Xalqımızın milli azadlıq
mücadiləsinin
şanlı səhifəsi
XX əsr Azərbaycan xalqının tarixində həm uğur, həm də kədərli məqamları ilə zəngin olmuşdur. 1918-1920 ci illərdə min bir əziyyət bahasına olsa da Şərqdə ilk cümhuriyyətin qurulması müstəsna əhəmiyyətə malik hadisə olmuşdur. Baxmayaraq ki, cümhuriyyətin ömrü qısa oldu və sovet işğalı nəticəsində yenidən Moskvadan asılı vəziyyətə düşdük. Lakin təqribən 70 il sonra 1991-ci ildə xalqımız yenidən əzmkarlıq nümayiş etdirərək öz müstəqilliyini bərpa etdi. Elə təkcə bu iki mühüm hadisə XX əsrin xalqımızın tarixində xüsusi yer tutduğunu təsdiqləyir. Lakin təkcə uğurlarmı? Bu məqamda itirdiklərimizi də qeyd etməli və gələcək nəsillərimizin unutmamalı olduğu hadisələri vurğulamalıyıq.
Ötən
əsrin əvvəllərindən başlanan
erməni separatizmi bu
günə qədər davam edir. 1905-1906- cı illərdə Şuşada, Gəncədə, Zəngəzurda,
Naxçıvanda, Bakıda baş
qaldıran erməni-müsəlman
davası bir müddət ara
versədə, 1918-ci ildə özünün
pik mərhələsinə çatdı. Təqribən
yüz minlərlə soydaşımız
qətlə yetirildi. Bundan
sonra 1937-c il
repressiyalarında xalqımızın ziyalılarının əksəriyyəti
yenə də ermənilərin əli ilə güllələndi.
Ağır repressiya illərindən sonra – 1948-1953-cü illərdə Ermənistan
SSR-dən azərbaycanlıların kütləvi
deportasiyası həyata keçirildi. Bu deportasiya nəticəsində
minlərlə soydaşımız məskunlaşdığı
yeni ərazilərin təbii şəraitinə
uyğunlaşa bilməyərək vəfat
etdi. Qərbi Azərbaycan
torpağında süni
yaradılmış Ermənistan SSR-də etnik
türklərin sayı məqsədəyönlü şəkildə
azaldıldı. Bu, bəs deyilmiş
kimi, ermənilər 1988-ci ildə yenidən
Dağlıq Qarabağa iddialarını
açıq şəkildə bəyan etməyə
başladılar. Ermənistanda Azərbaycana qarşı
kütləvi mitinqlər keçirildi.
Erməni şovinizmi bütün
ölkə boyu xərçəng xəstəliyi
kimi yayılmağa başladı. Nəticədə
azərbaycanlılar öz ata-baba
torpaqlarından yenidən deportasiya edildilər.
Bu dəfə isə daha
acınacaqlı şəkildə – axırıncı nəfərinə
kimi.
Şübhəsiz ki, ermənilərin həm Ermənistanda, həm
də Dağlıq Qarabağda fəallaşması
Bakıda və Azərbaycanın müxtəlif bölgələrində
etiraz doğurmaya bilməzdi.
Bu anti azərbaycan
proseslərə qarşı Bakıda da
kütləvi mitinqlər keçirildi. Xalq
SSRİ rəhbərliyindən
təcili və ədalətli tədbir görülməsini tələb
edirdi. Şübhəsiz ki,
hakimiyyətdə erməni lobbisinin
missiyasını həyata keçirən Mixail
Qorbaçov azərbaycanlıların
haqlı tələblərini görə bilməzdi. Bu baxımdan SSRİ rəhbərliyində Azərbaycana
qarşı tədbir görülməsinin zəruriliyi
gündəmə gəldi və 1990-cı ildə Azərbaycana
qoşun yeridildi.
Əlbəttə,
II Dünya müharibəsində 700 mindən
çox əhalisini səfərbər edən
və bunun təqribən yarısını
qurban verən bir xalq üçün, xalqlar dostluğu mifi o qədər güclü idi ki, sovet əsgərinin öz vətəndaşına silah
çəkməsinə heç kim inanmazdı.
Beləcə, kütləvi
bir qətliamın həyata keçirilməsi
üçün zaman
fürsəti yarandı. Bu, 1990-cı il 20 Yanvar günü
idi. Həmin gün keçmiş sovet dövlətinin hərb
maşınının Azərbaycan xalqına qarşı həyata
keçirdiyi qətllər
insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara
səhifə olaraq düşdü. Milli
azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan
tutulması, yüzlərlə günahsız insanın qətlə
yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün
dünyaya bir daha nümayiş etdirdi. Əlbəttə, bu
hadisələrin baş verməsində o zamankı Azərbaycan rəhbərliyinin
siyasi səriştəsizliyi və milli təəssüb hissindən uzaq olması da özünü aydın göstərdi.
Bakıya yeridilmiş qoşun
kontingentinə “döyüş
tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji
hazırlıq keçmişdilər: “Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə
məhv edir; ekstremistlər Salyan kazarmalarının ətrafındakı
evlərin damlarında snayperlər yerləşdirmişlər,
təkcə bu ərazidə 110 atəş
nöqtəsi var; binalar,
mənzillər Azərbaycan Xalq Cəbhəsinin
yaraqlıları ilə doludur, onlar sizi güclü
avtomat-pulemyot atəşinə tutacaqlar” (“Şit” Təşkilatı müstəqil hərbi
ekspertlərinin hesabatından).
Elə
təkcə bu faktdan da aydın görünür
ki, hadisələr xüsusi
təşkil edilmiş və məqsəd
xalqımızın azadlıq və ədalət çağırışlarını
susdurmaq olmuşdur. Çünki, həm xarici
ekspertlər, həm də yerli
müşahidəçilər, o cümlədən, bütün Azərbaycan
cəmiyyəti yaxşı bilir ki, o zaman
bir nəfər silahlı vətəndaşımız
yox idi, hətta milis işçilərindən belə əvvəlcədən
silahlar müsadirə olunmuşdu.
Xalq əliyalın, canlı sipər
çəkməyə çalışmış, tanklardan isə onlara atəş
açılmış və soydaşlarımız qətlə
yetirilmişdi.
Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi
Bakıda “rus və erməni kartından”
məharətlə istifadə etdi. Guya Bakıya qoşun
onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən
hakimiyyətin zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi.
Əslində, bu, açıq
riyakarlıq, ağ yalan
idi. Həmin vaxt burada daxili
qoşunların 11,5 min əsgəri,
Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun
çoxsaylı hərbi hissələri, hava
hücumundan müdafiə qüvvələri
var idi. 4-cü ordunun komandanlığı da
Bakıda yerləşirdi.
1990-cı
il yanvarın 19-da Mixail
Qorbaçov SSRİ Konstitusiyasının
119-cu və Azərbaycan SSRİ Konstitusiyasının 71-ci maddələrini
kobud şəkildə pozaraq,
yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman
imzaladı. Bütün bunlar
Bakıya hərbi təcavüz etmək üçün onun əl-qolunu
açdı. SSRİ Müdafiə Nazirliyinin,
DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı
əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat
qrupları oynayırdı. Sovet
qoşunlarının təcavüzü nəticəsində
təkcə Bakıda 134 mülki vətəndaş
öldürüldü, yüzlərlə
insan yaralandı. Öldürülənlər
arasında beş millətin nümayəndələri,
20-dən çox qadın, uşaq var idi.
Əlbəttə,
xalqımızın faciəsi tək bununla
bitmədi, Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibəyə
başladı. Torpaqlarımız bir-birinin
ardınca işğal edildi.
Ardınca isə bəşəriyyətin XX əsrdə
şahidi olduğu ən
dəhşətli qətliamlardan biri—“Xocalı”
soyqırımı həyata keçirildi.
Şübhəsiz ki, bu
faciələrin müqabilində Azərbaycan xalqının həm
fiziki, həm də mənəvi-psixoloji
itkilərini heç nə ilə əvəzləmək
mümkün deyil. Bu günə qədər
ermənilərə havadarları tərəfindən edilən
yardımların sayəsində bu mənəvi
və fiziki terror hələ
də davam edir.
20 Yanvar
faciəsinin fəlsəfi mahiyyəti, əlbəttə, çox böyükdür.
Bu hadisə xalqımızın milli azadlıq salnaməsi idi.
Hadisələr zamanı respublikamıza edilən
hərbi təcavüz təşkilatçıları ilk baxışda məqsədinə çatsa da, əslində,
düşmən mənəvi məğlubiyyətə düçar oldu. Çünki, o günün ertəsi Azadlıq meydanına gələn
insan axını milyonları aşdı.
Xalq bəlkə də ilk dəfə itkilərini belə ümumi şəkildə yad
edirdi. Hamı bir nəfər
kimi səfərbər oldu.
Yoxsulu da,
imkanlısı da xalqın şəhid olan övladları üçün
xiyabanın hazırlanmasında iştirak
etdi. Günlərlə meydanlardan çəkilməyən xalq sovet rəhbərliyinə
nifrətini daha artıq şəkildə
bildirməyə çalışdı. Kommunist
partiyasının bütün üzvləri
öz vəsiqələrini
yandırdı, Qorbaçovun və digər
bolşevik rəhbərlərinin şəkilləri
lövhələrdən götürüldü. Meydanlara
üçrəngli Azərbaycan bayrağı gətirildi.
Əlbəttə, bu, azadlıq
yanğısı idi. İllərdir
xalqın əlindən alınan müstəqilliyin qazanılmasına
doğru ən böyük
addım idi. Bundan sonra isə itirdiklərimiz, baş verən “Xocalı” faciəsi
düşmənlərimiz tərəfindən elə bu qazanılan qələbənin onlara verdiyi məyusluğun
acığı idi. Əminliklə demək olar ki, keçmiş
SSRİ-nin
20 yanvar tarixində Bakıda törətdiyi
qanlı qırğın 1992-ci ildə əsrin ən böyük faciələrindən
biri olan Xocalı
soyqırımına gedən yolun girişi idi.
Bu
il ermənilərin qondarma
soyqırımına hazırlığı bütün
dünyada sürətlə davam edir. 1915-ci ildə heç
bir əsası olmayan
uydurma hadisələrdən soyqırımı
mifi yaradan ermənilər
və onların havadarları unudurlar ki, istər 20 Yanvar qətliamı,
istərsə də 1992-ci ildə baş
verən
Xocalı soyqırımı qurbanlarının qanı hələ
də qurumayıb. Ən acınacaqlı hal
odur ki, qondarma soyqırımına görə
haqsız ittiham edilən o
zamankı Türkiyə və
Azərbaycan dövlət rəsmilərinin bir
çoxu həm
terrora məruz qalaraq
həyatlarını itirmiş, sağ qalanları isə dünyada
müxtəlif təzyiqlərlə üzləşmişlər.
Lakin həm 20 yanvar həm
də Xocalı hadisələrində əli azərbaycanlıların
qanına batmış Mixail Qorbaçov başda olmaqla heç kim bu günə qədər cəzalanmayıb və
məsuliyyətə cəlb olunmayıb. Təkcə elə bu fakt dünyada
ədalətin, demokratiyanın carçısı qismində
çıxış edən Qərb dövlətlərinin hələ
də həqiqətə deyil, maraqlara uyğun
addımlar atdığını, qərarlar verdiyini
sübut edir.
Ceyhun ƏLƏKBƏROV,
“Soyqırımı Həqiqətlərinin
Tanıdılması”
İctimai Birliyinin sədri
Xalq
qəzeti.- 2015.- 20 yanvar.- S.2.