20 Yanvar -
Xalqımızın şərəf
və qəhrəmanlıq
salnaməsi
Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır... Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damlasında xalqımızın qüdrəti , qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır.
Heydər ƏLİYEV
Ümummilli lider
20 Yanvara
aparan yol
XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet
İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər
baş verdi. Belə bir şəraitdə
ermənilər özlərinin yaxın və uzaq xaricdəki
himayədarlarının köməyi ilə “Böyük Ermənistan”
ideyasını həyata keçirmək üçün
aşkarlıq və demokratiyadan istifadə edərək, yenidən
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə
dair ərazi iddiaları irəli sürdülər.
Hər dəfə Qarabağa dair ərazi
iddiaları kənardan, məhz, Ermənistanın təbliği,
təhriki və təzyiqi ilə ortaya
atılmışdır. Heç şübhəsiz, ermənilərin
bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və
Qərbdə olan himayədarları tərəfindən hələ
xeyli əvvəl diqqətlə və hərtərəfli plan
əsasında hazırlanmışdı.
Münaqişənin
başlanğıcında Azərbaycan ümid edirdi ki, məsələ
mərkəzi hakimiyyət orqanları tərəfindən ədalətlə
həll olunacaq. Lakin təcavüzkarla təcavüzə
məruz qalanın eyni tutulması nəticəsində bu
günədək həllini tapmayan münaqişənin əsası
qoyuldu. Sovet rəhbərliyinin məsələyə
vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın
əsassız ərazi iddialarının rədd edilməsi əvvəl
Əsgəranda, sonra isə Sumqayıtda ermənilər tərəfindən
xüsusi plan əsasında hazırlanmış faciəli
hadisələrə gətirib çıxardı.
Nəticədə, sovet rəhbərliyinin
çox ciddi və bağışlanılmaz səhvləri və
ermənipərəst siyasəti 1989-cu ilin sonu – 1990-cı ilin
əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə
gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla
həmsərhəd bölgələrində erməni təcavüzü
daha geniş miqyas aldı. Bu illərdə
törədilən terror aktları nəticəsində
yüzlərlə azərbaycanlının həyatına son
qoyuldu. Minlərlə azərbaycanlı
SSRİ-nin hakim dairələri tərəfindən himayə
edilən ermənilərin işğalçılıq siyasətinin
qurbanı oldu.
1990-cı ilin yanvar ayında Bakıya sovet ordusunun hərbi
müdaxiləsi və
Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli
hadisələr XX əsr boyu xalqımıza qarşı
yeridilən düşünülmüş siyasətin
növbəti təzahürləri idi. Sovet rəhbərliyinin
himayədarlığı ilə başlayan Dağlıq
Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı
soyqırımı və azərbaycanlıların Ermənistan
ərazisindəki əzəli torpaqlarından qovulması bu
siyasətin mərhələləridir.
Bakıya
hərbi müdaxilə
Sovet ordusunun böyük heyətinin,
xüsusi təyinatlı bölmələrin və daxili
qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq
və görünməmiş vəhşiliklə
müşayiət edildi. SSRİ 1956-cı ildə
Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə
Əfqanıstana qarşı həyata keçirdiyi hərbi
müdaxiləni hətta o zamankı Sovet İttifaqının
müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan
çəkinmədi. Heç şübhəsiz ki,
1990-cu il yanvarın 20-də Bakıda
baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən
ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə
qonşu Ermənistanın təcavüzünə də məruz
qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi
nəinki münaqişənin qarşısını almaq
üçün qəti tədbirlər görməmiş, əksinə,
Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə
Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan
xüsusi təlim keçmiş erməni əsgər və
zabitləri, eləcə də sovet hərbi hissələrində
xidmət edən ermənilər, hətta erməni kursantlar da
daxil edilmişdi.
1990-cı ilin yanvar ayında Mixail
Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi
Bakıda vəziyyətin öz məcrasından
çıxdığını və hakimiyyətin təhlükədə
olduğunu bəhanə edərək qoşunun yeridilməsi
üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların
ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ
keçirilməsinin qarşısını almaq
üçün yeridilmişdi. Əslində,
bu, tamamilə saxta bir tezis idi. Çünki
sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə
yaxın olsaydı belə, Bakıya xüsusi təlim
keçmiş qoşun göndərməyə ehtiyac yox idi.
Ona görə ki, o vaxt burada daxili qoşunların 11 min 500 əsgəri,
SSRİ Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun
çoxsaylı hərbi hissələri, hava hücumundan
müdafiə qüvvələri var idi. Eləcə
də 4-cü ordunun komandanlığı Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da
M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan
SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə
pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı. Lakin
əhalinin bundan məlumatsız qalması üçün
SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın
19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku
partladıldı, respublikada televiziya verilişləri
dayandırıldı. Gecə isə
qoşun fövqəladə vəziyyət elan edilməsindən
xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə
amansız divan tutuldu. Qorbaçovun fərmanı
qüvvəyə minənədək – yanvarın 19-da gecəyarısı
artıq Bakıda xeyli günahsız insan
öldürülmüşdü. Bakıda
fövqəladə vəziyyətin elan olunması haqqında
məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər
saat 7-də respublika radiosu ilə çatdırıldı.
Həmin vaxt öldürülənlərin
sayı 100 nəfərə çatmışdı.
Belə ki, artıq yanvarın 20-də 131 insan
öldürülmüş: onlardan 117-si azərbaycanlı,
6-sı rus, 3-ü yəhudi, 3-ü tatar; 744 adam
ağır xəsarət almış; 4-şəxs itkin
düşmüş; 400 nəfər isə həbs
edilmişdi. Fövqəladə vəziyyət
elan ediləndən sonra isə 21 nəfər qətlə
yetirilmişdir. Fövqəladə vəziyyət
elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda
25-26 nəfər öldürülmüşdü.
“Şit”
təşkilatı ekspertlərinin hesabatından:
– Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən
güllələmişlər. Məsələn,
Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox,
R.Rüstəmova 23 güllə vurulmuşdur;
– xəstəxanalar, “təcili
yardım” maşınları atəşə tutulmuş, həkimlər
öldürülmüşdür;
– adamlar süngü-bıçaqla
qətlə yetirilmişdir. Onların arasında hər iki
gözü tutulmuş B.Yefimtsev də var;
— “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi
dəyişən 5,45 çaplı
güllələrindən istifadə edilmişdir.
Hadisəyə
dünyanın reaksiyası
Yanvarın 20-də artıq bütün
dünya Bakıda törədilmiş dəhşətli
qırğından xəbər tutdu. Sovet
qoşunlarının Bakıya hərbi müdaxiləsi
dünyanın bir sıra ölkələrində etirazla
qarşılandı. Bakıda törədilən
cinayətlər qardaş Türkiyədə sərt
reaksiyalara səbəb olmuş, ölkənin hər yerində
mitinq və nümayişlər keçirilmişdir.
Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə
keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin
törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş
Ştatları
pislənmişdir. Eyni zamanda,
Türkiyənin rəsmi şəxsləri, Türkiyə
hökuməti Bakıda törədilən hadisəni tənqid
etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi
təklifi ilə də çıxış etmişlər.
İranın Milli Təhlükəsizlik
Şurası yığıncaq keçirmiş və bu barədə
bəyanat qəbul etmişdir. İran
parlamentinin 160-dan çox üzvü Mixail Qorbaçovun Azərbaycana
silahlı təcavüzünü pisləmişdir. İran Prezidenti Rəfsəncani və İranın
dini lideri Xameneyi M.Qorbaçovun atdığı bu
addımı kəskin tənqid etmişlər. Bununla
yanaşı, Türkiyə və İranın kütləvi informasiya vasitələri
sovet qoşunlarının Bakıda törətdiyi qanlı
hadisəni kəskin tənqid etmiş və bunu
qırğın adlandırmışdır.
Qərb ölkələri tərəfindən
isə Sovet İttifaqının Azərbaycana hərbi
müdaxiləsinə müxtəlif reaksiyalar verilmişdir. Bu reaksiyalar
ümumilikdə müsbət olsa da, ancaq obyektiv
reallığı əks etdirmirdi. Məsələn,
ABŞ hökuməti bu hərbi müdaxiləni
anlayışla qarşıladığını
bildirmişdir. Avropa İttifaqınin rəsmi
nümayəndəsi isə demişdir ki, qan axıdılmadan
yenidənqurma tətbiq edilə bilməz. Avropanın
müxtəlif yerlərindən gələn fikirlər də
Qərbin mövqeyini izah etmək baxımından
maraqlıdır. Məsələn,
“Ştern” məcmuəsi və “Tribuna lyudu” qəzeti bu hadisələri
qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə
olunmasına zərurət olduğunu bildirmişdir.
Nəticədə Bakıda baş verən
hadisələr dünya ictimaiyyətinə yanlış izah
edilirdi. Bundan əlavə, “Los-Anceles Tayms”,
“Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-York Tayms”,
“Baltimor San” mətbu orqanlarında, eləcə də, bir
sıra xarici radiostansiyaların məlumatlarında Bakıda baş verən hadisələrə, xüsusilə, sovet ordusunun hərbi
müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt
bu qanlı cinayətə laqeyd münasibət
özünü göstərirdi.
Faciədən bir neçə il
sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin
başında duran SSRİ Müdafiə naziri, marşal Yazov
DFVK işi üzrə prosesdə ifadə verərkən
bildirmişdi: “1990-cı il yanvarın 19-da Qorbaçov məni,
Bakatini və Kryuçkovu yanına çağırıb
Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini
verdi. Mən heç bir yazılı qərar,
heç bir fərman görməmişəm”.
Daxili İşlər naziri Bakatin isə,
yanvarın 21-də Azərbaycan Daxili İşlər
Nazirliyində keçirdiyi görüşdə bəyan
etmişdir ki, “əgər siz (Azərbaycan xalqı nəzərdə
tutulur- E.Ə.) sovet hakimiyyətini istəməsəniz, sizinlə
uzunmüddətli müharibə olacaq”.
1990-cı ildə Bakıda baş verən
qırğına şəxsən qol çəkmiş
M.Qorbaçov həmin il Beynəlxalq Nobel
Sülh mükafatına layiq görüldü. 1995-ci il aprelin
27-də Türkiyədə
səfərdə olan keçmiş SSRİ prezidenti Mixail
Qorbaçov İstanbulun
Çırağan sarayında onun şərəfinə verilən
ziyafətdə çıxış edərkən öz
siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş
və 1990-cı il 20 Yanvar hadisələrindən
danışarkən günahını acizanə şəkildə
etiraf edərək bildirmişdi: “Bakıda fövqəladə
vəziyyət elan etmək və oraya qoşun göndərmək
mənim siyasi həyatımın ən böyük səhvi
idi”.
Sovet İttifaqının 1990-cı ilin
yanvarındakı cinayətkar hərəkəti Azərbaycan
xalqının SSRİ-dən müstəqillik əldə etmək
cəhdlərinin qarşısını almağa yönəlmişdi. Bu barədə
ABŞ konqresmeni Din Heller bu qanlı hadisədən 20 il sonra Azərbaycan
diasporuna göndərdiyi məktubda bildirmişdir: “20 il əvvəl
Azərbaycanda Sovet imperiyasının son
amansızlıqlarından biri baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
sovet ordusu Azərbaycan xalqı arasında yayılmış
SSRİ-dən azad olmaq istəklərinin
qarşısını almaq məqsədi ilə Azərbaycan
paytaxtına daxil oldu. “Qanlı Yanvar”
adını almış hadisələr zamanı 100-dən
çox Azərbaycan vətəndaşı
öldürüldü və yaralandı”.
Onun sözlərinə görə,
Qanlı Yanvar Sovet İttifaqının Azərbaycandakı
idarəçiliyinin sonu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə öz
müstəqilliyini bərpa edib. Hər il yanvarın 19-20-də
Azərbaycan vətəndaşları Vətən uğrunda dəyərli
canlarından keçən həmyerlilərini
xatırlayırlar. Dünyada hər kəsin Qanlı Yanvar
faciəsini xatırlaması və həmin gün
canlarından keçənlərin xatirəsini yad etməsi
vacibdir.
20 Yanvar hadisələrinə
siyasi qiymətin verilməsi
O zaman
ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə
baxmayaraq siyasi iradə nümayiş etdirərək
Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş
və SSRİ rəhbərliyinin
törətdiyi bu cinayəti qətiyyətlə
ittiham edərək bəyanatla
çıxış etmişdir. Ulu öndərin Azərbaycan rəhbərliyinə
qayıdışından sonra məhz onun təşəbbüsü
ilə 1994-cü ilin yanvar ayında Milli Məclis 20 Yanvar hadisələrinə
siyasi qiymət verdi.
1990-cı ilin yanvar
qırğını nə qədər faciəli olsa da, Azərbaycan
xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə
əzmini qıra bilmədi. Həmin
müdhiş gecədə həlak olan Vətən
oğulları Azərbaycanın tarixinə parlaq səhifə
yazdılar, xalqın milli azadlığı, müstəqilliyi
üçün yol açdılar. Bu gün Azərbaycan
dövlətinin tarixinə müstəqilliyə gedən yolda
xalqımızın şərəf və qəhrəmanlıq
səhifəsi kimi yazılmışdır.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının dosenti,
“Azərbaycan Respublikası Dağlıq
Qarabağ
bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyi Qarabağ Araşdırmalar Mərkəzinin müdiri
Xalq qəzeti.- 2015.- 22 yanvar.- S.7.