Prezident İlham ƏLİYEV: Azərbaycanın uğurlu inkişafının

başlıca səbəbi aparılan daxili və xarici siyasətin xalq tərəfindən

dəstəklənməsi, ictimai-siyasi vəziyyətin sabit olmasıdır

 

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev  giriş nitqində demişdir: “Düz bir il bundan əvvəl biz keçən ildə görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparmışdıq, qarşıya mühüm vəzifələr qoyulmuşdu və il ərzində çox gərgin iş aparılmışdır.

 

Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır.

Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək”.

Prezident İlham Əliyev hesabat dövründə  həm ümumi daxili məhsul istehsalında, həm də qeyri-neft sektorunda artım nəzərə çarpmasını diqqətə çatdırmışdır. Demişdir ki, iqtisadiyyat təxminən 3 faiz artmışdır. Bu isə dünyada çox müsbət  göstəricidir. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir.

Dövlətimizin başçısı çıxışında ötən il Azərbaycanda qeyri-neft sektorunun  7 faiz artmasını, inflyasiyanın çox aşağı səviyyədə —1,4 faiz olmasını,  əhalinin pul gəlirlərnin  isə 4,8 faizə yüksəlməsini, eyni zamanda,   bunun  inflyasiyanı 3 dəfədən çox üstələməsini diqqətə çatdırmışdır.

Ölkə Prezidenti daha sonra demişdir: “Azərbaycan iqtisadiyyatına ötən il  27 milyard dollar investisiya qoyulmuşdur. Onun  16 milyard dolları daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur.

Əlbəttə, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır. Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artmışdır, böyük həcmdə investisiya qoyulmuşdur, inflyasiya isə ən aşağı səviyyədədir...”.

Dövlətimizin başçısı çıxışında, eyni zamanda,  Azərbaycanın son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkə olduğunu, bunu mötəbər beynəlxalq iqtisadi qurumların da  qeyd etdiklərini bildirmişdir. Qeyd etmişdir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüş, ölkəmiz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasında yer tutmuşdur.

İclasda vurğulanmışdır ki, Azərbaycanın davamlı inkişafının təmin edilməsində, dünya iqtisadiyyatındakı böhranın  qarşısının alınmasında böyük uzaqgörənliklə həyata keçirilən sosial-iqtisadi siyasətin, o cümlədən iqtisadiyyatın şaxələndirilməsnin  mühüm rolu olmuşdur. Məhz bunun nəticəsidir ki, son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatmışdır.

Ötən illər ərzində müasir infrastruktur təminatının yaradılması, çoxsaylı layihələrin icrası, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və regionların inkişafı strategiyasının uğurla reallaşdırılması nəticəsində dayanıqlı iqtisadi inkişaf üçün möhkəm təməl formalaşmışdır.

Bununla yanaşı, informasiya-kommunikasiya texnologiyalarının, kənd təsərrüfatının, turizmin inkişafı ilə bağlı görülən kompleks tədbirlər  qeyri-neft sektorunun sürətli inkişafına təkan vermiş, mürəkkəb regionda yerləşən ölkəmizin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin gücləndirilməsini, əhalinin rifahının davamlı şəkildə yaxşılaşmasını təmin etmişdir.

İclasda xatırladılmışdır ki, ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil etmişdir ki, bu da yuxarıda qeyd olunduğu kimi, qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunmuşdur. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz həddinə  çatmış, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə yüksəlmişdir.

Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmiş, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz çoxalmışdır. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artmışdır.

Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,2 faiz artmışdır.

Ötən il dövlət investisiyaları hesabına Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və digər obyektlər istifadəyə verilmiş, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilmişdir.

Hazırda təhsil və səhiyyə müəssisələrinin, birinci Avropa Oyunları üçün idman obyektlərinin tikintisi, 43 şəhər və rayon mərkəzində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri uğurla davam etdirilir.

Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsinin  qeyri-neft sənayesinin inkişafına yeni impuls verdiyi vurğulanmışdır. Bildirilmişdir ki, ötən il 230-dan çox sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. “Azərbaycan Polad İstehsalı Kompleksi” Səhmdar Cəmiyyəti formalaşdırılmış, “Daşkəsənfilizsaflaşdırma” müəssisəsinin fasiləsiz fəaliyyəti təmin edilmişdir.

Hazırda Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri uğurla davam etdirilir, hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalının təşkili işləri aparılır. Balaxanı Sənaye Parkında isə xarici infrastrukturun yaradılması, eləcə də tullantıları emal edəcək üç müəssisənin fəaliyyətinin təşkili istiqamətində tədbirlər həyata keçirilir.

İclasda xatırladılmışdır ki, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq sənaye məhəllələrinin təşkili üçün bir sıra ölkələrin təcrübəsi öyrənilmiş, qanunvericilik bazası formalaşdırılmışdır. Hazırda Dövlət İnvestisiya Şirkəti tərəfindən işlərə başlanılması məqsədilə Azərbaycanın  müxtəlif bölgələrində sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

Bütün qeyd edilənlərlə yanaşı, Azərbaycanın ilk telekommunikasiya peykinin xidmətlərinin genişləndirilməsi, aşağı orbitli müşahidə peykinin orbitə çıxarılması, elektron xidmətlərin və internet trafikinin genişləndirilməsi, yüksək texnologiyalar parkının fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görülməsi bu sahədə yeni imkanlar yaratmışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də regionlara mütəmadi səfərləri, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələri regionların, eləcə də Bakı qəsəbələrinin inkişafına əhəmiyyətli töhfəsini vermiş, regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 530-dan artıq müəssisənin tikintisi isə davam etdirilir. Sosial sahələrin inkişafı da diqqət mərkəzində saxlanılmış, il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Ötən il kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, aqrar sektorda dövlət dəstəyi tədbirləri davam etdirilmiş, istehsalçılara əlavə güzəştlər verilmişdir. Hazırda kənd təsərrüfatına yararlı torpaqlardan və su resurslarından səmərəli istifadə olunması məqsədilə dövlətin dəstəyi ilə 12 rayonda 30 min hektardan artıq sahədə 19 iri fermer təsərrüfatının yaradılması işləri aparılır.

Həyata keçirilən  tədbirlər nəticəsində bu gün ölkəmiz bir sıra əsas ərzaq məhsulları ilə özünü təmin edir. Şəmkirçay dəryaçasının istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasına geniş imkanlar yaradır. Hazırda Şəmkir rayonunda təməli qoyulan özəl pilot aqroparkında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, logistik xidmətlərin göstərilməsi və hazır malların satış üçün ölkə bazarlarına çıxarılması və ixrac edilməsi zəncirinin təşkili nəzərdə tutulur. Samur-Abşeron suvarma sistemi hesabına isə Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan hazırlanır.

İclasda qeyd edilmişdir ki, 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 295 milyon manat güzəştli kredit verilmişdir. Bu vəsait hesabına  39 iri istehsal, emal və infrastruktur müəssisəsi qurulmuşdur. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Kiçik sahibkarlıqla məşğul olan vətəndaşların uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə bank olmayan kredit təşkilatları ilə yaradılan əməkdaşlıq onlara kredit almaq imkanını artırmış,  fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmişdir. 

Hesabat ilində əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi önəm verilmişdir. Bunun nəticəsində ötən il də əhalinin rifahı yüksəlməkdə davam etmiş, inflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əmək haqqı 4,2 faiz artaraq 443 manata çatmışdır. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilmişdir. Məşğulluq səviyyəsi artmış, 123 mindən çox yeni iş yeri yaradılmış, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enmişdir.

Nazirlər Kabinetinin iclasında  öz yurdlarından zorla qovulmuş soydaşlarımızın sosial problemlərinin həlli və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı danışılmışdır. Bildirilmişdir ki,  bu sahə ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının  icrası hesabat dövründə uğurla davam etdirilmişdir. Bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1170 manat təşkil etmişdir. Ağdam rayonunda 632, Beyləqan rayonunda 320, Hacıqabul rayonunda 101, Gəncə şəhərində 600, Saatlı rayonunda 230, Mingəçevir şəhərində 594, Balakən rayonunda 45, Qaradağ rayonunda 240 və Abşeron rayonunda 160 ailə bütün sosial texniki infrastruktura malik yeni salınmış qəsəbə, yaşayış kompleksi və ya fərdi evlərə köçürülmüşdür.

Prezident İlham Əliyev yekun nitqində demişdir:“2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək. Əminəm ki, belə olacaq. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. 2014-cü ilin sonlarında müşahidə olunan proseslər təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır.

Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır”.

Göründüyü kimi, ötən il də son 11 ildə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşdırılması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkəboyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən çoxsaylı konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları da hazırda icra edilməkdədir. Görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 13 yanvar.- S.2.