Ağcabədi həqiqətləri

 

Söhbət bu həqiqəti yaradanlardan, son illər əldə edilmiş böyük uğurlardan gedir

 

Əgər əvvəllər, əvvəllər deyəndə ki, cəmi 5-10 il bundan qabaq desəydilər ki, gəlin qışın bu qarlı-çovğunlu vaxtında Ağcabədiyə gəzməyə gedək, təəccüblənərdim. İndi isə... məmnuniyyətlə razılaşdım. Özü də təkcə ona görə yox ki, çoxdandır elə mən özüm də Ağcabədidə olmamışdım. Həm də ona görə ki, son illər ölkəmizin ən sürətli inkişaf edən bölgələrindən biri olan bu bərəkətli Aran torpağında gəzməli-görməli, nümunə götürməli, fəxr etməli çox yeniliklər var. Ona görə də bu günlərdə bir qrup jurnalistlə Ağcabədiyə getdik. Rayonu yaxşı tanıdığımdan, bu bölgədə çoxdan işlədiyimdən və ən əsası, son illər əldə edilmiş dinamik inkişaf və yüksəlişdən, aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən daha çox yazdığımdan bələdçiliyi mən elədim.

 

Gedəcəyimiz ünvanların təxmini siyahısı belə oldu: Şəhərin mərkəzi meydanı, Heydər Əliyev prospekti, Heydər Əliyev parkı, Qarabağ Muğam Mərkəzi, idman kompleksi, yeni yaşayış məhəllələri, doqquzmərtəbələr, nəhayət, füsunkar Ağ göl...

Gəzdik, gördük, müşahidə elədik və yekdil olaraq o qənaətə gəldik ki, Ağcabədi öz inkişafının yeni bir mərhələsinə qədəm qoyub. Təfsilata varmadan deyək ki, təkcə şəhərin mərkəzi meydanında, Heydər Əliyev prospekti ilə addımlamaq hər kəsdə aydın təsəvvür yaradır. Söhbət, əlbəttə, təkcə yeni tikililərdən, az qala, dünyanın hər yerindən gətirilmiş müxtəlif ağac və gül-çiçək kollarından, salınan səki və yollardan getmir. Açığını deyək ki, indi respublikanın hər yerində binalar da tikilir, müasir infrastruktur layihələri də həyata keçirilir və s. Demək istədiyimiz mətləb ondan ibarətdir ki, Ağcabədidə bütün bu işlər böyük məhəbbətlə, yüksək zövq və səliqə-sahmanla aparılır. Bu zaman dünya və milli arxitektura elementlərindən yaradıcılıqla, yerli şəraitə uyğun şəkildə istifadə olunur. Hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilir, estetik görünüş və orijinallıq əsas götürülür.

Digər mühüm cəhət isə ondan ibarətdir ki, burada xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevə, onun hamıya nümunə olan həyatına və mübarizələrlə dolu fəaliyyətinə, zəngin və tükənməz irsinə böyük hörmət və ehtiramın şahidi olduq.

Bu sonsuz sevgi və qədirbilənliyi ulu öndərin rayon icra hakimiyyətinin qarşısında ucaldılmış əzəmətli heykəlinin ətrafındakı daim təzə-tər gül-çiçəklərdə də, meydanın ümumi tərtibatında da, Heydər Əliyev Mərkəzində də, YAP rayon təşkilatını inzibati binasında da, ümumiyyətlə görülən hər işdə, atılan hər bir addımda görmək və müşahidə etmək mümkündür.

Jurnalist dostlarımın marağına səbəb olan daha bir vacib məsələ barədə: bəzən görürsən ki, aparılan tikinti-quruculuq və abadlıq işləri şəhərin, ya qəsəbənin bir-iki mərkəzi küçəsində, qonaq-qara gələn yerlərlə yekunlaşır. Ağcabədidə isə abadlıq-quruculuq və səliqə-sahman işləri şəhərin, demək olar ki, bütün küçə və prospektlərində, park və meydanlarında aparılıb. Bəlkə, elə ona görədir ki, biz Ağcabədidə olduğumuz günlərdə darıxmadıq. Burada həm dincəlmək, həm də istirahət etmək üçün hər cür imkan və şərait var.

Ağcabədi gecələri isə tamam başqa aləmdir. Müasir işıqlandırma sistemi, müxtəlif çil-çıraqlarla bəzədilmiş ağac və gül kolları bu Aran şəhərinə qəribə bir ovqat, rahatlıq və sakitlik gətirir. Gözümüz də dincəlir, könlümüz də. Görünür, elə ona görədir ki, şəhərin küçələri, park və meydanları axşamlar daha gur, gözəl və qələbəlik olur. İnsanlar ailələri, qohum-qonşusu ilə şəhərə çıxır, dincəlir, söhbət edir... Heç kimə sirr deyildir ki, əvvəllər burada belə qələbəliyi, gəzintiyə və istirahətə çıxanları çətin görərdin. Əslində, onları qınamaq da olmazdı. Əvvəla, dincəlməyə, gəzməyə əməlli-başlı yer yox idi. Digər tərəfdən, bunlar bizim daxili dünyamız, dünyagörüşümüzlə bağlı məsələlərdir. Əbəs yerə deməyiblər ki, dünya gör-götür dünyasıdır.

Ümumiyyətlə, məsələnin bu tərəfi - insan amili, onun mənalı və məzmunlu istirahəti, könül dünyası, artan mənəvi tələbləri və s. həmişə diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, tez-tez Ağcabədidə respublikanın görkəmli alimləri, incəsənət xadimləri ilə görüşlər keçirilir, tamaşalara, kino-filmlərə baxış, tarixi yerlərə ekskursiyalar təşkil olunur. Yeni çap olunmuş əsərlərin müzakirəsi keçirilir və s. Bu isə, sözsüz ki, insanların özlərinin dəyişməsinə, daha zəngin və müasir olmalarına gətirib çıxarır.

Heydər Əliyev parkında ahıl bir kişi ilə tanış olduq. Yanvar ayı olmasına baxmayaraq, hava mülayim idi. Nəvələri ilə parka gəzməyə gəlmişdi. Hamımız, demək olar ki, eyni sualla bu nurani insana - Qəni Cəfərova yaxınlaşdıq. O isə əvvəlcə gülümsədi, sonra isə tələsmədən danışmağa başladı:

- Görürəm ki, siz ya əvvəllər Ağcabədidə olmamısınız, ya da yolüstü keçib getmisiniz. Əvvəllər nə bu park vardı, nə belə müasir binalar, nə belə yaşıllıq, səliqə-sahman... Düzdür, Ağcabədi ötən əsrin 70-80-ci illərində respublikanın ən böyük və qabaqcıl rayonlarından biri idi. Bununla yanaşı, etiraf edək ki, abadlıq-quruculuq, iqtisadi, sosial və mədəni məsələlərə kompleks münasibət, kütləvi tədbirlər yalnız son illərə aiddir. Bax əsas məsələ də bundadır. Həqiqətən, indi Ağcabədini tanımaq olmur. Şəhər bütün istiqamətlərə doğru sürətlə inkişaf etmişdir. Hər addımda yenilik, gözəllik və müasirlik diqqəti cəlb edir. Axı insan həmişə gözəlliyə can atır.

Qəni müəllimin son sözləri uzun müddət yaddaşımızdan silinmədi. Bəli, dahilərdən birinin sözüdür: İnsan saraylarda bir cür, daxmalarda başqa cür düşünür. Demək istəyirik ki, insan əli hər şeyə qadirdir. Yetər ki, ona düzgün istiqamət verən, daxili potensialını, mənəvi aləmini hərəkətə gətirən, ona qol-qanad verən ola...

Şəhərin mərkəzi meydanında olarkən jurnalistlərdən kimsə təəccüb və heyranlığını gizlədə bilmədi:

- Maraqlıdır, bu abidələrin, parkların, binaların, qoşa qapının layihəsini kim verib, dizaynını kim işləyib?

Əslində, Ağcabədidə bunu hamı yaxşı bilir. Bilir ki, bütün bu işlərin təşkilatçısı da, memarı və dizayneri də rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovdur. Təkcə bir faktı göstərək ki, bayaq gəzdiyimiz, gördüyümüz binalar, park və meydanlar, salınan küçə və səkilər məhz Şahin müəllim icra başçısı işlədiyi son 9 il ərzində tikilib başa çatdırılmışdır.

Bir halda ki, söhbət son 9 ilin nəticələrindən düşdü, bəzi xarakterik fakt və rəqəmləri göstərmək, müqayisələr aparmaq və konkret nəticələr çıxarmaq vaxtıdır. Bu müddətdə həyata keçirilən kompleks tədbirlər nəticəsində sənaye istehsalı 11,1 dəfə, kənd təsərrüfatı məhsulları isə 2 dəfə artmışdır. Əvvəllər nə rayon mərkəzinə, nə də digər yaşayış məntəqələrinə təbii qaz verilmirdi. İndi isə 1 şəhərdə, 1 qəsəbədə, 18 kənddə təbii qaz var. Hazırda 5 kəndə də qaz xətti çəkilir. Ölkə başçısının sərəncamları ilə 5 kəndi birləşdirən Ağcabədi - Qaradolaq - Kəbirli, o cümlədən 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü - Kürdlər - Şərəfxanlı - Mirzəhadılı yolu asfaltlaşdırılmışdır. Son 9 ildə rayonda 36 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 10 məktəbdə əsaslı təmir işləri aparılmışdır.

Razılıq doğuran cəhətlərdən biri də budur ki, əvvəldən götürülmüş sürət azalmır, əksinə, ildən-ilə daha da genişləndirilir. Məsələn, yola saldığımız 2014-cü ildə də rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq işləri eyni sürət və keyfiyyətlə davam etdirilmişdir. 28 May, Nəsimi, M.Aranlı, Nizami, Qarabağ, N.Abdullayev, X.Şuşinski, Ş.Cəmşidov və başqa küçələrə asfalt örtüyü salınmış, Qaçqınların və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu xətti ilə Aşağı Avşar kəndində 7 kilometr yola çınqıl döşənmişdir.

Heydər Əliyev meydanının giriş hissəsində yeni qapı komplekslərinin, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə şəhər 4 və 2 saylı körpələr evi - uşaq bağçalarının yeni binalarının tikintisi davam etdirilir. Olimpiya İdman Kompleksinin tikintisi də sürətlə aparılır.

Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə Rəncbərlər kəndi ərazisində 5000 tonluq soyuducu anbarın, S.Vurğun küçəsi ərazisində “Cahidoğlu” MMC tərəfindən başlanmış müasir çörək zavodunun və FHN-nin Ağcabədi Yanğından Mühafizə Bölməsi üçün inzibati binanın tikintisində son tamamlanma işləri aparılır.

Ağcabədi ənənəvi kənd təsərrüfatı rayonudur. Münbit torpağı, əlverişli iqlim şəraiti, bol suyu taxılçılığı, heyvandarlığı, pambıqçılığı və başqa sahələri sürətlə inkişaf etdirməyə geniş imkanlar açır. Sevindiricidir ki, son illər burada kənd təsərrüfatı məhsulları istehsalı artan sürətlə gedir, məhsuldarlıq yüksəlir. Ağcabədi rayonunun inzibati ərazisi 175.600 hektardır. Ondan kənd təsərrüfatına yararlı torpaq sahəsi 126.088 hektar olmaqla, 65.704 hektarı əkin yeri, 59974 hektarı isə otlaq sahəsidir.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına əsasən, rayonda ötən il 14.615 nəfər istehsalçı tərəfindən əkilmiş 54.743 hektar ümumi əkin sahəsinin hər hektarına 40 manat hesabı ilə 2.189.747 manat subsidiya hesablanmışdır.

Artıq neçə ildir ki, Ağcabədidə pilot taxılçılıq təsərrüfatı yaradılmışdır. Bu ilin məhsulu üçün 3300 hektar sahənin 1400 hektarında buğda, 1400 hektarında qarğıdalı, 500 hektarında isə soya əkilmişdir. Təsərrüfatda hər hektardan 55 sentner olmaqla, 7911 ton buğda və 149 sentner olmaqla, 20868 ton dənlik qarğıdalı istehsal olunmuşdur.

Rayon ərazisində, ümumilikdə, bu mövsümdə 20.651 hektarda buğda, 5610 hektarda arpa, 1703 hektarda pambıq və digər əkin işləri aparılmışdır. Ötən il rayonda 69.089 ton buğda, 16.218 ton arpa, 9219 ton şəkər çuğunduru istehsal olunmuşdur. Ət istehsalı 8047 ton (2013-cü ilin müvafiq dövrünə nisbətən 2,3 faiz çox), süd istehsalı 51.069 ton (müqayisə olunan dövrə nisbətən 12 faiz çox) olmuşdur. “Atena” MMC tərəfindən 140,2 ton pendir və kəsmik, 234,6 ton süd, 265,8 ton qatıq, 256,4 ton ayran və 45,1 ton kərə yağı istehsal olunmuşdur.

Ağabəyli kəndi ərazisində yaradılmış “Aqat Aqro” MMC-nin 3000 başlıq heyvandarlıq kompleksi 40 hektar sahəni əhatə edir. Hazırda kompleksdə mal-qaranın sayı 3816 başdır.

“BMS Arqo” MMC tərəfindən südlük keçi təsərrüfatı yaradılmışdır. Hazırda təsərrüfatda keçilərin sayı 4003 başa çatdırılmışdır.

Ümumiyyətlə, rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 224.417 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 16,6 faiz, 2005-ci ilə nisbətən 4,4 dəfə çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın məbləği 56178,6 min manata çatmışdır. Bu isə 2013-cü ilin müvafiq dövrünə nisbətən 3,4 faiz, 2005-ci ilə nisbətən isə 60,5 dəfə artıqdır.

Rayon üzrə orta aylıq əmək haqqı 246,8 manatdır. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz, 2005-ci ilə nisbətən isə 3,9 dəfə çoxdur. Ötən il rayonda 2318 yeni iş yeri açılmışdır ki, bunun da 1176-sı daimidir.

İnsan amili, əhalinin vacib problemləri, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi diqqət mərkəzindədir. Belə ki, ötən il əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə müxtəlif güclü 14 transformator əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Bundan əlavə, Ağcabədi şəhər, Rəncbərlər, Şotlanlı, Hindarx yarımstansiyalarında təmir işləri aparılmışdır.

Şəhərin zəruri ehtiyac olan Y.Məmmədov, H.Məmmədquluzadə və S.Vurğun adına küçələrində 3 işıqlanma transformatoru quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Müxtəlif ərazilərdə ağac dayaqlar yeni beton dirəklərlə, istismara yararsız naqil yenisi ilə əvəz edilmişdir.

Ağcabədi Qaz İstismar Sahəsi rayon ərazisində 25.562 abonentin qazla təmin olunmasını nəzərdə tutmuşdur. Hazırda həmin abonentlərdən 60 faizə qədəri qazla təmin olunmuşdur. Bundan başqa, rayon ərazisində 3 məcburi köçkün qəsəbəsinə də təbii qaz xətti çəkilmişdir.

Hazırda Hindarx qəsəbəsində, İmamqulubəyli, Şahsevən, Avşar-Kəbirli, Aşağı-Mehrablı, Qaradolaq, Yeni Qaradolaq, Kəbirli və başqa kəndlərə daşıyıcı xəttin çəkilişi yekunlaşmışdır.

Təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğı, sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi öz gözəl nəticələrini verməkdədir. Belə ki, ötənilki məzunlardan 621 nəfəri respublikanın ali məktəblərinə sənəd vermiş, onlardan 293-ü tələbə adını qazanmışdır. Müqayisə üçün deyək ki, 2006-cı ildə Ağcabədidən respublikanın ali məktəblərinə cəmi 65 nəfər daxil olmuşdu.

2014-2015-ci dərs ilində rayonda 62 ümumtəhsil məktəbi, o cümlədən 50 tam orta, 11 ümumi orta və 1 ibtidai məktəb fəaliyyət göstərir ki, onların da təlim-tərbiyəsi ilə 2695 müəllim məşğuldur.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla yerinə yetirilməsi nəticəsində 2014-cü ildə rayonda M.Füzuli adına Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 yerlik, R.Quliyev adına Taynaq kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəb binası tikilmişdir. Kürdlər kənd tam orta məktəbinin binası isə əsaslı təmir edilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovu müsahibə almağa razı salmaq hər jurnalistin hünəri deyil. Bu, Şahin müəllimin tutduğu məsul və şərəfli vəzifənin məsuliyyətindənmi irəli gəlir, yoxsa xarakterindənmi doğur, demək çətindir. Bu dəfə də belə oldu. Biz nəsə soruşmaq istəyirdik ki, icra başçısı özü bizə sual verdi:

– Sizcə, indi başqa cür yaşamaq və işləmək mümkündürmü? Əlbəttə, yox. Bayaqdan son illər görülmüş işləri tərifləyirsiniz, şəhərin gözəlliyindən danışırsınız... Burda qeyri-adi nə var ki? Əgər ölkə Prezidenti etimad göstəribsə, vəzifə və səlahiyyət veribsə, deməli, işləmək lazımdır. Həm də yaxşı işləmək lazımdır. Özü də bu, bayaq dediyimiz kimi, təkcə mənim xarakterimlə bağlı məsələ deyil. Bu, hər şeydən əvvəl, müstəqil dövlətimizin indiki inkişaf sürətindən, yaşadığımız dövrün özünün xarakterindən, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu böyük, taleyüklü vəzifələrdən doğan tələbdir. Deməli, bu yolda bir an belə ləngimək olmaz.

Digər tərəfdən, bütün zamanlar üçün bizim hamımıza parlaq örnək, canlı nümunə, əsl məktəb var. Bu, Heydər Əliyev məktəbi, Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev nümunəsidir. Respublika Prezidenti İlham Əliyevin qətiyyətli və titanik fəaliyyəti, dünyanın ən böyük dövlət və siyasət adamlarını belə heyran qoyan dərin zəkası, geniş dünyagörüşü, regionlara müntəzəm xarekter alan tarixi səfərləri, adamlara göstərdiyi diqqət və qayğı, sözün həqiqi mənasında, bizim üçün həyat dərsləridir. Biz bu zəngin və tükənməz xəzinədən hələ çox şey öyrənməliyik.

İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun bu sözlərinə onu da əlavə etsək, yerinə düşər ki, əldə edilmiş uğurların bir səbəbi də yerlərdə işin düzgün təşkili, iş üslub və metodlarının, təşkilat-idarəetmə məsələlərinin daim təkmilləşdirilməsi, bu zaman daha çox elmi münasibətin əsas götürülməsidir. İqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət, qarşılıqlı inam və etibar, ardıcıl, sistemli icra intizamı isə qarşıya qoyulan vəzifələrin, böyük layihələrin uğurla həll olunması ilə nəticələnir.

...Jurnalist dostlarım Ağcabədi həqiqətləri barədə nə vaxt yazacaqlar, necə yazacaqlar, deyə bilmərəm. Mənim gördüklərim, şahidi olduqlarım, eşitdiklərim isə bunlardır, əziz oxucular.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 22 yanvar.- S.8.