Bölgələrdə
20 Yanvar faciəsinin
25-ci ildönümü
qeyd olundu
Balakən
Yaddaşımızdan
heç vaxt silinməyəcək
20 Yanvar faciəsinin 25-ci ildönümü
ölkəmizin hər yerində olduğu
kimi, Balakəndə də rayon ictimaiyyətinin yüksək fəallığı
şəraitində qeyd olundu.
Rayon icra hakimiyyətinin
başçsı İslam Rzayev başda olmaqla aparat işçiləri,
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə
və təşkilatların rəhbərləri və geniş ictimaiyyət nümayəndələri,
şəhid ailələləri və Qarabağ
müharibəsi veteranları və əlilləri xiyabana gələrək burada uyuyan şəhidlərin qəbri üstünə
və onların xatirəsinə ucaldılmış abidə
önünə tər qərənfillər qoymaqla
onların unudulmaz xatirəsini ehtiramla yad etdilər.
Elə həmin gün saat 12.00-da rayon ərazisində maşınların hərəkəti
dayandırılmaqla səs siqnalları vasitəsi ilə
şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
Sonra rayon icra
hakimiyyətinin başçısı İslam
Rzayev xiyabanda uyuyan şəhidlərin valideynləri ilə
görüşdü və onlara səbr dilədi. Bildirdi
ki, bu gün
şəhidlərin xatirəsi uca tutulur. Onların ailələrinə hər cür qayğı göstərilir. Ölkə
başçısı cənab İlham
Əliyevin bu sahədə gördüyü
işlər göz qabağındadır.
Onlara yardımlar edilir,
mənzillər verilir. İcra
hakimiyyətinin başçısı onların problemləri,
qayğıları ilə maraqlandı. Şəhid ailələri göstərilən
diqqətə görə Azərbaycan Prezidenti
cənab İlham Əliyevə minnətdarlıqlarını
bildirdilər.
Sonra anım tədbiri rayon Mədəniyyət
Mərkəzində mədəniyyət işçiləri tərəfindən
hazırlanmış “Vətən uğrunda
ölüm həyatın davamıdır”
adlı ədəbi bədii kompozisiya ilə
davam etdirildi və Azərbaycanın
bugünkü inkişafına həsr edilmiş
filmə baxışla sona çatdı.
İsmayıllı
Rafiq İsmayılov rayonun Hacıhətəmli kəndində
doğulub, böyüyüb.
Bakıda ali təhsil alıb və Daxili işlər orqanlarında işləyib.
Kapitan rütbəsinə qədər ucalıb. Cüdo
və sambo üzrə beynəlxalq dərəcəli
usta kimi professional səviyyədə idmanla
məşğul olub. İş
yerində nümunəvi xidməti ilə seçilib.
Qarabağ müharibəsi başlayanda
tərəddüd etmədən birincilər sırasında ön cəbhəyə gedib
və 1993-cü ilin yazında şəhid olub. O, 20 Yanvar şəhidliyi
məktəbini keçmişdi. İndi 20 Yanvar faciəsi
şəhidlərinin dəfn olunduğu xiyabanda uyuyur.
Rayon gənclər və idman
idarəsi Regional
cüdo mərkəzi ilə birgə
20 Yanvar şəhidlərinin və Rafiq
İsmayılovun xatirəsinə həsr olunmuş
sambo turniri keçirib.
Yarışlardan əvvəl
şəhidin anası Əsmər İsmayılova
çıxış edib. Rafiqin xatirəsini əziz tutanlara
razılığını bildirib, oğlunun həyat
yolunun gənclərə nümunə
olduğundan danışıb.
Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov 20 Yanvar faciəsinin
xalqımıza gətirdiyi məhrumiyyətlərdən,
bu qanlı aksiyanın Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilməsindən söhbət
açıb, idmançılara uğurlar
arzulayıb.
Regional Cüdo mərkəzinin direktor əvəzi, cüdo
üzrə baş məşqçi
Əkbər Şəfaqətov 20 Yanvar və
Qarabağ şəhidlərinin xatirələrinin
əziz tutulmasından, tanınmış şəhid
idmançıların xatirəsinə həsr olunmuş
turnirlərdən, idmanın kütləviliyində həmin turnirlərin böyük əhəmiyyət kəsb etdiyini
bildirib.
70 nəfər
idmançının iştirak etdiyi cüdo üzrə
xatirə turnirində yarışlar gərgin keçib.
Uğur qazananlar sırasında cüdoçu
qızlar da vardı.
Qazax
Qazax rayonunda da 20 Yanvar faciəsinin 25-ci
ildönümü münasibəti ilə silsilə anım tədbirləri keçirilmişdir.Əvvəlcədən
bu məqsədlə geniş tədbirlər planı işlənib
hazırlanmış və rayon icra hakimiyyəti
başçısının sərəncamı ilə təsdiq
olunmuşdur. Hazırlanmış
tədbirlər planına uyğun olaraq Qazax şəhərində
və rayonun bütün
yaşayış məntəqələrində, idarə,
müəssisə və təşkilatlarda, çoxsaylı əmək
kollektivlərində 20 Yanvar faciəsi ilə bağlı toplantı,
konfrans, mühazirələr, sərgilər
təşkil olunmuşdur. Rayon Mədəniyyət
Mərkəzində faciəyə həsr olunmuş
tamaşalar və kompozisiyalar
göstərilmişdir. Rayonun bütün tədris müəssisələrində 20 Yanvar faciəsinə
həsr olunmuş xüsusi
dərslər keçirilmişdir. Gün ərzində Şəhidlər
xiyabanında matəm musiqisi səsləndirilmiş,
saat 12- də
rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilmiş və Azərbaycanın
dövlət bayraqları endirilmişdir.
Həmin tədbirlər
çərçivəsində
Şəhidlər xiyabanındakı abidə
önündə də 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü
münasibətilə anım mərasimi keçirilmişdir.
Mərasimdə rayon icra hakimiyyətinin
başçısı Ayaz Əsgərov,
RİH nümayəndələri, hərbi hissələrin və
hüquq-mühafizə orqanlarının şəxsi heyəti
və əməkdaşları, çoxsaylı əmək
kollektivləri, əmək və müharibə veteranları,
gənclər, QHT və KİV nümayəndələri
və yüzlərlə rayon sakini iştirak etmişdir.
Gün ərzində insanlar
Şəhidlər xiyabanına gələrək faciə
qurbanlarının xatirəsini anmış və onların
xatirəsinə ucaldılmış abidə önünə
qərənfil dəstələri qoymuşlar.
Samux
Samux rayonundakı
Heydər Əliyev Mərkəzində 20 Yanvar
faciəsi qurbanlarının
xatirəsinə həsr edilmiş tədbir
keçirilmişdir. Tədbir
iştirakçıları əvvəlcə Qanlı Yanvara həsr edilmiş video filmi izləmişlər.
Rayon icra hakimiyyətinin
başçısı Alı Qocayev bu hadisənin dünyada
insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri olduğunu vurğulamış və qeyd etmişdir ki, 1990-cı ilin Yanvar
qırğını nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə
əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın
tarixinə parlaq səhifə yazdılar,
xalqın milli azadlığı, müstəqilliyi
yolunda canlarını fəda etdilər.
Daha sonra rayondakı 2 saylı tam orta məktəbin
müəllimi Aidə Namazova, 1
saylı tam orta məktəbin
müəllimi Aysən Cəfərova
və Alıuşağı kənd orta məktəbinin
müəllimi Xatirə Əliyeva çıxış edərək
Qanlı Yanvar faciəsinin Azərbaycan
xalqının milli azadlıq hərəkatındakı yeri
və rolu barədə
danışmışlar. Tədbir
iştirakçıları foyedə 20 Yanvar
faciəsinə həsr edilmiş rəsm əsərlərindən
ibarət sərgiyə baxmışlar.
* * *
Həmin gün minlərlə rayon
sakini Şəhidlər xiyabanına gələrək
o qanlı-qadalı günlərin qurbanlarının
xatirəsini yad etmiş,
abidə önünə gül-çiçək dəstələri
qoymuş, şəhidlərimizin ruhuna dualar oxumuşlar.
Şəmkir
Şəmkir rayonunda 20 Yanvar şəhidlərinin
anım mərasimi keçirilmişdir. Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyəti
aparatının məsul işçiləri, rayonun
idarə, təşkilat və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri
iştirak etmişlər.
Mərasim
açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilmişdir. Şəmkir
Rayon İcra Hakimiyyətinin
başçısı Alimpaşa Məmmədov
20 Yanvar faciəsindən, sovet
ordusunun günahsız insanları gülləbaran
etməsindən, qəhrəman oğul və
qızlarımızın
Vətənin azadlığını öz
canlarından əziz tutmasından danışmış,
şəhidlərin xatirəsinin xalqımızın qəlbində
daim yaşayacağını bildirmişdir.
Tədbir ədəbi-bədii
kompozisiya ilə davam etdirilmişdir. Şəhidlər xiyabanı
ziyarət olunmuş, şəhidlərimizin
məzarı üzərinə gül dəstələri
qoyulmuşdur. Bundan sonra Şəhidlər xiyabanında
“Soyqırımı abidəsi”nin
açılışı olmuşdur.
Şəmkir
Rayon Qadınlar Şurasının sədri
Nuşabə Seyidova, Ağsaqqallar
Şurasının sədri Məhəmməd Əmirov 20 Yanvar faciəsi ilə bağlı öz təəssüratlarını
bölüşmüşlər. Şəhid Xəqani İbrahimlinin həyat yoldaşı Tahirə
xanım çıxış edərək ona
göstərilən diqqət
və qayğıya görə ölkə Prezidenti İlham
Əliyevə və rayon rəhbərliyinə
öz təşəkkürünü bildirmişdir.
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV
Xalq qəzeti.- 2015.- 22 yanvar.- S.9.