Prezident İlham ƏLİYEV: Əsas məqsədimiz
Azərbaycanı güclü sənaye ölkəsinə
çevirmək
üçün bütün imkanlardan
istifadə etməkdir
Biz öz
gələcəyimizi yalnız neft sənayesi ilə
bağlamamalıyıq, bu sahədə işlər müvəffəqiyyətlə
irəliləyir və Azərbaycana böyük valyuta
ehtiyatları gətirir. Biz öz siyasətimizi
elə aparmalıyıq ki, iqtisadiyyatın bütün sahələri,
ilk növbədə qeyri-neft sənayesi inkişaf
etsin.Yalnız bu yolla biz Azərbaycanı hərtərəfli
inkişaf etmiş ölkəyə çevirə bilərik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi sənayeləşmə
siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda
sənayeləşmənin tempi yüksəlmiş, ölkə
sənayesi yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Dövlət başçımızın dediyi
kimi, Azərbaycan öz sənaye potensialını inkişaf
etdirir və sənayeləşmə siyasəti uğurla həyata
keçirilir.
Xatırladaq ki, 2003-2014-cü illərdə sənayenin
regional strukturunun təkmilləşdirilməsi əsas
prioritetlərdən olmuş, Azərbaycan təbii qaz və
elektrik enerjisi idxalçısından ixracatçıya,
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında etibarlı tərəfdaşa çevrilmiş,
yeni istifadəyə verilmiş elektrik stansiyaları
hesabına elektrik gücləri 2300 MVt-dan çox
artmışdır. Ənənəvi istehsal sahələrinin
fəaliyyəti genişlənmiş, yeni istehsal sahələri
yaradılmış, əsas qida məhsulları və
inşaat materialları ilə özünütəminat səviyyəsi
yüksəlmişdir. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə
verilmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri
çərçivəsində infrastruktur layihələri
reallaşdırılmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü və
prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə
görə “dəmir ipək yolu” adlandırılan
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın beynəlxalq əhəmiyyətli
tranzit qovşağı kimi rolunu daha da yüksəldəcək,
ölkəmizin mənafeyinə xidmət edəcəkdir.
Ümumilikdə son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti məmulatlarının
istehsalı 2,5, elektrik avadanlıqlarının istehsalı
2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə
artmışdır. Sənayenin inkişafı
bu sahədə çalışanların sosial
rifahının yüksəlməsində də
özünü göstərmişdir. Belə
ki, son 10 ildə sənayedə əməkhaqqı 5 dəfə
artaraq 700 manatı ötmüşdür.
Dövlət başçısının müvafiq sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
2014-cü ilin “Sənaye ili” elan edilməsi
ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq
ötən il ərzində çoxsaylı tədbirlər həyata
keçirilmişdir. Qeyd edək ki, hesabat
dövründə müasir texnologiyalara və qabaqcıl təcrübəyə
əsaslanan yeni müəssisələrin yaradılması ilə
Azərbaycanda istehsal edilən sənaye məhsullarının
çeşidi və rəqabətqabiliyyətliyi də
sürətlə artmışdır.
Hazırda ölkəmizdə fəaliyyət göstərən
sənaye müəssisələrində ərzaq məhsulları,
müxtəlif tikinti materialları, avtomobil, kompüter,
günəş batareyaları, elektrik avadanlıqları, mebel
və s. istehsal olunur, bir çox sənaye məhsulları
üzrə Azərbaycan özünü təmin edir.
Rəqabətədavamlı məhsul
istehsalı, beynəlxalq standartlara cavab verən markalanma və
qablaşdırmanın aparılması ixracın genişlənməsinə
yeni imkanlar yaradır, Azərbaycanın bir sıra sənaye
müəssisələrinin məhsulları xarici bazarlara
çıxarılır, analoji məhsullarla rəqabət
aparır.
Ötən il ərzində Azərbaycanda
ənənəvi sənaye sahələri ilə
yanaşı, əvvəllər mövcud olmamış hərbi
sənaye, kosmik və alternativ enerji sahələri
yaradılmış və bu yeni sənaye sahələrinin
inkişafı istiqamətində işlər davam etdirilir.
Artıq Azərbaycanın peykləri - “Azərspace” və “Azərsky”
orbitə çıxarılmış və ölkəmiz
dünyanın “kosmos ailəsi”nin
üzvünə çevrilmişdir.
Son məhsuladək texnoloji zəncirin
qurulması hazırda Azərbaycan sənayesinin əsas
inkişaf istiqamətlərindəndir. Bu, ölkədə mövcud olan zəngin təbii
resurslardan səmərəli istifadəyə, bütün
istehsal tsiklinin ölkə ərazisində formalaşmasına
müsbət təsir göstərəcəkdir. Məsələn,
Azərbaycan Prezidentinin 23 aprel 2013-cü il
tarixli sərəncamı ilə yaradılmış “Azərbaycan
Polad İstehsalı Kompleksi” QSC dəmir filizinin hasilatından
polad istehsalına qədər bütün mərhələləri
əhatə etməklə, polad və çuqun məmulatlarına
olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir.
Burada bir məqama da
diqqət yetirməyi zəruri sayırıq. Respublikamızda
metallurgiya sənayesinin inkişafı üçün
münbit şərait mövcuddur. Başqa
sözlə, qarşıdakı illərdə yeni neft-qaz
komplekslərinin, metro stansiyalarının tikintisi, I Avropa
Oyunlarının keçiriləcəyi idman obyektlərinin
inşası, yeni sənaye parklarının yaradılması
metallurgiya sənayesinin sürətlə inkişafını
sürətləndirməyə imkan verəcəkdir.
Xatırladaq ki, hazırda polad məhsulları üzrə
ölkədaxili bazarın həcmi təqribən 1 milyard
manata bərabərdir və tələbatın böyük
qismi, yəni 70 faizi idxal məhsulları hesabına ödənilir.
Azərbaycanda isə qara metallurgiya sənayesi məhsullarına
olan tələbat daim yüksələn xətlə
artmaqdadır.
2013-cü ildə təməli qoyulmuş
və ölkə Prezidenti tərəfindən sənayenin
inkişafının yeni mərhələsi kimi qiymətləndirilən
Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili
infrastrukturun yaradılması istiqamətində tədbirlər
görülür və bu işlər cari ilin sonunadək
başa çatdırılacaqdır. Artıq
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən
rezidentlər tərəfindən polad və polietilen
boruların istehsalına başlanılmış, hazırda
yüksək təzyiqə davamlı hidrotexniki
avadanlıqların, polipropilen və yüksək
sıxlıqlı polietilenin, şüşə
istehsalının təşkili işləri aparılır.
Bu məhsullar həm daxili tələbatın
ödənilməsi, həm də ixrac üçün nəzərdə
tutulmuşdur. Yeni rezidentlərin cəlb
edilməsi, inşaat, əczaçılıq, aqrokimya və
digər sahələr üçün kimya məhsullarının
istehsalı məqsədilə potensial investorlarla
danışıqlar aparılır, təqdim olunan layihələr
dəyərləndirilir.
2012-ci ildə Prezident İlham Əliyev tərəfindən
təməli qoyulmuş Balaxanı Sənaye Parkının
yaradılmasında məqsəd təkrar istehsal sahəsində
maraqlı olan potensial sahibkarlar və investorlar
üçün əlverişli şərait yaratmaqdır. Adıçəkilən Sənaye Parkında xarici
infrastrukturun yaradılması istiqamətində işlər,
demək olar ki, başa çatdırılmış,
yaxın zamanlarda isə burada daxili infrastrukturun, inzibati bina və
istehsal sahələrinin tikintisinə başlanılacaqdır.
Sənaye Parkında fəaliyyət göstərmək
üçün 3 rezident qeydiyyata alınmış, yeni
rezidentlərin cəlb olunması istiqamətində işlər
davam etdirilir.
Bütün bunlarla yanaşı, yaxın gələcəkdə
Gəncə və Mingəçevir şəhərlərində
də mövcud potensiala əsaslanan müasir sənaye
parklarının yaradılması nəzərdə tutulur.
Regionlarda sahibkarlığın inkişafında və
yerli potensialdan səmərəli istifadə olunmasında əsas
istiqamətlərdən biri də Azərbaycanın müxtəlif şəhər
və rayonlarında sənaye məhəllələrinin
yaradılmasıdır. Belə məhəllələrin
salınması yeni iş yerlərinin açılması,
istehsalın genişləndirilməsi, sənaye ilə əlaqəli
xidmətlərin inkişaf etdirilməsi, regionların
sosial-iqtisadi inkişafı, istehsal prosesinin təşkilində
infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin
gücləndirilməsi, kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi baxımından
böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikası
Prezidentinin “Sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında” 8 oktyabr 2014-cü il tarixli fərmanından
irəli gələn tapşırıqların icrası istiqamətində
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənaye
məhəllələrinin təşkili üçün
hüquqi bazanın formalaşdırılması məqsədilə
dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi
öyrənilmiş, “Sənaye məhəllələri
haqqında Nümunəvi Əsasnamə”nin layihəsi hazırlanmışdır.
Hazırda ölkənin müxtəlif bölgələrində
sənaye məhəlləsinin yaradılması imkanları
araşdırılır. Təhlillərin
nəticəsinə uyğun olaraq, Azərbaycan İnvestisiya
Şirkəti tərəfindən sənaye məhəllələrinin
yaradılmasına başlanılacaqdır.
Yeri gəlmişkən, ötən il
ərzində ölkədə 230-dan çox sənaye müəssisəsi
açılmışdır. Müasir texnologiya və
avadanlıqlara əsaslanan bu müəssisələr
arasında “Norm” sement zavodu, kağız və karton
istehsalatı kombinatı, yağ fabriki, mis emalı zavodu,
Sumqayıt Tekstil Parkının yeni fabrikləri,
“Arpaçay-1” və “Arpaçay-2” su-elektrik stansiyaları,
Suraxanı Günəş Elektrik Stansiyası, “Gilan” qida
şəhərciyi, yem istehsalı və meyvə-tərəvəz
emalı müəssisələri, alüminium, kərpic,
asfalt, metal konstruksiya zavodlarını göstərmək olar.
Onu da qeyd edək ki, hazırda təkcə
dövlətin güzəştli kredit dəstəyi ilə
özəl sektor tərəfindən 30-dan çox sənaye
müəssisəsi qurulmaqda və genişləndirilməkdədir.
Sənayenin dinamik inkişafı ilə bağlı
2015-ci ildə də
bir sıra mühüm tədbirlər
reallaşdırılacaqdır.
“Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirildiyi
kimi, yerli xammala əsaslanan sənaye müəssisələrinin
fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə
qurulması və yeni müəssisələrin
yaradılması istiqamətində tədbirlər həyata
keçiriləcək, sənayenin ən müxtəlif sahələri
inkişaf etdiriləcək, son məhsul istehsalınadək
texnoloji zəncirlər qurulacaq, ixrac potensialı daha da
genişləndiriləcəkdir. Sənaye
müəssisələrində innovasiyayönümlü
texnologiyaların tətbiqi stimullaşdırılacaq, qeyri-neft
sənayesinin inkişaf etdirilməsi dövlət investisiya
siyasətində əsas istiqamətlərdən olacaqdır.
Sözügedən konsepsiyada bildirilir ki,
2020-ci ildə ölkəmizin beynəlxalq iqtisadi münasibətlər
sistemində yüksək rəqabətqabiliyyətli
iştirakçı statusuna yüksəlməsi
reallaşdırılacaqdır. Bu məqsədlə
Azərbaycanın əlverişli coğrafi mövqeyi,
geniş potensialı nəzərə alınaraq,
respublikamızın regionun ticarət mərkəzinə
çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına
düşən ixrac həcminin 1000 ABŞ dollarına
çatdırılması planlaşdırılır.
Ötən illərdə olduğu kimi, cari ildə də
neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi,
qeyri-neft sənayesinin şaxələndirilməsi və
inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə imkanlarının genişləndirilməsi, aqrar
sektorun inkişafı və ərzaq təhlükəsizliyinin
gücləndirilməsi, xarici ticarətin və
investisiyaların strukturunun təkmilləşdirilməsi
prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın
əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə
ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək
olması nəzərdə tutulur.
Hazırkı mərhələdə
qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini
sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən
asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini
gələcək illərdə də qoruyub saxlamaq və onun
ixrac imkanlarını genişləndirməkdir. Konsepsiyada ixracyönümlü iqtisadi model əsas
götürülmüşdür və nəzərdə
tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi
və strukturunun təkmilləşdirilməsi qeyri-neft
ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə
yanaşı, innovasiya fəaliyyətinin təşviqi və
genişləndirilməsi ölkədə biliyə əsaslanan
iqtisadiyyatın formalaşması üçün əlverişli
zəmin yaradacaqdır.
Adıçəkilən konsepsiyada həmçinin
vurğulanır ki, qarşıda duran məqsədlərə
çatmaq üçün ölkənin bütün
imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi,
sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və
ölkənin potensialının gücləndirilməsinə
şərait yaratmaq vacib şərtdir. Bu baxımdan
enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun genişləndirilməsi,
bölgələrə xüsusi diqqət yetirilməsi və
hər bir bölgənin rəqabət üstünlükləri
nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin
yaradılması, şəhər və kənd yerlərində
infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi,
nəticədə bölgələr üzrə əhalinin
yaşayış səviyyəsinin
tarazlaşdırılmasına nail olunması nəzərdə
tutulur.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı” qarşıdakı illərdə sənayenin
inkişaf istiqamətlərini müəyyənləşdirməklə,
inkişaf konsepsiyasında bu sahədə qarşıya
qoyulmuş məqsədlərə nail olunmasına yönəlmişdir.
Adıçəkilən Dövlət Proqramında sənayenin
modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi,
qeyri-neft sənayesinin ixrac potensialının
artırılması, enerjidən səmərəli istifadə
edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli
sənaye istehsalının genişləndirilməsi, elmtutumlu
və innovativ istehsalın genişləndirilməsi, yeni
istehsal sahələri üçün ixtisaslı kadrların
hazırlanması kimi mühüm məqsədlər irəli
sürülmüşdür. Bu məqsədlərin həyata
keçirilməsi üçün proqramda sənayenin rəqabət
qabiliyyətinin artırılması və potensialının
gücləndirilməsi, mövcud istehsal sahələrinin
inkişaf etdirilməsi və yeni sahələrin
yaradılması, sənayenin regional strukturunun təkmilləşdirilməsi,
sənayenin infrastruktur təminatının
yaxşılaşdırılması, sənaye zonalarının
və klasterlərinin təşkili, sənayenin kadr
potensialının və elmi təminatının gücləndirilməsi,
sənaye müəssisələrinin fəaliyyətini tənzimləyən
normativ hüquqi bazanın təkmilləşdirilməsi və
s. olmaqla 24 istiqamət müəyyənləşdirilmişdir.
Bütün imkanlar, eləcə də
dövlətin bu sahəyə dəstəyi
qarşıdakı illərdə respublikada yeni sənaye
müəssisələrinin yaradılmasını
stimullaşdırır. Onların əsas hissəsi
iri sənaye mərkəzləri olmaqla, iqtisadiyyatın,
xüsusən də qeyri-neft sektorunun inkişafında önəmli
rol oynayacaqdır. Sənaye
texnoparklarının ərazisində yaradılacaq bu müəssisələrin
əsas profili ixracyönümlü iqtisadiyyatın
stimullaşdırılmasına xidmət edəcəkdir.
Yəni dövlət beynəlxalq standartlara cavab
verən rəqabətqabiliyyətli sənaye məhsullarını
dünya bazarına ixrac etməklə valyuta gəlirlərini
artıra biləcəkdir. Bu məqsədlə
yeni sənaye mərkəzlərinə investorların cəlb
edilməsi üçün ölkədə daha əlverişli
biznes imkanları yaradılır. Digər
tərəfdənsə, dövlət öz maliyyə dəstəyini
gücləndirməklə yanaşı, xarici investorlar
üçün bir sıra güzəştli şərtlər
tətbiq etməyi də nəzərdə tutur. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında qeyd olunduğu
kimi, 2020-ci ilədək qeyri-neft sənayesinin inkişaf
etdirilməsi məqsədi ilə ölkənin malik olduğu
təbii və iqtisadi resursların təsərrüfat
dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək
və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir.
Beləliklə, 2020-ci ilədək olan
dövrü əhatə edəcək bu mərhələdə
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı
prioritet istiqamətlərdəndir. Bu sahədə
görülən tədbirlər, ölkə iqtisadiyyatına
yatırılan investisiyaların artımı, ilk növbədə,
əlverişli sahibkarlıq və biznes mühitinin nəticəsi
kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyev demişdir: “Hazırda əsas
məqsədimiz Azərbaycanı güclü sənaye ölkəsinə
çevirmək üçün bütün imkanlardan istifadə
etməkdir. Artıq sənayenin şaxələndirilməsi
və modernləşdirilməsi istiqamətində müəyyən
işlər görülmüşdür. Biz mövcud təbii
və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb
edirik, yeni istehsal sahələri və sənaye parkları
yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk...
İnanırıq ki, topladığımız
təcrübə və Azərbaycanın iqtisadi potensialı
bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir”.
Göründüyü kimi, dövlət
başçımızın sənayeləşmə siyasətinə
uyğun olaraq, ötən il ölkəmizdə
çoxşaxəli, innovativ iqtisadiyyatın
formalaşdırılması, sənayenin
inkişafının sürətləndirilməsi istiqamətində
tədbirlər uğurla həyata keçirilmişdir. 2015-ci
ildə də Azərbaycanda
müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və
ixracyönümlü məhsullar istehsal edən sənaye
müəssisələrinin yaradılması nəzərdə
tutulmuşdur.
Vaqif
BAYRAMOV
Xalq qəzeti.- 2015.- 10 yanvar.- S.1.