Vətən sevgisi
üzərində
ucalan müasir
Naxçıvan
Beş minillik şəhər mədəniyyəti olan ulu Naxçıvan Azərbaycanın, bütövlükdə, Qafqazın və dünyanın sivilizasiya marafonuna bu bölgədə başqa heç bir şəhərə qismət olmayan zəngin töhfələr verib. Tarixi boyu Naxçıvan bir neçə dəfə inkişafın ən yüksək zirvəsinə çatıb.“Əcaib əd-dünya” əsəri soraq verir ki, XII əsrdə - Eldənizlərin hakimiyyəti dövründə Naxçıvan yüksək tərəqqiyə nail olub. Bu qədim əsərdən sonra müasir mənbədən - “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2005-ci il 6 dekabr tarixli sərəncamında oxuyuruq: “XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvan əzəmətli bir şəhər, ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və sənətkarlıq mərkəzlərindən idi”.
Naxçıvan Azərbaycan
Atabəylər dövlətinin paytaxtı olarkən tarixinin
qızıl dövrünü yaşayıb. Ulu
Naxçıvan diyarı öz tarixinin ikinci qızıl
dövrünə ötən əsrin 70-80-ci illərində
qovuşub. Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə
ölkəmizə rəhbər seçilməsindən sonra
Azərbaycan, eləcə də Naxçıvan yeni inkişaf
mərhələsinə qədəm qoyub. Ötən əsrin
70-ci illərində bütöv inkişaf yoluna
çıxan, 1990-cı ilin 22 iyulunda ulu öndər Heydər
Əliyevin doğma yurduna qayıdışı ilə
işğaldan xilas olunan, 1990-1993-cü illərdə Azərbaycanın
dövlətçilik laboratoriyası funksiyasını yerinə
yetirən, müstəqil dövlət quruculuğunun ilk
addımları atılan, 1995-ci ildən sonra böyük tərəqqi,
tikinti-quruculuq meydanına çevrilən Naxçıvan son
20 ildə tarixdə analoqu olmayan misilsiz uğurlar qazanıb.
Bu illər Naxçıvanın tarixinin
üçüncü qızıl dövrüdür.
Ümummilli liderimiz
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər,
inkişaf və tərəqqi proqramı uğurla həyata
keçirilib, muxtar respublika ulu öndərimizin
arzuladığı, görmək istədiyi kimi qurulub. Azərbaycan
Prezidenti İlham Əliyevin ardıcıl diqqət və
qayğısı ilə muxtar respublika yeni hədəflərə
doğru irəliləməkdə, Naxçıvanın daha
parlaq gələcəyi üçün mühüm layihələr
həyata keçirilməkdədir.
Hələ 1995-ci ildə
qarşıya qoyulmuş məqsəd, müəyyənləşdirilmiş
strateji hədəflər blokada şəraitində belə
intibaha nail olmağın mümkünlüyünü ortaya
qoydu. Muxtar respublika əhalisinin inamının özünə
qaytarılması, Naxçıvanın daxili
potensialının hərəkətə gətirilməsi, cəmiyyətin
bütün təbəqələrinin qədim
diyarımızın inkişafı üçün həyata
keçirilən tədbirlərə cəlb olunması, elmin,
təhsilin, səhiyyənin və mədəniyyətin
inkişafına yüksək qayğı göstərilməsi
regionun yeni inkişaf yoluna çıxmasını hədəfə
almışdı. Yerli xammala əsaslanan istehsal müəssisələrinin
yaradılması, bütün sahələrin tərəqqisi
məqsədilə ixtisaslı kadrların yetişdirilməsi,
ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi,
genişmiqyaslı quruculuq işlərinin aparılması,
insanların rifahının
yaxşılaşdırılması intibaha gedən yolda
qarşıya qoyulan əsas məqsədlərdən idi.
Tarix üçün
çox qısa bir zamanda - cəmi 20 ildə bütün
bunlara nail olundu, ictimai fikirdə “Naxçıvan möcüzəsi”
adlandırılan inkişafın Naxçıvan modeli
yaradıldı. Ötən əsrin 90-cı illərində
elektrik enerjisi sarıdan ciddi korluq çəkən
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən
genişmiqyaslı səmərəli tədbirlər bəhrəsini
verdi: Naxçıvan elektrik enerjisi idxal edən bölgədən
enerji ixrac edən regiona çevrildi.
Muxtar respublikanın əkinəyararlı
torpaqlarının dövriyyəyə daxil edilməsi nəticəsində
keyfiyyətli yerli məhsullar yetişdirilir, xarici bazarlardan ərzaq
asılılığına son qoyulur, əhalinin məşğulluq
səviyyəsi yüksəldilir. Beləliklə,
Naxçıvanın enerji və ərzaq təhlükəsizliyi
tam təmin olunub.
İnfrastrukturu
çağdaş dünya standartları səviyyəsində,
bütünlüklə, yeniləşdirilən, bir vaxtlar
daimi başağrısı olan işıq, qaz, su və digər
kommunal problemləri tamamilə aradan qaldırılan
Naxçıvan inkişafın yeni mərhələsindədir.
Həqiqət budur ki, tarixin heç bir dönəmində belə
geniş, rahat yolları, hər gün, hər ay, hər il
sayı artan müasir binaları, memarlıq inciləri, belə
yamyaşıl, könül körpüsü küçələri,
qızılgüllər gülüstanına dönən bağları,
parkları, seyrəngahları olmayıb
Naxçıvanın. Tarixin heç bir dövründə belə
müasir məktəblər, xəstəxanalar, mədəniyyət
ocaqları görməyib Naxçıvan. Tarixin heç bir
dövründə ümumi tutumu 38 min ton olan taxıl
anbarları, xüsusi mühafizə olunan təbiət əraziləri,
ümumi tutumu 400 milyon kubmetrə çatan sututarları,
ixracyönümlü keyfiyyətli məhsullar istehsal edən
nəhəng sənaye müəssisələri, 15 min hektardan
çox yaşıllıq sahələri olmayıb
Naxçıvanın. Bəli, Naxçıvan tarixinin
heç bir dövründə öz tələbatını
yerli istehsal hesabına ödəyə bilməyib, sərhədlərini
etibarlı qoruyan belə güclü orduya, güclü
iqtisadiyyata sahib olmayıb. Həqiqət budur ki,
Naxçıvan tarixin heç bir dönəmində belə
güclü olmayıb.
Son 20 ildə ümumi
daxili məhsul istehsalını 2 milyard 340 milyon manata
çatdıran, 300-dən çox təhsil, 240-a yaxın səhiyyə,
350-dən çox mədəniyyət müəssisəsi
üçün binalar, 41 idman obyekti, 162 körpü, 6350
istehsal, xidmət və digər infranstruktur obyektləri, 510
inzibati bina inşa olunaraq, yaxud yenidən qurularaq istifadəyə
verilən, 6 yeni elektrik stansiyası yaradılan, 109 kənd mərkəzi,
3 qəsəbə, 1 şəhər mərkəzi tikilən
diyarın uğurlarının siyahısı çox uzundur.
Yaşayış məntəqələrinin 93 faizində
genişzolaqlı, 83 faizində simsiz internet xidməti göstərilən,
352 növdə məhsul istehsal edilən, şəhər və
kəndləri sürətlə yeniləşən, beynəlxalq
tədbirlər və idman yarışları keçirilən,
ildə 350-400 min turisti qəbul edən, beşulduzlu otellər
fəaliyyət göstərən, ixrac imkanları artan, əhalisinin
bütün sosial ehtiyacları ödənən, bir sözlə,
blokada şəraitində intibah yaradan müasir
Naxçıvan daha möhtəşəm uğurlara - yeni nəhəng
iqtisadi komplekslər, sənaye müəssisələri, su
elektrik stansiyaları, Günəş və külək
elektrik stansiyaları yaratmaq istiqamətində daha sanballı
tarixi qələbələrə doğru addımlayır. Bu,
beş min il əvvəl şəhər mədəniyyətini
yaradan ulu bir diyarın böyük tarix yaradan və tarixə
hökm edən zəfər yoludur.
Naxçıvan Muxtar
Respublikasının sürətli sosial-iqtisadi inkişafı
qədim diyarımızın qonaqlarını da hədsiz dərəcədə
heyrətləndirir. Amerikalı jurnalist-tədqiqatçı
Peter Tase Naxçıvan barədə təəssüratlarını
qələmə aldığı məqalələrindən
birində yazır: “Qədim tarixə malik olan bu diyarın
inkişafını sözlə təsəvvür etmək
mümkün deyil. Bu gün Naxçıvan blokadada
olmasına baxmayaraq, dinamik inkişaf edir. Belə davam etsə,
Naxçıvan şəhəri öz müasir
memarlığı ilə Qafqazın meqapolisinə çevriləcək”.
Turist və səyahətçilər
üçün bələdçi kitabı yazarı,
İngiltərə vətəndaşı Mark Eliyot yazır
ki, “Naxçıvanın yolları və tarixi abidələri
tam gözəlləşdirilib. Adama elə gəlir ki, real
dünyada yox, illüstrasiyada gəzirsən. Naxçıvan
çox cəzibədar məkandır”.
Rusiyalı jurnalist
Nadona Fridrixsonun Naxçıvan haqqında təəssüratları
isə belədir: “Naxçıvanı daha çox
tanıdıqca biz başa düşdük ki, buradakı real
mənzərələrin Rusiyadakı təsəvvürlərlə
oxşarlığı yoxdu. “Qoparılmış region”
çiçəklənən və memarlıq cəhətdən
cazibədar bir yerdir. Naxçıvanın küçələri
heyrətamiz dərəcədə təmizdir. Yeni evlər
vardır. Onlar boz-bulanıq doqquzmərtəbəli kibrit
qutuları kimi deyil, yaşamağın ləzzətini bilənlərin
gözünü oxşayan dərəcədə müasirdirlər".
Xarici qonaqların
Naxçıvan haqqında belə təəssüratlarının
sayını kifayət qədər artıra bilərik. Bu, onu
göstərir ki, müasir Naxçıvan bütün
yönləri ilə hər kəsi özünə valeh edir.
Amma bütün bunlar son 20 ilin Naxçıvana
qazandırdıqlarının yalnız görünən tərəfidir.
Vətən sevgisi üzərində ucaldılan müasir
Naxçıvanın işıqlı gələcəyi naminə
elə möhtəşəm tədbirlər həyata
keçirilir ki, bu gün biz onların mahiyyətini tam dərk
edə bilmirik.
Naxçıvanın
mənəvi uğurları maddi qazanclarından heç də
az deyil. Muxtar respublikada bütün sahələrdə
quruculuq işləri aparılıb. Buna paralel olaraq həm də
yeni cəmiyyət qurulub. İnsanların şüurunda
inqilabi dəyişiklik edilib, müasir düşüncəli,
vətənpərvər gənclik yetişdirilib. Həyata
keçirilən həssas tədbirlər sayəsində
insanlarda sahiblik hissi formalaşdırılıb. İndi tikilənlərə,
qurulanlara keçmiş Sovetlər Birliyində olduğu kimi
ögey, dağıdıcı münasibət yoxdur. Hər
bir naxçıvanlı yeni hər bir binaya, salınan parka,
yola, müasirləşdirilən küçəyə,
yaşadığı binaya öz malı, milli sərvəti
kimi baxır. Hər kəs bilir ki, dövlətin
yaratdıqları insanların rahatlığı
üçündür. Və bu gün yaradılanları gələcək
nəsillərə çatdırmaq kimi bir məsuliyyətimiz
var.
İnsanların mənəvi
zənginliyinə milli dəyərlərimizə göstərilən
qayğı, özəl mentalitetimizin təbliği yolu ilə
nail olunub. Tariximizin öyrənilməsi və öyrədilməsi
istiqamətində görülən işlər də bu məsələdə
mühüm rol oynayıb. Tarixən bu yurdun sakinləri öz
dədə-baba torpaqlarına sahib çıxıb, onu
qoruyub, möhkəmləndiriblər. Deməli, insanlarda
sahiblik hissinin gücləndirilməsi üçün tarixə
qayıtmaq, milli dəyərləri yaşatmaq lazım idi.
Əslində, bu prosesin əsası ulu öndərimiz Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci
dövründə qoyulmuşdu. Ümummilli liderimizin diqqət
və qayğısı ilə müstəqillik illərində
bu iş daha da sürətləndirildi. Heydər Əliyev
siyasətinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar
Respublikası bu sahədə də
öncüllüyünü qoruyub saxlamaqdadır.
Son 20 ilin ən
böyük uğurlarından biri də odur ki, savadlı,
dünyagörüşlü, vətənpərvər nəsil
yetişdirilir. Muxtar respublikanın şəhər və rayon
mərkəzlərində, kəndlərində inşa olunan
müasir məktəblərin şagirdləri, dünya
standartlarına cavab verən ali təhsil ocaqlarının tələbələri
çağdaş dünyamızın ən son nailiyyətləri
hesab edilən texnologiyalardan bəhrələnməklə
yanaşı, öz milli dəyərlərini öyrənir və
milli ruhda böyüyürlər. Artıq muxtar respublikada ənənəyə
çevrilən muzeylərə ekskursiyalar, belə mədəniyyət
müəssisələrində açıq dərslərin
keçilməsi bir məqsədə xidmət edir: yetişən
nəsil tarixini, mədəniyyətini, ədəbiyyatını
dərindən öyrənsin, tarixi şəxsiyyətlərini
tanısın, onların Vətənə xidmət nümunəsi
ilə böyüsün, milli dəyərlərinə sahib
çıxıb yaşatsın.
İntibah
dövrünün gəncləri məhz belə
formalaşdırılır. Gənclərlə iş muxtar
respublikada ciddi diqqət yetirilən sahələrdən
biridir. Ona görə ki, ölkəmizin gələcəyi gənclərdən
asılıdır. Vətənə xidmət amalı ilə
yetişdirilən bugünkü gəncliyin vətənpərvərlik
tərbiyəsi çox yüksək səviyyədədir.
Bir vaxtlar öz əzəmətli
keçmişini yalnız tarixi abidələri ilə
xatırladan Naxçıvan bu gün çoxlarının
böyük təəccüb hissi ilə
qarşılaşdığı bir diyara çevrilib. Hər
bir yaşayış məntəqəsinin, hər bir
binanın zərif görünüşü ilə
könülləri ovsunlayan qədim diyarımız tarixini
qorumaqla bərabər, müasirliyi ilə də diqqəti cəlb
edir. Muxtar respublikamız bütün sahələrdə irəliləyişlərə
nail olaraq günü-gündən dəyişir, daha da
müasirləşir. Tarixi və mədəni abidələrin
bərpası, müasir dövrün yeni abidələrinin
inşası, bir sözlə, Naxçıvanın
özünü yenidən “Nəqşi-cahan” olaraq
tanıtması hər birimiz üçün böyük fəxrdir.
Muxtar respublikanın
yenidən qurulan yolları ilə irəlilədikcə hər
addımda təzə bir binaya, əzəmətli bir mənzərəyə
rast gəlirsən. Məşhur Naxçıvan memarlıq məktəbinin
milli ənənələri ilə müasir şəhərsalma
mədəniyyətinin uzlaşdırıldığı
muxtar respublikada genişmiqyaslı tikinti-quruculuq işləri
sürətlə davam etdirilir. Naxçıvan elə sürətlə
dəyişir ki, bəzən muxtar respublika sakinləri özləri
də dünən keçdiyi küçəni bu gün
tanıya bilmirlər. 20 il bundan öncə möcüzə
kimi görünən ən ucqar sərhəd kəndində
belə, şölələnən mavi yanacaq, 24 saat elektrik
enerjisi təminatı indi adi həyat reallığına
çevrilib.
Bu gün
naxçıvanlılar ümumən regionda çox az-az təsadüf
edilən çox rahat evlər tikir, ən bahalı avtomobillər
alıb muxtar respublikaya gətirirlər. Naxçıvanda
uşaqdan-böyüyə hər kəsin geyim-kecimi də
qabaqcıl Avropa ölkələrindən geri qalmır. Bircə
fakta diqqət çəkək. Bu gün Naxçıvan
şəhərindəki mebel salonlarında, elektrik
avadanlıqları satılan mağazalarda alınmayan mal ucuz əşyalardır.
Ona görə də sahibkarlar daha müasir əşyalar gətirməyə
və istehsal etməyə meyil göstərirlər. Bəli,
naxçıvanlıların yaşayış tərzi belədir.
İnsanların maddi-rifah halının yaxşılaşdırıldığını
göstərən belə nümunələrin
siyahısını istənilən qədər artıra bilərik.
Bu gün bütün
naxçıvanlıların ümumi fikri belədir. Biz Vətən
sevgisi üzərində ucaldılan; arzularımızın
çin olduğu; sabit; inkişaf və tərəqqinin
davamlı xarakter daşıdığı; fasiləsiz
elektrik enerjisi və təbii qazla təmin olunan; təhlükəsizliyimizin
tam təmin edildiyi; abadlıq və quruculuq işlərinin hər
gün daha da genişləndirildiyi; ləyaqətli, vətənpərvər
gəncliyin yetişdirildiyi; iradənin, cəsarətin
bütün çətinliklərə qalib gəldiyi; beynəlxalq
tədbirlərin keçirildiyi; ordusu nəinki onu qorumaq, istənilən
hücum əməliyyatını həyata keçirməyə
də qadir olan varlı bir regionda yaşayır və
müasir Naxçıvanın QURUCU rəhbərinə sonsuz
minnətdarlığımızı bildiririk.
Bəli, beş minillik şəhər
mədəniyyəti üzərində ucalan
Naxçıvanın ən yeni tarixində, çətin ki,
son 20 il qədər heyrətamiz, şücaətli bir
dövr olsun.
Bəs bu yüksəlişə
necə nail olunub? Blokada şəraitində yaradılan
intibahın səbəblərini Azərbaycan Prezidenti İlham
Əliyev belə dəyərləndirir: “Əsas məsələ
Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola
bilər, o qədər böyük olmaya da bilər. Amma əgər
Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox
iş görmək olar”.
Tural SƏFƏROV,
“Şərq qapısı” qəzetinin baş redaktoru
Xalq qəzeti.- 2015.- 14 yanvar.- S.5.