Qanlı Yanvar faciəsinin
gizlinləri və həqiqətləri
20 Yanvar hadisələri zamanı “Xalq qəzeti”nin əməkdaşı olmuş Əməkdar jurnalist Vasif Səmədov faciədən az sonra İttifaqın iki ən nüfuzlu gündəlik nəşrindən biri olan “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri kimi fəaliyyətini genişləndirmiş, Bakı qırğını ilə bağlı bir sıra məqamlara işıq salmış, Dağlıq Qarabağ həqiqətlərini ardıcıl və sistemli olaraq Rusiyanın mərkəzi mətbuatına çıxarmışdı. 23 il öncə müəllifin ciddi cəhdləri ilə “İzvestiya”da “Müdaxilə” adlı silsilə məqalə dərc olunmuşdu, ölkədə və beynəlxalq aləmdə geniş, uzun sürən əks-səda doğurmuşdu. 20 Yanvarın 25-ci ildönümü günlərində Vasif Səmədov redaksiyamızın qonağı oldu, Azərbaycanın informasiya blokadasına alındığı günlərin hadisələrinə aydınlıq gətirdi:
– “Müdaxilə” məqaləsi
işıq üzü görəndən xeyli sonra da, hətta
Azərbaycan Respublikası Ali Sovetinin xüsusi
komissiyasının 1990-cı il yanvarın 19-dan 20-ə
keçən gecə baş vermiş hadisəni təhqiq edib
dübarə, Ali Məclisin müzakirəsinə verdikdən
və bu haqda öz mülahizələrini istintaq
orqanlarına təqdim etdikdən sonra da həmin
yazının ümumxalq müzakirəsi səngiməmişdi.
Onu demək istərdim ki, müəlliflərdən biri kimi və
ələlxüsus öz xalqının başına gəlmiş
bəlanın altını çəkən bir jurnalist kimi mənim
özüm də sakit ola bilmirdim.
Jurnalistlik təcrübəmdə qəzet
məqaləsinin bir günlük ömrü var - fikrinin əsassızlığına
bir daha əmin oldum. Xalq nahaq deməyib: gedər xəncər
yarası, qalar söz yarası. Mən bir azərbaycanlı
kimi, xalqımın başına gələn müsibət
haqqında təşkilat, orqan rəhbərləri, şahidlər
və adi vətəndaşlarla söhbət edib, həqiqəti
üzə çıxarmaq istərkən, inanın ki, faciəni
dönə-dönə yaşamalı olurdum. Ancaq
öz-özümə belə bir fikri təlqin edirdim ki, bu
adi, bir günlük ömrü olan yazı deyil. Sən həqiqəti üzə
çıxarmalısan, həm də bu, təkcə sənin
və xalqının nəzərində müəyyənləşdirilmiş, əşyayi-dəlillərin
sübutluğu ilə qərarlaşdırılmış həqiqət
olmamalıdır - bu, gerçəyin təsbiti
olmalıdır.
Haqqında
söhbət açdığımız məqalədə təkcə
yanvarın 20-də Bakıda baş verən faciəli hadisənin
səbəblərini deyil, həmçinin məqsədini,
günahsız axıdılan insan qanları hesabına belə
bir müsibəti törətməkdə əli və iradəsi olan kəslərin məkrli
fəaliyyətini açıqlamalı idik. Əlbəttə,
üç qəzet yazısında (“İzvestiya” 13, 14, 15
fevral, 1992) bunları təhlil, təsdiq etmək mümkün
ola bilməzdi, ancaq hər halda ictimaiyyətin fikrini düzgün istiqamətləndirmək,
hətta siyasi komissiyaların və istintaq işçilərinin
də təhqiq və tədqiq yollarına müəyyən qədər
işıq salmaq gərək idi. O vaxt bu çox vacib, son dərəcə
əhəmiyyət kəsb edən məsələ idi. Bax, həmin qanlı hadisələrdən
25 il keçir və indinin özündə də söz
düşəndə görürəm ki, bu söhbət hələ
də gündəlikdən çıxmayıb. Mühakimələr
və mübahisələr zamanı söylənilənləri
müqayisə edəndə bir daha əmin oluram ki, jurnalist
kimi tədqiqatlarımızın üsulu və
texnologiyası, məramı və yanaşma nisbəti
düzgün olmuşdur. Doğrudur, bir çox
sənədlər, canlı şahidlərin hələ sirr
kimi saxlanılan ifadələri işin dəqiqləşdirilməsinə
cəlb edilməyib, bunun üçün gərgin istintaq, tədqiqat
aparmaq, vaxt amilinin doğru sözünü dinləmək
lazım gələcəkdir. Ancaq bir həqiqət
aydındır: suverenliyi tələb edən xalqı cəzalandırmaq
və başqalarını da bu yoldan çəkindirmək,
onlara ibrət dərsi vermək! Sovet imperiyasını
yaxınlaşmaqda olan iflasdan qorumaq, sütunları
laxlamış totalitar rejimi, onun sınaqdan
çıxmış silahını zorla qoruyub saxlamaq.
Bakı hadisələrindən
sonra baş verən faciələr də - nəinki
imperiyanın ayrı-ayrı yerlərində, elə Azərbaycanın
özündə də eyni bir zəncirin həlqəsi
olduğunu təsdiqlədi. Hesab edirəm ki, Qarabağda
törədilən soyqırım faciələri də bu zəncirin
halqalarındandır. Güman ki, düşmən bu niyyətinə
hələ də nöqtə qoymayıb. Məhz bu
ağırlıq faizini nəzərdə tutaraq,
yazılarımı 1992-ci ilin fevralında “İzvestiya”da
çapa verməyi zəruri hesab etdim.
Və mən də
ürəyimdən ağır daş olub asılan - 90-cı
ilin Qanlı bazar günü hadisəsini tarixçilərin sərəncamına
vermək fikrində deyiləm. Qanlı yanvar gecəsini
və ondan sonrakı faciəli günləri
yaşamış, gözləri ilə görmüş bir
insan kimi güman edirəm ki, arxiv sənədlərindən
istifadə imkanları yarandıqca, yeni faktlar topladıqca mən
öz tədqiqatlarımı davam etdirəcəyəm.
– “Müdaxilə, ilk növbədə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda nə olmuşdur?” Rusiya mətbuatinda verilən ilk geniş cavab olmuşdu. Doğrudan da, o müdhiş gecənin qaranlığında nə baş vermişdi?
– Məqalə
hazırlandığı dövrdə Azərbaycan
Republikasının Ali Sovetindən bildirdilər ki, 1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda faciəli
hadisələrin səbəblərini və təfsilatını
təhlil edən parlament komissiyası işini başa
çatdırmışdır. Komissiyanın sədri M.Abbasov dedi: “Bu faciənin necə
və niyə baş verdiyi, ordunun kimlərin siyasi iradəsini
yerinə yetirdiyi barədə faktları, sənədləri,
şifahi və yazılı sübutları
”İzvestiya"ya təqdim etməyə hazırıq.
Bunları
dərc etməyə qərara alarkən həmkarım
V.Vıjutoviçlə birgə başa
düşürdük ki, əsaslandığımız
materiallar nə dərəcədə inandırıcı olsa
da, təkcə bir tərəfin— zərərçəkmiş
tərəfin mövqeyini əks etdirir. Beləliklə, onların obyektivliyinə
kimsə hökmən şübhə ilə
yanaşacaqdır. Ən əvvəl o kəslər ki,
Bakı əməliyyatını hazırlamışdılar,
qoşunların yeridilməsi haqqında əmr vermişdilər
və bilavasitə icra etmişdilər.
Doğrudur, onlardan bir
çoxuna faciəli Bakı hadisələrində iştirak
etməsi (və ya iştirak etməməsi) barədə
şəxsən danışmağa, bu hadisələri öz
bildikləri kimi qiymətləndirməyə imkan
verilmişdi. Lakin Azərbaycan parlamentinin
komissiyası tərəfindən keçmiş SSRİ-nin
dövlət, təsərrüfat və hüquq mühafizə
orqanlarına, habelə ictimai və hərbi idarələrinə
göndərilmiş 2517 sorğunun yalnız üçdə
birinə cavab alınmışdı (çox vaxt da formal surətdə).
SSRİ Ali Sovetinin Rəyasət Heyətinə və Sov.
İKP MK-ya göndərilmiş sorğulara, ümumiyyətlə,
heç bir cavab verilməmişdi. Rəsmi təhqiqat
axıra çatdırılmamışdı.
İttifaq
parlamenti isə siyasi qiymət verməkdən çəkinmiş
xə xüsusi bir qərarla SSRİ Prokurorluğuna, SSRİ
Dövlət Təhlükəsizliyi Komitəsinə, SSRİ
Daxili İşlər Nazirliyinə “1990-cı ilin yanvarında
baş vermiş bütün cinayət faktlarının və
hüquqa zidd hərəkətlərin qısa müddətdə təhqiqini
təhlil etməyi”, SSRİ Baş Prokuroruna və SSRİ
Dövlət Təhlükəsizliyi Komitəsinə isə
“müvafiq məlumatı SSRİ Ali Sovetinə iki ay müddətində
təqdim etməyi” tapşırmışdı. Bu qərara
açıq-aşkar məhəl qoyulmamış, onun
heç bir bəndi yerinə yetirilməmişdi.
Bununla yanaşı,
biz Azərbaycan tərəfinin mövqeyini dərc edərək,
hər hansı təkzib, bu və ya digər faktlar barəsində
fikirlər üçün də imkan saxlayırdıq. Bu
material silsilə şəklində dərc edildikdən sonra nəinki
SSRİ-də, hətta xarici ölkələrdə belə
sensasiyaya səbəb olmuş bu məqalədəki
faktları nə o vaxt, nə də ki, indi təkzib etməyə
cəsarəti çatan tapılmamışdı.
Bakı əməliyyatının
ilhamçıları və təşkilatçıları
Tbilisi, aradan bir il ötmüş isə Vilnüs hadisələrindən
sonra olduğu kimi, yenə də özlərinin radiasiya tək
yayılan təbliğatını dərhal var gücü ilə
işə salmışdılar. Bakıda fövqəladə
vəziyyətin səbəbləri barəsində və
tankların orada nə etdiyi barədə o vaxt hətta liberal
və savadlı Moskva jurnalistləri arasında da ya
anlaşılmaz, ya da tamamilə təhrif edilmiş təsəvvür
var idi. “Pravda”, SİTA, “Krasnaya zvezda”, “Zaman” TV proqramı ( heyif ki, o vaxtkı “İzvestiya” da təmkinlə
olsa belə, hər halda rəsmi yozuma uymuşdu) beyinlərə
belə bir fikir yeritmişdi ki, ordu erməniləri, rusdilli əhalini
və hərbçilərin ailələrini Azərbaycan
ekstremistlərinin törətdikləri amansız
qırğından xilas edirmiş.
Yox, ordu Bakıda totalitar rejimi - Sov. İKP-nin hakimiyyətini və Sovet
İmperiyasını xilas edirdi. Oxucuya
bunun üçün məqalədə sübut dəlillər
təqdim olunmurdu. Biz o qara yanvar hadisələri barəsində
yazarkən razılığa gəldik ki, belə bir prinsipi
gözləyək: minimum publisistika, maksimum faktlar, sənədlər,
sübutlar.
– Dediyiniz
sübut- dəlillər nə idi?
– Onda əvvəlcə, baxaq görək
ovaxt rəsmi informasiyalarda adamları necə aldadır və
fitva verirdilər? Rəsmi məlumat kimi
SİTA-nın yaydığı xəbərə görə,
qoşunlar Bakıya iki nəcib məqsədlə
yeridilmişdir. Birincisi, erməniləri,
rusdilli əhalini və hərbi qulluqçuların ailələrini
talandan qorumaq məqsədilə; ikicisi, millətçi
ekstremistlər tərəfindən hakimiyyətin
zorakılıqla qəsb edilməsinin qarşısını
almaq. Həmin məqsədlərin həqiqiliyi
faktlarla və yanvarın ortalarına yaxın Bakıda
yaranmış siyasi vəziyyətin təhlili ilə təkzib
edilirdi.
Əslində, 1990-cı ilin
başlanğıcına yaxın Azərbaycanın
paytaxtında şəraitin kəskinləşməsinin
başlıca səbəbi Dağlıq Qarabağda
qarşıdurmanın güclənməsi olmuşdu. Yanvarın birinci yarısında icazəsiz mitinqlər,
nümayişlər, mülki itaətsizlik hərəkətləri
dalğası Azərbaycanı bürümüşdü.
Bu dalğa İranla sərhəddə texniki
qurğuları sındırıb-dağıtmış, Cəlilabad
və Lənkəran rayonlarında partiya və sovet rəhbərlərini
hakimiyyətdən salmışdı. Hadisələr
üzərində nəzarətin tamamilə itirilməsi,
respublika siyasi rəhbərliyinin lap çaşıb qalması,
əlbəttə, tankların şəhərə girməsi
üçün darvazaları açmışdı.
Lakin Bakıya silahlı müdaxiləyə
böyük faciə ilə haqq qazandırmaq və onun son dərəcə
labüd olduğu barədə təsəvvür yaratmaq
üçün xalqı əməlli-başlı qorxudub
vahiməyə salmaq, hər bir adamı dəhşətə
gətirmək lazım idi. Daxili
qoşun bölmələrinin və təcili olaraq “xilas etməyə”
çağırılmış ehtiyatçıların
şəhərə gətirilməsi vahimə və
inamsızlıq yaratmışdı. “Xilas
etməyə”. Kimi? Məsələn,
rusları. SİTA-nın
yaydığı xəbərlərə görə,
onları tikə-tikə doğrayır, döyüb əzişdirir
və respublikadan qovub didərgin salırdılar.
Bakıya nə qədər çox ordu
birləşmələri gətirilirdisə, hərbçilərə,
onların arvad-uşaqlarına qəsdlər barəsində
şayiələr də bir o qədər ciddi-cəhdlə
yayılırdı. Belə isə nə
üçün Daxili İşlər Nazirliyinin məlumatlarında
bir dənə də olsun bu cür hadisə qeydə
alınmamışdır?
Nə edəsən, keçmiş SSR
İttifaqının hüdudlarında nəinki küçə
carçıları meydan sulayırlar, bəzən dövlət
xadimlərinin də nitqləri eşidilirdi - təkcə Azərbaycanda
yox, hər yerdə. Bununla belə, saysız-hesabsız
faktlar, şahid materialları, sənədlər sübut
edirdi: Bakıda ruslar əleyhinə və ordu əleyhinə
kütləvi surətdə təşkil olunmuş
çıxışlar müşahidə edilməmişdi.
– Mərkəz Qarabağ ocağında alovun
söndürmək əvəzinə, Bakıya divan tutdu, ittifaq
dövlətinə olan sonuncu ümidi də güllələdi. O vaxt mərkəzin
Bakıya gəlmiş səlahiyyətli rəsmisi Y. Primakov
xalqa qəti şəkildə bildirmişdi: “Bakıda fövqəladə
vəziyyət elan edilməyəcək”. Gecə isə şəhərin
altı üstünə çevrildi, dinc insanlar güllələndi,
tankların altına salındı...
– Bəli, silahlı işğaldan əvvəl siyasi
“artilleriya hazırlığı”
görülmüşdü. Onu Bakıya gəlmiş
SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y.Primakov, Sov.İKP
MK katibi A.Girenko və SOV.İKP MK-nın millətlərarası
münasibətlər şöbəsi müdirinin müavini
R.Mixaylov həyata keçirmişdilər. Mərkəzin nümayəndələri hər yerdə
kimlərlə görüşürdülərsə, and-aman
edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan
olunmayacaqdır. Buna inanan Xalq Cəbhəsinin
liderləri televiziya ilə çıxış edib xalqı
sakitləşdirməyi, əhalini Bakı qarnizonu hissələrinin
ətrafında piketləri dayandırmağa, şəhərin
girəcəklərində qoyulmuş yük
maşınlarını götürməyə
çağırmağı qərara almışdılar.
Lakin efirə çıxmaq üçün nəzərdə
tutulmuş vaxta qırx dəqiqə qalmış teleradio mərkəzində
partlayış baş vermişdi.
– Ordunu kim çağırmışdı? Bu
sualın cavabını kütlələrin qəzəbinin -
lap nəcib məqsəd üçün olan qəzəbinin
coşmasında axtarmaq azdır, ona daha əsaslı cavab
verilməlidir. Yaxşı, ordunu hər halda kim çağırmışdı? Respublika
KP MK ? Ali Sovet? Hökumət?
– Bu suallara sənədlər doğru- düzgün
cavab verir. Azərbaycan Nazirlər Sovetinin İşlər
müdiri M. Nəzərovun məktubundan: “Respublika hökuməti
Sovet ordusu hərbi hissələrinin və SSRİ Daxili
İşlər Nazirliyi daxili qoşunlarının Bakı
şəhərinə gətirilməsi məsələsini
müzakirə etmişdir, bu barədə xahişlə
İttifaq orqanlarına müraciət olunmamışdır. Azərbaycan SSR Nazirlər Sovetinin rəhbərliyinə
qoşunların yeridilməsi onlar artıq yeridildikdən sonra
məlum olmuşdur.
Bəlkə, Prokurorluq
çağırmışdı? Prokurorluğun
Bakıda vəziyyət haqqında məlumatının fotosurətlərini
istədik. Ola bilsin ki, bu məlumat, o
vaxtlar lazım olduğu kimi, İttifaqın partiya, sovet və
hüquq mühafizə orqanlarına göndərilmişdir.
Prokurorluqdan cavab gəldi: ”Azərbaycan SSR
Prokurorluğu Bakı şəhərində vəziyyət
haqqında və ya fövqəladə vəziyyətin
labüdlüyü barəsində mərkəzi partiya, sovet və
hüquq mühafizə orqanlarına, o cümlədən
SSRİ Prokurorluğuna heç
bir məlumat göndərməmişdir “.
Ordunu Azərbaycan Ali Soveti
çağırmışdı? Axı
respublikada fövqəladə vəziyyət elan etmək, yaxud
bu barədə İttifaq parlamentinin qərarını təsdiq
(rədd) etmək onun, yalnız onun konstitusiya hüququdur.
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri Elmira
Qafarovanın bəyanatından: ”Bütün məsuliyyətimlə
bildirirəm ki, Bakıda fövqəladə vəziyyətin tətbiq
edilməsi barədə Azərbaycan SSR-in Ali Hakimiyyət və
İdarəetmə orqanları tərəfindən qərar qəbul
edilməmiş və SSRİ Ali Soveti Rəyasət Heyətinin
bu cür qərar qəbul etməsi üçün
razılıq verilməmişdir".
–
Bakıda fövqəladə vəziyyət elan edilməsini və
buraya qoşun yeridilməsinin planlaşdırılması barədə
Azərbaycanla qonşu dövlətlərin - İran və
Türkiyənin hökumətlərinə, beynəlxalq
hüquq normalarına uyğun olaraq, xəbər
verilmişdimi?
– Dəfələrlə təkrar
edilmiş bu suala Xarici İşlər Nazirliyindən heç
bir cavab alınmamışdır. Qoşunların
yeridilməsi əməliyyatı yanvarın 19-da saat təqribən
21–22 arasında başlanmışdır. Onların
hərəkəti istiqamətində təsadüfən yoldan
keçən adamlar və avtomaşınlar atəşə
tutulmuşdu. Yanvarın 20.00-də saat 00.00-dək, yəni
Bakıda fövqəladə vəziyyət elan edilməsi
haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı
qüvvəyə minənədək
9 adam öldürülmüşdü.
Yalnız yanvarın 20-də səhər
saat 07.00-də respublika radiosu ilə bildirilmişdi ki, fövqəladə
vəziyyət elan olunmuş və qadağan saatı
qoyulmuşdur. Həmin vaxtadək artıq 82 adam
öldürülmüş və 20 nəfər
ölümcül yaralanmışdı (onların
hamısı həmin gün və sonrakı gün xəstəxanalarda
keçinmişdir). Əsgərlərə “döyüş
tapşırığını” yerinə yetirməyə
möhkəm psixoloji
hazırlıq kömək etmişdir. Psixoloji
hazırlığı siyasi işçilər
daxili qoşunlarda, dessant hissələrində, Salyan
kazarmalarında, Xəzər Hərbi Donanmasının gəmilərində
aparmışdılar. Ehtiyatdan
çağırılanlar arasında işi isə səfərbərliyə
alınmış onlarca partiya və komsomol funksioneri aparmışdır.
– O vaxt oxucuları hər şeydən
əvvəl bir sual üzürdü: kimdir müqəssir?
– Parlament
komissiyasının çıxardığı nəticələrə
görə, “sovet qoşunlarının Azərbaycandakı
cinayətkar əməlləri üçün
M.Qorbaçov, Y.Primakov, A.Girenko, D.Yazov, V.Kryuçkov,
V.Bakantin, V.Varennikov və keçmiş İttifaqın siyasi
və hərbi orqanlarının digər yüksək vəzifəli
şəxsləri məsuliyyət daşıyırlar”. Lakin komissiya qətiyyətlə cəhd göstərsə
də, əməliyyatın bütün bilavasitə təşkilatçılarını
və iştirakçılarını mütləq dəqiqliklə
müəyyənləşdirməyə müvəffəq
olmamışdı.
Sov.İKP MK-nın, SSRİ Müdafiə Nazirliyinin və
Dövlət Təhlükəsizliyi Komitəsinin yüksək
vəzifəli şəxsləri əlçatmaz
olmuşdular, İttifaq Prokurorluğu işin
aparılmasını Baş Hərbi Prokurorluğa
tapşıraraq, heç olmasa, az-çox obyektiv təhqiqat
aparılmasına imkan verməmişdi.
1990-cı il dekabrın 20-də “hərbi
qulluqçuların hərəkətlərində cinayət
tərkibi olmadığına görə” cinayət işinə
xitam verilmişdi. Beləliklə, o vaxtadək
heç kəs Bakı faciəsində Mərkəzin rolu barəsində
rəsmi məlumata (onları isə yalnız məhkəmə
verə bilərdi) malik deyildi. İttifaqın Ali rəhbərliyinin
Bakı hadisələrində iştirakını müəyyən
dərəcədə üzə çıxara bilən bəzi
materiallar hər halda var idi...
Bir müddət sonra parlament komissiyasının sədri
M.Abbasov D.Yazova rəsmən müraciət etdi: “Hansı sənədə
(əmrə, təlimata, əsasnaməyə və s.) əsasən Sovet Ordusunun hissələri silah
işlətmişlər və onlar hansı silah növlərindən
istifadə etmişlər?”. Müdafiə nazirinin göndərdiyi
cavabda deyilirdi: “Xahiş edirəm, sizi maraqlandıran məsələlər
barəsində SSRİ Ali Sovetinin Rəyasət Heyətinə
müraciət edəsiniz”.
Komissiyanı, əlbəttə, SSRİ
DTK-nın rolu da maraqlandırmışdı. Azərbaycanın
Milli Təhlükəsizlik naziri yalnız 1991-ci ilin
dekabrında bildirmişdi: “1990-cı ilin yanvar hadisələri
dövründə keçmiş DTK xətti ilə tədbirlərə
keçmiş SSRİ DTK sədrinin müavini F.Bobkov,
V.Pirojkov, Q.Ağayev rəhbərlik edirdilər. Həmin tədbirlərdə SSRİ DTK-nın
respublika komitəsinə ezam edilmiş əməkdaşlarının
böyük bir qrupundan istifadə olunmuşdur”. Bu komitənin
sabiq başçısı V.Hüseynov isə belə
demişdi: “Qoşunlar Bakıya vəhşicəsinə
yeridildikdən sonra dərhal Kryuçkov mənə zəng
vurub dedi ki, Bakıda hadisələrlə əlaqədar Siyasi
Büronun iclası olmuşdur. İclasda Qorbaçov
demişdir: ”Daxili İşlər Nazirliyi
bütün məsələləri həll edir, Müdafiə
Nazirliyi də qarşıya qoyulmuş vəzifələri həll
edir, DTK işi tamam bada vermişdir". Mən
bu deyilənləri sözbəsöz
çatdırıram".
“Kimdir müqəssir?”
sualının cavabı bu ötür- ötürlərdə
dolaşığa salınsa da, dalana dirənsə də xalq
həqiqəti yaxşı anlayırdı: müqəssir
süqut etməkdə olan sovet rejiminin ermənipərəst rəhbəri
Mixail Qorbaçov və onun yaxın ətrafı idi.
Azərbaycan Ali Soveti
komissiyasının məlumatına görə, “Bakı şəhərinə
qoşunların qanunsuz yeridilməsi nəticəsində” 131
nəfər öldürülmüş və 700-dən
çox adam yaralanmışdı. (Şəhərdə fövqəladə vəziyyət
1991-ci ilin avqustunadək saxlanılmışdı. Qeydə
alınmış qurbanların axırıncısı
qadın olmuşdu: 1990-cı ilin dekabrında qadağan
saatını pozmuş və bir əsgər onu, arxadan
güllələmişdi).
Bakıya qoşun yeridilməsindən əvvəl
olmuş hadisələrin, ondan sonra baş vermiş hadisələrin
məntiqi işğalın başlıca məqsədi barəsində
yanılmağa qoymurdu. Suverenlik tələb edən
xalqı cəzalandırmalı, milli istiqlal uğrunda
çarpışan bütün hərəkatlara sərt ibrət
dərsi verməli, həm də fürsətdən istifadə
edərək kommunist sistemin və totalitar sovet
imperiyasının yaxınlaşmaqda olan iflasını zor
gücünə sovuşdurmaq metodlarını sınaqdan
çıxarmalı.
Bu qanlı sınaqlar bir nəticə vermədi
və 20 Yanvarın ikinci ildönümündə artıq
SSRİ süquta uğramışdı.
–
Maraqlı söhbətə görə sağ olun.
Söhbəti
çapa hazırladı:
Tahir
AYDINOĞLU
Xalq qəzeti.- 2015.- 20 yanvar.- S.6.