Şəhidlərimizin
dəfninin təşkili xalqın
müdrikliyinin və dəyanətinin təsdiqi oldu
Ölkələrin
və millətlərin tarixində elə unudulmaz “həqiqət
anları” yaşanır ki, o günlər öz məna
yükü, ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-əxlaqi dəyərləri
etibarilə əsrlərə bərabər olub,
“dönüş nöqtəsi” rolunu oynayaraq, uzun illər boyu
aparılmış mübarizə yolunun məntiqi yekun məqamının
yetişdiyindən xəbər verir.
Həm
faciə, həm də qəhrəmanlıq timsalına çevrilmiş Qanlı 20 Yanvar
təsadüfi, yaxud kiminsə hansısa səhvinin
nəticəsi deyil, bütövlükdə
bolşevik rejiminin
amansız daxili və qəsbkar xarici siyasətinin qaçılmaz yekunu idi. Ölkənin milli sərvətini öz
əlində mərkəzləşdirib
idarə edən, insan haqq
və hüquqlarını hər addımda tapdalayan,
milyonlarla adamı təqib edən bir ictimai quruluş
və onun yerlərdəki hakimiyyət
orqanları, tez-gec iflasa
uğramalı, məhv olub “tarixin zibilliyinə” atılmalı idi.
Azadlığını
və istiqlalını boş vədlərdə,
yalançı şüarlarda, qondarma çağırışlarda deyil, dünyanı iki
sistemə ayırmış “şər imperiyası” ilə
mübarizədə olduğunu dərk edən
ölkənin Qazaxıstan, Litva, Gürcüstan, Moldova, Ukrayna və Azərbaycan kimi
müttəfiq respublikalarını bürümüş
etiraz nümayişlərinə son qoymaq üçün
qərəzlə düşünülüb,
amansızlıqla həyata keçirilərək
başqalarına “ibrət dərsi” vermək məqsədi
güdən Qanlı Yanvar totalitar-hərbi
sovet rejiminin əsl
mahiyyətini bütün dünyaya
göstərdi.
Təsadüfi deyildir ki, Qanlı Yanvar hadisələri ilə bağlı Şeyxülislam Hacı Allahşükür
Paşazadənin Mərkəzə, Birləşmiş Millətlər
Təşkilatına və bütün
dövlətlərin başçılarına
ünvanlanmış bəyanatında deyilirdi:
“...O dövlət ki, öz
ordusunu öz vətəndaşlarının
qatilinə çevirir, o
dövlət ki, öz
adamlarına layiqli güzərandan daha çox ölmək hüququ verir, belə
dövlət ancaq nifrətə layiqdir”.
O günlərdə
Bakıda və Azərbaycanda baş verən
qanunsuzluqlara və ədalətsizliklərə
qarşı etiraz edən “Qardian”
(İngiltərə) qəzeti
yazmışdı: “Ordunun
Bakıya hücumu zamanı
günahsız adamların vəhşicəsinə güllələnməsi,
tankların yolu kəsmiş gənclərin
tonqallar ətrafında toplaşan
insanların üstündən keçərək onların cəsədlərini
tanınmaz hala salması beynəlxalq ictimaiyyət
tərəfindən pislənməlidir”.
“Nyu-York
Tayms” qəzeti (ABŞ) yazırdı:
“Bakının işğalından sonra
xalqını sevən hər bir azərbaycanlıda
Moskvaya və Qorbaçova
nifrət hissi oyanmışdır... Vaxtilə
üzüyola bir
müstəmləkə olan Azərbaycan, indi öz suverən, demokratik hüquqlarını tələb edir”.
ABŞ-ın
“Baltimor san” qəzeti
23 yanvar 1990-cı il
sayında Kremlin “millətçi
üsyanı” yatırmaq bəhanəsilə müstəqil respublikaya qoşun yeritməsi faktının hüquqi cəhətdən əsassız olduğuna münasibət bidirərək
yazmışdı: “Bu qərar, konstitusiyanı kobud
surətdə pozmaq, eyni
zamanda, suveren
respublikanın hüquqlarını tapdalamaqdır.”
Xüsusilə, sovet rəhbərliyinin guya
“Azərbaycanda İslam respublikası yaratmaq” uydurmasını tənqid edən
müxtəlif xarici mətbuat vasitələri təkidlə soruşurdular: “Sovet rəhbərliyi
bunu deyərkən, görəsən, əlində
tutarlı əsası vardırmı?”
Qanlı
Yanvar hadisələrində İslam amili ilə
bağlı “Nyu-York Tayms”
qəzeti müxbirinin sualına şəhidlərin
dəfnini təşkil etmiş İctimai Komissiyanın cavabında deyilmişdir: “Şəhidlər xiyabanında
azərbaycanlılarla yanaşı ruslar,
yəhudilər, tatarlar, ləzgilər də
dəfn olunmuşlar... Bizi “İslam
fundamentalizmində” günahlandırırlar... Biz
fundamentalist olsaydıq, yəhudiləri və
rusları burada dəfn edərdikmi?!”
Konkret tarixi şəraitin zəruri məntiqi
nəticəsi olub, xalqın tələb
və iradəsi ilə 20 yanvar 1990-cı ilin səhər saatlarında keçmiş
Mərkəzi Komitənin qarşısında keçirilən
etiraz mitinqində formalaşmış İctimai Dəfn Komissiyası (həmin komissiyaya rəhbərlik mənə həvalə edildi — Q.Ə.) o dövrdəki əsl
hakimiyyətsizlik, fövqəladə vəziyyət, ciddi komendant saatı şəraitində
Azərbaycan xalqının müdrikliyinin,
vətandaş həmrəyliyinin, milli
qeyrətinin, ümumbəşəri dəyərlərə sədaqətinin
parlaq ifadəsi kimi
qiymətləndirilməlidir.
Qəhrəman
şəhidlərimizin dəfn mərasimi ilə bağlı
müəyyən təşkilati və əlaqələndirmə
işlərini yerinə yetirmək məqsədilə bir neçə günlüyə
yaradılmış İctimai Komissiya, xalqın məsləhəti ilə öz fəaliyyətini 42 gün
(1990-cı il yanvarın 20-dən mart
ayının 2-dək) davam etdirməli oldu. Bu komissiyaya Şeyxülislam
Hacı Allahşükür Paşazadə
də daxil olmaqla, cəmiyyətin
müxtəlif təbəqələrinin nümayəndələri,
o cümlədən fəhlə, mühəndis
və müəllim, jurnalist və
inşaatçı, qulluqçu və alim daxil idi.
Onların adlarını millətlərimizə və gələcək
nəsillərə xatırlatmağı özümə borc sayıram: Azər Nəbiyev, Xəliyəddin
Xəlilov, Xalid Muxtarov,
Rəhim Qasımov, Bağır Bağırov, Nəriman
Əliyev, İsmayıl İncəli, Malik
Mehdiyev və İbrahim
Əliyev.
Fövqəladə
vəziyyət və məlumatsızlıq şəraitində
xalqın həm ziyarət, həm ünsiyyət, həm də
milli həmrəylik simvoluna
çevrilmiş Şəhidlər
xiyabanında insanlar bir-biri
ilə dərdləşir, “Azadlıq” radiosu,
“Vətən” cəmiyyəti xətti ilə eşitdiklərini
bölüşür, gizli şəkildə nəşr
olunmuş “Səhər”, “Fövqəladə
vəziyyət” qəzetləri əldən-ələ ötürülür, həlak olanlar və yaralananlar
haqqında xəbərlər dəqiqləşdirilir, itkin düşənlərin taleyinin
araşdırılması ilə bağlı müraciətə
imzalar toplanır, vətənpərvər
ruhlu
şeirlər səslənir, müxtəlif yerlərdən gələnlərin
qəzəbli çıxışları eşidilir,
xəstəxanalardakı yaralılara baş
çəkmək üçün könüllü qruplar
yaradılır, “Qurani-Kərim”in səbrə
şağıran sədaları altında yüz
minlərlə insan göz
yaşlarını qəlblərinə axıdaraq kədərlə
qərənfil dənizini xatırladan bu
müqəddəs məkanda torpağa
tapşırılmış unudulmaz
oğul-qızlarımızı, azadlıq şəhidlərini
fasiləsiz axınla, dərin hörmət və sayğı
ilə yad edirdi.
...Ana-bacıların
ağlaşması, kişilərin boğuq
hıçqırıqları, tonqallarda
yandırılan partiya biletlərinin kəsif
tüstüsü, tankların qulaq batıran gurultusu, uzaqdan eşidilən güllə səsləri,
təcili yardım maşınlarını köməyə
çağıranların harayı, bu
qırğına qol qoymuş mərkəzi və yerli
hakimiyyət orqanlarının ünvanına söylənən
qəzəbli lənətlər, ətrafdakı silahlı hərbiçilərin
hər an yeni faciələr
törətməyə hazır vəziyyəti — insanlarda köməksizlik, hətta ümidizlik əhval-ruhiyyəsi, baş verə biləcək daha dəhşətli vahimələr
yaratmışdı. O ağır günlərin
reallığını yaşamaq nə qədər
dözülməz olsa da,
görünür, mümkün
imiş.
Amma həmin mürəkkəb vəziyyəti hərtərəfli
qiymətləndirib, düzgün qərarlar
əsasında hərəkət etmək olduqca
çətin idi.
Belə bir mürəkkəb vəziyyətdə İctimai Dəfn Komissiyasının müraciətində
deyilirdi: “Şənbə gecəsi
xalqımıza ağır faciə üz
vermişdir... Bakıda
fövqəladə vəziyyət elan olunmuşdur, hərbiçilər hər
işə nəzarət edir, mətbuat
orqanları bağlanmış, televiziya
sıradan çıxarılmış, radio
isə yalnız hərbi komendatlığın əhalini hədələyən
xəbərlərini yayır. Şəhərdə həbslər
davam edir, küçələr
hərbiçilərin törətdikləri cinayətlərin
qan izləri, vurduqları ziyanlarla
doludur. Abşeron kəndlərindən,
Sabunçu dairəsindən, Tiflis prospektindən, metronun
“Gənclik” stansiyası ətrafından, “Qurd
qapısı” istiqamətindən, Salyan
kazarmasından, “İnşaatçılar” prospektindən bu gecəki qanlı qırğın
haqqında yeni məlumatlar
alınmaqdadır. Xəstəxanalarda çoxlu
yaralılar var... Lakin xalq və millət
sarsılsa da, əyilməməlidir,
özündə güc-qüvvət tapıb səbrli-təmkinli
olmalı, ilk növbədə,
çoxsaylı şəhidlərimizin onların uca adlarına, əməllərinə görə
layiqli dəfni, uğrunda
canlarından keçdikləri Vətən torpağına
tapşırılması barəsində
düşünməliyik. Bu bizim milli, dini,
insani və vətəndaşlıq borcumuzdur... Bütün
şəhidlərimizin bir məkanda, Dağüstü parkda,
vaxtilə 1918-ci ilin mart
qırğını qurbanlarının dəfn olunduğu ərazidə, vahid
qardaşlıq qəbirstanlığında torpağa
tapşırılmasına nail
olmalıyıq...”
Fikrimizcə, 20 Yanvar faciəsinin ilk gərgin
günlərində xalqın sonsuz qəzəb-nifrət
dalğasının real qüvvələr
nisbəti baxımından gələcək nəticələrini
nəzərə almayan radikal
meyillərdən çəkindirərək, dinc, davamlı mübarizə
taktikasının seçimi, şübhəsiz,
həm yaranmış ziddiyyətli qarşıdurma vəziyyəti,
həm də perspektiv istiqlal
mübarizəsi mərhələsinin tələblərinə
daha uyğun olan optimal bir
variant idi.
...Yaxşı
xatırlayıram, 22 yanvar 1990-ci ildə son dərəcə gərgin və mürəkkəb
vəziyyətdə Azərbaycan xalqı yeni,
daha dəhşətli fəlakətlər
törədilə biləcəyi təhlükəsindən
çəkinməyərək, milyondan
artıq adamın iştirak etdiyi kütləvi dəfn mərasimi təşkil edərək,
şəhidlərin cənazələrini çiyinlərində
Azadlıq meydanından Şəhidlər xiyabanına qədər
gətirdi. Bakının qərənfil dənizini
xatırladan mərkəzi prospekt və
küçələri boyunca Dağüstü parka tərəf
irəliləyən bu görünməmiş
ümumxalq matəm mərasiminin əzəməti
və intizami işğalçı ordunu, onun zabit
və generallarını, yerli hakimiyyət
orqanlarını, buradakı vəziyyət
haqqında fasiləsiz surətdə birbaşa
məlumatlandırılan Moskva rəhbərliyini,
həqiqətən, qorxuya
salmışdı. Xüsusilə, “İslam
təməlçiliyində” ittiham olunan bir millətin həlak
olmuş öz
övladları ilə yanaşı, rusları, yəhudiləri,
tatarları, ləzgiləri də böyük
bir şərəf və ləyaqətlə
bir məkanda – Şəhidlər
xiyabanında dəfn etməsi, xalqımıza qarşı bu faciəni törədənləri, sözün əsl mənasında, heyrətləndirmişdi.
Qırx
iki gün ərzində
müxtəlif problemlərlə bağlı hərbiçilərlə
məcburi görüşlərdən birində yaşlı rus zabitinin dediyi
sözləri indi də unuda
bilmirəm: “Əmrə tabe olmaq düşüncə və mühakimə
qabiliyyətindən məhrum olmaq demək
deyildir.
Mən bu yerlərdə ilk
dəfədir ki, oluram.
İnanın ki, çoxumuz
baş verənlər üçün
xəcalət çəkirik...” Doğrudan
da, əmrə tabe olan əsgərin, yaxud məmurun
səriştəsiz rəhbərliyin cinayətkar
tapşırıqlarını yerinə yetirməsinə haqq qazandırmaq çətin olsa da, bu fakta
görə xalqlar arasında nifaq toxumları səpmək cəhdləri
yolverilməzdir.
Millətimizin o tarixi sınaq günlərində
Moskvada təcrid olunmuş
vəziyyyətdə yaşayan Heydər
Əliyevin cinayət törədən Kremlin
siyasi rəhbərliyini, şəxsən M.Qorbaçovu ittiham etməsi
əsl fədakarlıq nümunəsi idi.
Qeyd etmək zəruridir ki, Şəhidlər
xiyabanında dəfn mərasimlərinin təşkili və buraya müxtəlif yerlərdən ziyarətə
gəlmiş insanların qarşılanıb yola
salınması, habelə səliqə-sahman, müəyyən
abadlıq işlərinin aparılması ilə
yanaşı, eyni zamanda,
xalqın tələbi ilə
hər il anım günlərinin
keçirilməsi, bu ərazidə Şəhidlər
Muzeyi tikilməsi, əbədi məşəl
yandırılması, buraya xüsusi status verilməsi, şəhidlərin
şərəfinə möhtəşəm abidə
ucaldılması, gələcəkdə açıq səma
altında Vahid Xatirə Kompleksinin
formalaşması, milli şüurun
yüksəlişi prosesinin, “hakimiyyətin mənbəyi
xalqdır” həqiqətinin təsdiqi idi.
Bu
mənada, tarixi yaddaş
və haqq-ədalət naminə bütün
məsuliyyəti ilə hamıya xatırlatmağı
özümə borc bilirəm ki, milli azadlıq
mübarizəsi yolumuzun mühüm
bir mərhələsi olmuş
20 Yanvar hadisələrinin əsl mənbəyi
və müəllifi, iştirakçısı və aparıcı qüvvəsi, baş
qəhrəmanı, şübhəsiz, Azərbaycan xalqı idi. Milli özündərkin və məsuliyyətin məntiqi
nəticəsi kimi xalqın hökmü ilə müstəqil bir qurum kimi
yaradılmış İctimai Dəfn
Komissiyasının formalaşması, habelə fəaliyyəti
konkret tarix şəraitin
tələblərindən doğan bir zərurət, orada kimlərinsə
təmsil olunması təsadüfi xarakter
daşımışdır. Lakin hər təsadüfdə
zərurətin müəyyən izləri özünü
hökmən göstərməlidir.
Qanlı
Yanvar hadisələrinin siyasi-ictimai, sosial-iqtisadi, mənəvi-əxlaqi, beynəlxalq
dərsləri və aspektləri barəsində zaman keçdikcə, daha
dərindən düşünüb, hərtərəfli
təhlil etdikcə, millətimizin həmrəylik
ideyalarına sadiqliyinin, azadlıq
mücadiləsi yollarında dönməzliyinin, ən çətin
anlarda müdrikliyinin, faciəli hadisələri istiqlal naminə nikbin ruhlu mübarizəyə çevirməyinin şahidi oluruq.
Bizim günlərimizdə xalqın və millətin
qayğı və arzuları ilə yaşamaq,
şəhidlərimizin uğrunda
canlarından keçdikləri müstəqlliyimizi qorumaq, ölkəmizin pozulmuş
ərazi bütövlüyünü bərpa
etmək, vahid Azərbaycan ideyasını
reallaşdırmaq, demokratik islahatlar xəttini ardıcıllıqla davam etdirmək, əhalinin həyat səviyyəsini durmadan yaxşılaşdırmaq zərurəti
elə nəcib vəzifələrdir ki,
yalnız bu istiqamətdəki yorulmaz səylərimizlə başımız
üzərində dolaşan narahat şəhid ruhlarına onların layiq olduqları, həm də umduqları əbədi
rahatlığı gətirə bilərik.
Allah cəmi şəhidlərə rəhmət
eləsin! Amin!
Qüdrət ƏBDÜLSƏLİMZADƏ,
professor
Xalq qəzeti.- 2015.- 22 yanvar.- S.7.