20 Yanvar
şəhidlərinin
xatirəsi ehtiramla yad edilir
Nərimanov
Nərimanov Rayon İcra Hakimiyyətində
yanvar faciəsinin ildönümü
qeyd olundu. Dünən
Nərimanov Rayon İcra
Hakimiyyətində rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin
ailələri və əlillərlə görüş
keçirildi.
Öncə Azərbaycanın
müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş
qəhrəman vətən övladlarının əziz xatirəsi
bir dəqiqəlik sükutla
yad edildi.
Rayon icra hakimiyyəti
başçısının birinci müavini Şahmar İbadov 1990-cı ilin
yanvarın 19-dan 20-nə keçən gecə sovet
imperiyasının qoşun birləşmələrinin
Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi
cinayətlərdən danışaraq bildirdi
ki, 20 Yanvar faciəsi
xalqımızın milli azadlıq ruhuna qarşı yönəldilmiş təcavüz
aktı kimi tarixə düşsə də,
həmin gün, eyni zamanda, soydaşlarımızın
yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuşdur.
Belə ki, qanlı yanvar
gecəsi Azərbaycan xalqı özünün
yenilməzliyini, qəhrəmanlığını, Vətənə,
torpağa sədaqətini, müstəqillik
və azadlıq uğrunda mübarizə əzmini
bütün dünyaya
bəyan etdi.
Natiq qeyd etdi
ki, baş vermiş qanlı olaylardan
dərhal sonra xalqımızın ümummilli lideri Heydər
Əliyev Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, bu
qanlı aksiyaya kəskin etirazını bildirmişdir. Ulu öndərin 20 Yanvar hadisəsinə
hüquqi-siyasi qiymət verilməsində
əvəzsiz rol oynadığını
diqqətə çatdıran natiq bildirdi ki, ümummilli
liderimiz müstəqil Azərbaycana rəhbərlik
etdiyi illərdə 20 Yanvar
faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər
zaman diqqət mərkəzində
saxlamışdır. Hazırda şəhid ailələrinin,
eləcə də qanlı yanvar hadisələri
zamanı əlil olmuş şəxslərin
dövlətimizin hərtərəfli qayğısı ilə
əhatə olunduğunu vurğulayan
Ş. İbadov onu da dedi ki,
ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham
Əliyev Azərbaycanın müstəqilliyi uğrunda
həlak olmuş şəhidlərimizin
ailələrinə və sağlamlıqlarını itirmiş şəxslərə verilən təqaüd
və müavinətləri daim
artırır.
Tədbirdə
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz
Tağıyev, Ağsaqqallar
Şurasının sədri Miri Həsənov
və digərləri
çıxış edərək bildirdilər ki, Azərbaycan xalqı heç
zaman bu hərbi cinayəti
unutmayacaq, onu törədənləri
bağışlamayacaqdır.
Azərbaycanın ərazi bütövlüyü
və müstəqilliyi uğrunda şəhid
olmuş qəhrəman
övladlarımızın əziz xatirəsi həmişə
uca tutulacaq.
Şəhid
ailələrinin üzvləri və əlillər adından
çıxış edən 20 Yanvar Fondunun rayon şöbəsinin
sədri Müxəstə Həsənova bu dəhşətli
qətliamı törədən keçmiş
imperiya rəhbərlərinin məkrli
niyyətlərindən danışaraq, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət vertən ümummilli liderimiz,
müstəqil Azərbaycan dövlətinin qurucusu
Heydər Əliyevin şəhid ailələrinə və əlillərə
göstərdiyi diqqət və qayğını minnətdarlıqla
xatırlatdı, bu siyasəti davam etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə
dərin minnətdarlığını bildirdi.
Tədbirin sonunda 20 Yanvar faciəsi
zamanı şəhid olanların ailələrinə və əlillərə
rayon icra hakimiyyəti
tərəfindən maddi yardım göstərildi.
Suraxanı
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı
ilə rayondakı Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıq
tariximizin 20 Yanvar səhifəsi” adlı ümumrayon tədbiri
keçirilib. Mərasimdə icra hakimiyyəti başçısı
aparatının məsul işçiləri, sənaye, təhsil,
səhiyyə müəssisələrinin rəhbərləri,
ictimai təşkilatların nümayəndələri
iştirak ediblər.
Tədbir
iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş
rəsm müsabiqəsinin qaliblərinin əl işlərindən
təşkil olunmuş sərgiyə
baxıblar.
Mərasim Azərbaycan
Respublikasının dövlət himninin səslənməsi
ilə başlayıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edildikdən sonra
isə 20 Yanvar qətliamı haqqında film nümayiş etdirilib.
Tədbirdə
çıxış edən rayon icra hakimiyyəti başçısının
müavini Sevinc Hüseynova bu hadisələrin
Azərbaycan xalqının tarixində faciəvi, eyni zamanda, şanlı səhifələrdən
birinə çevrildiyi və hadisələrdən
25 il ötsə də, faciə
qurbanlarının xatirəsinin heç vaxt unudulmadığını qeyd edib.
Natiq bildirib ki,
1990-cı il yanvarın 20-də Mixail Qorbaçov başda olmaqla cinayətkar
imperiya rəhbərliyinin, Əbdürrəhman
Vəzirovun və keçmiş sovet dövlətinin hərb
maşınının Azərbaycan xalqına qarşı həyata
keçirdiyi qətllər
insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən
biri kimi bəşər
tarixində qara səhifə olaraq qalacaq. Milli
azadlığı, ölkəsinin ərazi bütövlüyü
uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror
nəticəsində yüzlərlə günahsız
insanın qətlə yetirilməsi və yaralanmasının totalitar sovet rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya
bir daha nümayiş etdirdiyi qeyd olunub. Qətlə
yetirilənlər sırasında Azərbaycan, rus,
yəhudi, ləzgi millətlərinin nümayəndələrinin,
yetkinlik yaşına çatmayan
uşaqların, qadınların, qocaların, şikəstlərin
də olması diqqətə çatdırılıb.
Sevinc Hüseynova Azərbaycanın informasiya blokadasına alındığı vaxtlarda ümummilli lider Heydər Əliyevin o
zaman çox
ağır bir şəraitdə çəkinmədən
ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək
xalqımızın haqq səsini dünya ictimaiyyətinə
çatdırması, öz xalqı ilə
birlikdə olduğunu aşkar
şəkildə nümayiş etdirməsini minnətdarlıq hissi ilə xatırladıb. Bildirib ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət də yalnız ümummilli lider Heydər
Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə verilib,
faciənin günahkarlarının adları açıq
şəkildə bəyan edilib. Ulu öndər 20 Yanvar
şəhidlərinin xatirəsini daim əziz
tutub, onların adlarının əbədiləşdirilməsi
məqsədi ilə bir sıra fərman
və sərəncamlar imzalayıb, 20 Yanvar
ümumxalq hüzn günü elan olunub.
Tədbir boyu zaldakı ekranlarda bəşər
tarixinin dəhşətli cinayət hadisəsi
olan 20 Yanvar faciəsi
haqqında video-çarx nümayiş
olunub.
Sonda məktəblilərin
hazırladığı ədəbi-bədii kompazisiya
göstərilib.
* * *
“Azərenerji” ASC
Dünən “Azərenerji” ASC-də 20 Yanvar
faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar
“20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti
və ərazi bütövlüyü uğrunda mübarizənin
rəmzidir” mövzusunda keçirilən anım tədbiri
şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla
yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edənlər
xalqımızın həyatında və yaddaşında dərin
iz qoymuş, onun sonrakı taleyinə güclü təsir
göstərmiş hadisələr sırasında 1990-cı
ilin 20 yanvar tarixinin özünəməxsus yeri olduğunu, bu
hadisənin təkcə çoxsaylı insan tələfatına,
ölçüyəgəlməz mənəvi itkilərə
və maddi dağıntılara səbəb olmuş faciə
kimi deyil, həm də ölkəmizin azadlığı və
ərazi bütövlüyü uğrunda mübarizə
tarixinin şərəf və qəhrəmanlıq səhifəsi
kimi səciyyələndiriblər. Qeyd olunub ki, bu ictimai zorakılıq və
hərbi vəhşilik xalqımızın milli
oyanışını, onun azadlıq və
müstəqillik arzularını boğmağa
yönəlsə də, bir nəticə
verməmiş, əksinə milli
istiqlalın gerçəkləşdirilməsi uğrunda mücadiləyə misilsiz
təkan vermişdir.
Çıxış
edənlər Qanlı Yanvar hadisələrinə
də ilk dəfə hüquqi-siyasi
qiymətin ümummilli liderimiz
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra verildiyini, möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini,
ölkəmizin sürətlə
inkişaf etdiyini, ordumuzun gücləndiyini vurğulayıblar.
Tədbirin sonunda 20 Yanvar faciəsinə
həsr olunmuş film
nümayiş etdirilib.
Gəncə
20 Yanvar
faciəsinin 25-ci ildönümü
münasibəti ilə Gəncə Şəhər Səhiyyə
İdarəsində anım mərasimi keçirilib.
Tədbirdə həmin dəhşətli gecə
qurbanlarının xatirəsi bir dəqiqəlik
sükutla yad edildikdən
sonra qanlı hadisələr bir daha yada
salınıb.
Səhiyyə İdarəsinin
rəis müavini Akif
Zərbəliyev 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə Bakıda baş
verən hadisələrdən danışıb. Bildirib ki, Ermənistanın
təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən
insanlar Bakı küçələrinə
çıxaraq buna öz
qəti etirazlarını bildiriblər. Həmin faciəli
günlərdə öz ölkəsinin,
xalqının azadlığını, şərəf və
ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından
keçərək şəhidlik zirvəsinə ucalıblar.
Bu
hadisələrdə tibb işçilərinin
fədakarlığından danışan rəis müavini qeyd edib ki, 1990-cı ilin qanlı 20 yanvar gecəsində
güllə yağışına tuş
olan yaralıların harayına ən tez təcili tibbi yardım
stansiyalarının əməkdaşları
çatmışlar. Onlar öz həyatlarını
təhlükəyə ataraq,
yaralıları xəstəxanalara daşımış, bir çoxuna qan verərək həyatlarını xilas etmişlər.
Sonra çıxış edənlər həmin
gecə Azərbaycan xalqının birlik nümayiş etdirdiyini,
Bakı şəhərindəki bütün
təcili yardım stansiyaları əməkdaşlarının,
həkimlərin səfərbər olunduğunu
bildiriblər.
Biləsuvar
Ölkəmizin hər
yerində olduğu kimi,
Biləsuvarda da “Qanlı yanvar”
hadisələrinin 25-ci ildönümü
münasibətilə silsilə tədbirlər keçirilir. Rayon icra hakimiyyəti tərəfindən
tərtib olunmuş tədbirlər
planına uyğun olaraq
yanvarın 13-dən təhsil, səhiyyə, mədəniyyət
müəssisələrində, idarə və təşkilatlarda,
məscid və ziyarətgahlarda faciə ilə bağlı təşkil
edilən mərasimlərin gənclərin vətənpərvərlik
tərbiyəsində önəmi böyük
olub.
Heydər
Əliyev Mərkəzində və
Tarix-diyarşünaslıq muzeyində düzənlənən
tədbirlərdə icra hakimiyyəti
başçısının müavini Xəyalə
Qəmbərova 1990-cı ilin yanvar faciəsindən danışaraq bildirib ki, buna
ilk olaraq mənfi
münasibətini ümummilli liderimiz Heydər Əliyev bildirib. Hadisələrdən bir gün sonra
Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələn ulu
öndər heç nədən çəkinmədən
KİV nümayəndələri qarşısında faciəni
törədən şəxsləri kəskin pisləyib və
bunu insanlığa sığmayan vəhşilik
kimi dəyərləndirib. Dahi şəxsiyyət müstəqil
respublikamıza rəhbərlik etdiyi
sonrakı dövrdə də daim
çalışıb ki, dünya
miqyasında 20 Yanvar hadisələri
tanınsın. Məhz ümummilli liderin prinsipial mövqeyi sayəsində faciəyə siyasi
qiymət verilib. Tədbirdə qeyd olunub ki,
bu gün ölkəmizin
sürətli inkişafı və ordumuzun
güclənməsi müstəqilliyimizin dönməz xarakter daşıdığını göstərir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağın erməni
işğalından azad ediləcəyi gün də uzaqda deyil.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən
“Azadlığa gedən yollar” sənədli
filminin nümayişi
keçirilib.
YAP Biləsuvar rayon təşkilatında rayon
qadınları tərəfindən 20 Yanvar
şəhidləri ehtiramla
anılıb. Tədbir
iştirakçıları əvvəlcə şəhidlərin
xatirəsinə ucaldılmış abidə kompleksini
ziyarət edərək
önünə tər çiçəklər qoyublar. Tədbirdə qeyd
olunub ki, azadlıq
mücahidlərimizin ölməz xatirəsi daim
qəlblərdə yaşayacaq.
Tədbirdə rayon qadınlar şurasının sədri X.Ağayeva, YAP rayon təşkilatı
qadınlar şurasının sədri L.Yüzbaşova,
Əlil Qadınlar Cəmiyyətinin sədri F.Mahmudova
çıxış ediblər. Gənclər və idman idarəsinin təşkilatçılığı
ilə keçirilən şahmat üzrə
açıq rayon birinciliyi
20 Yanvar şəhidlərinin xatirəsinə
həsr olunub. Turnir
iki gün davam edib və
qaliblərə diplomlar,
mükafatlar verilib.
“20 Yanvar müstəqilliyimizin
şəhidlik zirvəsidir”
mövzusunda inşa
müsabiqəsində rayonun
26 məktəbindən 26 şagird
iştirak edib. Tədbirdə həmin faciəli
günlərdə xalqının
azadlığını, şərəf
və ləyaqətini
hər şeydən uca tutan 130 nəfərdən
yuxarı Vətən
övladının şəhidlik
zirvəsinə ucaldığı
və əbədi həyat qazandığı
vurğulanıb. Qeyd olunub
ki, onların arasında Biləsuvardan
Baba Xammədov və Əlimərdan Hüseynov
da var.
Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən videofilmə tamaşa etdikdən sonra inşalar yazılıb. Fərqlənənlərə fəxri fərmanlar
verilib.
Zaqatala
Bəşər
tarixinin insanlığa
qarşı törədilmiş
ən ağır cinayətlərindən biri
olan 20 Yanvar faciəsinin 25-ci ildönümü
ilə əlaqədar
Zaqatala rayonunda silsilə tədbirlər keçirilmişdir.
Zaqatala Rayon İcra
Hakimiyyətinin başçısı
Mübariz Əhmədzadə,
hüquq-mühafizə orqanlarının
rəhbərləri, şəhid
ailələrinin üzvləri
və rayon ictimaiyyətinin
nümayəndələri şəhər
qəbiristanlığında şəhidlərin məzarlarını
ziyarət etmiş, daha sonra şəhidlərin
xatirə kompleksinə
gələrək şəhidlərin
ölməz xatirəsini
ehtiramla yad etmiş, önünə gül-çiçək
düzmüşlər.
Daha
sonra rayon mədəniyyət
evində “20 Yanvar-xalqımızın
qəhrəmanlıq səlnaməsi”
mövzusunda elmi-praktik
konfrans keçirilmişdir. Tədbir iştirakçıları
20 Yanvar faciəsinə
həsr olunmuş “Qan yaddaşı” adlı rəsm sərgisinə baxış
keçirmiş, 20 Yanvar
faciəsində, eləcə
də Azərbaycan Respublikasının müstəqilliyi
və ərazi bütövlüyü uğrunda
mübarizədə şəhid
olanların xatirəsini
bir dəqiqəlik sükutla yad etmişlər. Sonra 20 Yanvar faciəsinə
həsr olunmuş sənədli film nümayiş
etdirilmişdir.
Konfransda
rayon icra hakimiyyətinin
başçısı Mübariz
Əhmədzadənin “20 Yanvar-
xalqımızın qəhrəmanlıq
səlnaməsi” mövzusunda
məruzəsi dinlənilmişdir. Məruzədə rayon rəhbəri
ümummilli liderimiz Heydər Əliyevin
1990-cı il yanvarın 21-də sovet imperiyasının bütün
qadağalarına baxmayaraq
Moskvadakı Azərbaycan
nümayəndəliyinə gələrək xalqımıza
qarşı törədilmiş
bu qanlı cinayətlərin təşkilatçılarını
və iştirakçılarını
pisləyərək bəyanat
verdiyini və bu bəyanatının xalqımızın haqq səsini müdafiə edən və onun köməksiz olmadığını bütün
dünyaya yayan cəsarətli bir addım olduğunu bildirmişdir.
Natiq qeyd etmişdir
ki, məhz ulu öndərimiz yenidən hakimiyyətə
qayıtdıqdan sonra
20 Yanvar hadisələrinə
hüquqi-siyasi qiymət
verilmiş, qanlı faciənin bütün dünyaya tanıdılması
üçün çox
iş görülmüşdür.
Məruzədə
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda
həlak olan şəhidlərin
adlarının əbədiləşdirilməsi, şəhid
ailələrinə diqqət və qayğının
artırılması sahəsində Azərbaycan
Respublikası Prezidenti İlham
Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmişdir.
20 Yanvar faciəsinin 25-ci ildönümü
ilə bağlı rayonun bütün
yaşayış məntəqələrində, təhsil, səhiyyə
və mədəniyyət ocaqlarında anım mərasimləri,
foto və rəsm sərgiləri təşkil
olunmuş, məktəblilər
arasında inşa müsabiqələri keçirilmişdir.
Rayon Olimpiya idman kompleksində 20 Yanvar
şəhidlərinin xatirəsinə həsr edilmiş
yeniyetmələr arasında cüdo idman növü üzrə
rayon birinciliyi keçirilmişdir.
Rayondakı bütün şəhid ailələrinə
yardımlar göstərilmiş, ehsan
süfrələri təşkil olunmuş
və şəhidlərin ruhuna dualar oxunmuşdur.
İsmayıllı
Həmişə
olduğu kimi bu dəfə də İsmayıllı Rayon İcra Hakimiyyətinin
hazırladığı tədbirlər planına əsasən
20 Yanvar faciəsinin 25-ci
ildönümünə həsr olunmuş
mərasimlər bütün idarə,
müəssisə və təşkilatları, inzibati ərazi dairələrini əhatə edirdi.
Dünən İsmayıllıda anım mərasimi Heydər
Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə
məktəbinin məşqələsi” formasında keçirilmişdir. Rayon
təhsil şöbəsi, gənclər və idman idarəsi və mədəniyyət və
turizm şöbəsinin birgə
keçirdikləri 20 Yanvar faciəsinə
həsr olunmuş inşa
yazı və rəsm müsabiqəsinin qalibləri də buraya dəvət olunmuşdular.
Şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra
tədbir iştirakçıları 20 Yanvara
həsr olunmuş qısa video-filmə
baxdılar. Məşğələdə
İsmayıllı Dövlət Humanitar və
Texnalogiya Kollecinin direktor əvəzi Sevda
Qasımova “20 Yanvar xalqımızın qan yaddaşıdır,” Əməkdar müəllim
Şəfaqət Rəsulov “20 Yanvar faciəsinin
siyasi və hüquqi
qiymətini ümummilli liderimiz
Heydər Əliyev verdi” və Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev “Qarabağ
şəhidliyi 20 Yanvar şəhidliyinin
davamıdır” mövzusunda məruzə
etdilər.
İnşa yazı müsabiqəsində birinci yeri tutan
şəhər 3 saylı tam orta məktəbin on birinci sinif şagirdi
Sona Şalbuzova dərin
hissiyatla, şəhidlərin ruhuna ehtiramla yazılan
inşasını təqdim etdi.
Rayon icra hakimiyyətinin
başçısı Mirdaməd Sadıqov 20 Yanvar hadisələrinin
fəal şahidi kimi
faciənin əsl mahiyyətini açdı, o
zamankı hakimiyyət nümayəndələrinin biganəliyindən,
dünya ölkələrinin Azərbaycana,
ümumiyyətlə müsəlman dünyasına ikili yanaşmasından, tökülən qanların bihudə getmədiyindən, milli birliyimizin, vəhdətimizin
daha da möhkəmlənməsindən
danışdı.
Natiq qeyd etdi
ki, o zaman
Sovet hökumətinin sağlam
düşüncədən məhrum başçıları
Azərbaycana sözün tam
mənasında silahlı hücum təşkil
etdilər. Qətliam törədildi. 1990-cı il yanvar ayının 19- dan 20- nə keçən gecə müasir hərbi texnika və
sursatlarla silahlanmış muzdlu
Sovet ordusu silahsız
soydaşlarımızın üzərinə yeridildi,
qana susamış ordunun
zabit və əsgərləri
Bakını, gülləbaran etdilər. Azərbaycan
hakimiyyətinin başçıları yenə xaincəsinə
susdular, lakin millətin
səsinə ilk olaraq
səs verən ümummilli liderimiz Heydər Əliyev oldu.
O, həyatını təhlükəyə ataraq
Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldi,
Bakıya silahlı hücum təşkil
edən M. Qorbaçova etirazını bildirdi, onu lənətlədi,
baş verənlər üçün
SSRİ rəhbərliyinin məsuliyyət
daşıdığını bəyan etdi.
Tədbirdən sonra Heydər Əliyev Mərkəzinin foyesində
rəsm müsabiqəsi qaliblərinin əl işlərinə
baxış keçirildi, hər iki müsabiqənin qaliblərinə diplomlar və hədiyyələr verildi.
Mirbağır YAQUBZADƏ,
Vaqif BAYRAMOV,
Hamlet QASIMOV,
Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV
Xalq qəzeti.- 2015.- 20 yanvar.- S.10.