Azerbaijan
Realities”
analitik təhlil qrupunun üzvü
Xalq qəzeti.- 2015.- 9 yanvar.- S.5.