Azərbaycançılıq
günümüzün gerçəkliklərini
özündə əks etdirən milli dövlət
ideologiyasıdır
Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Heydər ƏLİYEV
Ümummilli lider
XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən qlobal dəyişikliklərlə əlaqədar Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. İctimai həyatın demokratikləşməsi istiqamətində genişlənən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, “Sərhəd hərəkatı” adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
1990-cı
il noyabrın 3-5-də Türkiyədə
keçirilən Birinci Millətlərarası
Azərbaycan türk dərnəkləri
qurultayı isə Naxçıvan Muxtar
Respublikasında başlanmış hərəkatın
davamı kimi milli birlik və həmrəylik yolunda
atılan mühüm addım oldu. Qurultayın qəbul etdiyi qərarda
31 dekabrın hər il Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi zəruriyyəti irəli sürüldü. Bütün
bunları nəzərə alaraq ümummilli liderimiz Heydər
Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin 1991-ci il 16 dekabr
tarixli iclası 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü elan edilməsi
haqqında qərar qəbul etdi. Naxçıvan MR Ali Məclisinin
bu qərarını əsas tutaraq
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il
dekabrın 25-də qərara gəldi ki, hər
il dekabrın 31-i dünyada
yaşayan azərbaycanlıların həmrəylik
günü kimi qeyd edilsin.Bu qərar dünya azərbaycanlıları arasında
həmrəylik hissini daha
da gücləndirdi.
Azərbaycan
diasporunun dünyanın müxtəlif
ölkələrində formalaşan
özəkləri, birlikləri dövlətimizin, mədəniyyətimizin,
Azərbaycan həqiqətlərinin tanınması və təbliği
işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edir. Hazırda dünyanın bir
çox ölkəsində Azərbaycan
dilində müxtəlif qəzet və jurnallar
nəşr olunur, xüsusi
radio və televiziya
verilişləri hazırlanır. Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların
100-dən artıq ictimai, milli
və mədəni cəmiyyət və təşkilatları
fəaliyyət göstərir.
Azərbaycanlılar
minilliklər boyu özlərinin doğma torpağı olan
tarixi Azərbaycan ərazisində yaşayaraq dünya
sivilizasiyasına böyük töhfələr
vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan
parçalanmış, azərbaycanlıların bir qismi öz
yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən
ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək
başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar
da vardır. Beləliklə də, azərbaycanlılar
tarixi Azərbaycan torpaqlarından bütün dünyaya
yayılmışlar.
Bu gün
dünyanın 70-dək ölkəsində milyonlarla
soydaşımız öz Vətənindən,
tarixi-etnik torpaqlarından kənarda mühacir həyatı yaşamaqdadır. Yalnız Türkiyədə özü
və ya soykökü
Qərbi Azərbaycanın İrəvan şəhərindən,
Zəngəzurdan, Göyçədən olan
milyonlarla soydaşımız var və onlar XIX əsrin
sonlarından başlamış amansız daşnak
irticaları nəticəsində qardaş
ölkəyə pənah gətirmişlər
Müstəqil Azərbaycan
dövlətinin əsas ideyası azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi
keçirməlidir və biz azərbaycançılığı
– Azərbaycan dilini, mədəniyyətini,
milli-mənəvi dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq. Azərbaycançılıq coğrafi anlayış deyil,
o, daha çox
siyasi anlayışdır. İdeologiya
cəmiyyətdə milli birliyi
və ümumxalq münasibətlərini qorumaq, millətin və onun
dövlətinin mövqeyini izah və təsdiq etmək üçün
yaradılır. O, xalqın milli-mənəvi
varlığının ilkin əlamətlərindəndir;
xalqın kimliyini əks etdirən təfəkkür,
adət və inanclar sistemidir.
Dil, ərazi, din və
ideoloji birlik
xalqın, millətin və dövlətin tarixi
varlığının əsas atributlarıdır. “Biz azərbaycançılığın
dövlət rəmzlərini yaşadan
müstəqil dövlətimiz ətrafında
daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.
Azərbaycançılıq
ideologiyasının çağdaş
dövlətçiliyə tətbiqi ümummilli
lider Heydər Əliyevin adı ilə
bağlıdır. O, Azərbaycan əhalisində dövlətçilik
duyğusunu gücləndirdi, dövlətə
hörmət hissi formalaşdırmağa
nail oldu. Xüsusilə
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və
mədəniyyətini azərbaycançılıq məfkurəsi
işığında dünyaya
tanıtmaq üçün
konsepsiyaların əsasını qoydu. Məhz ulu öndər Heydər
Əliyevin sayəsində azərbaycançılıq təkcə
milli ideologiya yox, həm də çox
qüvvətli dövlətçilik təlimi kimi
nüfuz qazandı. Onun
azərbaycançılıq nəzəriyyəsi sayəsində
Azərbaycan dövləti çağdaş
dünya inteqrasiyasında beynəlxalq
diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi, həm Qərb, həm də Şərq
aləmində qəbul olundu.
Heydər Əliyev özü azərbaycançılığın
simvolu idi. Bu gün də dövlətçiliyimizdə
həmin tarixi-nəzəri ənənələr, iş üsulları ləyaqətlə qorunub saxlanılır. Fikrimizcə, Dünya Azərbaycanlılarının II
Qurultayı azərbaycançılıq ideologiyasının
təsdiqi və təntənəsi, onun yeni tarixi mərhələsinin
başlanğıcı idi. Bu forum bütün
dünyaya səpələnmiş 50 milyon azərbaycanlının bir
araya gəlməsində azərbaycançılığın
nəzəri-tarixi imkanlarını kifayət qədər əsaslı
şəkildə nümayiş etdirdi.
1969-cu il iyul ayının 14-də
respublikanın rəhbəri seçilən Heydər
Əliyev sonrakı 34 illik fəaliyyəti
dövründə Azərbaycan xalqının və millətinin
şan– şöhrətini bütün dünyaya
tanıtmış və dünya azərbaycanlılarının ümummilli lideri
adını qazanmışdır. Dünya şöhrətli siyasətçi olan
Heydər Əliyev siyasi həyatın və
dövlət qurulucuğunun digər sahələrində
olduğu kimi, azərbaycançılıq
ideologiyasının formalaşmasında və
inkişafında da misilsiz
xidmətlər göstərmişdir. Ulu öndərin uzun müddət dövlət idarəçiliyi
sistemində fəaliyyət göstərən bir
tarixi şəxsiyyət kimi
əldə etdiyi nailiyyətlər bütün dünyada “Azərbaycan”
və “azərbaycanlı” sözlərinin mahiyyətini, dəyərini
və tutumunu xeyli
artırmışdır.
Heydər Əliyev azərbaycançılıq
ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri
əsasında formalaşmasında da mühüm rol
oynamışdır. Ulu öndər demişdir: “Milli
ideologiyamız tarixi keçmişimizlə,
millətimizin adət-ənənələri ilə,
xalqımızın, dövlətimizin bugünü
və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün
xalqın, dövlətin mənafeyinə uyğun
olmalı, müxtəlif sosial təbəqələrin,
siyasi partiyaların bir
ideya ətrafında birləşməsinə
yol açmalıdır”.
Ulu öndər milli
ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq
ideologiyasının əsas prinsiplərinin “dövlətçilik”
və “milli vətənpərvərlik”dən
ibarət olduğunu dəfələrlə
vurğulamışdır.
Heydər Əliyevin Vətəni
sevməsi adi bir vətəndaşın
öz Vətənini sevməsi demək deyildir. Bu, bütün
ömrünü canından artıq sevdiyi Vətəninə həsr etmiş tarixi bir şəxsiyyətin sevgisidir:
“Həmişə fəxr etmişəm və bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam” kəlamı
Heydər Əliyevin dilindən səsləndikdən sonra dünyanın müxtəlif ölkələrində
yaşayan hər bir
azərbaycanlı da öz
milli mənşəyini, azərbaycanlı
olduğunu gizlətmədən,
iftixar və qürur hissi ilə bəyan etməyə
başladı. Dahi rəhbərin “Azərbaycanın
dövlət müstəqilliyi dönməzdir, əbədidir,
sarsılmazdır” kəlamı da bu gün bütün
dünya azərbaycanlılarının
mübarizə simvoluna çevrilib.
Heydər Əliyevin milli qeyrətindən
və vətənpərvərliyindən qaynaqlanan
bu fikir gələcəyə
inamımızı artırır, bizi
mübarizələrə səsləyir və zaman-zaman
da səsləyəcəkdir.
Heydər Əliyevin
Azərbaycan xalqının maariflənməsi və
savadlanması istiqamətində apardığı düşünülmüş siyasəti də
təqdirəlayiq idi. Bütün
rayonlarımızda və kəndlərimizdə
saysız-hesabsız məktəblər, uşaq
bağçaları, klub və mədəniyyət
evləri, kinoteatrlar, kitabxanalar
və s. kimi mədəni-maarif
müəssisələri və ictimai-iaşə obyektləri
tikildi. Azərbaycan neftinin əvvəlki
şöhrətini qaytarmaq, onun zəngin neft və qaz ehtiyatlarına dünyanın aparıcı
dövlətlərini və şirkətlərini cəlb etmək
xətti götürüldü.
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndə
dünyanın 8 qabaqcıl ölkəsinə məxsus olan 11 transmilli şirkət
iştirak edirdi. Daha sonra qısa zaman kəsiyində
dünyanın 15 aparıcı ölkəsinə məxsus olan 33 şirkəti ilə 20-dən artıq
beynəlxalq əhəmiyyətli neft
müqavilələri bağlandı ki, bu müqavilələrin nəticəsində
30 il müddətinə Azərbaycan neft sənayesinə 100 milyard
ABŞ dollarından artıq vəsait qoyulması və
4 milyard tondan çox neft
çıxarılması nəzərdə tutulurdu.
Ümummilli liderimiz Heydər
Əliyevin müdrik siyasəti nəticəsində
hazırlanmış yeni neft
strategiyasının həyata keçirilməsi nəticəsində
qısa müddət ərzində Bakı-Novorossiysk və
Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri
çəkilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Batumi-Qars dəmir yolunun, Yeni İpək yolunun çəkilişinə
başlanması ilə Azərbaycan dünyanın nəzərində
yenidən öz tarixi
şöhrətini bərpa etdi. Bu gün Azərbaycan iqtisadi inkişaf tempinə
görə dünyanın ən yüksək sürətlə
inkişaf edən dövlətlərinin cərgəsində
özünə yer almışdır. Azərbaycan
neftinin şan-şöhrəti bərpa olunmuş, “Odlar yurdu”, “Neft ölkəsi”
adı ilə yenidən dünyanın nəzərini cəlb etmişdir. Bir sözlə,
ümummilli liderimiz
Heydər Əliyevin yeni neft
strategiyasının uğurla həyata
keçirilməsi nəticəsində Azərbaycan yenidən
dünyada tanınmış və məşhurlaşmışdır.
Ümummilli liderimizin Azərbaycan
xalqı və dövləti qarşısında çox mühüm əhəmiyyətli
xidmətlərindən biri də Azərbaycan
diasporunun inkişaf
etdirilməsi və təşkilatlandırılması olmuşdur. Dünyanın
müxtəlif ölkələrinə səpələnmiş,
on illərlə başqa
millət və xalqların içərisində yaşayaraq öz milli-mənəvi
dəyərlərini yadırğamış, dilini,
dinini, adət-ənənələrini unutmaq dərəcəsinə gələn
soydaşlarımızın yenidən bir
araya gəlməsi üçün
Heydər Əliyev kimi dünyada
tanınan şəxsiyyətə ehtiyac var idi.
Müstəqillik
dövründə Heydər Əliyev azərbaycançılığın
bayraqdarı olmuş, suveren
dövlətimizin simvolu olan
üçrəngli bayrağımızı BMT-nin,
Avropa Şurasının və digər
beynəlxalq təşkilatların və dövlətlərin
ən görkəmli yerlərində qaldırmış və
Azərbaycanın himnini dəfələrlə səsləndirmişdir.
Ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan
bu gün dünya miqyasında sivil,
hüquqi, demokratik,
dünyəvi bir respublika
kimi tanınır və böyük
perspektivlərə malik bir
ölkə kimi qəbul edilir.
Bugünkü müstəqil Azərbaycan
Respublikası bütün dünya
azərbaycanlılarının dayağıdır.
Məruz
qaldığı bütün sınaqlara
baxmayaraq, milli dövlət
ideologiyası kimi azərbaycançılıq
bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya kimi durur. Onun ümumi
tarixlə, onlarca millətin və etnik qrupun bir
ərazidə birgə yaşayış təcrübəsi,
onların psixoloji xüsusiyyətlərinin
yaxınlığı, ümumi mental xarakteristikaları ilə şərtlənən
öz bölgüsü
var. İdeologiya olaraq azərbaycançılıq mühüm funksional
elementlərlə zəngindir və bunların da
mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən
qorumaqdır. Bu ideologiya
inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə
görə hüquqi və demokratik dövlət kimi
Azərbaycanın möhkəmlənməsinə və
inkişafına yönəldilmişdir. Azərbaycançılıq
ideologiyası müstəqil və bənzərsiz Azərbaycanı
sivilizasiyalı dövlətlər sırasına
çıxaracaq bir yoldur.
Bu ideologiya
xalqımızın çox əzab-əziyyətlər
bahasına nail olduğu
tarixi sərvətdir. Bu,
ilk növbədə, real
müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın
qorunub saxlanması və möhkəmləndirilməsinin
siyasi əsasıdır. Bu gün
azərbaycançılıq milli həyatın
ahəngdarlığının, konfessiyaların dinc, yanaşı yaşamasının, ölkədəki
bütün etnosların
qardaşcasına qarşılıqlı əlaqəsi və
təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək
müstəqil Azərbaycanın bütövlüyü,
inkişafı və firavanlığı uğrunda
birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.
Azərbaycançılıq
ideologiyasında vahid polietnik
millətin Azərbaycan dövlətçiliyinin
yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst
iqtisadiyyatın, sosial həyat şəraitinin
inkişafı uğrunda mübarizəsinin
məqsədləri öz əksini
tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi sosial doktrinasının sosiomədəni və
etnik-geosiyasi cəhətlərini
özündə birləşdirmişdir. O,
qarşılıqlı dəstək, əməkdaşlıq
və bərabərliyin mühüm əsasını
təşkil edir.
Dövlət siyasətinin
strategiyası olan azərbaycançılıq
ideologiyası Azərbaycan xalqının bu
gününün və gələcəyinin
qavranılması və qiymətləndirilməsini müəyyən
edir. Dünyanı öz
gözləri ilə görməyə çalışan hər
bir insan təkcə milli ənənəyə deyil,
həm də dünya sivilizasiyasına mənsub
olduğunu dərk etməlidir. Ailə, soy, icma, etnos,
dil birliyi həyatımıza
təbii surətdə daxil olmuş kateqoriyalardır. Lakin
daha yüksək, mücərrəd səpkili,
yəni millətin fövqündə duran
və onun dünyagörüşünün
formalaşmasında fəal iştirak edən
dəyərlər var. Bu,
milli ideya, milli ideologiyadır ki,
onların təsiri nəticəsində dünya
tarixi və siyasətinin müəyyənləşdirdiyi
məkanda millətlər və dövlətlər yaranır,
inkişaf edir,
yaşayır, özgürlüyünü
qoruyub saxlayırlar. Bu məkanın özünü sivilizasiya
telləri birləşdirir və bunlar bir regionun xalqları və
dövlətlərinin milli xüsusiyyətlərini
inkar etməyərək və kiçiltməyərək
onların yanaşı yaşamasını və əməkdaşlığını
mümkün edir.
Azərbaycan bütün dünya azərbaycanlılarının
tarixi Vətəni, doğma
ata-baba yurdudur. Məmnuniyyət hissi ilə qeyd edirəm ki,
dünyanın bütün ölkələrində
yaşayan və qəlbi doğma
Azərbaycanla bir döyünən həmvətənlərimizin
də xalqımızın milli-azadlıq mübarizəsində,
ölkəmizin tərəqqisi və inkişafı yolunda önəmli xidmətləri
vardır. Bu gün
harada yaşamasından asılı olmayaraq Azərbaycanı özlərinin tarixi Vətəni sayan bütün insanlar ölkəmizin
müstəqilliyini qoruyub saxlamaq
naminə dövlətçilik ideyaları ətrafında
sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməlidir. Vətənini,
millətini, xalqını sevən hər bir
azərbaycanlı Azərbaycanın müstəqilliyinin
dönməz olması üçün səy
göstərməlidir. Müstəqil Azərbaycanın
dövlət rəmzləri – bayrağı, gerbi,
himni ilə bütün
dünya azərbaycanlıları fəxr
edə bilər. Azərbaycanın müstəqilliyi,
ərazi bütövlüyü, təhlükəsizliyi,
bugünü və gələcəyi hər
bir soydaşımızı, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq,
hər bir həmvətənimizi
düşündürməlidir.
İndi dünyanın 5 qitəsində məskunlaşan
soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti
yaşadıqları ölkələr, oradakı şərait,
mənəvi dəyərlər kimi
müxtəlifdir. Azərbaycanlılar Amerika
qitəsinin şimal, mərkəzi və
cənub hissəsində daha çox məskunlaşıblar. Azərbaycan diasporunun yayılma coğrafiyasına və
sayına görə geniş olduğu ikinci qitə
Avropadır, Azərbaycan diasporunun üçüncü böyük
hissəsi Asiya qitəsində məskunlaşıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti kimi rəsmi və
işgüzar səfərləri çərçivəsində
xaricdə yaşayan azərbaycanlılarla
görüşməsi, onların fəaliyyətləri ilə
tanış olması, soydaşlarımızı Azərbaycanda
investisiya layihələrində iştiraka dəvət etməsi bu istiqamətdə
göstərilən diqqətin bariz
nümunəsidir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın
sivil bir dövlətə
çevrilməsi, qarşısında duran
problemlərin həll olunması, qanunun aliliyinin təsbit olunduğu
demokratik, hüquqi və
dünyəvi dövlət kimi, inkişaf etməsi üçün
bütün dünya
ölkələrindəki soydaşlarımızın
həmrəyliyinə nail olmaq
kimi çətin bir
missiyanı üzərinə götürmüşdü.
Məhz Heydər Əliyevin səmərəli fəaliyyəti,
qayğısı və böyük diqqəti
sayəsində xaricdə yaşayan soydaşlarımız
Azərbaycanın milli maraqları uğrunda daha əzmlə
fəaliyyət göstərməyə
başlamış, doğma vətənləri
ilə əlaqələrini möhkəmləndirmiş,
ölkəmizin dövlət quruculuğu
prosesində yaxından iştirak etməyə
və burada gördükləri real həqiqətləri bütün
dünyaya yaymağa
başlamışlar.
Heydər Əliyev Azərbaycan
tarixinin yetişdirdiyi
ən nadir simalardan biri, türk
dünyasının və ümumən, sivil
dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə
Azərbaycan xalqının ümummilli lideri kimi daxil
olmuş bu əvəzolunmaz
insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik
idi. Tanrı ona hər
bir üstünlüyü
bəxş etmişdi.
Bu
gün Azərbaycan Prezidenti
İlham Əliyev ulu
öndərdən əxz etdiyi nadir şəxsiyyətlərə
məxsus bu keyfiyyətləri şərəflə
daşıyır və böyük əzmlə
dövlət idarəçiliyinə tətbiq edir,
tarixin yeni tələblərinə
uyğun olaraq təkmilləşdirib
inkişaf etdirir.
Öz xalqının taleyində müstəsna
rol oynayan fenomenal şəxsiyyətlər xüsusilə
cəmiyyətin milli və mənəvi
birliyinə xidmət edən ideyaları və əməlləri
ilə tarixdə əbədi yaşamaq
haqqı qazanırlar. Millətə sevgi və ona xidmət etmək
zərurətindən qaynaqlanan bu ideyalar cəmiyyətin
inkişafı prosesində prioritet amilə çevrilməklə
yanaşı, həm də tarixi şəxsiyyətlərə
xalqı öz ətrafında birləşdirmək,
milli ideallar uğrunda səfərbər etmək imkanı
verir.
Bu
gün azərbaycançılıq həm
Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar
üçün əsas ideyaya
çevrilmişdir. Ümummilli
lider bütün dünyada yaşayan
soydaşlarımıza bu ideya
ətrafında birləşməyi təlqin edir
və bildirirdi ki, azərbaycançılıq
öz
milli mənsubiyyətini, milli-mənəvi
dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafını təmin
etməkdən ibarətdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə
vurğulamışdır ki, ümummilli liderimizin irəli
sürdüyü azərbaycançılıq
ideologiyası milli mənsubiyyəti,
milli-mənəvi dəyərləri qoruyub
saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir
insanın inkişafını təmin etməyə yönəlmiş
universal və milli-fəlsəfi dünyagörüşü formasıdır.
Azərbaycançılıq dövrün,
zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini
özündə əks etdirən dövlət
ideologiyasıdır. Dövlət
başçısı Azərbaycanın beynəlxalq
arenadakı nüfuz və mövqelərinin
daha da gücləndirilməsini,
respublikamız haqqında tam obyektiv, dolğun
informasiyaların dünya ictimaiyyətinə
çatdırılmasını diaspor təşkilatları
qarşısında vacib məsələ
kimi müəyyənləşdirmişdir.
Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının
qarşısında duran vəzifələri
dəqiq və aydın müəyyənləşdirirdi: Onlar ilk növbədə öz milli kimliklərini dərk
və hifz etməli, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi
adət-ənənələrini, tarixini
yaşatmalı, inkişaf etdirməlidirlər.
Dünyada yaşayan
soydaşlarımız, eyni zamanda, ana Vətənlə
əlaqələrini möhkəmləndirməli, Azərbaycan
dövlətinin, cəmiyyətinin problemləri ilə
yaşamalı, onların həlli üçün
mənəvi məsuliyyət daşımalı, Azərbaycanın
ən böyük problemi
olan Ermənistanın təcavüzü
məsələsinin dünyada ədalətli
mövqedən, obyektiv təbliği
istiqamətində ardıcıl işlər görməlidirlər.
Azərbaycan hökuməti də Vətənimizin
get-gedə artan maddi və
mənəvi potensialından, siyasi nüfuzundan bütün dünya azərbaycanlılarının bəhrələnməsinə
şərait yaratmalı, onların milli və
vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir.
Azərbaycan
Respublikası bütün dünya
azərbaycanlılarının doğma ata-baba yurdudur. Odur ki, Asiyada, Avropada,
Amerikada və digər qitələrdə
məskən salmış soydaşlarımız Vətəndə
baş verən ictimai-siyasi
prosesləri diqqətlə izləyir, Prezident
İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın əldə etdiyi heyrətamiz
uğurlarla fəxr edirlər.
Azərbaycan Prezidenti İlham
Əliyevin dünya azərbaycanlılarının
birləşməsi sahəsində gördüyü
prinsipial işlər xalqımız və
bütün dünya
azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir.
Məhz bu mənəvi birlik
və milli həmrəylik dövlət
müstəqilliyimizin daha da
möhkəmləndirilməsinə və bu
yolda yeni uğurlar qazanılmasına xidmət edir. Belə ki, yola saldığımız 2014-cü il də Azərbaycanın həyatında bir sıra uğurları ilə yadda qalacaqdır. Böyük
əminliklə demək olar ki, 2015-ci il və
sonrakı illər Azərbaycan üçün
daha uğurlu və daha böyük nailiyyətlərlə
zəngin olacaqdır.
Eldar QƏHRƏMANOV,
Azərbaycan Universitetinin rektoru
Xalq qəzeti.- 2015.- 10 yanvar.- S.3.