Qanlı Yanvar faciəsi və

“Asala” erməni terror təşkilatı

 

(Qanlı cinayətlərin görünməyən tərəfləri)

 

Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gün – 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir.

 

Heydər ƏLİYEV

Ümummilli lider

 

Araşdırma materiallarına görə, Vyanada (Avstriya) fəaliyyət göstərən “Erməniləri öyrənən strateji mərkəz”in direktor müavini, əslən Sumqayıt ermənisi olan E.D.Manukyan 2012-ci il oktyabrın 3-də Dünya Erməni Diasporunun rəhbərlərinə ünvanladığı çağırışda bildirirdi ki, nəyin bahasına olursa olsun, dünya arxivlərini, ən məxvi qovluqları erməniləri “cinayətkar” kimi tanıdan materiallardan, fakt və sənədlərdən təmizləmək vaxtıdır. Yeni yüzil bunu bizdən tələb edir. Yoxsa, gələcək nəsillər bu “uydurmalara” inana bilər.

 

Məlumata görə, artıq dünya kitabxana və arxivlərinin rəhbərləri bunu etiraf edir, çıxış yolu axtarırlar. Məsələn, ötən yüzilliyin son illərinədək Sovet İttifaqının xarici kəşfiyyatına rəhbərlik edən general-leytenant Vadim Alekseyeviç Kirpiçenko şəxsi arxivində qoruyub saxladığı bir neçə qovluq yoxa çıxıb. Kirpiçenkonun Dövlət Təhlükəsizlik Komitəsinin sədri, ordu generalı Vladimir Aleksandroviç Kryuçkova ünvanladığı məktubda qeyd edirdi:

“Mənim yanıma əslən Livandan olan erməni mənşəli Emel Orduyan adlı birisi gəldi. Biz onunla Heratda tanış olmuşduq. (Xatırladım ki, general Kirpiçenko həmin vaxt Moskvanın Kabildəki daimi nümayəndəliyinin rəhbəri idi). O, verdiyi məlumatda iddia edirdi ki, özlərini Erməni Milli Azadlıq Ordusu hesab edən ASALA erməni terrorçularının silahlı birləşmələri Azərbaycana hücuma hazırlaşırlar. Bu terror dəstəsinin böyük bir qrupu artıq Livanın Bəqa vadisində özlərinin döyüş taktikalarını sınaqdan çıxarırlar...”

On bir gündən sonra kəşfiyyat generalı ikinci məktubu göndərir və qeyd edirdi: “Birinci məktuba əlavə olaraq bildirirəm ki, “Asala” erməni ordusunun (terrorçu ifadəsi çıxarılıb- R.V.) Azərbaycana müxtəlif istiqamətlərdə hücumlarına, hansı səbəbdənsə, Moskva dəstək verib. Kreml “Asala”nın Azərbaycana dərs vermək üçün hərbi-sursatla təminatını boynuna götürüb.” Rus generalı bunu da iddia edirdi ki, erməni diasporunun yaratdığı “Asala” silahlı birləşməsinin tərkibində Erməni Milli Asambleyasının üzvləri də var. Bu dəstəyə ABŞ-da həbsdə olan Murad Topalyanın başçılıq etməsi də maraq doğurmaya bilməz.

 Məlumata görə, “Asala”nın yedəyində Bakıya girən bu silahlı dəstənin Baş Qərargahı Ohayo ştatındakı Bedfor şəhərində idi. Digər tərəfdən, o da məlum idi ki, silahlı terror dəstəsi ilkin hərbi hazırlıqlarını Massaçusets ştatındakı (ABŞ)"Hayastan" hərbi-təlim düşərgəsində keçib.

Erməni Milli Asambleyasının silahlıları ABŞ Dövlət Departamentinin rəsmi sənədlərində terrorçu dəstə kimi qeyd olunur. Murad Topalyana gəlincə, o hansı səbəblərə görəsə, Bakıda vuruşmaq üçün (?) Bedford həbsxanasından azad olunaraq, “Asala”nın sıralarına göndərilir. İndiyə qədər bu sualın cavabını heç kəs verə bilmir. Azərbaycana qarşı hazırlanmış qətliam planında hər şey diqqətlə ölçülüb-biçilmişdi. Bu planda hansı təbəqədən nə qədər adam öləcək, o da məlum idi. “Erməni Milli Asambleyası” Bakıya hücum zamanı respublikanın Daxili İşlər Nazirliyinə, Azərbaycan KP MK-ya basqın edib, binaları dağıtmalı, tank mərmiləri ilə oraları yerlə-yeksan etməli idi.

Rus kəşfiyyatının ən bacarıqlı simalarından sayılan V.A.Kirpiçenkonun məktubları baş verə biləcək çox ciddi hadisələrdən xəbər verirdi. Onun “ərəb dostu” Emel Orduyanın məlumatları başqa istiqamətlərdən də kəşfiyyat məlumatlarında öz təsdiqini tapırdı. General Kirpiçenkonun məktubları buna baxmayaraq, hələ də cavabsız qalmışdı. Sadəcə, məktubların qəbulu ilə bağlı cavablar verilirdi.

Həmin vaxt ABŞ-ın yeni seçilən prezidenti (1989-1990) Corc Herbert Uolker Buş idi. Prezidentlikdən əvvəl o, ABŞ-ın MKİ-nin direktoru olmuşdu. Buş Moskvadakı rezidenturasında çalışan polkovnik Hell Harvini Bakıya tələsdirirdi. Görünür, Ağ ev də “Asala”nın terror planları haqqında geniş və hərtərəfli məlumatlara malik idi.

Üçüncü məktubda isə general V.A.Kirpiçenko artıq “Asala”nın Azərbaycanda törədə biləcəyi qanlı cinayətin vaxt və zamanından danışırdı: “Məktublarıma əlavə olaraq bildirirəm ki, ”Asala" erməni ordusu Azərbaycan sərhədlərini 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, saat 00:15-də pozacaq. Onlar artıq kiçik dəstələr şəklində Livandan, Suriyadan, İraqdan, Bəhreyndən, Sudandan, CAR-dan, Fransadan, İngiltərədən, Bolqarıstandan... Moskvaya, Leninqrada, Rostova, Stavropola uçurlar... Onlar Sovet qoşunlarının kontingentində hissələrə bölünüblər. Verilən materialları araşdırmanızı xahiş edirəm".

Digər bir məlumatda isə bildirilir ki, “Asala” erməni silahlı terror birləşmələri özünün yaranma tarixinin yubileyini Bakıda, görünməmiş qanlı cinayətlərilə qeyd etməli idi. Bu, 1989-cu il iyulun 15-də Beyrutda keçirilən 19 ölkənin erməni diaspor təşkilatlarının beynəlxalq konfransında çıxarılan yekun qərarın hökmü idi. Qərarın icrası isə uzun müddət Moskvanın təhlükəsizlik orqanlarında çalışan, Azərbaycana qarşı həmişə qərəzli mövqedə dayanan, ehtiyata buraxılmış kəşfiyyat generalı M.S.Ovanesyana tapşırılmışdı. Azərbaycanda isə siyasi qüvvələr hakimiyyət hərisliyi ilə didişirdi.

Araşdırma materialları arasında təsadüf etdiyimiz  məlumatlardan bu da aydın olur ki, dünyada bir sıra cinayətlərin iştirakçısı olan “Asala”nın 15 illiyini 20 yanvar 1990-cı ildə Azərbaycanın, Türkiyənin və İranın bir sıra ərazilərində məskunlaşan ermənilər də qeyd ediblər. Azərbaycan ərazisində tarixin ən amansız və qanlı səhifələrindən birini yazan, silahsız insanlara basqın edib, əzən, məhv edən “Asala”ya o vaxt hələ də Bakıda yaşamaqda olan ermənilər həmin gecə “xilaskar ordu” kimi baxmışdılar.

Məlumata görə, həmin gecə ermənilər üçün Bakıdakı erməni kilsəsi ən güclü istehkamlardan birinə çevrilmişdi. Maraqlısı bu idi ki, kilsədəki telefon “qovşağı”ndan sərbəst şəkildə Eçmiədzinlə, Yerevanla, Moskva ilə, Parislə, Tel-Əvivlə, Vaşinqtonla, Londonla, Tehranla, Ankara ilə... nəhayət... Xankəndindəki  366-cı alayla danışmaq mümkün olub. Sadə, çəhrayı rəngli telefonun dəstəyini qaldırmaq kifayət idi.

Həmin vaxt ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosu qan içində boğulan, tənha və kimsəsiz qalan Azərbaycanı “ipə-sapa yatmayan” şotlandlara bənzədirdi.

“Asala” Bakıda törətdiyi qırğınlardan iki gün sonra, 1990-cı il yanvarın 22-də “Hayastan” jurnalının (16 dildə) nəşrinə başladı. ABŞ-dakı erməni diasporu Erməni Xalq Hərəkatı adlı yeni bir təşkilatın nizamnaməsini yaydı. Nizamnaməni təhlil edən erməni terror birləşmələrinin Bakı bürosunun lideri, uzun müddət sərhəd qoşunlarında çalışan kəşfiyyat mayoru M.Q.Gevorkov bildirirdi ki, biz “Asala”nın il- dönümünü Bakıda təntənə ilə  qeyd etdik.

“Asala”nın Bakıya silahlı hücumundan sonra Fransada formalaşan Erməni Milli Hərəkatı, Böyük Britaniyada qərar tutan Erməni Təşkilatı, ABŞ-da “Böyük və mütəşəkkil erməni qruplaşması” “Asala” erməni silahlı ordusunu dünya ictimaiyyətinə “Demokratik (Xalq) Cəbhə” kimi təqdim etməyə başladılar.

Kəşfiyyat polkovniki Q.B.Smirnov baş verən qanlı Bakı hadisəlırini araşdırarkən göstərirdi ki, ermənilər hücumdan öncə Azərbaycanla bağlı çox güclü və hərtərəfli təhlil olunmuş, dəqiq və təkzib olunmayan strateji kəşfiyyat məlumatlarına malik olublar. Polkovnik haqlı olaraq belə bir sualı ortaya qoyur: Kim idi bütün bunların arxasında dayanan?

Polkovnik belə bir qənaətə də gəlirdi ki, Bakı qırğınlarını törədən “Asala”nın tərkibində ABŞ-ın Florida Ştatında geniş hərbi düşərgələrə malik, bilavasitə erməni narkobaronlarının yaratdıqları “Bubi” terror təşkilatının üzvləri də var idi. O, daha sonra yazırdı: “Mən həmişə baş verən terror hadisələrini araşdırmışam. Əgər təcrübəli kəşfiyyat generalı, ölkənin ictimai-siyasi durumuna ciddi bələd olan Heydər Əliyev öz möhtəşəm və dünyanı sarsıdan çıxışında cəmi yarım saat geciksəydi... onun və onun ətrafında olanların həyatını xilas etmək mümkün olmayacaqdı.”

1990-cı il yanvarın 20-də... Heydər Əliyevin çekist dostları general V.A.Şebarşinin və V.A.Kirpiçenkonun təkidilə yaradılmış “Anti-terror” qrupunun üzvləri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindən 12 kq partlayıcı maddə götürərək, ətraf binalarda qərar tutan 16 nəfər erməni terrorçusunu həbs etmişdilər. Məhz bundan sonra Heydər Əliyevin sərbəst çıxışına təminat verilmişdi. Məlumata görə, həmin gün Heydər Əliyev və onun ətrafına zərər verə biləcək D.S.Mirzoyan (hərbi kəşfiyyat mayoru), L.M.Bazuyan (istefada olan hərbçi), Q.M.Emilyan (tarixçi), F.M.Qalustyan (“Asala”), E.D.Melikyants (“Dro”), M.D.Şanx (Cənubi Afrika vətəndaşı), R.B.Sarkisyan (Yerevanda yaradılmış “Krunk” təşkilatı), H.S.Samvel (bərpa olunmuş “Erməni bürosu”nun üzvü) və başqa erməni terrorçusu həbs olunmuşdular.

1990-cı il yanvarın 28-də Dəməşqdə ingilis dilində nəşr olunan “Suriya vaxtı” qəzeti ikinci səhifəsində “Qafqazda baş verən hadisələrin icmalı” yazısında “Asala” erməni silahlı birləşmələrinin Bakıda törətdikləri qanlı cinayətlərə haqq qazandıraraq, yazırdı: “ 1990-cı il yanvarın 20-də ermənilərin ”Xilas dəstələri" (Şübhəsiz, bu “Asala” erməni ordusuna işarə idi) erməni bacı və qardaşlarını ölümdən xilas etmək üçün Bakıya ayaq basdılar. Yüzlərlə erməni ailəsi xilas olundu (?) “ Yerli radionun müxbiri Cubran İsmayılın qələmə aldığı bu yazı fransız və ərəb dillərinə də tərcümə olunub, yayılmışdı. Başqa bir məlumatda isə bildirilir ki, bu yazı, eləcə də bu yazıya bənzər bir neçə yazı ”Ermənilər üçün qırmızı xətt" kitabçası adı altında Strasburqda satışa çıxarılmışdır.

1990-cı il fevralın 19-da Kabildən (Əfqanıstan) Moskvaya qayıdan general-leytenant, məşhur kəşfiyyatçı V.A.Kirpiçenko onun göndərdiyi məktub və teleqramları cavabsız qoyan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, ordu generalı V.A.Kryuçkovla görüşür. Bu vaxt generalın işlədiyi Birinci Baş İdarəyə general Leonid Vladimiroviç Şebarşin başçılıq edirdi. Kəşfiyyat generalı 1990-cı il fevralın 26-da məktubları əsasında Siyasi Büroya “xüsusi arayış”ını hazırlayır.

General Siyasi Bürodan aydınlaşdırmağa çalışırdı ki, nə üçün Əfqanıstanda əslən Livandan olan “Sarvar” adlı agentindən əldə etdiyi məlumatlar işlənməmiş qalıb. General soruşurdu: “ Siyasi Büro millətləri və xalqları parçalayan, insanları məhv edən, ölkə ərazisində qeyri-qanuni fəaliyyət göstərən “Asala” separatçı erməni ordusu ilə bağlı hansı tədbirləri işləyib?" Daha sonra general sorğularının birində qeyd edirdi: “1990-cı il yanvarın 20-də Azərbaycan xalqına edilən silahlı erməni basqınlarının təşkilatçılarına Kremldə dəstək verənlər kimlərdir? Bakı həmişə strateji əhəmiyyətinə görə xarici kəşfiyyat üçün əlçatmaz olub. Qapıları açan kimlərdir?

Məlumata görə, general rəhmətə gedənədək ordu generalı, hadisələrə biganə qalan V.A.Kryuçkovla görüşməkdən imtina edib. Faktiki olaraq general V.A.Kryuçkov yəqin etmişdi ki, Moskva, Leninqrad, Stavropol, Rostov əraziləri erməni emissarları ilə dolurdur. Yoxlama materiallarına görə, təkcə Rostov ərazisinə Afrika ölkələrindən 1989-cu ilin sentyabr ayında 407 nəfər erməni gəlmişdi. Bu ermənilər tədricən İttifaq ərazisindəki erməni silahlı qruplaşmalarında görünürdü”

Maraqlı məqamlardan biri də bu idi ki, 1989-cu il noyabrın 20-dən xarici ölkələrdən gələn ermənilər Bakıda məskunlaşaraq “Asala” silahlı erməni ordusunun yolunu gözləyirdilər. Bu fakt ordu generalının kəşfiyyat materiallarından biri idi. “Andres Kastro” deyilən silahlı qrup 1989-cu ilin dekabr ayının ortalarında Bakıda görünmüşdü. Bu terror təşkilatının üzvləri, məlumata görə, artıq “Asala” terror təşkilatı üçün kiçik bir plan cızmışdı.

1990-cı ilin qanlı yanvar  faciəsindən sonra general V.A.Kryuçkovun göstərişilə ölkənin təhlükəsizlik xidməti sıralarından milliyyətcə erməni olan və bilavasitə “Asala” erməni ordusunun qurulmasında iştirak edən, ermənilərin silah və digər hərbi sursatlarla təmin olunmasında, Gürcüstanda, Stavropolda, Rostovda hərbi bazaların, qoşun kontingentinin, tank diviziyalarının və hərbi vertolyotların onların istifadəsinə verilməsində ittiham edilən 28 kəşfiyyat zabiti, Müdafiə Nazirliyinin tabeliyində olan Baş Kəşfiyyat İdarəsinin yüksək rütbəli 43 nəfər əməkdaşı işdən qovulmuşdular.

1990-cı il 20 yanvar basqını ilə bağlı hərbiləşdirilmiş erməni terror birləşmələrinin törətdikləri cinayətlər haqqında Bakıdan heç bir operativ kəşfiyyat materialı göndərilməyib və yaxud göndərilən şifroqramlar və açıq mətnli teleqramlar məhv edilib. Bu gün bu istiqamətdə RF-nın kəşfiyyat idarələrində açılan “Məlumat qovluqları” bomboşdur(?)

 

(ardı var)

 

Rövşən   VƏLİZADƏ,

AMEA İnsan Hüquqları İnstitutunun

siyasi-iqtisadi münaqişələr şöbəsinin müdiri,

politoloq

 

Xalq qəzeti.- 2015.- 20 yanvar.- S.8.