Azərbaycanın xarici siyasəti
2014-cü ildə də
uğurla həyata keçirilib
Azərbaycan
Respublikasının Konstitusiyası, “Diplomatik xidmət
haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan
Respublikası Prezidentinin və Nazirlər Kabinetinin fərman və
sərəncamları, “Azərbaycan Respublikasının
Konsulluğu haqqında Əsasnamə”, Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası
və “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası, ölkəmizin milli maraqları və
qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında
Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın
xarici siyasəti 2014-cü ildə də uğurla həyata
keçirilib.
AzərTAc xəbər verir ki, bu barədə
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
2014-cü ilin yekunlarına dair mətbuat
buraxılışında məlumat verilir.
Bildirilir ki, xarici
siyasətin prioritet istiqamətlərini
Ermənistanın Azərbaycana qarşı təcavüzü
və ərazilərimizin işğalının nəticələrinin
aradan qaldırılması, ölkəmizin
ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin bərpa
edilməsi, müstəqilliyi və suverenliyinə qarşı xaricdən
olan hədə və təhdidlərin
qarşısının alınması, ikitərəfli və
çoxtərəfli əsasda münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin
genişləndirilməsi, enerji və nəqliyyat
strategiyamızın inkişafının dəstəklənməsi,
maddi-mədəni irsimizin təşviqi
və humanitar diplomatiya,
Azərbaycan vətəndaşlarının xaricdə
hüquqlarının müdafiəsi, diasporla
əlaqələr, beynəlxalq sülh, təhlükəsizlik
və davamlı inkişafa töhfə
verilməsi təşkil edib.
Azərbaycanın
müstəqil xarici siyasəti milli maraqlar, beynəlxalq hüququn norma və
prinsipləri və BMT Nizamnaməsinə uyğun
olaraq, bərabərhüquqlu münasibətlər,
qarşılıqlı faydalı əməkdaşlıq, daxili işlərə qarışmamaq,
çoxşaxəlilik, çeviklik və
şəffaflıq prinsipləri əsasında yürüdülüb.
Ötən il beynəlxalq münasibətlər ziddiyyət
və gərginliyin artması, hərbi-siyasi bloklara
parçalanmanın dərinləşməsi kimi
meyillərlə xarakterizə olunub. Azərbaycanın
sərhədləri yaxınlığında yeni
gərginlik, qeyri-sabitlik və
münaqişə ocaqları yaranıb. Bir
sıra dairələrin təsiri altında Azərbaycana
qarşı əlaqələndirilmiş formada
qarayaxma kampaniyası aparılıb. Bütün bunlara baxmayaraq, ölkəmizin müstəqil xarici siyasəti uğurla
həyata keçirilib.
Diplomatik xidmət orqanları rəhbərlərinin
2014-cü il iyulun 7-də
keçirilmiş beşinci
müşavirəsində çıxış edən Prezident İlham Əliyev
ikitərəfli əlaqələrin inkişaf
etdirilməsini xüsusilə vurğulayaraq,
qarşıda yeni vəzifələr
müəyyən edib.
Azərbaycan
Prezidenti İlham
Əliyevin il ərzində
çoxsaylı dövlət, rəsmi və işgüzar
səfərləri, xarici nümayəndə
heyətləri ilə keçirdiyi intensiv görüşlər, onlarla
ölkənin dövlət və hökumət
başçılarının və Avropa
Komissiyası sədrinin Azərbaycana səfəri ikitərəfli əlaqələrimizin
inkişafına xidmət edib.
2014-cü il ərzində Niderland,
Əfqanıstan, Türkmənistan, Tacikistan,
Zimbabve, İspaniya, İsrail, Honduras, Çexiya, Malayziya, Rusiya, Nikaraqua, Moldova, Serbiya, Avstriya, Fələstin, Litva,
Xorvatiya, Macarıstan və Almaniya xarici işlər
nazirləri Azərbaycana səfərlər ediblər.
Azərbaycanın Xarici İşlər naziri
Elmar Məmmədyarov İraq,
Cənubi Afrika Respublikası, Mozambik, Botsvana, Finlandiya, Çin,
Rumıniya və Belarusa rəsmi səfərlər
edib.
İl ərzində yüksək səviyyəli
qarşılıqlı səfərlər və hökumətlərarası
müştərək komissiyalarının iclasları nəticəsində
30-dan artıq dövlətlə siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələrə
aid 80-dən artıq ikitərəfli beynəlxalq müqavilə
razılaşdırılıb, imzalanması və sonradan müvafiq qaydada qüvvəyə minməsi təmin edilib.
İkitərəfli
əlaqələrin inkişafı məqsədilə diplomatik təmsilçiliyin coğrafiyası da genişləndirilib. Ötən ildən Azərbaycanın
Meksikadakı səfirliyinin Kolumbiyada ofisi, Argentinadakı səfirliyinin Uruqvayda və Çilidə ofisləri, həmçinin
Maltada və Ukraynanın Xarkov
şəhərində fəxri konsulluqları fəaliyyət
göstərməyə
başlayıb. 2014-cü ildə Azərbaycanın Efiopiyada və Afrika
İttifaqı yanında nümayəndəliyi fəaliyyətə
başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev
ölkəmizin Əlcəzairdə səfirliyinin təsis
edilməsi haqqında sərəncam imzalayıb.
Ötən ildən
Azərbaycanda Kolumbiya, Malayziya,
İsveç, Meksika,
Xorvatiya, İspaniya və
Estoniya səfirliklərinin ofisləri, Sloveniya və Makedoniyanın isə fəxri
konsulluqları fəaliyyətə başlayıb.
2014-cü
ildə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə
və ilk dəfə olaraq
Azərbaycan-Türkmənistan-Türkiyə xarici
işlər nazirlərinin üçtərəfli
görüşləri keçirilib. İlk dəfə olaraq,
Azərbaycan-Gürcüstan-Türkiyə prezidentlərinin
üçtərəfli görüşü
keçirilib.
2014-cü ildə Azərbaycanın
enerji siyasətində ən əlamətdar
hadisə “Cənub” qaz dəhlizi layihəsinin
təməlinin qoyulması mərasiminin keçirilməsi olub.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli
istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi
ilə danışıqlar davam etdirilib.
Ermənistan
və Azərbaycan prezidentlərinin Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə
2014-cü il avqustun
10-da Soçidə, ABŞ dövlət katibi
Con Kerrinin təşəbbüsü
və ATƏT-in Minsk qrupunun
həmsədr ölkələrinin iştirakı ilə
sentyabrın 4-də Uelsdə və Fransa Prezidenti Fransua Ollandın
təşəbbüsü ilə oktyabrın 27-də Parisdə keçirilmiş
görüşlərində münaqişənin həllinə
dair müsbət meyillər müşahidə
olunub. Paris
görüşündən sonra Fransa Prezidenti Fransua Olland münaqişə
tərəfləri olan Ermənistan və
Azərbaycanı Böyük Sülh Sazişi üzərində
işləməyə çağırıb. Dekabrın 4-də
ATƏT-in Minsk qrupunun
həmsədr ölkələri xarici
işlər nazirləri səviyyəsində verdikləri bəyanatda
da tərəfləri tezliklə sülh sazişi üzərində
işləməyə çağırıb. Azərbaycan dəfələrlə
bu prosesə hazır olduğunu
bəyan edib və bunun
münaqişənin həlli istiqamətində irəliləyişə
nail olmaq üçün mühüm
addım olacağını bildirib.
Münaqişənin
həlli istiqamətində müsbət meyillərin
olmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyində dəyişiklik
olmayıb. Rəsmi Yerevan
danışıqlara xələl gətirmək, mövcud status-kvonu saxlamaq və məqsədyönlü şəkildə
vəziyyəti gərginləşdirmək üçün
atəşkəs rejimini intensiv
şəkildə pozub, işğal
olunmuş ərazilərdə
genişmiqyaslı hərbi təlimlər keçirib,
qoşunların təmas xətti və Ermənistan-Azərbaycan
sərhədi boyunca mülki
əhalini atəşə tutub, zəbt edilmiş ərazilərin demoqrafik
tərkibinin və maddi-mədəni irsinin
dəyişdirilməsi kimi təxribatçı
əməllərini davam etdirib.
İl ərzində münaqişənin Azərbaycanın
ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığı
prinsipləri əsasında həllinə dair
beynəlxalq ictimaiyyətin mövqeyinin dəstəklənməsi
davam etdirilib.
İslam Əməkdaşlıq Təşkilatının
Xarici İşlər Nazirləri
Şurasının sessiyasında “Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”,
“Azərbaycan Respublikasına iqtisadi
yardımın göstərilməsi”
və “Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü nəticəsində işğal
olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin
və ibadət ocaqlarının dağıdılması və
təhqir olunması” adlı qətnamələr qəbul edilib. Yekun Ciddə Bəyannaməsində
Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar
Azərbaycanın ədalətli mövqeyinə münasibətdə
həmrəylik ifadə olunub.
Qoşulmama Hərəkatının Əlcəzairdə
keçirilmiş xarici
işlər nazirləri iclasının yekun
sənədində münaqişənin BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələri və Azərbaycanın
ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədləri
daxilində danışıqlar yolu ilə
həlli dəstəklənib.
NATO-nun Uelsdə keçirilmiş Zirvə
toplantısının yekun bəyanatında
təşkilata üzv dövlətlər
Azərbaycanın ərazi bütövlüyü
və suverenliyinə dəstəklərini ifadə edərək,
Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini
vurğulayıblar.
Ərəb
Dövlətləri Liqası - Mərkəzi Asiya
- Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekun bəyannaməsində Ermənistan-Azərbaycan
münaqişəsinin BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə uyğun
olaraq suverenlik və ərazi
bütövlüyü prinsipləri əsasında
həllinin vacibliyi bir daha
vurğulanıb.
Münaqişənin
həllinə dair bu məlum
mövqe Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası, Azərbaycan-Gürcüstan-Türkiyə
və Azərbaycan-İran-Türkiyə üçtərəfli
görüşlərinin yekun sənədlərində
də təsbit olunub.
İkitərəfli
əsasda digər dövlətlərlə imzalanmış siyasi sənədlərdə Ermənistan-Azərbaycan
münaqişəsinin Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı əsasında həll edilməsinə
dair mühüm
müddəaların əks etdirilməsinə nail olunub.
İşğal edilmiş ərazilərimizdə
qanunsuz fəaliyyətin
qarşısının alınması, xarici
ölkələrin fiziki və hüquqi şəxslərinin bu
fəaliyyətə cəlb olunmasına yol
verilməməsi daim diqqətdə
saxlanılıb və bu istiqamətdə
ikitərəfli və çoxtərəfli əsasda fəal iş aparılıb. Bu məsələ
bir sıra dövlətlərlə
hökumətlərarası birgə əməkdaşlıq
komissiyasının gündəliyinə salınıb.
Xocalı
soyqırımının beynəlxalq səviyyədə
tanıdılması və faciə qurbanlarının xatirəsinin
anılması istiqamətində də bir
sıra işlər görülüb. Kolumbiya, Çexiya,
Rumıniya, Serbiya, Peru,
Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina
parlamentləri, ABŞ-ın 15 ştatının qanunverici orqanlarına əlavə olaraq, 2014-cü ildə Honduras
Milli Konqresi və Sudan parlamenti də
Xocalı soyqırımını tanıyıb. Honduras Milli Konqresi tərəfindən Xocalı
soyqırımının tanınması barədə qərarı
2014-cü il yanvarın 24-də bu ölkənin Prezidenti və
Xarici İşlər naziri
təsdiq edib. Həmin qərar ölkənin
rəsmi mətbuat orqanında dərc edilərək qüvvəyə
minib və qanun statusunu alıb.
Öz doğma torpaqlarında
ata-analarının qəbirlərini ziyarət edərkən
Ermənistan tərəfindən girov götürülmüş
soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün
ATƏT-in Minsk qrupunun
həmsədrləri və digər beynəlxalq təşkilatlarla
təmaslar davam etdiriləcək.
İl ərzində Azərbaycan
Respublikasının müxtəlif dövlətlərlə hərbi-siyasi,
təhlükəsizlik, müdafiə və hərbi-texniki sahələrdə
əməkdaşlığının inkişaf
etdirilməsi üzrə müvafiq işlər
görülüb. Azərbaycanın
digər ölkələrlə hərbi-texniki əməkdaşlığının
möhkəmləndirilməsi və ölkəmizin hərbi sənayesinin
imkanlarının yerli və beynəlxalq
səviyyədə nümayiş etdirilməsi
məqsədilə Bakıda Beynəlxalq
müdafiə sənayesi - “ADEX 2014" sərgisinin
keçirilməsinə töhfə verilib.
2014-cü
il ərzində Azərbaycanın xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin
inkişaf etdirilməsi məqsədilə
18 birgə hökumətlərarası iqtisadi
komissiyanın və 2 işçi qrupun iclası keçirilib.
İclaslarda Azərbaycanın bu ölkələrlə ticarət-iqtisadi, sənaye,
enerji, nəqliyyat, informasiya
və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənayesi, turizm və
elmi-texniki sahələrdə əməkdaşlığın
genişləndirilməsi məqsədilə konkret
razılaşmalar əldə olunub və
gələcək əməkdaşlıq istiqamətləri
müəyyən edilib.
İl ərzində Azərbaycan regional və qlobal təşkilatlar
çərçivəsində fəaliyyətini davam etdirib.
Xarici İşlər naziri
Elmar Məmmədyarov BMT Baş
Məclisinin 69-cu sessiyasının ümumi
müzakirələr hissəsində çıxış edib. BMT Baş
Məclisinin 68-ci və 69-cu sessiyaları çərçivəsində
Azərbaycan əsas komitələrdə müzakirə edilən
məsələlər, o cümlədən
komitə və plenar sessiyalarda
səsverməyə çıxarılmış qətnamə
layihələrinin qəbulu prosesində fəal iştirak edib. Baş Məclisin 69-cu sessiyasında Azərbaycan
tərəfindən irəli sürülmüş
“İtkin düşmüş
şəxslər” adlı qətnamə yekdilliklə qəbul
edilib.
Azərbaycanın
multikulturalizm, dinlər və mədəniyyətlərarası
tolerantlıq və dialoq nümunəsi olaraq əldə etdiyi
nailiyyətlərin beynəlxalq səviyyədə təbliği
istiqamətində BMT-nin Sivilizasiyalar
Alyansı ilə qarşılıqlı faydalı əməkdaşlıq
uğurla inkişaf etdirilib.
Alyansın Dünya Forumu
zamanı Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi ilə Alyans arasında birgə əməkdaşlıq
haqqında Fəaliyyət Planı imzalanıb və onun 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda
keçirilməsi razılaşdırılıb.
Azərbaycan 2001-ci ildə
Avropa Şurasına üzv
olduqdan sonra ilk dəfə 2014-cü il
mayın 14-dən altı aylıq dövr
üçün təşkilatın
Nazirlər Komitəsində sədrlik edib.
Bu uğurlu sədrlik dövründə Azərbaycan
Avropa Şurasının fəaliyyətinin
əsas sütunlarını təşkil edən insan hüquqları, qanunun
aliliyi və demokratiyanın
inkişafı istiqamətində mühüm
səylər göstərib, üzv
ölkələr və qurumun müxtəlif
təsisatları ilə qarşılıqlı anlaşma şəraitində
çalışıb.
Azərbaycanın
sədrliyinin prioritetləri Avropa
Şurasının gündəliyində duran
aktual məsələlər, üzv dövlətlərin üzləşdikləri
təhdidlər, ölkəmizin müsbət təcrübəsi
və fərqli üstünlükləri nəzərə
alınmaqla korrupsiyaya qarşı
mübarizə, mədəniyyətlər və dinlərarası dialoq,
sosial həmrəylik və sosial davamlılıq, gənclərin hüquqi maarifləndirilməsi kimi sahələr üzrə müəyyən
edilib. Bu prioritetlərin
dəstəklənməsi məqsədilə Azərbaycanda 18
mühüm beynəlxalq tədbir keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev
Avropa Şurası Parlament
Assambleyasının iyun sessiyasında
çıxış edib. Xarici
işlər naziri Elmar
Məmmədyarov Avropa Şurası Nazirlər
Komitəsinin sədri qismində AŞPA-nın iyun və oktyabr
sessiyaları zamanı Nazirlər Komitəsinin fəaliyyətinə
dair hesabatlar təqdim
edib.
Sədrlik müddətində
Azərbaycan Avropa Şurası ilə digər
beynəlxalq təşkilatlar arasında əməkdaşlıq
və tərəfdaşlığın daha
da güclənməsinə töhfə verib.
Bərabərhüquqlu
və qarşılıqlı maraqlara əsaslanan
əməkdaşlıq prinsiplərinin təşviqi ölkəmizin
Avropa İttifaqı ilə münasibətlərinin
özəyini təşkil edir. Azərbaycan
ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji
tərəfdaşlığın inkişafı davam etdirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi
və readmissiya haqqında sazişin
qüvvəyə minməsi işgüzar
dairələr arasında əlaqələrin
artırılması, turizmin genişləndirilməsi,
xüsusən elm, təhsil və tədqiqat
sahələrində çalışan Azərbaycan vətəndaşlarının ittifaq ölkələrinə səfərinin
asanlaşdırılmasına xidmət edəcək. Azərbaycanın
Avropa İttifaqı proqramlarında
iştirakına dair imzalanmış Protokol müvafiq dövlət
qurumlarında kadr potensialının
gücləndirilməsi, iqtisadi, mədəni
və humanitar sahələrdə təcrübə
mübadiləsinə şərait yaradır.
Avropanın
enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın özünü
etibarlı tərəfdaş kimi təsdiq
etməsi, eləcə də bir çox üzv dövlətlərlə
Azərbaycanın strateji tərəfdaşlıq
əlaqələri ölkəmizin bu təşkilatla
əməkdaşlığının strateji
ruhda köklənməsini
zəruri edir.
ATƏT ilə əməkdaşlıq
çərçivəsində ilk dəfə
olaraq, ATƏT Parlament
Assambleyasının illik sessiyası
Bakıda keçirilib.
İl ərzində Azərbaycan ilə NATO
arasında tərəfdaşlıq uğurla
davam etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də NATO-nun mənzil qərargahına, sentyabrın
4-5-də isə Alyansın dövlət
və hökumət başçılarının Zirvə
toplantısında iştirak etmək məqsədilə
Böyük Britaniya və
Şimali İrlandiya
Birləşmiş Krallığına səfər edib.
Azərbaycan
“Sülh naminə tərəfdaşlıq”
Proqramının 20 illiyinə həsr olunmuş
yüksək səviyyəli konfrans, NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarı, NATO-nun
Nəqliyyat Qrupunun daxili
yerüstü nəqliyyat istiqaməti
üzrə seminarı və iki işçi qrupunun
iclası kimi müxtəlif tədbirlərə
ev sahibliyi edib.
Azərbaycan
NATO-nun rəhbərliyi ilə
Əfqanıstanda aparılan ISAF əməliyyatına töhfəsini
davam etdirərək, Əfqanıstana siyasi, hərbi, maddi-texniki
dəstəklə yanaşı, hava və
quru tranziti, habelə
müxtəlif təlimlər, humanitar, mina təmizləmə, təhsil və kadr hazırlığı sahələrində
də töhfələr verib.
İl ərzində UNESCO ilə hərtərəfli
əməkdaşlıq davam etdirilib. Azərbaycan-UNESCO
münasibətlərinin inkişaf etdirilməsi,
mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması
və gələcək nəsillərə ötürülməsində
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir.
TÜRKSOY-a üzv ölkələrin
UNESCO üzrə Milli komissiya
və komitələrinin Bakıda keçirilmiş
iclası zamanı tədbirə sədrlik, o
cümlədən Milli komissiyaların işinin əlaqələndirilməsi
funksiyası növbəti iclasa qədər
Azərbaycana keçib.
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin sessiyasında “Ənənəvi kəlağayı
sənəti və simvolizmi, qadın ipək
baş örtüklərinin hazırlanması
və istifadə olunması” nominasiyası UNESCO-nun
Qeyri-Maddi Mədəni İrs
üzrə Reprezentativ Siyahısına daxil edilib. Eyni zamanda,
sessiyada Ermənistan tərəfindən
lavaşın “erməni çörəyi” kimi
qəbul edilməsinin qarşısı alınıb.
İƏT çərçivəsində
İslam ölkələri ilə siyasi, iqtisadi-ticarət və humanitar
əlaqələrin inkişafı diqqət mərkəzində
olub. Bakıda İƏT-ə üzv dövlətlərin inkişafında
qadınların rolu mövzusunda
Nazirlər Konfransı keçirilib və
yekunda Bakı Bəyannaməsi qəbul olunub.
Ötən
il ölkəmizin Ərəb Dövlətləri
Liqası ilə əlaqələrinin inkişafı
baxımından da səmərəli olub. “Ərəb Dövlətləri Liqası
- Mərkəzi Asiya və Azərbaycan
Respublikası arasında Əməkdaşlıq Memorandumu” imzalanıb.
Qoşulmama Hərəkatına üzv
olduğu qısa müddətdə Azərbaycan
bu qurumun siyasi məsləhətləşmələr
və praktiki əməkdaşlıq
imkanlarından geniş istifadə edir.
Azərbaycan Prezidenti İlham Əliyev
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) Zirvə
görüşündə iştirak edib. TDƏŞ-in yeni baş katibi vəzifəsinə
Azərbaycanın nümayəndəsi təyin edilib.
İl ərzində Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)
Şurasına və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
(QDİƏT) Parlament Assambleyasının
baş katibi vəzifəsinə
namizədliyinin dəstəklənməsi istiqamətində görülmüş işlərin nəticəsi
olaraq, ölkəmiz dörd
il müddətinə Şərqi Avropa və
Şimali Asiya regionundan BTİ Şurasına üzv,
Azərbaycan tərəfindən irəli sürülmüş
namizəd isə QDİƏT Parlament
Assambleyasının baş katibi vəzifəsinə seçilib.
“Transsərhəd
kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
üzrə Konvensiya”ya
(Espoo Konvensiyası) tərəfdar
dövlətlərin Cenevrə görüşündə Ermənistan
ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistanın
Espoo Konvensiyası üzrə öhdəliyini
pozduğuna dair qərar
qəbul edilib və konvensiyanın icra edilməsi komitəsinə
məsələnin nəzarətdə saxlanılması, eləcə
də aidiyyəti üzrə monitorinq
edilməsi barədə mandat verilib. Digər tərəfdən,
Azərbaycanda həyata keçirilən neft,
qaz layihələrinin icrası zamanı ətraf
mühitə ziyanın vurulması ilə bağlı Ermənistan
tərəfindən Azərbaycana qarşı
qaldırılmış iddia əsassız
hesab edilərək, Azərbaycan tərəfinin
öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə yekun qərar qəbul edilib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı,
BMT-nin Ticarət və İnkişaf
üzrə Konfransı, Ümumdünya Gömrük Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı, Beynəlxalq Bərpa Olunan
Enerji Agentliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı
və digər beynəlxalq
təşkilatlarla fəal əməkdaşlıq davam etdirilib.
Azərbaycan beynəlxalq
sülh və təhlükəsizlik,
terrorizmə qarşı mübarizə, tərksilah və
yayılmama, ətraf mühit, davamlı inkişaf kimi qlobal məsələlərin müzakirəsində
yaxından iştirak edib
və öz töhfəsini verib.
Haaqada 53 ölkənin dövlət və
hökumət başçısının iştirakı ilə
növbəti Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Tədbirdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak
edib.
İl ərzində Bakıda dövlət sərhədlərinin
delimitasiya və demarkasiyası üzrə
Azərbaycan-Rusiya Birgə Demarkasiya
Komissiyasının ikinci iclası, Moskvada Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının ekspert
qruplarının ikinci görüşü
və Həştərxanda Xəzəryanı ölkələrin
Dövlət Başçılarının Zirvə
Toplantısı keçirilib, bu çərçivədə
bir sıra sənədlər imzalanıb
və müəyyən məsələlər üzrə
razılıqlar əldə olunub.
Xarici İşlər Nazirliyinin
Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə davamlı inkişafa xidmət edən beynəlxalq humanitar layihələr həyata keçirilib. “Qarşısı
alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə
mübarizə” kampaniyası çərçivəsində il ərzində Mali, Niger, Çad, Benin, Burkina Faso, Kamerun və Cibutidə
on minlərlə insan
ödənişsiz əsasda göz
müayinəsi edilib, görmə qabiliyyətini
qismən və ya tamamilə itirmiş 3000-dən çox
şəxsin görmə qabiliyyəti bərpa edilib.
AIDA tərəfindən
BMT-nin Fələstinli Qaçqınlara
Yardım və İş üzrə
Yaxın Şərq Agentliyi vasitəsilə
Qəzzəyə, təbii fəlakətlərin fəsadlarının
aradan qaldırılması məqsədilə
Sent Vinsent və
Qrenadinə, Filippinə və Pakistana
yardımlar göstərilib.
İl ərzində ictimai diplomatiya sahəsində fəaliyyət davam etdirilərək, Azərbaycanın daxili və xarici siyasəti,
Ermənistanın ölkəmizə qarşı
işğalçılıq siyasəti və onun
nəticələri, Xocalı soyqırımı, Azərbaycanın tarixi,
mədəniyyəti və müasir
dövrdə sosial-iqtisadi inkişafı
haqqında məlumatın
dünya ictimaiyyətinə
çatdırılması təmin edilib.
Yerli və xarici kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq
edilib, KİV-lərin sualları operativ qaydada
cavablandırılıb. Ölkəmizin daxili
və xarici siyasətinə və beynəlxalq
mövzulara aid məsələlərə
operativ münasibət və mövqe bildirilib. Azərbaycana qarşı olan əlaqələndirilmiş qarayaxma kampaniyalarının
qarşısının alınması istiqamətində tədbirlər
görülüb. Xarici
İşlər Nazirliyinin və diplomatik nümayəndələrin sosial şəbəkələrdə fəaliyyəti
daha da
artırılıb.
2014-cü il ADA Universiteti üçün
transformasiya ili olub. Azərbaycan Prezidentinin sərəncamı
ilə ADA Xarici İşlər Nazirliyinin
nəzdində fəaliyyət
göstərən universitetə
çevrilib. ADA-nın tələbələrinin
sayı 1300 nəfərə
çatıb ki, onların da 23 nəfəri Prezident təqaüdçüsüdür. Hazırda Azərbaycan hökumətinin
təqaüdü hesabına
32 xarici ölkədən
62 tələbə ADA-da
təhsil alır.
Xarici
İşlər Nazirliyinin
əməkdaşlarının peşəkarlığını artırmaq üçün
ADA Universiteti nəzdində
müxtəlif səviyyəli
ixtisasartırma kursları
təşkil olunub. Xarici İşlər Nazirliyinin
əməkdaşlarının xarici ölkələrdə
bir sıra ixtisasartırma və xarici dil kurslarında
iştirakı təmin
edilib.
İl
ərzində xarici siyasətin vacib istiqamətlərindən biri
kimi xarici ölkələrdə yaşayan
Azərbaycan vətəndaşlarının
hüquqlarının müdafiəsi
və onlara göstərilən konsul xidmətinin səmərəliliyi
və intensivliyinin artırılması məsələləri
diqqət mərkəzində
olub.
Azərbaycanda turizmin
inkişafı ilə
əlaqədar ölkəmizə
səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə
vizaların rəsmiləşdirilməsi
işinin daha yüksək səviyyədə
təşkili məqsədi
ilə “Giriş-çıxış
və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış
məlumat-axtarış sistemində
mövcud proqram təminatının təkmilləşdirilməsi,
bu sahədə müfəssəl statistik
təhlillərin aparılması,
Azərbaycanın xarici
ölkələrdəki diplomatik
nümayəndəlikləri ilə Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsinin təkmilləşdirməsi
üçün “Azerspace-1" telekommunikasiya peyki vasitəsilə səfirlik
və konsulluqların
peyk rabitəsi ilə təchiz edilməsi üzrə ardıcıl tədbirlər
görülür.
Sloveniya,
Peru və İsrail ilə xidməti pasportlara malik vətəndaşların vizasız
gediş-gəlişi haqqında
ikitərəfli sazişlər
qüvvəyə minib.
Azərbaycan
vətəndaşlarının sorğu və sualları və müraciətlərinin operativ
şəkildə cavablandırılması
təmin edilib.
Xalq qəzeti.- 2015.- 17 yanvar.- S.3.