Milli qürur ünvanı
- Bayraq muzeyi
Muzeylər xalqın mədəniyyəti, zəngin tarixi ilə yaxından tanış olmaq üçün ən vacib məkanlardandır. Bayraq muzeyi bu məkanlar içində xüsusi yer tutur. Bu muzeydə Bayraq Günü olsam da, təəssüratlarımı indi qələmə alıram.
O gün səhərin sərin mehi
gənc oğlan və qızların saçlarına sığal
çəkir, sanki
hamını bir istiqamətə –
Bakının ən görkəmli məkanında yüksəklikdə
dalğalanan Azərbaycan bayrağına doğru tələsdirirdi. O bayraq ki, yarandığı və
ucaldıldığı gündən Azərbaycan
xalqının istiqlaliyyətini dünyaya
bəyan edib, xalqımız o bayraq altında
azadlığın və müstəqilliyin, dövlətçiliyin
dadını bilib. O bayraq
ki, onu Almas
İldırım, Əhməd Cavad, Cəfər
Cabbarlı kimi şairlərimiz tərənnüm
edib, bu xalqın
taleyində və tarixində onun necə vacib atribut olduğunu
bədii boyalarla əks etdiriblər.
1920-ci il Sovet
işğalı xalqımızın milli mübarizə ilə
qaldırdığı üçrəngli
bayrağımızı endirsə də, haqq
gec-tez qalib gəlməli
idi. Müdriklər tarixin
sınağından çıxmış bu
sözə həmişə
inanıblar. Odur ki, bu
xalqın vətənpərvər övladları imperiya
dövründə belə, tarixi keçmişimizə, milli
kimliyimizə və bayrağımıza hörmət edir, onun səmada yenə azad dalğalanacağına inanırdılar.
Üçrəngli bayrağı evinin ən mübhəm köşəsində
əzizləyənlər də az deyildi...
Pilləkənlər boyu Bayraq meydanına doğru addımladıqca, tarixin,
həmin ağsaqqal, ağbirçəklərimizin
necə müdrik olduğuna
bir daha əmin olursan.
Məhz
onların milli qürur
hissini qoruyub gələcək
nəslə çatdırması sayəsində bu gün
bayrağımız nəinki əzəmətlə
dalğalanır, həmçinin
Prezident İlham
Əliyevin sərəncamı ilə yaradılmış
Dövlət Bayrağı Muzeyində qədim dövrdən bu yana bayraqlarımız qorunur, gənc nəslə
çatdırılır.
Bayraq Günü ilə əlaqədar
muzeydə izdiham var. Hərbçilər,
əsgərlər, məktəblilər, müxtəlif ictimai qurumların nümayəndələri muzeyi ziyarət edirlər. Muzeyin
girişində bizi salamlayan
bələdçi xanım muzeyin
yaradılması və burada nümayiş edilən eksponatlar
barədə ətraflı məlumat verdi.
Bildirdi ki, 2010-cu il noyabrın 9-u Dövlət Bayrağı
Günündə açılan
muzey səkkizguşəli ulduz formasındadır. Burada müxtəlif
dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin,
xanlıqların bərpa olunmuş
bayraqları, gerbləri, bayraqların elementləri, ayrı-ayrı şəhərlərin
rəmzi nişanları, Azərbaycan Respublikasının
müxtəlif illərdə qəbul olunmuş
konstitusiyaları nümayiş etdirilir.
Girişdən sola doğru hərəkət
etdikcə divarda Gəncə, Lənkəran,
Şamaxı, İrəvan xanlıqlarının
bayraqları, eləcə də gerbləri diqqəti cəlb edir. Azərbaycan və ingilis
dillərində olan məlumat xarakterli lövhələr ziyarətçilərin
marağına səbəb olan müxtəlif
məzmunlu bayraqlar, eləcə də digər
eksponatlar barədə bilgi
almağa kömək edir.
Ardıcıllıqla eksponatları incələdikcə,
qarşıma çıxan digər bayraq
eksponatı nədənsə diqqətimi cəlb etdi. Lövhədəki yazıdan məlum olurdu ki, bu
bayraq məhz
Azərbaycan Xalq Cümhuriyyətinin
Türkiyədəki səfirliyinin binası üzərində
dalğalanıb. Muzeyin stendlərində
həmçinin Heydər Əliyevin və İlham
Əliyevin Prezident seçildikdən sonra andiçmə mərasimlərində
öpdükləri dövlət bayraqları, Silahlı
Qüvvələrin Ali Baş
Komandanının bayrağı, Silahlı Qüvvələrin
qoşun növlərinin döyüş
bayraqları, eləcə də
mərasim geyimləri gənclərin, xüsusilə
də məktəbli və tələbələrin diqqətini
cəlb edir.
Muzeyin digər maraqlı eksponatlarına
müxtəlif dövrlərə aid, eləcə
də Səfəvilər dövründə kəsilmiş pul nişanları,
həmçinin Şah
İsmayıl Xətainin
sikkəsi, gümüş
şahısı da daxildir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları
ilə təsis edilmiş müxtəlif
dövlət mükafatları, orden və
medallar ən diqqət çəkən
stendlərdəndir. “İstiqlal”, “Azərbaycan
bayrağı”, “Vətənə xidmətə görə”,
“Şərəf”, “Dostluq” ordenləri buraya daxildir. Qeyd edək ki, dövlətimizin
ən yüksək təltifi ulu öndərin
adını daşıyan “Heydər Əliyev” ordenidir.
Muzeyi gəzdikcə, nümayiş
olunan ayrıca bir sənəd
də diqqətimi cəlb etdi. Bu, Ginnes Dünya
Rekordları Təşkilatının Azərbaycanın
dövlət bayrağı dirəyinin dünyada
ən hündür bayraq
dirəyi olduğunu təsdiq edən
şəhadətnaməsi idi. Bu gün fəxrlə deyə
bilərik ki, Azərbaycan
bayrağı 162 metr hündürlükdə dünyanın ən
hündür bayraq dirəyi
üzərində dalğalanır.
Prezident İlham Əliyevin
Dövlət Bayrağı Muzeyini ziyarət
edərkən yazdığı ürək sözlərini oxuduqca, Azərbaycan bayrağına verilən ən
yüksək dəyərin şahidi olursan. Dövlət
başçımız yazır: “Bizim
bayrağımız bizim müstəqilliyimizin
rəmzidir. Bizim bayrağımız bizim qürur mənbəyimizdir,
bizim canımızdır, bizim
ürəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada bu gün hələ də
işğal altında qalan
başqa torpaqlarımızda dalğalanacaq! ”
Fəxri qonaqlar üçün
ayrılmış xatirə kitabı isə ölkəmizi
ziyarətə gələn rəsmi qonaqların ürək
sözlərini əhatə edir və qorunub saxlanılır. Qeyd edək ki, ən müasir multimedia sistemi və informasiya texnologiyaları ilə təchiz edilmiş muzey öz akustikası və rəngarəngliyinə
görə seçilir.
Muzeyi ziyarət edənlər arasında hərbçi və
əsgərlərin də olması və bayrağımız
qarşısında onların sayğı duruşunda
dayanması istər-istəməz qəlbimdə gələcəyimizə
xoş ümidlər oyatdı. Vətənimizin
keşiyində dayanan məhz bu əsgərlər
cənab Prezidentin burada öz ürək
sözlərində yazdığı kimi,
bayrağımızı məhz Şuşada,
Dağlıq Qarabağda
dalğalandıracaqlar! O gün uzaqda deyil...
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2015.- 11 yanvar.- S.5.