Böyük ideallara

doğru gedən ömür yolu

 

Ölkəmizdə morfologiya elminin insan anatomiyası sahəsinin elmi axtarışlarını və bu fənnin tədrisini onun spesifikasına uyğun şəkildə daim təkmilləşdirərək yüksək səviyyəli nəticələr əldə edən, bu sahəni beynəlxalq aləmdə layiqincə təmsil etmək şərəfinə nail olan görkəmli anatom-alimlərdən biri də ATU-nun insan anatomiyası kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Morfoloqlar Assosiasiyasının sədri, Beynəlxalq Morfoloqlar Assosiasiyası Koordinasiya Şurasının, Avropa Təbiət Elmləri Akademiyası və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi və Əməkdar həkim, tibb elmləri doktoru, professor Vaqif Bilas oğlu Şadlinskidir.

 

Professor Vaqif Şadlinskinin elmi nailiyyətləri, bu yolda qazandığı müxtəlif mükafat və titulları, elmi dərəcə və elmi adları, sözün həqiqi mənasında, ömür boyu çəkdiyi gərgin zəhmətin, yuxusuz gecələrinin sayəsində başa gəlib. O, hələ uşaq yaşlarından mərdliyə, obyektivliyə,  zəhmətə qatlaşmaq vərdişlərinə yiyələnib. Bu xasiyyəti ona valideynləri — atası Bilas müəllim və anası Gülüzar xanım aşılayıblar. Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində, 1948-1950-ci illərdəki kütləvi deportasiyadan sonra isə Şəmkirin Leninkənd qəsəbəsindəki orta məktəbdə direktor vəzifəsində çalışmış Bilas Heydər oğlu Şadlinski dövrünün bacarıqlı pedaqoqlarından, maarifçi ziyalılarından olub. O, Vedibasar mahalının görkəmli oğlu, xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin yaxın qohumudur. Milli tariximizə parlaq şəxsiyyətlər bəxş etmiş bu nəslin layiqli nümayəndəsi olan Bilas müəllim təlim-tərbiyə və maarifləndirmə sahələrində göstərdiyi qüsursuz xidmətlərinə görə Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdü. Səkkiz uşaq böyüdüb boya-başa çatdıraraq “Qəhrəman ana” ordeni ilə təltif olunmuş Gülüzar xanım isə dövrün və şəraitin tələblərinə uyğun şəkildə övladlarının həm fiziki, həm də mənəvi cəhətdən sağlam ruhda boy atmalarının qayğısını çəkmişdir.

Vaqif Şadlinskini 50 ilə yaxın bir müddətdə — tələbəlik illərindən tanıdığıma görə onun həyat və yaradıcılığındakı ən səciyyəvi cəhətləri, bir insan, vətəndaş, pedaqoq, alim, ictimai xadim kimi daha parlaq şəkildə tanıdan bəzi spesifik xüsusiyyətləri nəzərə çatdırmağım yerinə düşərdi. Hələ uşaq yaşlarında onun ailəsi ermənilər tərəfindən deportasiya edilərək məcburi köçkünlüyə və məhrumiyyətlərə məruz qalıb. O, çox çətin uşaqlıq dövrü keçirib və erkən yaşlarında kənd təsərrüfatı işləri ilə məşğul olub, sonra isə Belarusiyada sovet ordusu sıralarında xidmət keçərək polad kimi möhkəmlənib. 1963-1968-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutundakı  tələbəlik dövründə isə onun gənclik illərinə xas olan çılğınlığı ədalətli, sözübütöv, humanist, qayğıkeş, vətənpərvər... kimi xasiyyətlərlə əvəzlənib.

1970-ci ildə insan anatomiyası kafedrasında əmək fəaliyyətinə başladığı ilk günlərdən o, yeniliyə can atması, nizam-intizamı, fədakarlığı, maraq dairəsi çərçivəsində dinamik qaynarlığı ilə əməkdaşların diqqətini cəlb edirdi. Kafedrada tədris, təlim-tərbiyə işləri ilə məşğul olmaqla yanaşı, muzey, maserasiya və təşrih otaqlarında da ən çətin  ağır işləri görməkdən belə çəkinmir, heç nədən boyun qaçırmırdı. Qısa müddətdə o, kafedranın müdiri, professor K. Balakişiyevin və əməkdaşların rəğbətini qazandı.

V.Şadlinski kafedra müdiri vəzifəsinə seçildiyi 1995-ci ildən etibarən dünyanın bir sıra ali tibb məktəblərinin insan anatomiyası kafedralarının müdirləri, morfoloji elmlərlə məşğul olan görkəmli tibb alimləri ilə rəsmi müqavilələr imzalanmasına, yeni layihə və proqramlar hazırlanmasına, kafedranın beynəlxalq əlaqələrinin genişləndirilməsinə nail oldu. Onun İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin insan anatomiyası kafedrasının müdiri, akademik M.R.Sapinlə, Moskva Dövlət Tibbi-Stomatologiya İnstitutunun insan anatomiyası kafedrasının müdiri, akademik L.L.Kolesnikovla, akademik D.V.Bajenovla, Tbilisi Morfologiya İnstitutunun direktoru, akademik N.A.Cavaxişvili ilə, Xarkov Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasının müdiri, professor V.V.Bobinlə, həmçinin Almaniyadan dünya şöhrətli anatom-alim, professor A.Şumaxerlə, Gürcüstandan olan akademik T.Gibradze, Kazan, Ufa, Mahaçqala alimləri, Türkiyənin bir sıra universitetlərinin tibb fakültələrinin anatomiya kafedralarının mütəxəssisləri ilə yaratdığı dostluq və əməkdaşlıq əlaqələri XXI əsrin ilk 15 ilində ölkəmizdə morfologiya elminin müasir tələblər səviyyəsində dinamik inkişafına güclü təkan verdi.

V.Şadlinski kafedra müdiri vəzifəsinə seçiləndə artıq ATU-nun ictimai işlərində tam püxtələşmişdi. O, hələ tələbə ikən müxtəlif illərdə Tələbə Elmi Şurasının və tələbə vəzifələrindən tutmuş müalicə-profilaktika fakültəsinin dekan müavini, ümumi işlər üzrə prorektor, həmkarlar ittifaqı komitəsinin sədri, tədris işləri üzrə prorektor vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməklə böyük nüfuz qazanmışdı.

Vaqif müəllimin rəhbərliyi dövründə kafedrada professor K.Balakişiyevin qoyduğu ənənələr yenidən bərpa olundu və daha da  möhkəmləndirildi. O, Azərbaycanda anatomiyanın banisi K.Balakişiyevə hörmət əlaməti olaraq kafedrada tarixi ənənələrin qorunub saxlanılması üçün mümkün olan hər şeyi etdi. Əməkdar elm xadimi, professor Kamil Balakişiyevin 90 və 100 illik yubileylərini layiqincə keçirməsi, xarici ölkələrin görkəmli morfoloq-alimlərini bu yubileylərə dəvət etməsi V.Şadlinskinin öz ustadına olan hörmətinin bariz təcəssümüdür.

 Vaqif Şadlinski, ilk növbədə, ulu öndər Heydər Əliyevin və onun sədaqətli davamçısı, Prezident İlham Əliyevin təhsil işçiləri üçün yaratdıqları əlverişli şəraitdən yaradıcılıqla yararlana bilmək bacarığını nümayiş etdirdi. Son illərdə ölkə başçısının göstərdiyi diqqət və qayğıya, eləcə də Səhiyyə Nazirliyinin və ATU rəhbərliyinin etimadlarına cavab olaraq professor V.Şadlinski işə daha böyük məsuliyyət hissi ilə yanaşdı, kafedranın müasir tələblər səviyyəsində yenidən qurulmasını təmin etdi.

Onun səyi ilə kafedranın unikal tədris muzeyinin sahəsi son illərdə xeyli genişləndirildi və yeni eksponatlarla zənginləşdirildi. Hazırda tələbələrin təhsili və əməkdaşların fəaliyyəti üçün kafedrada hər cür şərait yaradılıb, bütün dərs otaqları müasir avadanlıqla təchiz olunub. Təhsildə ən yeni tədris metodlarından - kompüter otaqlarından, animasiyalardan, son innovativ texnologiyalardan, müxtəlif proqramlardan düşünülmüş şəkildə geniş istifadə edilir. Anatomiyanın bütün sahələri üzrə çox sayda Azərbaycan, rus və ingilis dillərində dərslik, atlas, anatomik terminologiya kitabları, dərs vəsaitləri, tədris-metodik ədəbiyyat yazılıb və nəşr olunub.

Vaqif müəllimin  kafedraya rəhbərlik etdiyi dövrdə, yəni son 20 ildə onun elmi məsləhətçiliyi və rəhbərliyi altında 7 nəfər tibb üzrə elmlər doktoru, 12 nəfər tibb üzrə fəlsəfə doktoru hazırlanıb, 4 nəfərin tibb üzrə fəlsəfə doktorluğu işi artıq yekunlaşıb və müdafiə ərəfəsindədir.

Alimin 450-dən artıq elmi işin, o cümlədən çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitlərinin, onlarca elmi-kütləvi məqalənin müəllifi olması, bir sıra beynəlxalq mükafat və təltiflərə (akademik Yusif Məmmədəliyev mükafatı, Hacı Zeynalabdin Tağıyev mükafatı, BMT-nin Təltiflər Komitəsinin I dərəcəli Hippokrat ordeni, Albert Şvaytzer mükafatı, Robert Kox medalı, UNESKO-nun Beynəlxalq Akademiyasının qızıl medalı və s.) layiq görülməsi, Azərbaycanda və bir sıra xarici ölkələrdə çıxan tibbi jurnalların redaksiya şuralarının üzvü olması... onun elmi-pedaqoji və ictimai fəaliyyət diapazonunun genişliyini göstərir.

Professor V.Şadlinskinin rəhbərliyi dövründə kafedrada morfoloqların beynəlxalq elmi konfranslarının keçirilməsinin təşkili və belə forumların materiallarının toplu şəklində çap olunmasının təmin edilməsi də mühüm əhəmiyyət kəsb  edir.

İnsanların şəxsi keyfiyyətləri dar məqamda, fövqəladə hallar zamanı daha aydın şəkildə özünü büruzə verir. Bu mənada Vaqif müəllimin 1988-1994-cü illərdəki Qarabağ münaqişəsi zamanı fəal vətəndaş mövqeyi nümunə göstərilə bilər. O, dəfələrlə cəbhə rayonlarına gedərək, öz şəxsi təşəbbüsü ilə topladığı humanitar yardımı Qarabağın ermənilər və onların havadarları tərəfindən məhrumiyyətlərə məruz qoyulmuş əhalisinə paylamışdır. O illərdə Tibb Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsində çalışan Vaqif  Şadlinski Xocalı soyqırımını öz şəxsi faciəsi kimi qəbul etdi. Ermənilərin vəhşiliklə, xüsusi amansızlıq və qəddarlıqla törətdikləri bu soyqırımı ona hələ 8 yaşında ikən məruz qaldığı ağır deportasiya illərini, sutkalarla yol getdiyi yük qatarlarının təkərlərinin indi də qulaqlarında səslənən taqqıltılarını yenidən xatırlatdı.  O, Tibb Universitetində yardımlar təşkil edir, rayonun faciəyə məruz qalmış əhalisinə göndərirdi. Dəfələrlə dövri mətbuatda, televiziyada çıxışlar edərək insanları Xocalı soyqırımından təsadüfən sağ çıxanları bu dərdlə baş-başa, tək qoymamağa çağırışlar edirdi.

Vaqif Şadlinski Heydər Əliyev məktəbinin yetirməsi olmasından həmişə qürur duyur. Təsadüfi deyildir ki, o, 1998-ci ildə keçirilən prezident seçkiləri ərəfəsində təşviqat qrupunun tərkibində Azərbaycanın bir sıra rayonlarında, həmçinin Türkiyə Cümhuriyyətində olub, ulu öndərin xalq, Vətən üçün gördüyü cahanşümul işlər barədə geniş ictimaiyyət qarşısında mükəmməl çıxışlar edib.

“Arxasında əməli iş dayanmayan pafoslu çıxışların, verilən vədlərin bir qəpiklik dəyəri yoxdur”, – deyir Vaqif müəllim. – İnsana sözünə görə yox, əməlinə görə qiymət vermək lazımdır. İllər keçəcək, dünyada yalnız əməl qalacaq, hər kəs gördüyü işə görə öz dəyərini alacaq.

Bu qeydlərimi professor Vaqif Şadlinskinin 75 illik yubileyi ərəfəsində qələmə alıram. Yubiley təkcə təbriklər və təntənəli tədbirlər keçirməkdən ibarət deyil, bu, həm də keçdiyin həyat yolunun arxada qalan hissəsinə nəzər yetirməyə və onu qiymətləndirməyə lazım olan məqamdır. Bir az əvvəl 50, sanki dünən 60 və 70 yola salındı. 75 yaş isə keçilən ömrün müdriklik çağıdır. Həyatın müxtəlif anları yaşanan illərin yüksəkliyindən baxanda tamam ayrı cür görünür. Əsl kişi üçün, öz ölkəsinin vətəndaşı üçün, geniş planlar quran insan üçün bu yaş dövrü əsl  müdriklik və yaxşı mənada intizarla gözləmə dövrüdür.

Bu münasibətlə yetişdirdiyi tələbələr, Azərbaycan Tibb Universitetinin və rəhbərlik etdiyi kafedranın əməkdaşları adından ona həyatı boyu can atdığı ideallar naminə ümidlərinin və gözləntilərinin baş tutmasını, uzun illər aktiv fəaliyyət göstərməsini arzulayıram.

 

Mübariz ALLAHVERDİYEV,

ATU-nun insan anatomiyası

kafedrasının professoru,

Əməkdar müəllim

 

Xalq qəzeti.- 2015.- 23 yanvar.- S.6.