Tariximizin qanlı
və şanlı səhifəsi
Otuz illik pedaqoji fəaliyyətimin 25
ilini respublikamızın qocaman təhsil ocaqlarından biri olan
Nəsimi rayonu İlqar Əbilhəsənov adına
42 nömrəli tam orta məktəbin şagirdlərinin təlim-tərbiyəsinə
həsr etmişəm və bu gün də həmin vəzifəni
yerinə yetirirəm.
Qəribədir, təsadüfdürmü, yoxsa qismətim
belə imiş, mənim bu məktəbə işə
düzəlməyim 1990-cu ilin yanvar ayında baş tutdu. Qanlı Yanvarın fəlakət
dalğası nə ailəmdən, nə də məktəbimdən
yan keçdi:
Qayınatam,
sözün əsl mənasında, mərd insan,
respublikanın say-seçmə ziyalılarından biri
İzzət müəllim şəhid oldu o
müdhiş gecədə. Məktəbimizin məzunu
İlqar Əbilhəsənov və 8-ci sinif şagirdi Nəriman
Hüseynov da həmin gün qanlı faciənin qurbanları
oldular. Məktəbimizin ağsaqqal müəllimi
Allahverdi Sadıqovun gənc alim oğlu Yusifin yalnız sağ
qolu tapıldı o dəhşətli hadisədə.
Məktəbimiz fəaliyyətə
başladığı gündən bəri yetirdiyi
çoxsaylı məzunları ilə nəinki Bakıda, o
cümlədən respublikamızda tanınmış təhsil
müəssisələrindən biridir.
Bu məktəb öz dəyərli ənənələri,
cəsarətli, vətənpərvər məzunları ilə
həmişə nümunə göstərilib.
Azadlıq hərəkatının vüsət
aldığı illərdə məktəbimizin ləyaqətli
müəllimləri də şagirdləri müstəqillik
ruhunda tərbiyə edir, azadlıq eşqi ilə
alışıb-yanan ürəklərə təpər
verirdilər. Məhz elə buna görə də gənclər
qorxu bilmədən sovet tanklarının qarşısına əliyalın
çıxaraq
imperiya cəlladlarına, gözlərini qan
örtmüş canilərə meydan oxudular.
Belə qorxu bilməyən gənclərdən biri milis
serjantı İlqar Yusif oğlu Əbilhəsəsnov idi. İlqar
1984-cü ildə məktəbimizi bitirərək Azərbaycan
Xalq Təsərrüffatı İnstitutuna daxil olmuşdu.
1987-ci ildə sovet ordusunun sıralarında hərbi
xidmətdən qayıtdıqdan sonra Yasamal Rayon
(keçmiş Oktyabr) Daxili İşlər İdarəsində
fəaliyyətə başlamışdı. Qanlı Yanvar gecəsində növbədə olan
sovet milisi sovet əsgərləri tərəfindən vəhşicəsinə
qətlə yetirildi. Beş saatlıq cərrahiyyə
əməliyyatı əvvəl şam
işığında, sonra isə qəzet yandırmaqla
aparıldı. Həkimlərin səyinə
baxmayaraq, İlqarı xilas etmək mümkün olmadı.
Qəlbi həyat eşqi ilə
çırpınan 23 yaşlı İlqar canından
çox sevdiyi Vətən torpağına qovuşdu. Məktəbimiz 25 ildir ki, azadlıq fədaisi
İlqar Əbilhəsənovun adını daşıyır.
Qanlı 20 Yanvar xalqımıza çox böyük
acılar yaşatsa da, bizim qürur tariximiz,
öyüncümüz, fəxarətimizdir. Şəhidlər ürəklərimizin
ağrısı, gözlərimizin qurumayan yaşı, eyni zamanda,
azadlıq uğrunda mübarizəmizin şərəfli
bayraqdarlarıdır. O dəhşətli gecədə
tankların, ağır zirehli texnikanın
tırtılları altında qalıb şəhid olanlardan
biri də məktəbimizin 8-ci sinif şagirdi Nəriman
Hüseynov oldu. Tale elə gətirib ki, ana babasının
adını daşıyan Nərimanın doğum
günü də yanvar ayında idi. Bu ay həmin qanlı faciədən
15 il əvvəl Hüseynovların
kasıb komasına sevinc bəxş etsə də, 1990-cı
ilin yanvarı ağır faciə gətirdi. Anası
İntizar xanım ruhi xəstə olduğundan oğlunun
ölümünün ağrısını da
lazımınca çəkə bilmədi. Faciə dərdli
Vəli atanın qəddini bir az da əydi.
Nəriman müəllimlərinin sevimli
şagirdi, sinif yoldaşlarının etibarlı dostu idi.
Nərimanın ata
evi uca olmasa da, son mənzili hamının
başı üzərindəki ən yüksək nöqtədə
– Şəhidlər xiyabanındadır. Nərimanın
anası ağlaya bilməsə də, onu bütün Azərbaycan
xalqı ağladı. Məzarı üzərinə
anası al qərənfillər gətirə bilməsə də,
elimiz həmişə tər qərənfillərə
bürüdü Nərimanın sinə daşını.
Qarabağ şəhidlərinin övladları da təhsil
alıb məktəbimizdə. Şəhid Əvəz Rəhimovun
və Razi Balayevin övladları Elvin və Namiqin ilk müəllimləri
olmağımla fəxr edirəm.
Qarabağ savaşının könüllü əsgərləri
Mehdiyev Firudin Sovet oğlu və Kazımov Elxan Buta oğlu da məktəbimizin
məzunları olublar.
Firudin
Mehdiyev 20 Yanvar şəhidi İlqar Əbilhəsənovla
bir sinifdə oxumuşdu. Azərbaycan İnşaat Mühəndisləri
İnstitutuna daxil olan Firudin II kursda ikən Stavropolda
aviasiya bölməsində əsgəri borcunu yerinə
yetirmişdi. Əsgəri xidmətini başa vuran Firudin ali təhsilini davam etdirərək
inşaatçı-mühəndis oldu.
Məktəb dostunun ağır itkisi, 20 Yanvar şəhidlərinin
acısı bu mərd oğlanı rahat buraxmadı. 1992-ci ilin fevralında Azərbaycan
Milli Ordusu sıralarına könüllü daxil olan Firudin Füzuli
rayonunun Axullu, Qoçəhmədli, Cuvarlı kəndləri
uğrunda gedən qanlı döyüşlərdə
şücaət göstərdi.
Cəsur vətən oğlu Firudin Mehdiyev 1992-ci ilin iyun
ayında Füzuli uğrunda gedən döyüşlərdə
mühasirəyə düşərək qəhrəmancasına
həlak oldu.
Bakıda
limançı kimi tanınan Buta Kazımovun ailəsində dünyaya
göz açan Elxan da məktəbimizin yetirməsidir. 1982-ci ildə Gürcüstanda sovet ordusunda xidmət
keçən Elxan Kazımov Odessa Dəniz Donanması Mühəndisləri
İnstitutunu bitirmişdi.
1993-cü ildə Milli Orduya könüllü yazılan
bu cəsur oğlanın döyüş yolu Kəlbəcər,
Murov və Goranboydan keçmişdir. 1994-cü ilin 13
iyulunda Elxan Buta oğlu Kazımov döyüş
tapşırığını yerinə yetirərkən həlak
olmuşdur. Hazırda Xəzər
Donanmasının gəmilərindən biri Elxan Kazımovun
şərəfli adını daşıyır.
Bakımızın baş tacı, ən yüksək
zirvəsi olan Şəhidlər xiyabanı qoynuna
aldığı övladlarını hüznlə qoruyur. 20 Yanvar faciəsində
təməli qoyulan bu ziyarətgah and yerimizdir. Vəhşi sovet hərb maşınının
heç kimə məhəl qoymadan törətdiyi cinayətin
həddi-hüdudu yoxdur. Dünyanın
heç bir yerində görünməyən bir vəhşiliklə
qocaya, cavana, qadına, uşağa, hətta şikəst, zəlil
insanlara və təcili yardım həkiminə belə
güllələr yağdırıldı o gecə.
Bəli, o gecə mənim doğma ailəmdən də
yan keçmədi. Ailəmizin başçısı, istəkli
qaynatam İzzət Həmidov da qanlı faciənin
günahsız qurbanı oldu. Sovet partiya aparatında məsul
vəsifələrdə çalışan bu məğrur
şəxsiyyət son dəqiqəyədək sovet əsgərinə
güvənirdi. “Arxadan aldığı zərbə”
yaman sarsıtmışdı İzzət müəllimi.
Son nəfəsində “Başınızı
uca tutun. Bu gündə ölmək şərəflidir!”
deməklə bizə təsəlli verdi,
özünə isə möhtəşəm abidə qoydu.
Şəhidlər xiyabanında uyuyan İzzət müəllim
bilmirdi ki, 5 il sonra gözünün ilki, polis mayoru Faiq, gəlini
Aidə, nəvələri Esmira və Ayçin də şəhid
olacaqlar. Bəli, taleyinə şəhidlik yazılmış
Həmidovlar ailəsi 1995-ci ilin 28 oktyabr Bakı metrosundakı
terror hadisəsi zamanı daha 4 şəhid verdi
Vətən torpağına. İndi ailəmizdə
onun qanadları — Fərid, Azər, İzzət, Məhəmməd
və balaca Əminə pərvazlanıblar.
Vaxt gələcək
İzzət
müəllimin nəticəsi Əminə də məktəbə
gedəcək və sinif yoldaşları ilə Şəhidlər
xiyabanını ziyarət edərkən deyəcək:
Dünya
sanki nağıldı,
Mənim bir babam vardı.
Qəfil
namərd gülləsi
Onu bizdən
ayırdı,
Ziyarətə
gəlmişəm
Sinif
yoldaşlarımla
Dur salamla
bizləri,
Qalx, mənim
İzzət babam,
Elimə
şöhrət babam,
Gör
bir necə böyüyüb,
Körpə
Əminə balan...
Xatirə HƏMİDOVA,
Nəsimi rayonu İlqar Əbilhəsənov
adına
42 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi
Xalq qəzeti.-
2015.- 17 yanvar.- S.6.