Bulaqlar buludların göz
yaşlarıdır
(Şahbuzun
məlhəm çeşmələri)
Doxsan yaşlı muxtariyyət tariximizin son iyirmi ilində həyata keçirilən siyasət sayəsində həyatımıza daxil olan dəyişikliklər yeni terminlərin, yeni adların və yeni ünvanların yaranmasına səbəb olub. “Bulaq-abidə” sözü də dilimizə elə o vaxtdan düşüb. Çünki həmişə su kranı kimi tanıdığımız bulaqlara abidələr qoyuldu. Belə bulaq-abidələr Şahbuz rayonunu da bulaqlar qalereyasına çevirib. Rayonda son 10 ildə iyirmiyə yaxın bulaq-abidə tikilərək insanların istifadəsinə verilmişdir.
Təbib yurdumuzun gülü-çiçəyi, təbii
sərvətləri kimi, çayları,
çeşmələri, gölləri, bulaqları da dillər əzbəridir. Respublikamızda ümumi uzunluğu 34000
kilometrə bərabər olan
irili-xırdalı 8350 çay vardır ki, onların da bəzilərinin
uzunluğu 8-10 kilometrdən artıq deyil. Amma onlar
dağlarımızı, dərələrimizi, düzlərimizi,
obalarımızı, oymaqlarımızı cana
gətirirlər. Təəssüflə qeyd
etməliyik ki, dünyanı
caynağına alan ekoloji
problemlər bizim də qurumuş
çaylarımızın və kor
qalmış bulaqlarımızın sayını
artırır.
Mütəxəssislərin
hesablamasına görə, respublika
üzrə əhalinin hər nəfərinə 1,9 min kubmetr su
düşür. Çoxlarımız
dünyanı var edən suyun
qədrini bilməsək də, onun
azlığından tez-tez şikayət edirik: “Çox idi, indi azalıb”,– deyirik. Amma
“azaltmışıq” deməliyik. Səbəbi üçün də baş
sındırmaq lazım deyil. Bulaqlar meşələrdə, çaylarsa
bulaqlarda “anadan olurlar”. Bir vaxtlar,
az qala, elliklə əli
baltalı meşələrimizə “hücum
çəkəndə” heç düşünmürdük ki,
meşələri qırıb talamaqla
bulaqlarımızın, bulaqlarımızı qurutmaqla
da çaylarımızın
axırına çıxırıq. Beləcə, nə qədər
durnagözlü bulaqlarımızın gözünü kor qoyduğumuzu heç
ağlımıza gətirmirdik. Bilmədik ki,
bulaqları qurutmaqla təbiəti küsdürürük. Təbiəti
küsdürməklə də özümüzü
neçə-neçə nemətdən məhrum edirik. Nə yaxşı ki,
insanla vuruşda təbiət
taqətdən tez düşmür.
Yaxşı ki, bizə təbiətimizlə
üz-üzə dayanıb ona qənim kəsiləndə
ulu öndərimiz “dur!”
deyərək hər birimizin gözünü açdı.
Qaldırdığın balta mənim, sənin
və övladımızın gələcəyə uzanan qollarını kəsir – deməklə, o, təbiətimizə dayaq
durdu. Bu
canıyananlıq hər birinin öz axar-baxarı, dadı-tamı olan bulaqlarımızın da
çağlamasına, körpə gözlərin
açılmasına səbəb oldu.
Ey təbib bulaqlar, loğman
bulaqlar,
Suları dərdlərə dərman
bulaqlar.
Torpaqdan
nə gözəl qaynayırsınız,
Günəşin nuruyla oynayırsınız.
Dağlar
ürəyindən axıdır
sizi,
Səpir dərələrə
ağ incinizi.
Hərəsi bir
dərdin dərmanı
olan çeşmə
sularımız öz
xüsusiyyətinə görə
xalq arasında ad qazanıb: “Yara suyu”, “Böyrək suyu”, “Mədə suyu”, “Dəri suyu”, “Göz suyu” deyə hər birinin hansı dərdə məlhəm olduğundan bu adlar xəbər
verib insanlara. Ona görə də heç birimiz unutmamalıyıq ki, “Dirilik suyu”nun sorağı ilə çox igidlərimiz yel qanadlı at belində gedər-gəlməzə
yollanıblar bir zamanlar. Həmin atların ayaq
səslərini biz rəvayətlərimizdən,
nağıllarımızdan, əfsanələrimizdən eşidirik.
Sən demə, igidlərin əsrlər boyu şam çıraqla
axtardıqları “dirilik
suyu” yurdumuzun qayalarının göz yaşı, çiçəklərinin
şəbnəmi, uca
dağlarının dumanı,
sisi kimi başımızın üstündə,
gözümüzün önündəymiş.
Bu gözəlliyi görmək üçün
göz gərəkmiş.
Amma nə edək ki, 70 illik Sovet
imperiyası və ondan sonrakı keçid dövründə
əks-təbliğat maddi
və mənəvi sərvətlərimizə bir
biganəlik, laqeydlik aşılamışdı bizə.
Hər kəsin varı-dövləti,
Vətəni sanki öz kandarının ağzına kimi idi. Ondan o tərəfə kimə mənsubdur, heç düşünən yox idi...
Şükürlər
olsun Allaha ki, əsrlər boyu həsrəti çəkilən müstəqilliyimiz
sayəsində olanımızın,
qalanımızın sahibi
olduq. Elə bu
sahiblik sayəsində
yurdumuz qarış-qarış,
oba-oba dirçəlməyə,
gözəlləşməyə və inkişaf eləməyə başladı.
Muxtar respublikamızın da ərazisinə daxil olan bölgələrin bəxtəvər günləri
elə o zamandan başladı. Firavan günlərini
yaşayan Şahbuz rayonunun da dağlar,
şiş qayalar əhatəsində olan kəndlərinin belə siması dəyişdi.
Zümrüd rəngli, əsrarəngiz
təbiəti də canlandı. Bu təbiəti
cana gətirənsə
dağlarda, dərələrdə
torpağın göz
yaşları kimi çağlayan çaylar,
bulaqlar, çeşmələr
oldu. Bunu dərk edən
insanlar onun qədrini bilərək ona sahib çıxdılar.
Sovet dönəmlərində
gözü sulu
dağların bu sərvətinə tamarzı
qalan insanlar bir ovuc bulaq
suyu üçün yazda, yayda, payızda
tez-tez güzarını
dağlardan, dərələrdən
salırdılar. Və hər
kəs də, böyük təəssüf
hissi ilə bu çeşmələrin,
bulaqların suyundan istifadə edilməsinin mümkünsüzlüyündən gileylənirdi. Kimsənin ağlına
gəlmirdi ki, nə vaxtsa bu bulaqlar yol
kənarlarında, nəinki
kənd adamlarının,
bu yerlərə üz tutan qonaqların
belə ürəyini
sərinlədəcək.
Ancaq
bütün arzularımızın,
istəklərimizin və
həsrətində olduqlarımıza
çatmağımızın bircə səbəbi olan müstəqillik illərində bulaqlarımıza
da sahib çıxdıq. Qurbanlar bahasına qazandığımız müstəqilliyimizin
qarantı olan ulu öndərin bizə aşıladığı
vətəndaşlıq qayəsi
vətəndaş olmağımıza
və Vətənimizə
sahib çıxmağımıza nail olmaq üçün dünənimizi, bugünümüzü
bizə tanıtdı.
Beləcə, altı da,
üstü də sərvət olan bu yurdun qədir-qiymətini
anladıq.
Təbii
sərvətlərimizin ən
qiymətlisi olan bulaqların, çayların,
çeşmələrin axarını
dəyişdik. Bütün
dünyada qıtlığı
hiss olunan şirin suyun dağlarımızdan
üzübəri şəhər,
qəsəbə və
kəndlərimizə gətirilməsinə
nail olduq. Bunun üçün rahatlığından, dincliyindən
keçən rəhbərlərimizin
böyük istəklə
həyata keçirdiyi
işlərə qoşulduq,
kömək əlimizi
uzatdıq. El birliyi ilə dağ oynadı yerindən. Salvartının,
Dağdağanın, Şahdağın,
Çınqıllının sinəsində çağlayan
büllur sular evlərimizə gəldi. Evlərimizdən məhlələrimizə, küçələrimizə paylanan
sular sonradan da bulaq-abidələrə
çevrildi.
Bu gün Şahbuz rayonunun hər kəndində bir neçə bulaq-abidədən dərdlərimizin
dərmanı olan göz yaşı kimi su axır. Adı da elə son onillikdə qoyulan bulaq-abidələrin sayı
beləcə, ötən
illər ərzində
artmağa başladı.
Bu gün şahbuzlular
qürurla bu bulaq-abidələrin suyu ilə öz qonaqlarının ürəyinə
bir sərinlik bəxş edirlər.
Mən işimlə
əlaqədar olaraq rayonumuzun müxtəlif yaşayış yerlərində
olarkən müşahidə
etmişəm ki, indi az qala hər kəndin
özünəməxsus bir
və ya bir neçə bulaq-abidəsi var. Onların
çoxu da əsrlərcə xalq arasında öz adı olan bulaqların
adı ilə adlandırılır.
Əgər
Şahbuzu bir tabloya bənzətsək və o tabloda bulaq-abidələr öz əksini tapsa, bilirəm ki, bu mənzərə hər kəsi heyran edər. Mən də adamı əfsunlayacaq o tablonun mənzərəsini sözün
gücü ilə yaratmaq istəyirəm.
Şahbuza
gələn qonağı
ilk salamlayan Daylaqlı
kəndi ərazisindən
keçən magistral
yolun kənarındakı
“Böyrək suyu”nun çağladığı bulaq-abidədir. Sonra şəhərimizin Heydər Əliyev prospektindəki və istirahət parkındakı
iki müxtəlif formalı bulaq-abidə öz varından pay tutur yolçuya. Batabat dağlarında çağlayan çeşmələrin
axdığı bu bulaqların suyundan muxtar respublikamızın hər yerindən gələn qonaqlar və yolçular evlərinə belə pay aparırlar.
Yol
yoxuşa qalxdıqca bulaq-abidələrin də
sayı artır, forması dəyişir. İşgəsu massivindəki iki
bulaq-abidə də öz formasına və yerinə görə doyumsuz bir gözəlliyə malikdir. Salxım söyüdlərin baş-başa verib gizlədikləri çay
kənarında yaradılan
bu bulaq-abidələr
də öz görünüşü ilə
qonaqlarını ovsunlayır.
Həmin
ərazidəki balıqçılıq
təsərrüfatının və “Forel” balıq restoranının
ətrafında yaradılan
əsrarəngiz mənzərəyə
sanki nöqtə qoyurmuş kimi bütün gözəllikləri
ətrafında cəmləşdirən
bulaq-abidənin qonaq-qarası
da çox olur.
Oradan ayrılıb
bir az
irəliyə getdikcə
kənardan uca dağların alçaq sinəsində qərar tutmuş Plovtəpə massivindəki bulaq-abidə
magistral yolun lap kənarında duruş gətirərək yolçuya
“əylən” deyir sanki.
Avtomobil istiqamətini
dəyişib Mahmudoba,
Nursu tərəfə
üz tutsa, onda Şahbuz şəhərinin inzibati
ərazisinə daxil edilmiş əraziyə
aid olan yaşayış
məntəqəsini ikiyə
ayıran yolun sağ tərəfində
sakinlərin “Beytulla bulağı” adlandırdıqları
çeşmənin suyu
çağlayan bulaq-abidə
ilə qarşılaşarıq.
Bu yolu axıra
kimi gedənlərsə
Mahmudoba kəndinin girəcəyindəki bulaq-abidənin
suyundan da bir ovuc içib
ürəyini sərinlədə
bilər.
Əgər
boz dumanı əlçim-əlçim Batabata
sarı yollansaq, onda da şöhrəti
ellərə yayılmış
yaylağın qonaqlarını
“salamlayan” Söyüdlü
bulaq-abidəsinin ətrafında
ayaq saxlayarıq. Üzü dağlara sarı qıvrılan şümşad
yolla yuxarı qalxdıqca adamı heyrətləndirən təbiət
mənzərələri bizi
Zorbulağa kimi öz sehrinə salar. Burda ayaq saxlayarıq.
Çopur qayaların daş
sinəsindən üzü
aşağı süzülüb
yerin köksündə
çağlayan bu bulağın da ətrafında yaradılan
istirahət guşəsinin
qonaqların sevimli yerinə çevrildiyini ətrafındakı qələbəliklə
seyr edərik. Gözəllik görmək
eşqinə səmtimizi dəyişib Batabat
Dövlət Qoruğu ərazisinə üz tutsaq, burada da gözümüz
axtaran gözəllik içərisində
könlümüzə sərinlik gətirən bulaq-abidədən
bir qurtum su içərik. Qoruğun inzibati
binası qarşısında, həmçinin yaylağın
adı ilə adlandırılan “Batabat”
restoranının həyətində yaradılmış
bulaq-abidələr ilboyu
çağlayır. Batabatdan enib Ağbulağa üz tutanda isə kəndə
çatmamış yenə də bizi ətrafındakı
doyumsuz təbiət mənzərələri
ilə heyrətləndirən “Ağbulaq”
bulaq-abidəsinin qonağı olarıq.
Bu
gün muxtar
respublikanın hər bir bölgəsindən,
hətta Azərbaycanın müxtəlif yerlərindən buraya gələn insanlar qonaq olduqları Ağbulaq
İstirahət Mərkəzinin həyətində
dağların bal şəfi kimi, şirin
sularının çağladığı bulaq-abidələrdən
bir ovuc içərək “oxay!”
deyib, ürəklərini sərinlədirlər.
Bir yolun iki səmtə
ayrılan qolu üstündəki Gömür kəndi ərazisində qərinələrlə
yaşı olan müalicəvi əhəmiyyətə
malik “Şor su” deyilən bulağın ətrafında
yaradılan “Şəfa” bulaq-abidəsi də öz
görünüşü ilə bənzərsizdir. Bu bulaq-abidənin ətrafında
yaradılan çarhovuza tökülən
şor suyun əhəmiyyətini
bilənlər və ona ehtiyacı olanlar üçün istifadə
imkanları yaradılıb. El arasında buna “dəri suyu” da deyilir.
Deməli, rayonun hansı səmtinə, hansı kəndinə
gedər olsaq, o istiqamətdə
bizi salamlayan və
ürəyimizi bir doyumluq
suyu ilə sərinlədən, dərdlərimizə
dərman olan suların axdığı
bulaq-abidələrlə qarşılaşarıq. Bu gün rayonda
20-yə yaxın bulaq-abidənin olması onu
göstərir ki, müstəqil dövlətin
vətəndaşı olmaq kimi məsuliyyətli bir
missiyanı yerinə yetirən insanlar və
eli arxasınca aparmağı bacaran şəxsiyyətlərimiz xalqa xidmət yolunu tutmuşlar.
Dünyagörmüşlərimiz
həmişə su çəkəni, yol salanı “savab əməl
sahibi” adlandırıblar.
Ulularımızdan qalan bu
əməli davam etdirənlər
xalqın yaddaşında və yaratdıqları o abidələrdə əbədiləşirlər.
Xeyirxahlıq unudulmur.
Şəhla NƏBİYEVA,
Naxçıvan Muxtar Respublikası,
Şahbuz rayonu
Xalq qəzeti.- 2015.- 10 yanvar.- S.6.