Neft və qaz
hasilatının artırılması üçün
qazma işləri uğurla davam etdirilir
Son illər ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə ən son texnika və texnologiyalardan istifadə etməklə dənizdə və quruda unikal platformalar quraşdırılır, sürətli qazma işləri aparılır, yeni-yeni neft və qaz quyuları istismara verilir.
Hazırda
ölkəmizin quru və dəniz əraziləri
üzrə 25-ə yaxın yataqda beynəlxalq
standartların tələblərinə uyğun
olaraq yeni texniki vasitələr və texnologiyalardan
istifadə edilməklə, ətraf mühitə ziyan vurmadan və digər
amillər nəzərə alınmaqla axtarış-kəşfiyyat və istismar qazma işləri aparılır. Qazma işləri
Quba-Xəzəryanı, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz
akvatoriyası üzrə isə Bakı və Abşeron
arxipelaqında həyata keçirilir.
Dövlət
Neft Şirkəti rəhbərliyinin qazma işlərinin aparılmasına xüsusi diqqətlə yanaşması
qazmaçıları ölkəmizin iqtisadi
qüdrətinin artırılması və neft
sənayesinin inkişafı naminə daha böyük əzmlə
çalışmağa sövq edir. Təkcə
onu qeyd etmək kifayətdir
ki, 2014-cü ilin dekabr ayı ərzində Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti
üzrə (müştərək müəssisələr və
əməliyyat şirkətləri istisna
olmaqla) 8506 metr qazma işi həyata keçirilmişdir. Xatırladaq ki, bu, 2013-cü ilin eyni dövrü
ilə müqayisədə 4289 metr və ya iki dəfə çoxdur. Ay ərzində
görülmüş ümumi
qazma işlərinin 8062 metri istismara, 444 metri isə kəşfiyyata
aid olmuşdur.
Bütövlükdə isə ötən ilin
yanvar-dekabr aylarında şirkətin Kompleks
Qazma İşləri Tresti
tərəfindən 127346 metr qazma işi həyata keçirilmişdir
ki, bunun da 124718 metrini istismar, 2628 metrini isə kəşfiyyat
qazması təşkil etmişdir.
Son illər Azərbaycanın dəniz
yataqları arasında öz zənginliyi
ilə seçilən “Neft Daşları”
yatağında da qazma
işlərinə diqqət getdikcə
artırılmışdır. Məlum olduğu
kimi, dövlət başçısı İlham Əliyev adıçəkilən yataqda neft
hasilatının 1 milyon 200 min tona
çatdırılmasını ölkə neftçilərinin
qarşısında mühüm vəzifə
kimi qoymuşdur. Son illər
ölkə Prezidentinin
tapşırığını əldə rəhbər tutan Dövlət Neft
Şirkəti tərəfindən “Neft
Daşları” yatağında yeni stasionar özüllər inşa
olunur, mövcud
özüllərdə əsaslı təmir və genişləndirmə
işləri həyata keçirilir,
çoxsaylı quyular qazılır.
Məlum olduğu kimi, ötən ilin
payızında dünya üzrə
açıq dənizdə neftçıxarmanın əsası
qoyulduğu “Neft
Daşlatrı” yatağının istismara
verilməsinin 65 ili tamam
oldu. İlin əvvəlki
dövründə olduğu kimi, yubiley ərəfəsində
də burada qazma
işləri sürətlə davam etdirilib. Belə ki, oktyabr ayında “Neft
Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2149
nömrəli quyu qazmadan
sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti
tərəfindən Qirməkialtı lay dəstəsinə
qazılan quyu 1883-1880 metr
intervaldan sutkalıq 15 ton
neft hasilatı ilə istismar
fonduna qəbul edilib. Bundan bir qədər əvvəl isə
“Neft Daşları”
yatağındakı 2150 nömrəli platformadan
2151 nömrəli quyuda qazma
işlərinə başlanılmışdır.
Xatırladaq ki, “Neft
Daşları” Neft və
Qazçıxarma İdarəsinin sifarişi
ilə Kompleks Qazma
İşləri Tresti tərəfindən
Qirməkiüstü qumlu lay
dəstəsinə qazılan quyunun layihə
dərinliyi 1720 metrdir. Geoloqların
hesablamalarına əsasən, quyudan sutka ərzində 10 ton neft hasil etmək mümkün olacaq.
“Möcüzələr
adası”nda daha bir quyu 2585 nömrəli
platformadan qazılır. “Neft
Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti
tərəfindən Qirməki üstü
qumlu lay dəstəsinə
qazılan 2604 nömrəli quyunun layihə
dərinliyi isə 2250 metrdir. Yeri gəlmişkən, bu
quyu öz məhsuldarlığı
ilə seçilir. Belə ki, mütəxəssislərin proqnozlarına
görə, sözügedən quyudan sutkada 30 ton neft hasil olunacaq.
Ötən ilin son ayında “Neft Daşları” yatağındakı 2150
nömrəli stasionar dəniz
özülündən 2151 nömrəli quyu
qazmadan sonra istismara verilmişdir. Kompleks Qazma İşləri
Tresti tərəfindən Qirməkiüstü
qumlu lay dəstəsinə
qazılan quyunun layihə dərinliyi 1656 metrdir. “Neft
Daşları” Neft və
Qazçıxarma İdarəsinin sifarişi
ilə qazılmış quyu 20 ton neft hasilatı ilə istismar
fonduna qəbul edilmişdir.
İlin son günlərində
isə buradakı 2150 nömrəli platformadan
2152 nömrəli quyuda qazma
işlərinə başlanılıb. Xatırladaq ki, geoloqlar layihə dərinliyi
1700 metr olan həmin quyudan sutkada 10 ton neft hasil
olunacağını proqnozlaşdırırlar.
Dövlət
Neft Şirkəti üzrə neftin 65 faizindən çoxunun
hasil olunduğu
“Günəşli” yatağında da il ərzində qazma
işləri uğurla davam
etdirilib. Ötən il
yatağın dayaz sulu
hissəsindəki 14-cü özüldən 353 nömrəli quyuda qazma işlərinə
başlanılıb.
Xatırladaq ki, layihə dərinliyi 3100 metr olan quyu
Kompleks Qazma
İşləri Tresti tərəfindən
Fasilə lay dəstəsinə
qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft və 15 min kubmetr qaz
hasil ediləcək. Bu isə “Günəşli”
yatağının neft və qaz ehtiyatları ilə zənginliyini bir daha sübut
edir. 353 nömrəli quyuda
istismar işləri “Azneft” İstehsal Birliyinin “28 May” Neft və Qazçıxarma
İdarəsi tərəfindən
həyata keçiriləcək. Ötən il
“Günəşli” yatağının dayaz
sulu hissəsində
SOCAR-AQŞ birgə
müəssisəsi tərəfindən də qazma
işləri xeyli intensivləşdirilmişdir.
Belə ki, müəssisə ilin birinci rübündə
burada 351 nömrəli quyunu 29 günə
qazaraq layihə dərinliyinə
çatdırmışdır. Onu da deyək ki, layihə dərinliyi 3100 metr quyu olan Fasilə lay dəstəsinə ən sürətlə
qazılmış quyulardandır. Bundan əlavə, müəssisə
may ayında “Günəşli”
yatağındakı 13 saylı stasionar dəniz
özülündən qazıntısına başlanmış 352 saylı quyuda
qazma işlərini rekord
müddətdə – cəmi 26 gün ərzində
heç bir hadisəyə
yol vermədən, ətraf mühiti çirkləndirmədən, vaxtından
əvvəl və yüksək keyfiyyətlə
yekunlaşdırmağa müvəffəq olmuşdur. Layihə dərinliyi 2950 metr təşkil edən həmin quyu Fasilə lay dəstəsinə ən sürətlə
qazılmış quyudur. Məlumat
üçün qeyd
edək ki, sifarişçi
tərəfindən Fasilə lay dəstəsinə
qazılan quyuların qazma ilə
yekunlaşdırılması üçün
ən azı 90 gün vaxt
müəyyən edilsə də, əməliyyatlarında yeni idarəetmə üsulları, yeni texnologiya, standartlar və yeni yanaşma tətbiq edən SOCAR-AQŞ sifarişçi tərəfindən
təyin edilən müddəti xeyli qabaqlamağa müvəffəq olmuşdur.
Müəssisə, həmçinin ötən ilin
üçüncü rübündə
“Günəşli’’ yatağındakı 13 saylı stasionar dəniz özülündən 33
saylı quyuda da qazma işlərini uğurla
başa çatdırmışdır.
Xatırladaq ki, 33 saylı quyuda
qazma işlərinə 2014-cü il iyulun 26-da
başlanılmışdır. Qirməkiüstü qumlu lay dəstəsinə qazılan quyuda
noyabr ayının 6-da qazma
işləri yekunlaşdıqdan sonra quyuya istismar kəmərləri
endirilmiş, sementlənmiş və kipliyi yoxlanılmışdır. Faktiki dərinliyi 3527 metr olan həmin quyu 3194-3149 metr intervaldan fontan üsulu ilə
sutkalıq 45 ton neft və
158 min kubmetr qaz hasilatı ilə
istismar fonduna qəbul
edilmişdir.
SOCAR-AQŞ-nin “Günəşli” yatağının dayaz sulu hissəsindəki
11 saylı stasionar dəniz
özülündən qazdığı 307 saylı quyunun layihə dərinliyi isə 3400 metrdir. Həmin quyuda da tikinti işləri təhlükəsiz,
ətraf mühitə heç bir ziyan vurmadan
vaxtından əvvəl yekunlaşdırılmışdır.
Xatırladaq ki, hər dörd
quyunun sifarişçi
ARDNŞ-in “Azneft” İstehsalat Birliyidir.
Yeri gəlmişkən, Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Ümid’’ və “Qərbi Abşeron’’
yataqlarında da qazma
işlərinin 2014-cü ildən başlayaraq SOCAR-AQŞ tərəfindən
aparılması rəsmən təsdiqlənmişdir. “Ümid’’ yatağında qazma
işləri ”SOCAR-ÜMİD’’ MMC-nin sifarişi
əsasında aparılacaq. Yaxın gələcəkdə
SOCAR-AQŞ adıçəkilən yataqda
ZJ-70 tipli qurğu ilə
qazma işlərinə başlayacaq.
Hazırda “Ümid’’ yatağında 1 saylı
stasionar dərin dəniz
özülündən 14 saylı kəşfiyyat quyusunun qazılmasına hazırlıq işləri
çərçivəsində özüldə texniki baxış, təmir və montaj işləri həyata keçirilir.
Həmin kəşfiyyat quyusu “Ümid’’ yatağının neft-qaz
ehtiyatlarını öyrənmək məqsədilə
qazılır. Ümumilikdə, “Umid’’
yatağında 1 saylı özüldən orta
dərinliyi 6700 metr olan
üç quyunun
qazılması gözlənilir.
“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz dəniz
özülündən isə orta dərinliyi
təxminən 1000 metr olan
10 quyunun qazılması planlaşdırır.
Onu da qeyd
edək ki, ARDNŞ-in
“Azneft” İstehsalat Birliyi tərəfindən sifariş
edilən bu quyuların horizontal
qazılması planlaşdırılır. Qazma
sahəsində indiyədək yüksək nailiyyətlərə
imza atan
SOCAR-AQŞ hər iki yataqda Avropa,
ABŞ və Yaponiya istehsalı olan texnika və
texnologiyaların tətbiqinə üstünlük
verməyi nəzərdə tutur.
Kompleks Qazma İşləri
Tresti ötən ilin dördüncü rübündə “Darvin bankası” yatağındakı 740
nömrəli platformadan 741 nömrəli quyuda qazma işlərinə
başlayıb. “Azneft” İB-nin
“Abşeronneft” NQÇİ-nin
sifarişi ilə Qirməkialtı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1220 metrdir.
Quyu istismara verildikdən
sonra sutkada 5 ton neft verəcəyi
proqnozlaşdırılır.
Bundan əlavə, oktyabr
ayında trestin qazmaçıları
“Pirallahı adası-quru” yatağında ilk
horizontal quyunu
neftçilərə təhvil veriblər. “Abşeronneft” NQÇİ-nin sifarişi
ilə Kompleks Qazma
İşləri Tresti tərəfindən
Qirməkialtı lay dəstəsinə
qazılmış 1211 nömrəli quyu 1030-914 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar
fonduna qəbul edilib. Xatırladaq ki,
bu, müasir texnika və texnologiyalardan
istifadə edilməklə trest tərəfindən
qazılan ilk horizontal
quyudur.
Azərbaycanın quru sahələrindən 165 ilə
yaxındır ki, neft
çıxarılır. Bununla belə, quruda balans neft
ehtiyatları hələ çoxdur. Bu vaxta qədər Azərbaycanda təxminən
1 milyard ton neft hasil edilidiyini
söyləyən Dövlət
Neft Şirkətinin birinci
vitse-prezidenti, akademik
Xoşbəxt Yusifzadə hesab edir ki,qurudakı yataqlarda
təxminən bir o qədər
də neft
ehtiyatımız var. Hazırda mövcud texnika və
texnologiyanın həmin ehtiyatları çıxarmaq
imkanında olmadığını diqqətə
çatdıran akademik bununla belə quruda yeni yataqların kəşfini
vacib hesab edir. Hələlik isə qurudakı köhnə
yataqlarda qazma işləri
davam etdirilir. Bu yaxınlarda Kompleks Qazma İşləri
Tresti tərəfindən “Pirallahı
adası-quru” yatağındakı 1178 nömrəli quyuda qazma işlərinə
başlamışdır. Xatırladaq ki,
“Abşeronneft” Neft və
Qazçıxarma İdarəsinin sifarişi
ilə Qırməkialtı lay dəstəsinə
qazılan quyunun layihə dərinliyi 590 metrdir. Geoloqların hesablamalarına əsasən,
quyudan sutkada 4-5 ton neft hasil
olunacağı nəzərdə tutulur.
Yeri gəlmişkən, son
illər Dövlət Neft Şirkəti tərəfindən
bir sıra perspektivli strukturlarda geoloji-kəşfiyyat və
struktur-axtarış işlərinə də diqqət xeyli artırılıb. Bu
da təsadüfi deyil.
Belə ki, Azərbaycan
Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq sərəncamı
ilə təsdiq olunmuş ‘’Azərbaycan
Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı’’ çərçivəsində
neft və qaz
hasilatının artırılması və bu
məqsədlə yeni yataqların
açılması kimi aktual
məsələlər Dövlət Neft
Şirkətinin qarşısında qoyulmuş
prioritet vəzifə kimi
qoyulmuşdur. Bu
baxımdan “Eldaroyuğu” sahəsində 1
nömrəli struktur-axtarış quyusunda
aparılan qazma işləri diqqəti cəlb
edir. Xatırladaq ki,
sözügedən sahə Kür və
Qabırrı çaylararası neftli-qazlı zonasının
şərq hissəsində Samux rayonu ərazisində yerləşir. Dövlət Neft Şirkətindən
verilən məlumata görə, sahənin məhsuldarlıq
ehtimalı böyükdür və burada bir sıra kəşfiyyat
quyularının qazılmasına, geofiziki
kəşfiyyat işlərinin aparılmasına zərurət
yaranmışdır. Artıq “Eldaroyuğu”
sahəsində 2D seysmik kəşfiyyat və
qravimaqnitometrik işlər
yekunlaşdırılmış, alınmış
materialların emalına başlanılmışdır.
Sahədəki 1
nömrəli struktur-axtarış quyusu Kompleks Qazma İşləri
Tresti tərəfindən Miosen
çöküntülərinin üst Sarmat mərtəbəsinə qazılır. Qazma işlərinin aparılmasında məqsəd
sahənin geoloji quruluşunun,
Miosen çöküntülərinin üst Sarmat mərtəbəsinin
litoloji və kollektorluq
xüsusiyyətlərinin, eləcə də neft-qazlılığını
öyrənməkdir. Layihə dərinliyi 1000 metr
olan quyunun cari ilin yanvar
ayında təhvil verilməsi nəzərdə tutulur.
Eyni zamanda, Dövlət
Neft Şirkətinin Geofizika
və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika”
istehsalat bölümü
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında
“Qazanbulaq-Ziyadxan” sahəsində 3D seysmik kəşfiyyat işlərini başa çatdırıb. Hazırda əldə
edilmiş məlumatlar qiymətləndirilir.
Məlumat üçün bildiririk ki, işlər “Qazanbulaq-Ziyadxan” sahəsinin geoloji
quruluşunun dəqiqləşdirilməsi
və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi,
zonanın neft-qazlılıq perspektivliyinin
öyrənilməsi məqsədi daşıyır. Gəncə
neftli-qazlı rayonunda yerləşən “Qazanbulaq-Ziyadxan” sahəsinin 100 kvadratkilometrlik
ərazisində həyata keçirilmiş
bu tədbirlər axtarış-qazma
işlərinin düzgün istiqamətləndirilməsinə
şərait yaradacaqdır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2015.- 11 yanvar.- S.5.