20 YANVAR
FACİƏSİ –
Sovet
imperiyasının
sonunun
başlanğıcı
...O Qanlı Yanvar günü
xalqımız öz əziz vətəndaşlarını
itirsə də, öz namusunu, şərəfini qoruya
bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini
qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda mübarizə davam edib və
indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir,
öz azadlığına, suverenliyinə nail olmuşdur.
Heydər ƏLİYEV
Ümummilli lider
Azərbaycan
xalqının minilliklərlə ölçülən zəngin
və şərəfli tarixində həm qəhrəmanlıq, həm
də faciə səhifələri bir-birini əvəz
etmiş, nəsildən-nəslə qan yaddaşı və
gen vasitəsilə ötürülmüşdür.
Tariximizin 20 Yanvar
səhifəsinin
unikallığı isə ondadır ki, o eyni vaxtda həm
faciə, həm də qəhrəmanlııq nümunəsidir.
Sözügedən reallıqdan çıxış edərək,
qədirbilən oxuculara təqdim etdiyimiz bu yazıda məqsədimiz hər iki anlamı
özündə birləşdirən 20 Yanvar hadisələrinə
25 illik zaman kəsiyindən nəzər yetirib, bir sıra
suallara cavab axtarmaqdır. Onları aşağıdakı
ardıcılıqla təqdim edib, təhlilimizə
başlayaq:
Birincisi,
20 Yanvar faciəsini şərtləndirən amillər
hansılardır və onun
qarşısını almaq nə dərəcədə
mümkün idi?
Fikrimizcə, 20 Yanvar faciəsinə aparan yol, əsasən,
2 amillə şərtlənmişdir: əvvəla, Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin
ermənipərəst siyasəti:
Digər tərəfdən, Azərbaycan rəhbərliyinin
qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin
timsalında müxalifətin təxribatçı
addımları.
Hadisələrin təhlili göstərir ki, Azərbayacan rəhbərliyi və
müxalifəti həmin tarixi şəraitdə ümummilli
maraqları şəxsi mənafeyin fövqünə qoymaq
bacarığı nümayiş etdirə bilsəydi, antimilli
və təxribatçı addımlar atmasaydı,
Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri
həyata keçirmək imkanı minimuma enə bilərdi. Zənnimizcə,
məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1990-cı il tarixli qərarında
“Müdafiə Nazirliyi, hüquq-mühafizə və
SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə
konstitusiyasının 81-ci maddəsinə uyğun olaraq, Azərbaycan
SSR-ə müvafiq zəruri yardımı həyata
keçirsin” – şəklində ifadə olunmuş mövqe
Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini həm
arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə
addımlarının radikallıq səviyyəsini daha da
gücləndirmişdir. Xatırladaq ki, 1977-ci il
7 oktyabr tarixində qəbul edilmiş SSRİ
Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq
respublikaların suveren hüquqları SSRİ tərəfindən
qorunmalıdır.
Bundan savayı, 1989-cu ilin
sonlarında bəzi rayonlarda Xalq Cəbhəsinin hakimiyyəti
ələ kecirməsi, Naxçıvanın İranla sərhədindəki
tikanlı məftillərin sökülüb atılması,
xalq hərəkatının radikal qanadının Milli
Müdafiə Şurası təşkil edərək nəzarəti
öz əlinə alması, 1990-cı il yanvarın 13-15-də
Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt
ssenarisi əsasında “erməni talanları” törətməsi
Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq
fursəti vermişdi.
İkincisi, Bakıya yeridilən qoşun hissələrinin
hədsiz qəddarlığı nə ilə bağlı
idi?
İstintaq müəyyən etmişdir ki, 1990-cı il
yanvarın ortalarında SSRİ Müdafiə və Daxili
İşlər Nazirliklərinin, habelə başqa xüsusi təyinatlı
hərbi birləşmələrin 66 min nəfərdən
çox əsgər və zabiti Bakı şəhərinə
gətirilərək, Qala və “Nasoslu” aerodromlarında,
Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə
Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni
zabit və əsgərləri, hərbi məktəblərdə
təhsil alan erməni kursantları da cəlb
edilmişdi. Respublikaya gətirilmiş hərbi
qüvvələrin, əməliyyatlara rəhbərlik etmək
üçün Bakıya gələn 300-dən artıq
yüksək rütbəli zabit və generalların ərzaq təminatı,
nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən
ödənilirdi.
Həmin hərbi qüvvələr üzərində
xüsusi psixoloji sınaqların keçirildiyi haqqında təkzibedilməz
faktlar vardır. Onlara belə bir dezinformasiya təlqin
olunurdu:
– Yerli əhali-azərbaycanlılar rusları
qırmağa hazırlaşırlar və siz müqəddəs
bir vəzifəni – rusları və bütünlükdə
şəhərin xristian əhalisini labüd fəlakətdən
xilas etməlisiniz.
– Salyan kazarması ətrafında və evlərin
damlarında snayperlər yerləşdirilmişdir və hədəflərində
yalnız siz olacaqsınız. Ona görə də
özünümüdafiə instinktindən çıxış edərək
patronlarınıza heyfiniz gəlməsin.
– Azərbaycan Xalq Cəbhəsinin hərbi
dəstələri şəhərin strateji nöqtələrində
yerləşdirilmişdir və onların amansız müqavimət
göstərəcəklərini nəzərə alıb, qətiyyət
və adekvat qəddarlıq nümayiş etdirin.
– Müqavimət göstərən tərəfin milli,
sovet ordusu və ya daxili qoşunların geyimində də
olması mümkündür və bu reallığı nəzərə
alıb, onları davamlı atəş hədəfinə
çevirməyi bacarmalısınız.
Bir sözlə, SSRİ rəhbərliyinin
“xeyir-duası” ilə 66 minlik qoşun hissələrini,
xüsusilə, erməni mənşəli əsgər və
zabitləri, eyni zamanda həbsxanadan məlum məqsəd naminə
azadlığa buraxılmış məhbusları Bakıda hər
cür vəhşiliklər törətməyə psixoloji
baxımdan tam hazırlamışdılar.
Üçüncüsü, SSRİ rəhbərliyinin
törətdiyi 20 Yanvar faciəsində dünyanın digər
fövqəldövləti olan ABŞ-ın üzərinə
hansı məsuliyyət düşür?
ABŞ-da 1994-2001-ci illərdə Dövlət katibinin
müavini işləmiş Stroub Telbotun həmmüəllifi
olduğu “Ən yüksək səviyyədə” adlı
kitabda qeyd olunur ki, 1989-cu il dekabrın 24-də ABŞ-ın
Dövlət katibi Ceyms Beyker ölkəsinin Rusiyadakı
fövqəladə və səlahiyyətli səfiri Cek Motlak
vasitəsilə SSRİ-nin Xarici İşlər naziri Eduard
Şevardnadzeyə məlumat çatdırır ki, əgər
sovet qoşunları Rumıniyaya ölkədaxili sabitliyin bərpası
naminə müdaxilə edərsə, ABŞ bu insidenti etirazla
qarşılamayacaqdır. Eduard Şevardnadze
cavabında bildirir ki, ABŞ SSRİ-ni hərbi avantüraya cəlb
etmək istəyir və bununla da özünün Panamaya olan
müdaxiləsinə haqq qazandırmağa
çalışır. SSRİ-nin Xarici
İşlər naziri qeyd edir ki, ölkəsi prinsip etibarilə
yeni xarici siyasət kursunu həyata keçirir. Bu kursa görə, SSRİ daha sosialist ölkələrinin
daxili işlərinə qarışmayacaqdır. Bu mövqedən
göründüyü kimi, söhbət yalnız
sosialist ölkələrindən
gedirdi, sovet respublikalarından yox. Deməli,
Mixail Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyi
ABŞ-ın Rumıniya ilə bağlı məlum
mövqeyindən bir sıra nəticələr
çıxardı. İlk nəticə isə
ondan ibarət oldu ki, sovet qoşunlarını Azərbaycan
xalqının müstəqillik mücadiləsinə
qarşı Bakıya yeridəcəyi təqdirdə
ABŞ-ın etirazı olmayacaqdır. Moskva həm də
onun fərqində idi ki, ABŞ-ın güclü erməni lobbisi və
diasporu da Vaşınqtonun Bakı qırğınına
qarşı laqeyd mövqeyinin formalaşmasında öz rolunu oynayacaqdır. Taktiki baxımdan belə qiymətləndirmədə
Moskva yanılmamışdı. ABŞ 20
Yanvar faciəsini olduqca soyuqqanlı qarşıladı. “Sem dayı”
Rumıniya hadisələri fonunda davranışı ilə
SSRİ-nin Bakı avantürasına dolayısı ilə
“yaşıl işıq” yandırdığının fərqində
idi. Həm də fərqində idi ki, belə
avantüralar əzəli rəqibi və düşməni
olan SSRİ-nin məhvinin tarixi “X” anını son dərəcə
yaxınlaşdırmağa xidmət göstərir. ABŞ yanılmamışdı. 20 Yanvar faciəsi SSRİ-nin sonunun
başlanğıcını şərtləndirən proseslərin
katalizatoru oldu.
Dördüncüsü, 20 Yanvar bəşəri cinayətinə
ölkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin
verilməsi vəziyyəti və onun perspektivlərini necə
dəyərləndirmək olar?
20 Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verilməsi məsələsi
ümummilli lider Heydər Əliyevin sayəsində həllini
tapmışdır. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək
xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi
qiymət verdi, onun hüquqa, demokratiyaya,
humanizmə zidd olduğunu, mərkəzin və o zamankı
respublika rəhbərlərinin günahı üzündən
yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. O,
baş vermiş faciə ilə əlaqədar xalqımıza
başsağlığı verdi və mətbuat
konfransı keçirib, başda Qorbaçov olmaqla
Bakıdakı terror aktına rəvac verən hakimiyyət
nümayəndələrini və hərbçiləri cinayətkar,
onların dinc əhaliyə tutduqları divanı isə
bütöv bir xalqa qarşı edilən tarixi cinayət
adlandırdı. Bu tarixi
çıxışın mətni dünyaya, respublikaya
geniş yayıldı. Xalqın qəlbində
ümid çırağı yandı.
1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan
Heydər Əliyevin təşəbbüsü ilə həmin
il noyabr ayının 21-də
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində
20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət
verən sənəd qəbul edildi. Naxçıvan
Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə
ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan
xalqının ümumi rəyini özündə təcəssüm
etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü
kimi tarixə düşdü. Sənəddə
respublika səviyyəsində 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən
tələb edilirdi. Ölkəmiz müstəqillik
qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda
olanların heç biri faciə ilə bağlı əsl həqiqəti
aşkar etməyə özündə cəsarət
tapmadı.
Yalnız Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinin
hüquqi müstəvidə əsl mahiyyəti
açıqlandı. 1994-cü il
yanvarın 12-də keçirdiyi müşavirədə
ümummilli lider Heydər Əliyev bu barədə deyirdi:
“Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ
müəyyənləşdirilməmişdir. Görünür
ki, ötən yaxın illərdəki Sovetlər Birliyi,
respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri
naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan
etməmişlər”.
Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi ilə
bağlı 1994-cü il yanvarın 5-də
imzaladığı fərmanda həm də Milli Məclisə
hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə
olunurdu. Bu qiymət xalqımızın müstəqillik
yolunda çarpışmasının dolğun mənzərəsini
əks etdirməli idi. 1994-cü il
mart ayının 29-da respublika parlamenti “1990-cı il
yanvarın 20-də Bakıda törədilmiş faciəli
hadisələr haqqında” qərar qəbul etdi.
Prezident İlham Əliyev 1990-cı ilin 20
Yanvarında şəhid olmuş oğul və
qızlarımızın xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, onların ailələrinin,
övladlarının sosial müdafiəsinin gücləndirilməsi
üçün mühüm sənədlər
imzalamışdır. Dövlət
başçısının 19 yanvar 2006-cı il
tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi
haqqında” fərmanı da bu məqsədə xidmət edir.
Bu gün Bakının ən yüksək
nöqtələrindən birində hər bir azərbaycanlı
üçün müqəddəs and yerinə
çevrilmiş bir ünvan vardır. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın
hərbi təcavüzünə qarşı döyüşlərdə
həlak olanların dəfn edildiyi Şəhidlər
xiyabanıdır. Azərbaycan Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər
xiyabanında əsaslı təmir və yenidənqurma işləri
aparılmış, 20 Yanvar şəhidlərinin xatirəsinə
kompleks ucaldılmışdır.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin
imzaladığı sərəncamlara əsasən, hər il ölkəmizdə və xaricdə 20 Yanvar
faciəsinin ildönümləri ilə bağlı silsilə
anım tədbirləri keçirilir. Bu il
də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin
sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi
beşinci ildönümünün keçirilməsi ilə
bağlı tədbirlər planı” təsdiq edilmişdir.
Sənəddə respublikanın şəhər və
rayonlarında, o cümlədən idarə və təşkilatlarda
20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans
və mühazirələrin təşkili, mədəniyyət
ocaqlarında faciəyə həsr olunmuş tamaşaların
göstərilməsi, bədii və sənədli filmlərin
nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi
informasiya vasitələrində geniş
işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini
faciəyə yönəltmək məqsədilə Azərbaycanın
xarici ölkələrdəki səfirlikləri, diplomatik
nümayəndəlikləri və diaspor qurumları tərəfindən
müvafiq tədbirlərin keçirilməsi, dünyanın
aparıcı kütləvi informasiya vasitələrində,
eləcə də televiziya kanallarında və internet şəbəkələrində
20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə
tutulub.
İnanırıq ki, Azərbaycan
xalqının qanına əli batmış cinayətkarlar
gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminik ki,
Azərbaycanın bütün istiqamətlər üzrə
güclənməsi, beynəlxalq mövqeyinin möhkəmlənməsi,
dünyada etibarlı tərəfdaşa çevrilməsi, ən
başlıcası isə ölkəmizdə siyasi sabitliyin
olması və xalqın öz Prezidenti ətrafında monolit
birlik nümayiş etdirməsi həm Ermənistan – Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini,
həm də bu konfliktin birbaşa nəticəsi olan 20 Yanvar
faciəsinə beynəlxalq siyasi-hüquqi qiymətin verilməsini
təmin edəcəkdir.
Elman
NƏSİROV,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının Siyasi
Araşdırmalar İnstitutunun direktoru,
YAP beynəlxalq
əlaqələr komissiyasının katibi,
siyasi
elmlər doktoru, professor
Xalq qəzeti.- 2015.- 20 yanvar.- S.2.