Prezident İlham
Əliyev: Azərbaycan
öz yolu, müstəqillik yolu ilə gedir
2014-cü ilin siyasi yekunları ölkəmizin beynəlxalq nüfuzunu artırmışdır
Dövlət başçımızın “Bu masa arxasında Türkiyə yoxdur, mən varam” xəbərdarlığı, Ermənistan qəzetlərinin “Nazarbayev Astanada bir sillə ilə Yerevanın ümidlərini söndürdü” manşeti və ekspertlərin “Bakı hamıya hərənin öz dilində cavab verir” qiymətləndirməsi dünyanın gündəmində hələ çox səslənəcək. Bunlar yola saldığımız ilin siyasi həqiqətləri sırasındadır.
Gənc müstəqil
dövlətimiz yeni əsrin
14-cü ilini də hərtərəfli uğurlarla başa
vurdu. Cəmiyyət həyatının bütün sahələrində
qonşu ölkələrin hamısı üçün əlçatmaz
sayılan uğurlara imza atsaq da, əcnəbi politoloq və
ekspertlər bizim siyasi-diplomatik və sosial-iqtisadi sahələrdəki
nailiyyətlərimiz barədə söz açmağı
daha məqsədəuyğun
sayırlar. Azərbaycanın Avropa Şurasının Nazirlər
Komitəsinə sədrliyə başlaması münasibətilə
Strasburq meriyasının qarşısında dövlət
bayrağımızın qaldırılması mərasimini, bu əlamətdar hadisə
münasibətiylə may-noyabr aylarında ölkəmizdə çoxsaylı tədbirlər
keçirildiyini, həmin tədbirlərdə
Avropa Şurasına üzv ölkələrdən çoxlu
sayda nümayəndənin iştirakını, həmçinin,
bu müddət ərzində Azərbaycan tərəfindən
Strasburqda da çoxsaylı mədəni tədbirlərin təşkilini
yada salan ekspertlər qeyd edirlər ki, rəsmi Bakı BMT Təhlükəsizlik
Şurasına sədrliyi dövründə olduğu kimi
Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi
zamanı da bütün dünya üçün zəruri
olan ali dəyərləri rəhbər tutmuşdur. Bu dəyərlər
isə demokratik idarəetmə prinsipləri, insan hüquq və
azadlıqlarının yüksək səviyyədə
qorunması, vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi,
ikitərəfli və çoxtərəfli əməkdaşlıq
proseslərində qarşılıqlı maraqların təmin
olunması, ölkələrin daxili işlərinə
müdaxilə edilməməsi
kimi istiqamətləri özündə əks etdirir.
Dünya siyasətçiləri
səmimi şəkildə etiraf edirlər ki, Azərbaycan bu
istiqamətlərin hər birində özünəməxsus
nümunələr formalaşdırmışdır. Dövlət
rəsmilərimiz də qeyd edirlər ki, 2014-cü il Azərbaycanın
müstəqillik tarixində uğur və nailiyyətlərlə
zəngin növbəti il kimi öz layiqli yerini tutub. Prezident
İlham Əliyevin çoxşaxəli, balanslı və
düşünülmüş siyasi kursu, əvvəlki illərdə
olduğu kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi
inkişafına, əhalinin rifah halının daha da
yaxşılaşmasına, Azərbaycanın beynəlxalq
nüfuzunun əhəmiyyətli dərəcədə
yüksəlməsinə, milli və dövlətçilik
maraqlarının təmin olunmasına xidmət edib.
Ölkəmiz regionda və dünyada humanitar mərkəz
statusunu daha da möhkəmləndirib, multikulturalizm
ideyasının təşviqinə, dinlərarası və
millətlərarası dialoqun inkişaf etdirilməsinə
öz dəyərli töhfəsini verib. Təsadüfi deyil
ki, bu gün Azərbaycan bütün dünyada milli və dini
tolerantlıq məkanı kimi tanınır. Prezident İlham
Əliyevin siyasi uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycanın
xarici siyasəti müəyyən olunmuş strategiya əsasında
həyata keçirilib və dövlətin suveren hüquqlarının,
milli maraqlarının təmin edilməsinə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında həllinə, habelə
ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin
inkişaf etdirilməsinə yönəlib. Birmənalı
şəkildə demək olar ki, Azərbaycan öz müstəqil,
balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal
iştirakı ilə seçilib, xarici aləmlə əməkdaşlıq
əlaqələrini inkişaf etdirib və nüfuzunu
artırıb. Prezident İlham Əliyevin həyata
keçirdiyi xarici siyasətin məntiqi nəticəsidir ki, dünyada
Azərbaycanın tərəfdaşlarının, bizə dost
ölkələrin sayı getdikcə artır.
Respublikamız regionun
aparıcı ölkəsi olmaqla yanaşı, dünyada
sözü eşidilən, mövqeyi nəzərə
alınan güc amilinə çevrilir, qlobal məsələlərin
həllinə cəlb olunur. Bu mənada Azərbaycan 2014-cü
ildə də beynəlxalq aləmdə öz mövqelərini
əhəmiyyətli dərəcədə gücləndirib,
üzv və tərəfdaş olduğu beynəlxalq təşkilatlarla,
ayrı-ayrı ölkələrlə əməkdaşlıq
əlaqələrini dərinləşdirib.
Qeyd etdiyimiz kimi, may
ayından başlayaraq respublikamız
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik
edib. Azərbaycan bu müddətdə korrupsiya ilə
mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti
seçib, demokratiya, təhlükəsizlik, dinlərarası
dialoq məsələlərinə geniş diqqət
ayırıb, bir sıra səmərəli təşəbbüslərlə
çıxış edib. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin
təyin olunması, Azərbaycanın haqq səsinin Avropa
ictimaiyyətinə çatdırılması, Avropada rolunun,
nüfuzunun artması və digər məsələlər
ölkəmizin 6 ay müddətində bu nüfuzlu qurumun ali
orqanına rəhbərliyi dövründə əldə
etdiyi uğurlardır. İyun ayında isə Bakıda 300-dən artıq
deputatın iştirakı ilə ATƏT Parlament
Assambleyasının sessiyası keçirilib. Sessiyada qəbul
olunmuş Bakı Bəyannaməsində ölkələrin sərhədlərinin
toxunulmazlığı, ərazi bütövlüyü
prinsipi bir daha vurğulanıb. Bu sənədin isə ərazi
bütövlüyü pozulmuş bir ölkə
üçün nə qədər əhəmiyyət kəsb
etdiyini söyləməyə ehtiyac yoxdur.
Respublikamızın
2011-2012-ci illərdə BMT Təhlükəsizlik
Şurasında təmsil olunması, bu il isə Avropa Şurası Nazirlər Komitəsinə
rəhbərlik etməsi Prezident İlham Əliyevin dövlətimizə
qazandırdığı
nüfuzun əyani göstəriciləridir. Təsadüfi
deyil ki, Azərbaycan 2015-ci ildə Türkiyədə
keçiriləcək “Böyük 20-lik” (G20) ölkələrinin
toplantısına dəvət alıb. Eyni zamanda, müstəqil
siyasət Azərbaycana imkan verir ki, öz milli
maraqlarını daha effektiv müdafiə etsin, müxtəlif
xarici qüvvələrin ölkənin daxili işlərinə
qarışmaq, öz iradəsini diktə etmək cəhdlərinə
tutarlı və layiqli cavab versin. Yeri gəlmişkən,
ölkəmizin daxili işlərinə qarışmaq istəyən
xarici qüvvələr son zamanlar dövlətimizin daha kəskin
etirazları ilə üzləşirlər. Bu isə o deməkdir
ki, Azərbaycan artıq bütün qüvvələrlə məhz
onların öz dilində danışmaq imkanı
qazanmış bir dövlətə çevrilmişdir.
Bununla yanaşı,
Azərbaycan üzv olduğu
beynəlxalq təşkilatların haqlı iradlarını həmişə
nəzərə alır və
göstərilən nöqsanları aradan
qaldırmağa çalışır. Harada tənqidlər
qərəzli xarakter daşıyır və Azərbaycanın
maraqlarına zərbə vurmaq məqsədi güdürsə,
həmin tənqidlərin qəbulolunmazlığı
açıq şəkildə ifadə edilir. Dövlət rəsmilərimizin
bəyan etdiyi kimi, Azərbaycan heç bir halda
özünün dövlət və milli maraqlarını
ayrı-ayrı beynəlxalq təşkilatların və ya
ölkələrin istək və arzularına qurban vermək
niyyətində deyil. Hamı anlamalıdır ki, Azərbaycan
müstəqil dövlətdir, öz siyasətini xalqın
iradəsinə, milli maraqlara uyğun şəkildə həyata
keçirir və bundan sonra da bütün təzyiq və təhdid
cəhdləri, qeyri-diplomatik ritorika heç bir nəticə
verməyəcək və bütün əsassız iddialar
adekvat şəkildə cavablandırılacaq. Bunu artıq
bizim atdığımız addımlar da xaricdəki bəzi
qüvvələrə anlatmışdır.
2014-cü ilin siyasi
yekunları arasında Rusiya
Prezidenti Vladimir Putinin təşəbbüsü ilə
Soçi şəhərində Azərbaycan və Ermənistan
prezidentlərinin növbəti görüşünün
keçirilməsi, sonra Fransa
Prezidenti Fransua Ollandın təşəbbüsü ilə bu
təmasların davam etdirilməsi, daha sonra Ağ ev rəsmilərinin
bu qəbildən olan addımlara imza atması və
bütün görüşlərdə regiondakı
status-kvonun qəbuledilməz olduğunu qeyd etməklə tərəflərin
böyük sülh sazişinə dəvət edilməsi də var idi. Ancaq Minsk
qrupu həmsədrlərinin regiondakı gərginliyi aradan
qaldırmaq məqsədilə həyata keçirmək istədiyi
həmin tədbirlərdən müsbət nəticə
çıxarmalı olan Ermənistan rəhbərliyi bunun əksinə
olaraq, gərginliyin daha da artmasına səbəb olan
addımlar atdı və öz cavabını aldı. Ekspertlər
avqust ayında sərhəddə və təmas xəttlərində
təxribatlar törədən Ermənistanın çoxlu
sayda itki verməsini, eləcə də Azərbaycan Silahlı
Qüvvələrinin mövqelərinə hücum
uçuşu reallaşdıran erməni helikopterinin təhlükəsizləşdirilməsini
birmənalı olaraq hərbi deyil, siyasi proseslər kimi qiymətləndirirlər.
İrəvan rəsmiləri dekabrın son günlərində
də bu iyrənc addımlarından əl çəkmədilər
və hərtərəfli itkilər verərək geri çəkilmək
məcburiyyətində qaldılar. Yəni, Ermənistan rəhbərliyi Minsk
qrupu həmsədrlərinin bütün cəhdlərinə
baxmayaraq öz
işğalçılıq siyasətindən əl çəkmək
istəmir. Deməli, beynəlxalq aləm, ATƏT-in Minsk
qrupuna daxil olan dövlətlər, BMT Təhlükəsizlik
Şurası başda olmaqla bütün aparıcı beynəlxalq
təşkilatlar mövcud vəziyyətə diqqəti
artırmalı və regionda qarşıdurmanın yenidən
alovlanmaması üçün Ermənistanı destruktiv fəaliyyətdən
çəkindirəcək real tədbirlər görməlidirlər.
Siyasi yekunlar barədə
söz açarkən daha bir məsələni də qeyd etmək
zərurəti var. Belə ki,
2014-cü ildə diqqətəlayiq hadisələrdən biri
kimi Azərbaycanda iqtidar-müxalifət dialoqunun bərpa edilməsi
və siyasi partiyaların rəhbərləri ilə
görüşün keçirilməsi də qeyd
olunmalıdır. Bundan əvvəlki dövrdə vətəndaş
cəmiyyəti institutları və media rəhbərləri
ilə də görüşlər keçirilib, irəli
sürülən təkliflər öyrənilib, ümumiləşdirilmiş
və həlli mümkün olan məsələlərlə
bağlı müvafiq tədbirlər görülüb.
İqtidar rəsmiləri bildirirlər ki, Azərbaycan hakimiyyəti
siyasi opponentləri, qeyri-hökumət təşkilatları və
media ilə konstruktiv dialoqa həmişə açıq olub
və bundan sonra da bu siyasət davam etdiriləcək.
Yola
saldığımız ilin siyasi yekunlarından
danışarkən rəsmi Bakının müasir dünyada
formalaşan türk xalqları birliyinə verdiyi töhfələri
də yada salmaq zərurəti var. Məsələn, Azərbaycan Prezidenti İlham
Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının
“Şərq tərəfdaşlığı”
Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki
çıxışı zamanı Ermənistan prezidenti Serj
Sarkisyana tutarlı cavabı Türkiyə mediasının
gündəliyinin bir nömrəli xəbəri olmuşdu.
Bunu qardaş ölkənin
kütləvi informasiya vasitələrində Prezident İlham
Əliyevin çıxışı ilə bağlı
yayımlanan yazıların, televiziya və radio
reportajlarının müəllifləri də xüsusi
vurğulayırdılar. Azərbaycan Prezidentinin qətiyyətli
mövqeyi dövlətimizin başçısının
Türkiyəyə yüksək qardaşlıq münasibətinin
bariz göstəricisi kimi dəyərləndirilirdi. “Sabah” qəzetində
“Əliyevdən Ermənistana sillə kimi cavab” sərlövhəsi
ilə verilən məqalənin müəllifi dövlət
başçımıza istinadən yazırdı: “Bu gün,
təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən
istifadə edərək Türkiyəyə yenidən hücum
edir. Bunu etmək asandır, çünki bu masa arxasında
Türkiyə nümayəndələri yoxdur. Ancaq mən
buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə
bağlı olduğunu deyə bilərəm”.
Belə bir
qardaşlıq nümunəsini Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev də ortaya qoymuşdu.
Məlum olduğu kimi, bu il mayın 29-da Astanada
Qazaxıstan, Rusiya və Belarus prezidentləri Avrasiya
İqtisadi İttifaqının yaradılması haqqında
saziş imzalayıblar. Orada Ermənistanın Gömrük
İttifaqına üzv olması ilə əlaqədar qərar
verilməli idi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakçılara ünvanladığı məktub nəinki
Ermənistan prezidentini, hətta,
rəsmi İrəvanı
şoka salmışdı. Qazaxıstan Prezidenti Nursultan
Nazarbayev toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin
onlara ünvanlanmış məktubunu oxuyub. Orada Ermənistanın
BMT tərəfindən tanınmış sərhədləri
çərçivəsində Aİİ-yə daxil edilməsi
şərti ifadə edilirdi. Bu məlumat Ermənistan nümayəndə
heyəti üçün şok olub. Onlar Azərbaycan rəhbərinin
məktubuna cavab olaraq heç
bir fikir söyləyə bilməyiblər. Vəziyyətin
mahiyyətindən xəbərdar olanlar ermənilərə
başa salıblar ki, Azərbaycan
dövlət başçısı qeyd olunan məktubu
beynəlxalq hüquq normalarına və diplomatik qaydalara
istinadən yazıb. Orada Azərbaycan
və Ermənistanın BMT tərəfindən
tanınmış sərhədlərinin mövcudluğu
vurğulanıb. Əgər Ermənistan hansısa təşkilata
üzv olmaq arzusundadırsa, onda bu şərt mütləq nəzərə
alınmalıdır. Əks halda, bu ölkəni öz
sıralarına qəbul edən təşkilat qeyri-qanuni hesab
edilməlidir. Onun beynəlxalq hüquq normalarını kobud
pozduğu vurğulanmalıdır. Bunlar da öz növbəsində
postsovet məkanında yeni ixtilaflara yol aça bilər.
Şübhəsiz ki, bu məqamları Vladimir Putin, Nursultan
Nazarbayev və Aleksandr Lukaşenko da yaxşı bilirdilər.
Həmin səbəbdən də onlar Yerevana görə,
yaratmaq istədikləri İttifaqın əsaslarını bəri başdan sarsıtmaq istəməyiblər.
Nursultan Nazarbayevin toplantıda İlham Əliyevin məktubunu
təmkinlə oxuması,
bütün bunlara görə, zərurət idi. Ermənilərin
burada hansısa şəxsi münasibətlər və ya qərəz
axtarması heç bir siyasi-diplomatik etiketə
sığmırdı. Bütün bunlardan bir nəticə də
çıxarmaq mümkündür. Həm regional, həm də
qlobal miqyasda cərəyan edən geosiyasi proseslər
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi
zərurətini ortaya qoyur. Bunda maraqlı olmayan Ermənistan
isə narahatlıq keçirməkdədir.
Bütün bunlar
2014-cü ilin siyasi yekunlarının bəzi məqamlarıdır.
İlin ən böyük siyasi yekunu isə ondan ibarətdir
ki, Rusiya - Ukrayna münasibətləri fonunda dünyada baş
verən qarşılıqlı sanksiyalar “mübadiləsi” nəticəsində
dünyanın əksər ölkələrində yaşanan
maliyyə-iqtisadi problemlərin Azərbaycana təsiri nəzərə
çarpacaq səviyyədə deyil. Fikrimizcə, elə bu məqam
da sırf iqtisadi deyil, bilavasitə siyasi-iqtisadi idarəetmənin,
bir az da dəqiqləşdirsək,
düşünülmüş siyasətin nəticəsidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 9 yanvar.- S.1.