Vergi hüquqpozmalarına
qarşı mübarizə
gücləndirilir
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (VCİAD) rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Vidadi Məmmədov 2014-cü ildə vergi hüquqpozmaları ilə bağlı həyata keçirilən mübarizə tədbirləri haqqında söhbət açaraq bildirdi ki, hesabat dövründə departamentə daxil olan 1024 material üzrə 971 cinayət işi başlanılıb.
VCİAD tərəfindən
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM)
213-cü maddəsi ilə (vergi ödəməkdən
yayınma) 897 cinayət işi, 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü maddələri
ilə 46, 192-1.2-ci maddəsi ilə (qanunsuz
olaraq lotereyaların və idman
mərc oyunlarının təşkili və
ya keçirilməsi) 4, 192-ci maddəsi ilə
11, CM-in 205-1-ci maddəsi ilə (saxta aksiz markalarını
hazırlama, əldə etmə və ya satma) ilə 1, CM-in 162-1-ci
maddəsi ilə (əmək müqaviləsi hüquqi
qüvvəyə minmədən işçilərin hər
hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi) 6, 213-1-ci maddəsi ilə
(aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma,
satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara
çıxarma və ya idxal
etmə) 6, ümumilikdə 971 cinayət işi
başlanaraq istintaqı davam
etdirilib. Qeyd edim ki, bu
göstərici 2013-cü ilə nisbətdə 452 cinayət işi çoxdur.
Vergiləri
dövlət büdcəsinə ödəməkdən
yayınan şəxslərlə bağlı ötən il departamentin istintaq idarəsində 395 cinayət işi 125 nömrə altında birləşdirilərək
ittiham aktları ilə məhkəməyə
göndərilib: bunlardan 72-si 2014-cü
ildə, 31-i 2013-cü ildə, 22-si isə əvvəlki illərdə başlanan cinayət işləridir.
Ümumilikdə, ötən il vergi hüquqpozmaları nəticəsində
134 nəfər cinayət məsuliyyətinə cəlb edilib. İl ərzində
36 nəfər şübhəli şəxs qismində tutulub, 26 nəfər barəsində həbs qətimkan
tədbiri seçilib.
Departamentə
daxil olan material və başlanan
cinayət işləri üzrə dövlət büdcəsinə
dəyən ziyan tam
şəkildə ödənildiyindən Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin
39.1.11-ci maddəsi ilə 340 prosessual qərar
qəbul olunaraq, metariallar
üzrə cinayət işinin
başlanması rədd edilib, başlanmış cinayət işləri
üzrə icraata xitam
verilib.
Vidadi Məmmədov söhbət
zamanı qeyd etdi ki, 2014-cü il ərzində
departamentdə cinayət işləri və materiallar
üzrə aparılan araşdırmalar zamanı dövlət
büdcəsinə ödənilməsi təmin olunan vəsaitin məbləği 16 milyon 81 min 402,17 manat təşkil edib ki, bunun da
4 milyon
583,3 min manatı
istintaqı tamamlanan cinayət işləri
üzrə, 779,6 min manatı cinayət işinin başlanması rədd edilən materiallar üzrə, 2 milyon
197,9 min manatı icraatı
dayandırılan cinayət işləri üzrə, 111,4 min manatı aidiyyəti üzrə göndərilən
cinayət işləri üzrə, 8 milyon
409,2 min manatı isə istintaqı davam etdirilən cinayət işləri üzrə
ödənişlərdir.
Müsahibim ötən
illərdə olduğu kimi,
keçən il ərzində də departament tərəfindən ƏDV fırıldaqçılığı
ilə məşğul olan şəxslərin
aşkar edilməsi və cinyət məsuliyyətinə
cəlb olunması istiqamətində mühüm
işlər görüldüyünü
də diqqətə çatdırdı. Bildirdi ki, 49 cinayət işi
üzrə ümumilikdə 32 milyon 950 min 452,94 manat məbləğində
vergiləri dövlət büdcəsinə ödəməkdən
yayınan şəxslərin 49-u barəsində Cinayət Məcəlləsinin
213-cü maddəsi ilə təqsirləndirilən şəxs
qismində cəlbetmə qərarı qəbul edilərək,
onlara ittiham elan olunub. Həmin şəxslərdən
9-u barəsində məhkəmə qərarı ilə həbs
qətimkan tədbiri seçilərək cinayət işləri
ittiham aktı ilə məhkəməyə
göndərilib. Cinayət işlərinin
istintaqı zamanı müəyyən edilib
ki, son dövrlər bəzi
qrup şəxslər hüquqi
şəxsin elektron formada
təsis edilməsi ilə bağlı vergi
orqanları tərəfindən göstərilən operativ və şəffaf xidmətlərdən
öz cinayətkar məqsədləri üçün istifadə edirlər. Onlar ƏDV
ödəyicisi kimi qeydiyyata
durmamaq və vergidən yayınmaq məqsədilə
müxtəlif şəxslərin adlarına yüzlərlə
müəssisə təsis edirlər. Əksər hallarda təsis edilən hüquqi
şəxslərin hüquqi ünvanları
eyni olur. İstintaq zamanı ifadə verən şəxslərin
bəziləri ilkin ifadələrində heç bir
müəssisə təsis etmədiklərini, qısa müddət
ərzində tanıdığı şəxslər tərəfindən
onlardan notarial qaydada təsdiq olunan etibarnamə və adlarına elektron imza
alındığını bildiriblər. İstintaq
təcrübəsində artıq bir
neçə şəxsin elektron
imzasının bloklaşdırılmasına nail olunub və həmin
şəxslər tərəfindən təsis edilmiş
müəssisələrin ləğvi istiqamətində müvafiq proseslər aparılıb.
Departament rəisi söhbətində vergi cinayətlərinin ibtidai
araşdırılması zamanı qarşılaşılan əsas
çətinliklər barədə də məlumat verdi.
Xatırlatdı ki, həmin problemlərdən biri müəssisənin rəhbərinin vergi orqanındakı baza
məlumatları ilə müəssisənin bank
hesablarında olan məlumatların
üst-üstə düşməməsidir. Hesab
edirəm ki, vergi cinayətlərinin
qarşısının alınması və ödəyicilər
tərəfindən bəyannamələrin vaxtında təqdim
edilməsinin təmin olunması üçün
qanunvercilikdə müvafiq dəyişiklik
aparılması zəruridir.
Müsahibim sonda bildirdi
ki, vergi hüquqpozmalarına,
cinayətkarlığa qarşı mübarizə
aparılması üçün həmin
fəaliyyətlə məşğul olan
əməkdaşların - əməliyyat müvəkkilinin,
tədqiqatçının, müstəntiqin
ixtisaslaşması zəruridir. Yəni ixtisasca
hüquqşünas olan
əməkdaşlarımız iqtisadi
biliklərə yiyələnməli, ixtisasca
iqtisadçı olan əməkdaşlarımız
isə hüquqi bilikləri mənimsəməlidirlər.
Bu məqsədə nail
omaq, peşəkar formada
vergi cinayətlərinin istintaqını aparmaq üçün
2010-cü ildən VCİAD-da tədrisə
xüsusi diqqət ayrılıb və
müstəqil treninqlərin aparılması təmin edilib.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.-15 yanvar.- S.3.