AzTV-də xalq musiqisi
ifaçılarının
“səlahiyyətli
nümayəndəsi”
Muğam sənətindən, onun quruluş və tərkibindən, qəzəl dünyasından sadəcə söz açmaq bir o qədər də çətin deyil. Onu sevmək, başa düşmək, qoruyub gələcək nəsillərə çatdırılması üçün əlindən gələni əsirgəməmək, gördüyü işdən aldığı zövqü heç nəyə dəyişməmək kimi yüksək keyfiyyətlər yalnız sənət fədailərinə məxsusdur.
Ömrünün 42 ilini milli musiqimizin təbliğinə
həsr etmiş sənət fədailərindən
biri də “Azərbaycan Televiziya
və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyəti Musiqi və əyləncəli
proqramlar redaksiyasının böyük redaktoru əməkdar
incəsənət xadimi Çingiz
Qurban oğlu Abbasovdur. Bu günlərdə Çingiz
Abbasovun anadan
olmasının 65 ili tamam
olur. Sənət aləmində az adam tapılar ki, onu tanımasın. Çox vaxt onu xalq musiqisinin
canlı ensiklopediya adlandırırlar. Bu da səbəbsiz deyil. Neçə-neçə ustad xanəndələrimizin unudulmamasına,
onların yaradıcılıq yollarına işıq
salınmasına, gənc istedadların ərsəyə
çatmasına vəsilə olub. KİV
nümayəndələri hər hansı bir
muğam ustadı, eləcə də müasir musiqi
ifaçıları haqqında yazı hazırlayarkən
mütləq onunla görüşür,
dəyərli məsləhətlərindən faydalanırlar.
Ömrünü xalq musiqisinin
təbliğinə həsr edənləri xalq
heç vaxt yaddan çıxarmır. İllər
ötdükcə bu qəbildən olan insanların zəhmətini xalq dəyərləndirməklə onlara layiq olduğu
qiyməti verir. Bəzən bu fədakar insanların əməyi arxa planda qalır. Diqqəti
çəkən ilk növbədə musiqi ifaçıları olur.
Lakin milli musiqimizə,
muğama, qədim el
havacatına ekran həyatı verən daim axtarışlar aparan
insanları da yaddan
çıxarmaq olmaz.
Ad günü keçmişi xatırlamaq deməkdir. Biz də bu ənənəyə
sadiq qalaraq Çingizin keçdiyi
çoxşaxəli yaradıcılıq yolundan
söz açmağa
çalışacağıq.
Ölkəmizin
mədəni həyatında baş verən
əksər tədbirlərdə, xüsusən də
xalqımız tərəfindən böyük
rəğbətlə qarşılanan və sevilən muğam televiziya
müsabiqələrində, beynəlxalq muğam
festivallarında onu tez-tez
görmək olur. Respublikanın bir çox populyar xanəndə
və musiqi ifaçıları ilə dostluq və yaradıcılıq əlaqələri
var. Bu da
səbəbəsiz deyil. Bəlkə
də, çoxları bilmir ki, o, Xalq
artistləri Xan Şuşinski,
Şövkət Ələkbərova, Rübabə Muradova, İslam Rzayev, Arif Babayev,
Canəli Əkbərov kimi tanınıb sevilmiş xanəndələrlə birgə
neçə-neçə gözdən, könüldən uzaq düşmüş, az qala unudulmaqda
olan sənətkarlar haqqında ekran və efirdə gedən silsilə
verilişlərin müəllifidir.
1950-ci il
yanvar ayının 24-də Zərdab rayonunda ziyalı ailəsində dünyaya göz açan Çingiz Abbasov erkən yaşlarında musiqiyə maraq göstərmişdir.
Atası Qurban kişi rayonun sayılıb-seçilən
ağsaqqallarından olub. Respublikanın
bir çox
tanınmış xanəndə və musiqi
ifaçılarından Xalq artistləri Habil Əliyev, Əbülfət Əliyev, İslam Rzayev, Əlibaba Məmmədov,
Arif Babayev, Canəli
Əkbərov və digərləri Qurban kişinin evinin
qonağı olmuş onunla
dostluq əlaqələri
saxlamışlar. Bəlkə, bu səbəbdən
də Çingiz xalq
musiqisinə bu qədər maraq və həvəs göstərmiş, ömrünü bu sənətə
həsr etmişdir.
Çingiz Abbasovun fədakar əməyi
dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir.
Azərbaycan Televiziya və Radiosunun inkişafındakı xidmətlərinə
görə möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin sərəncamı
ilə o, 2006-cı ildə “Tərəqqi”
medalına, 2011-ci ildə isə “Əməkdar incəsənət
xadimi” fəxri adına layiq
görülmüşdür. Bu əlamətdar
günlə bağlı sənət dostlarından -
Respublikanın xalq artistləri Habil Əliyev, Arif Babayev, Mənsum İbrahimov,
əməkdar artist Razi
Şükürov və digərləri onu təbrik edərək bu
yolda daha böyük nailiyyətlər
arzulamışlar. Xalq artisti Canəli Əkbərov isə Çingizi AzTV-də xalq musiqi ifaçılarının “səlahiyyətli
səfiri” adlandırmışdır.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2015.- 17 yanvar.- S.7.