Sirli-sehrli
dünyamız:
Azərbaycan kəlağayısı
haqqında bir neçə söz
...Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır.
Heydər ƏLİYEV
Ümummilli lider
Ənənəvi xalq sənətinin ən mühüm sahələrindən biri də kəlağayıçılıqdır. Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Bu barədə alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülür. Məsələn, akademik Əbdülkərim Əlizadə “Hüdud əl-aləm”ə istinadən X əsrdə toxuculuğun əsas mərkəzlərindən olan Bərzənd şəhərində baş örtüyü istehsal olunduğunu qeyd edir. Burada hansı növ baş örtüyündən söhbət getdiyi məlum olmasa da, “Əcayib-əd dünya” adlı XIII əsrə aid anonim mənbədə Təbrizin sənət məhsulları içərisində güləbətinlə tikilmiş xüsusi baş örpəyinin adı çəkilir. XVII əsr Hollandiya səyyahı Yan Streys də Şamaxı zadəganları arasında şöhrət qazanmış güləbətin toxumalı yüksək keyfiyyətli baş örtüyündən bəhs edir. Lakin bu baş örtüyünün kəlağayı olmadığı dəqiqdir, ona görə ki, güləbətin toxuma texnikası ilə hazırlanmış məmulat ona basmaqəlib üsulu ilə əlavə bəzək vurulmasını tamamilə istisna edir.
Bununla
belə, məşhur türk səyyahı Evliya Çələbinin
Naxçıvan kişilərinin qələmkar parçadan
köynək geyindikləri haqda məlumatı, hələ
XVII əsrə qədər Azərbaycanın toxuculuq mərkəzlərində
basmanaxış üsulu ilə bəzək texnikasının
özünün yüksək inkişaf mərhələsində
olduğunu sübut edir. Başqa sözlə desək, kəlağayı
hələ çox uzaq keçmişdə Azərbaycanın
ənənəvi şərbaflıq mərkəzlərinin, demək
olar ki, hamısında “çarqat”, “örpək” və s. bu
kimi adlarla istehsal edilib.
Onu da qeyd edək ki,
dekorativ-tətbiqi sənət məhsulları içərisində
özünün orijinal bəzək texnikasına görə
kəlağayının xüsusi yeri var. Belə
ki, bütün orta əsrlər boyu həm texnoloji, həm də
məzmun etibarilə təkmilləşən və inkişaf
edən kəlağayıçılıq sənəti
XVIII-XIX əsrlərdə Azərbaycanda öz
inkişafının ən yüksək mərhələsinə
çatıb. Belə ki, G.Forsterin
1784-cü ilə aid məlumatında qeyd edilir ki, Şirvandan
400 tona qədər ipək Həştərxana göndərilirdi.
Ədəbiyyat və çöl-etnoqrafik materialları isə
sübut edir ki, həmin ipəyin mühüm bir hissəsi
Basqalın payına düşüb və bu sırada kəlağayı
mühüm yer tutub. Həmin dövrdə Gəncə,
Şuşa, Şəki şəhərləri ilə bərabər,
Basqal Azərbaycanın ən böyük ipəkçilik mərkəzlərindən
biri olub. Əsrlər boyu bu diyarda kələğayıçılıq
sənətinin mahir biliciləri
və ustalarının əməyi sayəsində basmaqəlib
üsulu ilə al-əlvan naxışlı kəlağayının
zəngin nümunələri hazırlanıb. Onlar həmçinin
milli naxış örnəklərinin qorunub
saxlanılmasında və nəsildən-nəsilə
ötürülməsində də böyük xidmətlər
göstəriblər.
Lakin XIX
əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın
ənənəvi kəlağayıçılıq mərkəzləri
müxtəlif siyasi və sosial-iqtisadi səbəblər
üzündən, xüsusilə də Rusiyadan daxil olan ucuz
fabrik mallarının kustar karxana məhsullarını
sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və
kəlağayıçılıq tədricən yalnız
iki mərkəzdə – Basqal və Gəncədə cəmləşməyə
başlanıb. Məhz bu dövrdə Basqal kəlağayı
istehsalında nəinki Azərbaycanda, eləcə də
bütün Cənubi Qafqazda aparıcı mövqe tutub.
Statistik məlumatlara görə, Birinci dünya müharibəsi
ərəfəsində Basqalda 1500 dəzgaha malik 900 kustar
şərbafxana vardı ki, burada il ərzində 1 milyon 800
min ədəd kəlağayı istehsal olunurdu. Hətta, deyilənə
görə, bu qədər kəlağayını boyamağa
Basqal boyaqxanalarının gücü
çatmadığından, onların xeyli hissəsi
Şamaxı, Gəncə və Bakıya göndərilirdi.
Basqalda kəlağayıçılıq
əsl xalq sənəti idi. Ağsaqqalların söylədiyi
kimi, yaxın keçmişə qədər qəsəbədə
sex və ya toxucu karxanası olmayan insanlar belə evinin bir
küncündə dəzgah quraşdırıb, bu incə sənətlə
məşğul olublar. Kələğayı ustaları
axşama qədər həmin dəzgahın arxasından
durmayıblar. Tədqiqatçı Tahir Cəfərlinin də
qeyd etdiyi kimi, hər evdən dəzgahın məkisinin nəğməni
xatırladan ahəngdar səsi – “çak-çuk,
çak-çuk”u eşidilərdi. Evin övrəti,
kiçik yaşlı uşaqları dəzgahın işləməsinə
xidmət edərdilər: qadınlar dəzgahın altında
ipək sarıyar, uşaqlar cəhrəyə bənzər alətdə
lülələri ipək sapla doldurar, kişilər isə kəlağayı
toxuduqca, bütün əzalarını – əllərini,
ayaqlarını, bellərini, boyunlarını, hətta fikirlərini
də işlədərdilər... Bir sözlə,
ailə özlüyündə dəzgahla birlikdə vahid və
mükəmməl bir mexanizmi xatırladırdı. Bunlardan
biri bu prosesdən qıraqda çalışardısa, iş
ahəngi pozular, məhsuldarlıq azalardı. Hamının
çörəyi, ailənin ruzisi dəzgah arxasında oturub
səhərdən axşama qədər işləyən ailə
başçısından, yaxud onu əvəz edə bilən
oğullarından asılı idi. Basqalda əsrlər boyu vərdiş
halına keçmiş bu həyat tərzini heç nə və
heç kim poza bilməyib.
Basqalda bir çox nəsillər
əsrlər boyu bu sənəti davam etdirib və zaman
keçdikcə bir-birinə ötürüblər. Nadir
hallarda həmin nəsillərin nümayəndələri dədə-babadan
qalma sənətlə deyil, başqa işlə məşğul
olublar. Həmin nəsillərin nümayəndələrindən
indi də Basqalda yaşayanları var. Onlardan biri də usta
Abbasəli Talıbovdur. Usta Abbasəli deyir: “...Bu sənət
bizdə nəsillikcədir. Mən atam Əlişahdan, o,
öz atası Talıbdan, Talıb da ulu babam Nağıdan
öyrənib”.
Əlli
üç yaşlı Abbasəli irsən gələn bu sənətin
incəliklərindən həvəslə söhbət
açmaqla bərabər, hazırladığı kəlağayı
nümunələrinin naxışlarını da az qala həzin
bir bayatı kimi zümzümə edirdi: “...Bu da səkkiz qanadlı ulduz -
qızıl gül-çiçək, onların arasında -
tən ortada xonçadır, gəlin köçən
qızlara şirni aparılan xonça...”.
Basqal
ustalarının bədii təfəkkür məhsulu olan kələğayıların
özünəməxsus və orijinal kompozisiyası, yüksək
keyfiyyəti, bəzək elementləri, harmoniyası ona
başqa ölkələrdə də böyük maraq
oyadıb. Təsadüfi deyil ki, Basqal
ustaları XIX yüzilliyin ortalarından başlayaraq, Rusiya və
Qərbi Avropa ölkələrində keçirilən
müxtəlif beynəlxalq sərgilərdə özlərinin
çoxçeşidli sənətkarlıq məmulatı ilə
çıxış etməyə başlayıblar. Bu sərgilərdə Əliabbas Cəbrayıl
oğlu, Məşədi Həbibulla Hacı Abbas oğlu,
Hacıbağır Mirzə oğlu, Hacı Ələkbər
Hacı Seyid oğlu və başqaları təqdim etdikləri
məhsullara görə yüksək mükafatlara layiq
görülüblər. Məsələn, 1862-cı ildə
Londonda keçirilən ümumdünya sərgisində
basqallı toxucu Nəsir Əbdüləziz oğlu kəlağayı
və qanovuz parçaya görə sərginin medalı və
xüsusi diplomu ilə təltif olunub. Basqalda
yaşlı nəslin nümayəndələri söyləyirlər
ki, kəlağayı ustası Londondan qayıdarkən sərgi
ilə bağlı təəssüratlarını belə
ifadə etmişdi: “...İngilis xanımları macal vermədilər
ki, camaat bir kəlağayıya tamaşa etsin. Bir
anın içində yarmarkada keçirilən satış sərgisində
hamısını aldılar. Qaldım mat-məəttəl. Gərək
çox aparaydım. Allah qoysa, bu səfər çox
apararam”.
1902-ci ildə Tiflisdə
çağırılmış Qafqaz kustar sənayesi
işçilərinin 1-ci qurultayına aid bir sənəddə
isə aşağıdakı maraqlı fikirlər əksini
tapıb: “...Ustaların hamısı (kəlağayı
ustaları nəzərdə tutulur – red.) savadsız olsalar belə,
sənətkarlıqda öz avropalı həmkarlarını
arxada qoyurlar. Onların hazırladıqları məmulat
öz bədiiliyi və yaraşığı ilə adamı
heyran edir. Avropada işlədilən maşınlar və
başqa dəzgahlar burada yoxdur. Onların
hazırladıqları məhsul gərgin işin və
bacarıqlı əllərin bəhrəsidir”.
Basqallılar əsrlər
boyu Avropanın və Şərqin bir sıra ölkələri
ilə sıx ticarət əlaqələri saxlayıblar.
Onların səsi-sorağı Rusiyadan, Orta Asiyadan və hətta,
uzaq Hindistandan gəlib. Kəlağayıya
başqa yerlərdə böyük tələbat olduğundan
basqallı sənətkarlar bütün ili işləyib
hazırladıqları kəlağayıları Aşqabada,
Daşkəndə, Buxaraya, İran və başqa ölkələrin
bazarlarına çıxarıblar. Hətta, bəzi
ölkələrdə və şəhərlərdə
basqallılara məxsus kəlağayı sexləri də fəaliyyət
göstərib. Məsələn, tədqiqatçıların
söylədiklərinə görə, ötən əsrin
30-cu illərində Özbəkistanın Səmərqənd
şəhərində basqallıların sexi olub və orada
çox nəfis kəlağayılar istehsal edilib.
Basqal kəlağayılarının
özünəməxsus kompozisiyası, rəmzi mənası,
bəzək elementləri, eyni zamanda, rəng koloriti olub. Bu kəlağayılarda yurdumuzun təbii gözəllikləri
ilə bərabər, xalq məişətinin bir çox
xüsusiyyətləri, milli-mənəvi dünyamızla
bağlı mərasim və hadisələri, xalq sənətinin
müxtəlif sahələrini təcəssüm etdirən
naxış və ornamentlər də öz əksini
tapıb: “Yeddi rəng” (ispirəy), “Heyratı”,
“Bəstə-nigar”, “Gəlinlik” (qıraqları yaşıl,
ortası qırmızı), “Noxudu”, “Mixəyi”,
“Yaşıl-qara”, “Yemişani”, “Zeytuni”, “Ağzəmin-zanbağı”,
“Ağzəmin-qızılı”, “Qızılı” və s.
adda kəlağayıların hər biri əslində bir
dastan, bir nağıl, bir nəğmədir. Müxtəlif
zoomorf, həndəsi və nəbati naxışlarla zəngin
olan bu kəlağayıların hər birinin adının və
naxışlarının fəlsəfəsi, təyinatı,
xalq məişətində özünəməxsus yeri var. Yeri gəlmişkən onu da qeyd edək ki, XIX əsrdə
və XX əsrin əvvəllərində Basqalda Usta Hacı
Həmid Talıb oğlu, Kərbəlayi Abdulxaliq Əşrəf
oğlu, toxucu Əliabbas Cəbrayıl kimi çox məşhur
basmanaxış ustaları fəaliyyət göstərmişlər.
Kəlağayının
istehsalının texnoloji xüsusiyyətlərindən
danışan Basqaldan olan mütəxəssisin sözlərinə
görə, gündə 25-30 kəlağayı istehsal etmək
mümkündür. İstehsal prosesi bir-birini ardıcıl
izləyən bir çox sənət və peşələrin
sintezindən ibarətdir.
Buraya əyirici, toxuyucu, boyaqçı və naxışbasma
iş sahələri aiddir. Bunlar bir müəssisədə
ayrı-ayrı peşəkar ustalar və ya bir peşəkar
usta tərəfindən icra olunub ki, onlar da xalq arasında
“ustakar” adlanıb.
Kəlağayını
zinətləndirən, şöhrətləndirən, ilk
növbədə, onun rəng simvolikası idi ki, bu da boyaq
maddəsinin keyfiyyəti ilə bərabər,
boyaqçının özünün yaradıcılıq
fantaziyasından, rəngin koloritindən, rəngləri
seçmək və bir-biri ilə uzlaşdıra bilmək bacarığından
asılı idi. Bu mənada kəlağayı
boyaqçılığı ənənəvi
boyaqçılığın digər sahələrindən,
o cümlədən ipək boyaqçılığından
xeyli fərqlənir. Bu barədə də bizə Abbasəli
usta məlumat verir. Tələsmədən kağız üzərində
müxtəlif cizgilər cızan usta qeyd edir ki, bu
naxışların neçə-neçə yüzillik
tarixi var və nəsildən-nəsilə keçərək
günümüzə gəlib çatıb. Lakin çox
hallarda onlar olduğu kimi köçürülmür,
hansısa rəng yenilənir, əlavə bəzəklər
edilir və beləliklə, yeni kəlağayı öz görkəmini
az da olsa dəyişir. Abbasəli usta deyir ki, “çox yerə
gedib bu kəlağayılar. Kim bilir, bəlkə də ən
məşhur muzeylərə gedib çatıb, sərgiləri
bəzəyib...”.
Abbasəli ustanın
sözlərinə görə, əksər hallarda
naxışları ustalar özləri fikirləşir və
çox vaxt bunu sirr olaraq saxlayırdılar. Bu da Azərbaycan
sənətkarlığının əsas xüsusiyyətlərindən
biri idi.
Kəlağayının
naxışlanması prosesi bir neçə mərhələdən
keçirdi. Əvvəlcə kəlağayının
boyanı yaxşı götürməsini təmin etmək məqsədilə
onu qəlyadaşından hazırlanmış “sirab” adlanan məhlulda
bişirirdilər. Çünki kəlağayı boyaqxanaya
daxil olana qədər uzun
istehsal prosesindən keçsə də, onun üzərində
selikli yapışqan təbəqəsi hələ də
qalırdı və bu da boyama prosesində məmulatın rəngi
tam götürməsinə mane olurdu. Buna görə də məmulat
tiyanda hazırlanmış məhlulda (sirabda) bişirilib
yapışqan təbəqəsindən azad olduqdan sonra sərilib
qurudulur, bundan sonra boyama prosesi üçün hazır hesab
olunurdu.
Kəlağayı
üzərindəki naxışlar aşağıdakı əsas
qruplara ayrılırdı: kəlağayının
qıraqları boyunca vurulan və haşiyə əmələ
gətirən şəkillər; künclərə və
ortaya vurulan təsvirlər. Bu təsvirlər və ya
naxışlar arasında “buta”nın həmişə
özünəməxsus yeri olub.
Azərbaycan
dekorativ tətbiqi incəsənətində, o cümlədən
kəlağayıçılıqda geniş tətbiq olunan
bu ornamentin forma və quruluşuna görə, “saya buta”, “əyri
buta”, “dilikli (və ya dişli) buta”, “qıvrım buta”,
“qarmaqlı buta”, “şabalıd buta”, “badamı buta”, “dik (və
ya iti uclu) buta”, “qoşa
buta”, “qotazlı buta” və s. kimi növləri məlumdur. Azərbaycanın
ayrı-ayrı regionlarında hazırlanan butalar bir çox
hallarda elə həmin regionların adları ilə də
adlandırılır: “Muğan-buta”, “Bakı-buta”, “Xilə-buta”,
“Şirvan-buta” və s. Qəliblər, adətən, meşə
armudunun oduncağından hazırlanırdı ki, bu da keyfiyyətinə
və möhkəmliyinə görə digər ağac
materiallarından üstün idi.
Lakin kəlağayını,
eyni zamanda, rəngləmək texniki baxımdan mümkün
deyildi. Naxışlanma, bir qayda olaraq, kəlağayının
yelən hissəsindən başlanırdı. Əsas
naxışlar da elə yelənə salınır və orta
hissə, adətən, saya saxlanırdı. Basmaqəlib
ustaları hər vəchlə materiala qənaət etməyə
çalışırdılar. Bunun üçün ilk
“qondarma” kəlağayının öz təbii rəngindən
götürülürdü. Usta əməliyyatı qəlibi
yağa batıraraq kəlağayının kənarı
boyunca ardıcıl, simmetriyanı pozmadan, diqqətlə
basaraq yerinə yetirirdi. Bunun üçün ustadan
alıcı göz, yüksək səriştə, əldən
itilik tələb olunurdu. Birinci qondarmanı
yerinə yetirdikdən sonra kəlağayının həmin
hissəsi əllə dəstələnib
yığılır, qalan hissə, yəni yağ
örtüyü çəkilməmiş hissə
qarğıya sarınırdı. Növbəti əməliyyatla
kəlağayının yeləni nəzərdə
tutulmuş rəngaba salınıb boyanırdı. Rəng tutduqdan sonra məmulatı sıxaraq
asıb qurudur, yenidən boyaq masasının üzərinə
sərərək rəngdən gül
götürülürdü. Basma əməliyyatı başa
çatdıqdan sonra kəlağayıları sabun
qatışıqlı qaynadılmış su ilə dolu
qazanlara dolduraraq piy-rəng kütləsi təmizlənənə
qədər yuyur və iplərdən asaraq qurudurdular.
Qurudulmuş yaylıqları dörd-dörd dəstəçin
edib hamarladıqdan (ütülədikdən) sonra “məngənə”
adlanan dəzgahda iki taxta arasında yerləşdirir və
taxtaları yanlardan vintlərlə bərkidirdilər.
Kəlağayılar
taxta məngənə arasında 2-3 saat ərzində
sıxılmış vəziyyətdə saxlandıqdan sonra
onların bir üzünü açıb ipə
asırdılar. Nəmliyi bir qədər çəkildikdən
sonra onları sərgidən yığıb qatlayır və
yenə də dəstə halında üst-üstə
yığaraq ikinci dəfə məngənəyə verirdilər.
Dəstəçin edilmiş kəlağayı bu vəziyyətdə
bir gün ərzində qalıb “qatını götürürdü”.
Onu da
xatırladaq ki, sənətkarlarımızın sarı,
qırmızı, yaşıl parçalardan
hazırladıqları güllü-butalı kəlağayılar
baş geyim növü kimi orta əsrlərdən bəri
milli qadın geyim dəstini tamamlayıb və qız-gəlinlərimizin,
nənələrimizin nurlu simalarını daha da yaraşığa gətirib.
Təsadüfi deyil ki, XVI-XIX əsrlərin şifahi xalq ədəbiyyatı
nümunələrində – dastan, qoşma, gəraylı və
bayatılarımızda, xüsusilə də aşıq
poeziyasında kəlağayı, çalma və çarqat
haqqında çox maraqlı poetik fikirlər əksini
tapıb. Onların bəzilərini təqdim edirik:
Vəsməni çəkibdi qələm qaşına,
Ağ ipək çalmanı salıb başına...
(Əsli və Kərəm)
* * *
Kəlağayın ucu sarı,
Açılır könlüm qubarı,
Söylə görüm kimin yarı,
Yaxan düymələ, düymələ!
(Əsli və Kərəm)
Bir
sıra aşıq qoşmalarında telləri qızıl
düymələrlə, sinələri əlvan muncuqlarla,
qulaqları aypara, minarə sırğalar, belləri zərbaf
kəmərlə, bədənləri çəpkənli, əlvan
naxışlı köynəklə, güllü-butalı kəlağayılarla
(çarqatla) bəzənmiş, sürməli qaş-gözlü el
qızları, el gəlinləri tərənnüm
olunmuşdur:
Başına örtübdür kəlağayı gəzər,
Əyri tel üstündən qızıl düymələr.
Belinə yaraşıb zərbafdan kəmər,
Çəpkənli, çarqatlı ağ bədən gəzər.
(Aşıq Abbas Tufarqanlı)
* * *
Gah zaman başına tirməşal bağlar,
Gah olur
ki, zülf gizləyib, xal bağlar.
Kəlağayı
qabağına al bağlar,
Yaşılın
altından, ağın üstündən.
(Molla Pənah
Vaqif)
* * *
Kəlağayı əlvan, qəsəbə
qıyqac,
Altından
cunası, hayıf ki, yoxdur.
(Molla Pənah
Vaqif)
* * *
Kəlağayı
altında olmayıb cuna,
Üzməyib
göllərdə yaşılbaş sona,
Bax, nələr
yaranıb, Milə-Muğana,
Vaqif elə
görüb, mən belə gördüm.
(Aşıq
Şəmşir)
Xalq şairi Səməd Vurğun da öz əsərlərində
al qumaş, atlas, al şal, tirmə şal, xara və s. kimi ipək
parçaların adlarını çəkmiş, qız-gəlinlərimizin
öz geyim dəstində ipək parçalara daha çox
üstünlük verdiklərini xüsusi
vurğulamışdır. Şairin yaşadığı
dövrdə də kəlağayının Azərbaycan
qadınının əsas baş geyim növü olması
faktını onun dillər əzbəri olan
aşağıdakı misraları da təsdiq edir:
...Gecənin
sarvanı o ulduz, o ay,
Anamın örtdüyü sarı kəlağay.
Sözümdə
qalmışdır ömrüm uzunu,
Bəlkə
də şairin taleyidir bu...
...Basqalda dünyada yeganə olan bir muzey də fəaliyyət
göstərir: çoxəsrlik Basqal sənətkarlığının
incilərindən olan kəlağayıçılığın
tarixini səhifə-səhifə göz önündə
canlandıran, köçüb getmiş nəsillərin
yadigarı, uzaq illərin-əsrlərin şahidi olan Kəlağayı
Muzeyi! Basqal ipəkçilik müəssisəsinin nəzdində
yaradılan və fəaliyyət göstərən muzeyin
şərəf lövhəsini zaman-zaman bu incə sənətin
şöhrətini bütün dünyaya yayan, bununla da Azərbaycana
şərəf və başucalığı gətirən
insanların şəkilləri bəzəyir: Əliabbas Cəbrayıl
oğlu, Kərbəlayi Nəsir
Əbdül Əziz oğlu, Məşədi Həbibulla
Hacı Abbas oğlu, Hacıbağır Mirzə oğlu, Hacı
Ələkbər, Hacı Seyid Məhəmməd oğlu və
başqaları.
Basqala təşrif buyuran turistlər və
xarici qonaqlar muzeyə böyük maraq göstərirlər. Burada
nümayiş olunan eksponatlar içərisində neçə-neçə
incə kəlağayı naxışlarından xəbər
verən qəlib nümunələri, boyaqxana ləvazimatları,
zərif saplar, müxtəlif bitkilərdən
alınmış rəng nümunələri, zövqlə
işlənmiş bədii tikmələr, bəzək
nümunələri, bərli-bəzəkli yorğan üzləri
qədim dəzgahların hissələri, bolluq və cəsarət
rəmzi sayılan qoç buynuzlu, “S”-vari bəzəklər,
butalar, sünbül, gül yarpaq şəkilləri, həndəsi
ornamentlər və nəhayət, bərli-bəzəkli kəlağayı
nümunələri nümayiş olunur. “Heyratı” (və ya Heratı), “Bəstə-nigar”,
“Gəlinlik”, “Qızılı”, “Mixəyi”, “Noxudu”, “Ağzəmin
zanbağı”, “Ağzəmin-qızılı”, “Bənövşəyi,
“Yaşıl-qara” və s. kəlağayılar
isə bu muzeyin ən qiymətli eksponatlarıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycana – qədim
Şirvan torpağına təşrif buyuran və Basqal kəlağayı
ustalarının sorağını eşidən hər kəs
muzeyə gəlir və bu sirli-sehrli dünyanın
möcüzələrini gözləri ilə görür.
Həmin möcüzələr isə bu
günün insanlarına, xüsusilə də gənclərdə
bu sənətə həvəs yaratmaqla bərabər, onlarda
ulu tariximizə, keçmişimizə və
soykökümüzə məhəbbət hissləri
aşılayır.
Beləliklə,
səsi-sorağı əsrlərin dərinliklərindən gələn
ulu kəlağayıçılıq sənətini
yaşatmaq, inkişaf etdirmək, Azərbaycan kəlağayısının
keçmiş şöhrətini qaytarmaq hər birimizin
qarşısında müqəddəs borc kimi ortaya
çıxır. Bu gün Basqalda xalqımızın dəyərli
ziyalıları – Rəna xanım İbrahimbəyova və Cəlil
İbrahimbəyovun təsisçiliyi ilə fəaliyyət
göstərən Basqal İpəkçilik Mərkəzi də
bu ulu sənətin yaşadılması və dirçəldilməsi
yolunda mühüm addımlardan biri kimi
sayıla bilər. Çünki mərkəzdə təkcə
kəlağayı istehsalı ilə məşğul olunmur,
eyni zamanda, təcrübəli ustaların rəhbərliyi
altında gənc və yeniyetmə basqallılara sənətin
sirləri öyrədilir ki, bu da gələcəyə
ümidlə baxmağa imkan verir. Rəna xanımın
da qeyd etdiyi kimi, biz kəlağayılarımızın səsini-sorağını
yalnız keçmişdən almamalı, onun haqqında
keçmiş zamanda danışmamalı və onları
yalnız muzey eksponatı statusunda görməməliyik! Azərbaycan
kəlağıyısı öz keçmiş şöhrətini
qaytarmalı və onun milli-mənəvi dəyər kimi təbliği
və tətbiqi təmin edilməlidir. Bu mənada
inanmaq istərdik ki, ən yaxın zamanlarda təkcə
Basqalda deyil, ənənəvi kəlağayıçılıq
mərkəzlərinin hər birində ulu
babalarımızın müqəddəs irsi olan kəlağayıçılıq
sənətinin inkişafı üçün lazım olan hər
bir şərait yaradılacaqdır. Elə müstəqil
Azərbaycan dövlətinin və onun rəhbərliyinin
gördüyü böyük işlər də buna stimul
verir. Belə ki, bu yaxınlarda KİV səhifələrində
yayılan xoş xəbər hər kəsi sevindirdi: UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə
Hökumətlərarası Komitəsinin 2014-cü il
noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı
sənəti “Kəlağayı simvolizmi və ənənəvi
sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil edilib!
Bununla da Heydər Əliyev Fondu, Mədəniyyət
və Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında daimi
nümayəndəliyi, UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının birgə həyata
keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində
komitə kəlağayı sənətinin Azərbaycan
xalqının milli-mənəvi dəyərlər
sistemində və adət-ənənələrimizdə ən
mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq
səviyyədə təsdiq etmiş oldu. Azərbaycanın
mədəni həyatında baş verən bu tarixi hadisə
həm də Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin
qorunmasına, təbliğinə və inkişafına
göstərdiyi yüksək diqqət və
qayğının nəticəsidir. Sonda onu da vurğulayaq ki, “Kəlağayı”
faylı Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən hazırlanıb.
Tofiq BABAYEV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru,
Tahir ŞAHBAZOV,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2015.- 11 yanvar.- S.7.