Azərbaycan – Almaniya
əlaqələri uğurla inkişaf edir
Dövlət
başçımızın Berlin səfəri bu əməkdaşlığa
yeni stimul verdi
Bu gün Azərbaycan Respublikasının Avropa dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri özünün yüksək inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin Avropa ölkələrinə ardıcıl səfərləri, dövlət və hökumət rəsmilərimizin bu ölkələrin nümayəndələri ilə mütəmadi görüşləri, keçirilən qlobal tədbirlər və s. Azərbaycanın xarici siyasətinin uğurlu istiqamətdə inkişaf etdiyini göstərir. Yanvarın 21-də dövlət başçımız İlham Əliyevin Almaniyaya işgüzar səfəri hər iki ölkə arasında mövcud olan münasibətlərin yeni müstəvidə inkişafını müəyyənləşdirdi.
Ümumiyyətlə,
Azərbaycan - Almaniya qarşılıqlı münasibətlərinin
başlanğıcı hələ XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın “Simens qardaşları” firması tərəfindən
Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri
misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək
bu zavodlarda istehsal edilən mis Cənubi
Qafqazda əridilən misin
üçdə iki hissəsini təşkil
edirdi. Bundan əlavə
“Simens qardaşları” firması Daşkəsən
ərazisində kobalt yataqları
bazasında kobalt zavodu
inşa edib. Bu zavodların inşası nəticəsində
xeyli sayda insan işlə təmin edilib,
əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu
ərazidə fəallığının artması nəticəsində
ətraf ərazilərdə, xüsusilə Azərbaycanın
indiki Göygöl rayonunda alman yaşayış məntəqələri
yaranıb. Sonrakı dövrlərə diqqət
yetirəndə görürük ki, Almaniya Azərbaycanın
dövlət müstəqilliyini 1992-ci ilin
12 yanvarında tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub.
1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi,
20 gündən sonra isə
Almaniyanın Azərbaycandakı səfirliyi
açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya
arasında əlaqələr mütəmadi olaraq
inkişaf edib. Ümummilli lider Heydər
Əliyev o zamankı Almaniya
Prezidenti Roman Hersoqun dəvəti ilə 1-4 iyul
1996-cı il tarixdə Almaniyada
rəsmi səfərdə olarkən
Almaniyanın Prezidenti, kansleri, vitse-kansleri və
digər hakimiyyət nümayəndələri ilə
görüşlər keçirib. Həmin
görüşlər zamanı ölkələr
arasındakı əməkdaşlığın xüsusiyyətləri
geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan
ərazilərinin işğalı və münaqişənin
sülh yolu ilə həlli
məsələləri ulu öndərin keçirdiyi görüşlərin əsas
müzakirə mövzusu olub.
Səfər çərçivəsində, siyasi,
iqtisadi və elmi-texniki
əməkdaşlıq sahəsində beş
müqavilə imzalanıb. Keçən illər ərzində
Almaniya ilə Azərbaycan arasında
müdafiə, siyasi təhlükəsizlik,
terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq
aparılıb. Bu illər ərzində Azərbaycan və Almaniya arasında mədəni əlaqələr
də intensiv şəkildə inkişaf etmişdir. İki ölkə arasındakı mədəni
əlaqələrin inkişafı 22 dekabr
1995-ci il tarixli mədəni
əməkdaşlıq haqqında Sazişlə
bağlıdır. Hələ ATƏT-in İstanbul
Zirvə görüşündə iştirak
edən ulu öndər Heydər Əliyev
1999-cu il noyabrın 19-da
“Çırağan sarayı”nda Almaniya Federativ Respublikasının kansleri
Herhard Şröderlə görüşüb.
Görüş çərçivəsində
Prezident Heydər Əliyev 1947-ci ildə
Azərbaycana gətirilmiş Bremen
qalereyası rəsmlərinin Almaniyaya
qaytarılması haqqında sərəncamı və məktubu
AFR kanslerinə təqdim edib.
– “Cənab kansler, biz bu
iki əsəri və Nyu-Yorkda
məhkəmə orqanlarının sərəncamında olan əsərləri sizə veririk.
Mən 1947-ci ildən muzeyimizdə saxladığımız həmin
əsərlərlə bağlı sənədləri də
sizə təqdim edirəm.”
2001-ci ilin
mayında Almaniya Xarici
İşlər naziri Yoşka
Fişer, Bundestaqın sədr müavini Antye Follmer ilə birgə Azərbaycana səfər
edib. Prezident Heydər
Əliyev Almaniya nümayəndə heyəti
ilə görüşündə iki
ölkənin əməkdaşlığına böyük əhəmiyyət verdiyini, alman şirkətlərinin
Azərbaycanda uğurlu fəaliyyətindən
razı qaldığını, bunun
davamlı olmasını istədiyini bildirib.
Azərbaycan Prezidenti AFR - in Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq
fəaliyyətinə ümid etdiyini deyib:
“...Ümidvarıq ki, Minsk
qrupunun üzvü kimi Almaniya bizim
üçün əsas məsələ
olan Ermənistan-Azərbaycan
münaqişəsinin həlli sahəsində - Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad
olunması və işğal edilmiş torpaqlardan
qaçqın düşmüş azərbaycanlıların
öz yerlərinə-yurdlarına
qayıtması sahəsində bundan sonra fəaliyyətini daha
da artıracaqdır.” Almaniyanın Xarici İşlər naziri
Yoşka Fişer təmsil
etdiyi ölkənin Dağlıq Qarabağ məsələsində
imkanları daxilində kömək göstərəcəyini
vəd edib. Yəni, bu
ölkə həmişə Azərbayjanın haqlı mövqeyini dəstəkləyib. Prezident İlham
Əliyevin ölkəmizdə dövlət
başçısı seçilməyi həmin tendesiyanı
daha da sürətləndirib.
2004-cü ildə Prezident İlham
Əliyev Almaniya
Prezidentinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Almaniya Prezidenti Horst
Köler və
Federal kansler Gerhard Şröderlə keçirilən
görüşlərdə ölkələrimiz arasında
ikitərəfli münasibətlərin inkişafı,
qarşılıqlı siyasi əlaqələrin
vəziyyəti, regional və beynəlxalq
məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
2007-ci il fevralın
16-da Almaniya səfəri zamanı Prezident İlham Əliyev
Almaniyanın Kansleri Angela
Merkellə görüşüb, ölkələrimiz,
eləcə də Azərbaycanla Avropa
İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf
perspektivləri, ölkəmizdə iqtisadi
islahatların uğurla həyata
keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi barədə
müzakirə aparıb. Bundan sonra Almaniyada 2008-ci il Azərbaycan ili elan edilib. Bu
məqsədlə Azərbaycan Mədəniyyət və Turizm nazirinin rəhbərliyi
ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər edib.
Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu
isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri
şəhərlərində Azərbaycan mədəniyyəti
təbliğ olunub. Almaniyada
Azərbaycan ili çərçivəsində
12 iyun-15 iyul 2008-ci il
tarixlərində Drezden Qalereyasında “Azərbaycan
müasir incəsənət sərgisi” keçirilib. Sərgidə tanınmış
Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Prezident İlham
Əliyev 2010-cu il
4-6 fevral tarixdə də Almaniyada
növbəti rəsmi səfərdə olub.
Səfər çərçivəsində Prezident
Almaniyanın Kansleri Angela
Merkelle görüşüb.
Almaniyanın Azərbaycana müxtəlif sahələrdə
dəstək verməyə hazır olduğunu
diqqətə çatdıran xanım Angela
Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır.
İlham Əliyev isə müasirləşmə
dövrünü yaşayan
ölkəmizdə alman texnologiyalarına
tələbat olduğunu, Azərbaycanın
Avropanın enerji təhlükəsizliyi məsələlərinin
həllinə öz töhfəsini verməyə
hazır olduğunu bildirib.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq
da yüksək səviyyədədir. Azərbaycan Respublikası və Almaniya
Federativ Respublikası arasında maliyyə
və texniki əməkdaşlığa dair hökumətlərarası
danışıqlar, 2011-ci ildə ticarət və investisiyalar üzrə yüksək səviyyəli
İşçi Qrupunun
yaradılması, maliyyə və texniki əməkdaşlıq
çərçivəsində müxtəlif layihələrin
reallaşdırılması, Alman-Azərbaycan
Xarici Ticarət Palatasının
yaradılması, “Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində
kadrların ixtisasının artırılması üzrə
Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində
sahibkarların və gənc menecerlərin Almaniyaya
ixtisasartırma kurslarına göndərilməsi iki ölkə arasında səmərəli
əməkdaşlığın göstəriciləridir.
Hazırda Azərbaycanda sənaye, xidmət, rabitə, ticarət,
nəqliyyat, bank və sığorta, kənd
təsərrüfatı, tikinti sahəsində
157 alman kapitallı şirkət fəaliyyət
göstərir.
Almaniya Avropa və dünya ölkələri arasında kifayət
qədər siyasi nüfuza
və güclü iqtisadiyyata
sahib olan ölkələrdən
biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin
inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub.
Azərbaycan isə Almaniya üçün
neft-qaz ölkəsi kimi
beynəlxalq layihələrdə mühüm
tərəfdaşlardan biridir.
Hazırda Almaniyada xeyli azərbaycanlı
yaşayır və işləyir. Almaniya
Azərbaycanlılarının Koordinasiya
Mərkəzi, Avropa Azərbaycanlıları
Konqresi, Alman- Azərbaycan
Mədəniyyət Cəmiyyəti, “Azərbaycan Evi”, “Buta” Cəmiyyəti,
Almaniyadakı Türk-Azərbaycan Birliyi və
digər çoxsaylı diaspor təşkilatları
fəaliyyət göstərir. Hər il qan yaddaşımızla bağlı günlərdə
Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə
diasporumuz Vətənimizin həqiqətlərini
təbliğ edir, alman
ictimaiyyətinə çatdırır.
Prezident İlham
Əliyevin Almaniyaya
bu il yanvarın 21-də
reallaşdırılan işgüzar səfəri
əslində bütün parametrlərdə
hər iki ölkənin əməkdaşlıq
perspektivlərini ortaya qoydu. Almaniya Federativ Respublikasının kansleri
Angela Merkel də bu səfərin ikitərəfli münasibətlərin
perspektivlərinin müzakirəsi üçün
önəmli olduğunu qeyd
edib. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu
deyən kansler
ölkəmizin Avropanın enerji təminatının
şaxələndirilməsində, TAP, TANAP kimi
nəhəng enerji layihələrinin həyata
keçirilməsində, eləcə də “Şərq tərəfdaşlığı”
Proqramında mühüm rol oynadığını bildirdi.
Angela Merkel Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsində,
ölkəmizdə infrastruktur layihələrinin
icrasında Almaniyanın yeni şirkətlərinin
iştirak etməkdə maraqlı
olduqlarını diqqətə çatdırıb.
Qarşılıqlı münasibətlərimizin uğurlu inkişafından söhbət açan Prezident İlham Əliyev bu səfərin
əlaqələrimizin gələcək inkişafı ilə
bağlı fikir mübadiləsi aparmaq üçün
yaxşı imkan yaratdığını
bildirib. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
də müzakirənin əsas mövzularından biri olub. Müzakirələr
zamanı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, rəsmi
Yerevanın qeyri-konstruktiv mövqeyi,
danışıqların hazırkı prosesi
barədə ətraflı məlumat verilib.
Bundan sonra Berlində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya
Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransı keçirilib.
Kansler Angela Merkel və Prezident İlham Əliyev
bəyanatlarla çıxış ediblər. Kansler Angela Merkelin bəyanatında bildirilir ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf
edir, buna görə bu ölkə Almaniya üçün əhəmiyyəti artan tərəfdaşdır. Azərbaycan böyük potensiala, əsasən
də neft və qaz kimi resurslara malikdir: “Düşünürəm ki, Azərbaycan həm Almaniya,
həm də digər Avropa ölkələrinin
enerji şaxələndirilməsinə böyük töhfə verə bilər. Bu mənada “Cənub” qaz dəhlizi
layihəsini dəstəkləyirik.”
Bəyanatda həmçinin,
Azərbaycan Prezidenti ilə aparılan
müzakirələrə toxunulub: “Biz Azərbaycan Prezidenti ilə
müxtəlif mövzular ətrafında fikir mübadiləsi apardıq. Xüsusən
də Azərbaycanda insan
hüquqlarının vəziyyəti, həmçinin regionda baş verən geosiyasi vəziyyət haqqında
danışdıq. Biz Dağlıq Qarabağ münaqişəsi barədə də
fikir mübadiləsi apardıq. Almaniya da münaqişənin
həllində vasitəçi olmaq istəyir.
Düşünürük ki, Avropa Şurası, Avropa İttifaqı bu
istiqamətdə bir təşəbbüslə
çıxış edərək, münaqişənin həllinə
müəyyən töhfəsini verə bilər. Bununla bağlı Azərbaycan Avropa
Komissiyası ilə danışıqlar aparacaq.
Ukrayna və Rusiya
arasındakı münaqişə ilə əlaqədar da müzakirələrimiz oldu.
Eyni zamanda, Azərbaycanın
“Şərq tərəfdaşlığı” Proqramında
iştirakı ilə bağlı danışdıq.
Prezident İlham Əliyevin
bəyanatında da siyasi
əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulanaraq, bu səfərin
önəmi qeyd olunub.
Prezident Azərbaycanda çoxsaylı alman şirkətlərinin fəaliyyət
göstərdiyini qeyd edərək iqtisadi münasibətlərimizin yüksək
olduğunu açıqlayıb. Dövlət başçımızın bəyanatında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsinin prioritetliyi qeyd olunaraq bu münaqişənin
həm Azərbaycan, həm də region üçün böyük
təhlükə mənbəyi olduğu bildirilib. Görüşdə Almaniya-Azərbaycan
əlaqələrinin böyük potensiala malik olması qeyd olunaraq qəbul edilmiş qərarların, aparılan
diskussiyanın bu əlaqələrin
inkişafına təkan verəcəyi vurğulanıb.
Anar TURAN
Xalq qəzeti.- 2015.- 25 yanvar.- S.2.