20 YANVAR -müdhiş cinayət

 

Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsindən 25 il keçir. Aradan bu qədər müddət keçməsinə baxmayaraq, 20 Yanvar gecəsində xalqımızın kürəyinə vurulmuş ağır yara hələ də sızlamaqda, təkcə o qırğınların şahidi olmuş insanların deyil, o faciəli günləri gözləri ilə görməmiş gənc nəslin belə ürəyini ağrıtmaqdadır.   

 

Əlbəttə, 20 Yanvar faciəsi, eləcə də keçən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycan xalqının tarixinə qanla yazılmış digər səhifələr hələ uzun zaman unudulmayacaq. Bu mövzu hələ uzun müddət tarixçilərimizin araşdırmalarına, yazıçı və şairlərimizin dəyişməz mövzusuna, vətəndaşlarımızın fəryadına səbəb olacaq. Üstəlik, bu, təkcə başımıza gələn bəlanın böyüklüyü, ağırlığı ilə deyil, həm də günahsız insanlarımızın qanını tökmüş naxələflərin hələ də dünya üzündə cəzasız gəzməsi ilə bağlıdır. Aradan 25 il keçsə də, istər o dövrdə keçmiş SSRİ rəhbərliyində təmsil olunmuş sərəncamçı qatillər, istərsə də Bakı küçələrində millətinin ədalət hayqırtısını müdafiəyə qalxmış əliyalın, günahsız insanları öz qanında boğmuş icraçı qatillər öz layiqli cəzalarını almayıb. Təbii ki,  SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov başda olmaqla.

20 Yanvar faciəsi, şübhəsiz ki, xalqımızın tarixində ən amansız, ən qəddar bir səhifə kimi min illərin o başından da aydınca görünəcək. Amma bu, Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil olmasından sonra baş vermiş heçilk belə qəddarlıq deyil. Məhz Rusiya imperiyasının əsarətinə keçdikdən sonra xalqımızın bir-birindən ağır faciələri başlanmışdır. Tarixi torpaqlarımıza ermənilər köçürülmüş, ərazilərimizdə milli-etnik münaqişələrin əsası qoyulmuş, ayrı-ayrı regionlarımız qan çanağına dönmüş, İrəvan quberniyası və ətraf ərazilərdə ermənilər üçün dövlət yaradılmış, 1923-cü ildə Qarabağın dağlıq hissəsində qondarma erməni muxtar vilayəti formalaşdırılmışdı.

Bütün bunlar Rusiyanın Azərbaycanın türk-müsəlman əhalisinə ciddi təzyiqləri, bəzən də yeri gəldikcə sərt cəzalandırma tədbirləri nəticəsində mümkün olmuşdu. 1918-1920-ci illərdə bütün ölkə boyu xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirilmiş, 1949-1953-cü illərdə SSRİ hökumətinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarından yüz minlərlə soydaşımız deportasiya edilmişdi. Elə 1988-ci ildə Dağlıq Qarabağda başlanmış separatçı hərəkat da SSRİ-nin süqutu fonunda heç bir günah sahibi olmayan Azərbaycan xalqını cəzalandırmaq, özlərini Rusiya imperiyasının sadiq nökəri kimi təqdim etməyi bacarmış erməniləri yeni ərazi bəxşişləri ilə mükafatlandırmaq məqsədi daşıyırdı.

Keçən əsrin 80-ci illərinin axırlarında SSRİ-nin əliqanlı rəhbəri Mixail Qorbaçov Qərbdən aldığı göstərişlər əsasında imperiyanı dağıtmaq planları üzərində işləyirdi. Bu planları həyata keçirmək üçün ittifaq xalqları arasında nifaq toxumu səpmək ən yaxşı yol idi. ilk belə plan Qarabağda icra olunmağa başladı. Ermənilərin Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, tarixi torpağımız olan Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi ilə bağlı çıxışlar xalqımızın ciddi etirazına səbəb oldu. Belə ədalətsiz bir tələbin reallaşması ilə necə barışmaq olardı?!  Bax, o zamandan da Azərbaycandan etiraz səsləri ucalmağa başladı. Təbii ki, SSRİ rəhbəri Mixail Qorbaçov Dağlıq Qarabağı ermənilərə bağışlamağa söz vermişdiortaya çıxmış münaqişədə birmənalı olaraq erməni tərəfinin mövqeyini dəstəkləyirdi. 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində  yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından tamamilə deportasiya edilməsi, Moskvanın erməni separatçılarını cəzalandırmaq əvəzinə, Azərbaycan xalqının əl-qolunu bağlaması millətin səbir kasasını daşırmışdı.

Azərbaycanın haqq səsi rəsmi Moskva tərəfindən tamamilə qulaqardına vurulurdu. Azərbaycan əhalisi isə etirazını bildirmək üçün uzun müddət Azadlıq meydanında qərarlaşdı, davamlı mitinqlər başlandı. Ancaq sülhsevər və tolerant Azərbaycan xalqının ənənələrinə uyğun olaraq bütün etirazlar dinc xarakter daşıyır, heç bir zorakılığa yol verilmirdi. Sadəcə, Dağlıq Qarabağın Ermənistana verilməsinin mümkünsüzlüyü Moskva və İrəvanın diqqətinə çatdırılırdı.   

Nəhayət, münaqişənin dərinləşdirilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Sumqayıt və Bakıda etnik ermənilərə qarşı zorakılıqlara rəvac verildi. Bu hadisə, ümumiyyətlə, Azərbaycan xalqının təbiətinə tamamilə yad bir məsələ idi. Özünün tolerantlığı ilə dünyada yaxşı tanınan azərbaycanlıların belə bir qəddarlığa yol verməsi ağlabatan deyildi. Bu zorakılıqları Moskvanın siyasi texnoloqları məhz azərbaycanlıları cəzalandırmaq üçün bəhanə kimi uydurub ortaya atmışdılar. Bununla da Moskva arzu etdiyi fürsəti əldə etdi və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Dağlıq Qarabağın Ermənistana verilməsinə mane olmaq istəyən Azərbaycan xalqının iradəsini qırmaq üçün Bakıya böyük ordu yeritdi.

Bəzi məlumatlara görə, Bakıda ümumxalq etirazını boğmaq üçün SSRİ hökuməti 66 min nəfərlik canlı qüvvə, çoxlu sayda hərbi texnika göndərmişdi. Azərbaycan xalqını qanına qəltan etmək üçün göndərilmiş ordu hissələrinin tərkibinə ermənilərin yığcam yaşadıqları Stavropol, Rostov, Krasnodar və digər vilayətlərdən erməni əsilli qaniçənlər də daxil edilmişdi. Təkcə bu faktın özü sovet rəhbərliyinin xalqımıza qarşı düşmənçilik niyyətini təsdiq etmək üçün kifayətdir. Moskva qaniçənlərinin fikrincə, azərbaycanlıları ən qəddar formada cəzalandırmaq lazım idibunun üçün ermənilər daha çox kara gələ bilərdi. Və təəssüflər ki, belə də oldu. Əliyalın etirazçı insanlara qarşı görünməmiş qəddarlıqla davranıldı və ölüm statistikası yüksək rəqəmlərlə qeydə alındı.

Bakıda və Azərbaycanın bəzi rayonlarında fövqəladə vəziyyət elan edilməsi məsələsi də müəmmalı şəkildə həll edildi. Təcrübədən məlumdur ki, hər hansı bir yerdə fövqəladə vəziyyət elan edilərkən bu barədə əhaliyə əvvəlcədən məlumat verilir. Ancaq Azərbaycanda bu təcrübəyə də bilərəkdən əməl olunmadı. Əvvəlcə Bakı və başqa rayonlarda əhalinin gülləbaranına başlanıldı, aradan xeyli vaxt keçdikdən sonra isə fövqəladə vəziyyət elan olunduğu barədə məlumat verildi. Bu məlumatın verilməsinin özündə də bir müəmma, bir sirr gizlənmişdi.

Yəqin, hamı yaxşı xatırlayır ki, yanvarın 19-da axşam saatlarında Azərbaycan Televiziyasının enerji bloku məhz SSRİ DTK əməkdaşları tərəfindən partladıldı və Azərbaycan əhalisinin televiziya vasitəsilə hər hansı informasiya almasının qarşısı alındı. Bununla da, sovet qoşunlarının dinc əhaliyə qarşı atəşləri yanvarın 19-da axşam saatlarında başlamış olsa da, fövqəladə vəziyyətin tətbiqi barədə elan yalnız yanvarın 20-də gecə saatlarında verildi. O da radio vasitəsilə. Hətta paytaxt əhalisinin çox hissəsi bu xəbəri yalnız səhəri günü eşidə bilmişdi. Bu da Moskvanın Azərbaycan xalqına qarşı növbəti xəyanəti idi. Bakıda əhalinin gülləbaran edilməsinə isə əsasən o zaman SSRİ-nin Müdafiə naziri olmuş Dmitri YazovDaxili İşlər naziri Vadim Bakatin rəhbərlik etmişdilər. Sov.İKP MK-nın bir sıra rəsmi şəxsləri də o zaman Bakıda idilər və bu qanlı qırğına rəhbərlik edirdilər.

Həmin qanlı gecədə Bakı qan gölünə qərq oldu, küçələrdə güllələnmiş, yaralanmış günahsız insanların - qoca, qadın və uşaqların qanı axırdı. Azğınlaşmış əsgərlər yoldan keçən hər kəsə atəş açır, küçələr boyu sıralanmış yaşayış binalarını gülləbaran edir, hətta təcili yardım maşınlarına belə rəhm etmirdilər. Bəzi yerlərdə ağır hərbi texnikalar, tanklar adamların və minik maşınlarının üstündən keçirdi. Bununla da, Bakı əhalisi fövqəladə vəziyyət elan olunmasından xəbər tutana qədər artıq 82 nəfər amansızlıqla qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralar almışdı. Yanvarın 20-də və sonrakı günlərdə isə Bakıda 57 nəfər günahsız insan qətlə yetirilmişdi. Bütövlükdə isə cəmi bir neçə gün ərzində Bakıda və respublikanın rayonlarında 147 nəfərin həyatına son qoyulmuşdu. 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalara atılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 maşın, o cümlədən, təcili tibbi yardım maşınları sıradan çıxarılmış, yandırıcı gullələrin torətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dəqiq hesablamalara görə, dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Amma bütün bunlara baxmayaraq, Azərbaycan xalqının iradəsini sındırmaq mümkün olmadı. Xalq öz azadlığı və müstəqilliyi uğrunda daha inadla mübarizə aparmağa başladı. Paytaxtda fövqəladə vəziyyət rejiminin hökm sürməsinə baxmayaraq xalq yanvarın 22-də öz şəhid övladlarını böyük ehtiramla dəfn etdi. 20 Yanvar şəhidlərimizin nəşi 1918-ci ildə Bakıda törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanında torpağa tapşırıldı. Şəhidlər xiyabanı azadlığın rəmzi olan qırmızı qərənfillərlə bəzədildi. Moskvanın bütün təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı milli adət-ənənəsinə uyğun şəkildə şəhidlərinə yas tutdu. Bütün idarə və müəssisələrdə dayandırıldı və bu proses 40 gün - şəhidlərin 40-ı çıxana qədər davam etdi. Hamımızın yadındadır ki, Bakıdakı bütün dövlət müəssisələrində iclaslar keçirilirdi ki, bu cür davam edə bilməz, işə başlamaq lazımdır. Amma bu cəhdlər heç bir nəticə vermədi, xalq öz şəhidlərinə ehtiramını sona qədər qoruyub saxladı.

Amma, o faciəli günlərdə öz xalqına xəyanət etmiş, Bakıya qoşun yeridilməsinə icazə vermiş milli satqın rəhbərlər üzə çıxmadılar. Respublika KP MK-nın o vaxtkı birinci katibi Əbdürrəhman Vəzirov, ümumiyyətlə, itib-batdı və çox sonralar məlum oldu ki, Bakının atəş altına düşdüyü anlardaca ölkəni qoyub Moskvaya qaçıb. Bir çox başqa vəzifə sahibləri də xalqın gözünə görünməyə çox gec cəsarət tapdılar. Xalqı tankların qabağına çıxarmış, sovet ordusunun Bakıya girməsinə mane olmağa çağırmış, bunun üçün insanları xüsusi nəqliyyat vasitələri ilə müvafiq yerlərə daşımış Xalq Cəbhəsinin üzdəniraq liderləri də uzun müddət qeybə çəkilmişdilər.  

O ağır günlərdə yalnız Moskvada yaşayan xalqımızın böyük oğlu Heydər Əliyev özünün etiraz səsini ucaltdı. O, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla həmrəy olduğunu bildirdi, Bakı qırğınının günahkarlarını, o cümlədən, şəxsən Qorbaçovu ittiham etdi. Elə 20 Yanvar faciəsinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymət verilməsi məsələsi də ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ona qədər bəzi istintaq hərəkətləri aparılmış olsa da, faciəyə müvafiq qiymət verilməmişdi. Bu missiyanı həyata keçirmək üçün özündə cəsarəti də Heydər Əliyev tapdı. Onun təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirildi və faciənin əsl qiyməti verildi. Baş vermiş hadisələr Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o cumlədən, şəxsən Mixail Qorbacovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olundu. Eyni zamanda, respublikanın o vaxtkı rəhbərləri Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov (Nazirlər Sovetinin sədri), Viktor Polyanicko (Azərbaycan KP MK-nın ikinci katibi) və Vaqif Hüseynovun (Azərbaycan DTK-nın sədri) siyasi məsuliyyət daşıdığı, onların Azərbaycan xalqına xəyanət etdikləri qeyd olundu.

Bununla yanaşı, şəhidlərimizin əsl qiymətini qədirbilən xalqımız verdi. 1990-cı ilin 20 yanvarından bəri hər il o qırğın günü milyonlarla vətəndaşımız Şəhidlər xiyabanına gələrək şəhid balalarına hörmət və ehtiramını izhar edir, Allahdan rəhmət diləyir, şəhid məzarları üzərinə tər çiçəklər qoyur. Bu, artıq milli ənənə şəklini alıb. Əslində bu cür izdihamlı anım mərasimini heç bir sərəncamla, əmrlə icra etmək mümkün deyil. Bu, ümumxalq sevgisi, ümumxalq ehtiramıdır.

Azərbaycan dövləti isə Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar şəhidlərinin ailələrinə qayğı və diqqətini ildən-ilə artırmaqdadır. Prezident İlham Əliyevin diqqəti sayəsində bu qayğı hazırda ən yüksək səviyyədədir. Əlbəttə, belə də olmalıdır. Çünki şəhidlərimiz milli azadlıq mübarizəmizdə ilk qurbanlarımız olaraq bizi istiqlal uğrunda savaşda daha da cəsarətli olmağa ruhlandırıb. Azərbaycan məhz onların şücaəti sayəsində sovet imperiyasının qanlı caynağından qopub müstəqillik qazana bildi. Gəlin bu igid oğul və qızlarımızın ruhu naminə azadlıq və müstəqilliyimizi möhkəmləndirmək üçün var gücümüzlə çalışaq! Allah şəhidlərimizə rəhmət eləsin!

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2015.- 15 yanvar.- S.5.