Ağdam: illər ayrıcında düşüncələr

 

Ağdamın işğalından sonra rayonun əsas girişinə çevrilmiş Soltanbud təpəsi və onun ətrafında yaradılmış yeni memarlıq kompleksində, geniş yaşıllıqda ayaq saxlamamaq mümkün deyil. Hündür təpənin başında ucalan dövlət bayrağımız hər tərəfdən aydın görünür, insanda qürur hissi doğurur, vətəndaşlıq duyğularını yüksəldir.

 

Son yarım ildə rayon mərkəzi Quzanlı qəsəbəsi hüdudlarını sürətlə genişləndirərək bura qədər uzanmışdır. Geniş prospektona bitişik uzun xiyabanla irəliləyəndə o başda yeni hündür tikili, təbii olaraq, diqqətimizə hakim kəsildi. Yaxınlaşıb tanış gələn mənzərəyə bir az da zəndlə baxanda onun vaxtilə Ağdam şəhərində ucaldılmış və ölkədə maraqla qarşılanmış orijinal görkəmli, hind-çin üslublu Çay evinin eyni olduğundan təsirlənməyə bilmirsən...

O illərdə Ağdamın iki ən hündür tikilisi — qoşaminarəli Məscid və Çay evi üzbəüz idi. Biri şəhərin dünəninin, o biri isə çağdaş yüksəlişinin timsalı kimi tanınırdı. Qəddar düşmən həmişə onların bəd niyyətlərinin qarşısına sədd çəkmiş Ağdamdan hayıfını almaq üçün ilk növbədə bu iki abidəyə əl qaldırmış, məscidin minarəsini dağıtmış, çay evini isə odlayıb külə döndərmişdir..

Rayonun yeni rəhbəri Raqub Məmmədov fəaliyyətinin ilk günlərində vaxtilə Ağdamın yüksəlişinin nişanəsi, xoş günlərinin rəmzi olmuş Çay evini Quzanlı qəsəbəsində salınan yeni xiyabanda  eyni ilə bərpa etmək təklifini irəli sürəndə ağdamlılar bu işi doğma yerlərə qayıdışın timsalı olaraq qarşıladılar. Cəmi bir neçə aya hər bir ağdamlıya Ağdamlı günlərin bəxtəvərliyini yenidən yaşadan, ulu torpağa qayıdışa səsləyən, bu müqədəs missiyaya məşəl kimi işıq salan yeni Çay evi tikilib hazır oldu. İllərin ayrıc məqamında, yeni ilin ilk günlərində bu xoş mənzərədən doğan yüksək duyğularla rayonda olduq, son aylarda sürətlə hasilə gətirilmiş işlərlə tanış olduq.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov budəfəki görüşümüzdə ötən il rayon üçün əlamətdar və yaddaqalan hadisə və faktlardan söhbət açdı, yeni ildə qarşıda duran, həllini gözləyən məsələləri açıqladı:

— 2014-cü ildə rayonumuz üçün ən mühümyaddaqalan hadisə  avqust ayının 6-da Prezident İlham Əliyevin Ağdama səfəri olmuşdur. Dövlət başçısı həmin gün, ilk növbədə, cəbhə xəttində yerləşən Qaradağlı kəndinə gəlib düşmən qarşısında canlı sipər yaradan, səngərlərdə Vətənin ayıq- sayıq keşiyini çəkən hərbçilərlə görüşdü, müdafiə və hərbi hazırlıq işlərinin vəziyyəti ilə yerindəcə tanış oldu, tapşırıqlarını verdi.  Sonra cənab PrezidentDördyoladlanan ərazidə illərdən bəri yeraltı qazmalarda, qamış və çiy kərpicdən tikilmiş daxmalarda agır şəraitdə yaşamış 632 ailə üçün İmamqulubəyli kəndi ərazisində salınmış qəsəbənin açılışında iştirak etdi. Həmin gün ölkə rəhbəri 50 yerlik uşaq bağçasında, 440 şagird yerlik orta məktəb binasında yaradılmış şəraitlə tanış olandan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayonda son zamanlar görülən işlərə yüksək qiymət verən möhtərəm İlham Əliyev bölgələrə səfər ənənəsinə uyğun olaraq, Ağdamdan qayıdan kimi rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün iki sərəncam imzaladı. Dövlət başçısı Ağdam Rayon İcra Hakimiyyətinə sosial-iqtisadi inkişaf tədbirlərini davam etdirmək üçün 2  milyon manat, 21 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini və 4 köçkün qəsəbəsini birləşdirən Quzanlı- Üçoğlan- Xındırıstan- Səfərli avtomobil yolunun tikintisi məqsədi ilə 3,2 milyon manat vəsait ayırdı.

Bu 2 sərəncam, ayrılan 5,2 milyon manat vəsait torpaqlarının üçdə ikisi, Ağdam kimi abad, müasir şəhəri  işğal altında olan, zəruri kommunikasiyalarının bir çoxu dağıdılmış, sosial problemlər məngənəsinə düşmüş rayonumuzun dirçəlisi və inkişafı üçün ümummilli lider Heydər Əliyevin vaxtında həyata keçirdiyi tarixi tədbirlərin davamı olub, başladığımız yeni işləri sürətləndirməkdə dövlət başçısının bizə növbəti samballı köməyidir. Bu vəsait işlərimizə maddi dəstək olduğu kimi, Prezident İlham Əliyevin rayonda olarkən nail olduğumuz yeniliklərə yüksək qiymət verməsi, Füzuli rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı məxsüsi olaraqFüzuliAğdam rayonlarında sürətlə aparılan sosial iqtisadi inkişaf məni daha çox sevindirir,” deməsi də cəbhə bölgəsinin əhalisinə böyük ruh yüksəkliyi, qurub-yaratmaq əzmi gətirir. Ağdam rayonunda sosial-iqtisadi inkişaf sahəsində aparılan işlərə yüksək qiymət verdiyinə, ağdamlılara göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.

Başçı illər ayrıcında, ilk növbədə, ötən illərin uğurlu nəticələrinə nəzər salaraq bildirdi ki, rayonda aparılan tikinti, abadlıq, quruculuq işləri ilin ikinci yarısında miqyasını daha da genişləndirmiş, bir az da sürətlənmişdir. İşğal dövründə Ağdamın yerdə qalan ərazisində rayon mərkəzi kimi formalaşmış Quzanlı kəndi sürətlə tikilib- qurularaq abad qəsəbəyə çevrilmişdir. Ötən ildən Quzanlının hüdudlarını gnişləndirmək üçün irimiqyaslı quruculuq işlərinə başlamışıq.

Qəsəbənin mərkəzindən keçən Heydər Əliyev prospekti ötən il tamamilə yenidən qurulmuş, hər iki istiqamətdə genişlənmişdir. İmamqulubəyli kəndi ilə Təhsil Şöbəsini birləşdirən hissədə əsaslı abadlıq işləri aparılmışdır. 1200 metr uzunluğunda yolun hər iki tərəfinə hasar çəkilmiş, divarlar üzlük daşları və mərmərlə üzlənilmişdir. Prospekt boyunca piyadaların gedişi üçün ikitərəfli səki salınmışdır. Bu ərazidəki yeni, uzunenli xiyabana plitələr döşənmiş, yaşıllıqlar salınmış, suvarma sistemi quraşdırılmışdır. Prospektxiyaban müasir tipli işıqlandırma sistemi ilə təhciz olunmuşdur. Vaxtilə Ağdam şəhərinin rəmzinə çevrilmiş Çay evi xiyabana əzəmət gətirməklə yanaşı, həm də qısa müddətdə rayon əhalisinin mənalı istirahət mərkəzlərindən biri olmuşdur. Bura gələn hər kəs rayona qayıdışın qarşısıalınmaz bir hökm olduğunu bir daha anlayır və buna səfərbər olur.

Ölkə Prezidentinin sərəncamı ilə tikintisi nəzərdə tutulan Quzanlı – Üçoğlan – Xındırıstan – Səfərli avtomobil yolunun tikintisinə başlanılmışdır. Bu xəttin bütün hissələrində yol hər iki tərəfdən genişləndirilmiş,  kommunikasiyalar dəyişdirilmişdir. Artıq yola asfalt döşənməsinə başlanılmış və işlər sürətlə davam etdirilir.

Ötən il əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilmişdir. Aprel ayında Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış evi,  avqust ayında isə “Dördyol-Mamırlı” ərazisində ağır vəziyyətdə yaşayan 632 ailə üçün İmamqulubəyli kəndi ərazisində salınmış qəsəbə istifadəyə verilmişdir. Məktəb tikintisi  işləri də uğurla davam etdirilmişdir.  May ayında Birinci Baharlı kənd 120 şagird yerlik məktəb istifadəyə verilmişdir. 120 şagird yerlik Hacıməmədli və Həsənxanlı məktəblərinin açılışı  isə yeni dərs ilində olmuşdur. 360 şagird yerlik Əfətli kənd orta məktəbi də istifadəyə hazırdır. İl ərzində daxili imkanlar hesabına İmamqulubəyli kənd tam orta məktəbində yenidənqurma və əsaslı təmir işləri aparmışdır.

Kəndarası və qəsəbədaxili yolların təmiri üçün tədbirlər görülmüş, son üç ayda 2,5 kilometr uzunluğunda Əfətli – Küdürlü, 2 kilometr uzunluğunda Səfərli – Ballar, 8 kilometr uzunluğunda Ayaq Qərvənd – Xındırıstan yolları, Birinci Dördyol, İkinci Dördyol, Bənövşələr, Səfərli qəsəbələrində qəsəbədaxili yollar təmir olunmuşdur. Rayondaxili yolların saxlanılması və təmiri üçün 22 min kvadratmetr asfalt, 71 min kvadratmetr çınqıl işlədilmişdir.

Evoğlu kəndində 100 yerlik uşaq bağşası və Quzanlı qəsəbəsində avtovağzal binasının, Xındırıstan kənd uşaq musiqi məktəbinin, Quzanlı qəsəbəsində 360 şagird yerlik litseyin tikintisi davam etdirilir. Keçən il 150 məcburi köçkün ailəsinin evi, Əfətli kəndində 1941—1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirə kompleksi əsaslı təmir olunmuşdur. Yeni ilin ilk günlərindən rayonun hər yerində abadlıq, quruculuq və yaşıllıqlara xidmət işləri davam etdirilir.

    “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət   Proqramı”nda Ağdam rayonu üzrə 14 tədbirin icrası  nəzərdə tutulmuşdur. Ondan 11 tədbir icra olunur, 3 tədbirin icrasına hələ başlanmayıb. Dövlət Proqramının icrası olaraq rayonda 2014-cü ildə 1243 yeni yeri açılmış, ondan 793-ü daimi, 450-si mövsümüdür.

Rayon üzrə ümumi məhsul istehsalının həcmi 126 milyon manat olmuş, 2013-cü ilin müvafiq dövü ilə  müqayisədə 31 milyon 100 min manatya  32,8 faiz artmışdır. Sənaye məhsulunun ümumi həcmi 5 milyon 325 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 69 milyon 680 min manat, ticarət dövriyyəsi 7 milyon 870 min manat, informasiya və rabitə xidməti 200 min manat, nəqliyyat və anbar təsərrüfatı 680 min manat, tikinti- quraşdırma işlərinin həcmi 42 milyon 245 min manat olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə tutulmuşdur.  Ondan hal- hazıra kimi 17 tədbir icra edilmiş, 5 tədbir icra olunur, 1 tədbirin icrasına başlanıb, 9 tədbir isə icrasını gözləyir.

Rayonda bütün sahələrlə yanaşı, aqrar sahənin inkişafı da xüsusilə diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə öz pay torpaqlarından səmərəli istifadə etmələri üçün daxili imkanlar hesabına köməklik olunmuşdur. “Aqroservis” müəssəsinin vasitəsilə güzəşli qiymətlə gübrələrin alınıb torpaq mülkiyyətçilərinə verilməsi təmin edilmişdir. Rayonumuz inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan taxılçılığa xüsusi fikir verilir.

2014-cü ildə rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi, damazlıq işlərinin təşkili sahəsində də bir sıra işlər görülmüşdür. Ötən dövr ərzində ana malın sayı 424 baş artaraq 18047-ə, qoyunların  sayı xeyli artaraq 104362-ə çatdırılmışdır. Heyvandarlıq məhsullarının istehsalı  sahəsində artıma nail olunmuşdur. Ət istehsalı 122 ton artaraq 3021 tona, süd istehsalı 860 ton çoxalaraq 24432 tona çatdırılmışdır.  Qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində yeni formalaşmış bələdiyyə orqanlarının fəaliyyətinin gücləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür.  Üçoğlan Bələdiyyəsi torpaq vergisinin toplanması nəticəsində əldə edilmiş maliyyə vəsaitinin hesabına əhatə etdiyi kəndlərdə təmizlik işlərinin aparılması, kəndarası yolların təmir edilməsi ilə yanaşı, Ballar kəndində 3 otaqlı tibb məntəqəsinin tikintisinə başlamışdır.

Başçı sonda dedi:

Rayonun sosial-iqtisadi inkişafı sahəsində görüləsi işlərimiz, həlli vacib problemlərimiz çoxdur. Mühüm əhəmiyyətli problemlərin həlli üçün tədbirlər görməli, tikinti, quruculuq, abadlaşdırma sahəsindəki işlərimizi, əhalinin güzəranının, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirləri davam etdirməliyik. Başladığımız genişmiqyaslı işlərin həyata keçirilməsi istiqamətində səylərimizi artırmalı, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızın, eləcə də rayonumuzun sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün lazım gələn bütün tədbirləri görməliyik.

Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, zəruri tələbatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi sahəsində rayon icra hakimiyyətinin həyata keçirdiyi tədbirlərlə də maraqlandıq. Öyrəndik ki, ötən il elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün mövcud avadanlıqlar, o cümlədən yarımstansiyalarda 12 ədəd müxtəlif tipli açar, 33 ədəd güc transformatoru və yarımstansiya təmir olunmuş, 51 ədəd dayaq yenisi ilə əvəz olunmuş, 17 ədəd yeni dayaq əkilmişdir.

Rayonda təbii qazdan istifadə edən16160 fərdi evin və 48 qeyri- əhali abonentin fasiləsiz qazla təmin olunması üçün 452 min metr yeraltı, 60 min metr  yerüstü qaz kəmərlərinə baxış keçirilmişaşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır. İstismar müddəti başa çatmış 217 ədəd qaz sayğacı  yenisi ilə əvəz olunmuşdur.

Rayonda əhalinin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün Əfətli, Evoğlu, Qardağlı, Zəngişalı, Mahrızlı, Çəmənli, Sarıcalı, Təzəkənd kəndlərində və Ergi qəsəbəsində subartezian quyuları qazılıb istifadəyə verilmişdir. Mövcud subartezian quyularında 122 ədəd nasos, 16 ədəd transfarmator, 6600 metr su xətti təmir olunmuşdur. Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün tədbirlər davam etdirilir. Çəmənli, Hacıməmmədli, Əfətli, Məmmədbağırlı, Küdürlü, Evoğlu, Rzalar, Mahrızlı, Sarıcalı, Əhmədağalı, Mirəşəlli, Təzəkənd, Səfərli kəndlərinin hər birində  1 ədəd içməli su üçün  subartezian quyuları qazılır.

Əhalinin suvarma suyuna olan təlabatının ödənilməsi üçün əlavə olaraq 21 subartezian quyusu qazılıb, istifadəyə verilməsi üçün tədbirlər görülür. Mövcud subartezian quyularının işləməsini təmin etmək məqsədi ilə 56 ədəd müxtəlif markalı təzə nasos, 195 ədəd müxtəlif elektrik avadanlıqları, 4500 metr kabel, 320 metr su qaldırıcı boru alınıb istifadə olunmuşdur. 369 ədəd nosos təmir olunmuş, Quzanlı-1 və Quzanlı-2 nasos stansiyalarında əsaslı təmir işləri aparılmışdır. Görülmüş tədbirlər nəticəsində başda 148 milyon kubmetr su götürülərək ayrıcda 125 milyon kubmetr su verilmiş, rayon üzrə 31800 hektar əkin sahəsində 3 dəfədən çox  suvarma aparılması təmin olunmuşdur.

Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması üçün Birinci Baharlı qəsəbəsində və Mirəşəlli kəndində EATS üçün birləşdirici xətt FO kabeli çəkilmişdir. Mahrızlı kəndinin və Quzanlı köçkün qəsəbəsinin hər birində EATS-nın ümumi montaj tutumu 48 nömrə artırılmışdır. İnternetdən istifadəni yaxşılaşdırmaq üçün Rzalar kəndində 24 port, Quzanlı köçkün qəsəbəsində 32 port, Əfətli kəndində 24 port artırılmışdır. Hazırda rayonda 781 port yüksəksürətli internet istismardadır. Quzanlı qəsəbəsində qovşağa kabellərin çəkilməsi, Mahrızlı kəndində telefon çəkilişi, İmamqulubəyli qəsəbəsində EATS-nın qurulması üçün birləşdirici xəttin FO kabelinin çəkilişi başa çatmışdır.

2014-cü ildə əhaliyə 74 min 22 manata qarşı 88 min 225 manatlıq rabitə xidməti göstərilmiş, tapşırığa 119 faiz əməl edilmişdir. Poçt maliyyə xidmətlərinin yerinə yetirilməsi üçün mərkəzdə Quzanlı, Qaradağlı, Mahrızlı, Əfətli, Xındırıstan və Çəmənli poçt şöbələrində yeni şəbəkə qurulub istifadəyə verilmişdir.  Bütün şöbələr yeni sistemə keçirilmişdir ki, bu da ərazidə yaşayan əhaliyə yüksək keyfiyyətli xidmət göstərməyə imkan yaratmışdır. Təzəkənd qəsəbə sakinlərinin müraciəti əsasında  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni poçt binasının tikintisinə başlamışdır.

  Rayonda sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Kapitalbankın Ağdam rayon filialı tərəfindən 2014-cü ilin 9 ayı ərzində  1300 nəfərə 1 milyon 500 min manat, “Kafqaz kredit” təşkilatı tərəfindən 635 nəfərə 621,9 min manat, “Kaspian-İnvestbank olmayan kredit təşkilatı tərəfindən 353 nəfərə 425,2 min manat və “ Azərkreditbank olmayan kredit təşkilatı  2245 nəfərə 2394,2 min manat kredit verilmişdir. İqtisadiyyat və Sənaye  Nazirliyi Sahibkarlığa Kömək  Milli Fondu tərəfindən 34 layihə həyata keçirilmiş, 63 yeni yeri açılmış, 712 min manat kredit verilmişdir. Qeydiyyatda olan işsizlərin sayı əvvəlki  illə müqayisədə  1125 nəfər azalmışdır. 12 sentyabr 2014-cü il tarixdə Olimpiya İdman Kompleksində növbəti əmək yarmarkası keçirilmiş, 300 nəfərə yaxın işaxtarandan 80 nəfərinə işə düzəlmək üçün göndərişlər verilmişdir. Bu sahədə işlər davam etdirilir.

Təhsil sahəsindəki uğurların nəticəsidir ki, 560 nəfər məzundan 343 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə  qəbul  olunmuşlar. Çəmənli  kənd  tam orta məktəbinin şagirdi Məmmədzadə İlkin Rəfail oğlu  700 bal  toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. Ali məktəblərə  qəbul olan məzunlardan  12 nəfəri 600-dən, 45 nəfəri isə 500-dən  artıq  bal toplamışdır.

2014-cü ildə Mədəniyyət və Turizm Şöbəsi tabeliyində olan təşkilatların və uşaq musiqi məktəblərinin işlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini xeyli artırmışdır.

Hesabat dövründə xüsusilə son 3 ayda  rayon səhiyyəsinin işində yeniliklər və keyfiyyət dəyişiklikləri olmuşdur. Rayon Mərkəzi Xəstəxana sistemində  911 xəstə stasionar müalicədə olmuş, onlardan 486 nəfərində cərahiyyə əməliyyatı aparılmışdır. Əhalinin  səhiyyə müəssisələrinə ambulator gəlişlərində də xeyli irəliləyiş olmuşdur.

İdmançılar respublika əhəmiyyətli 14 birincilikçempionatda, 5 açıq rayon birinciliyində, 4 zona yarışlarında, 1 beynəlxalq səviyyəli turnirdə və 1 spartakiadada iştirak etmiş, ümumilikdə 3 nəfər birinci,  5 nəfər ikinci, 18 idmançı  üçüncü yeri tutmuşdur.

Rayonda hər sahədə işgüzar fəaliyyətin, yüksək quruculuq əhval- ruhiyyəsinin, problemlərin həllini sürətləndirmək əzminin şahidi olduq. İnanırıq ki, ötən il olduğu kimi, 2015-ci ildə də ağdamlılar öz ənənələrinə sadiq qalaraq uğurlarını artıracaq, güzəranlarını daha da yaxşılaşdıracaqlar. Yaradılmış möhkəm baza, qarşıya qoyulmuş vəzifələrin miqyası və ciddiliyi buna əminlik yaradır.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 13 yanvar.- S.6.