Səhiyyənin
inkişafı və muxtar
respublika əhalisinin sağlamlığına
qayğı daim diqqət mərkəzindədir
Ulu
Naxçıvan diyarının keçdiyi 90 illik şərəfli
bir yol. Sirr deyil ki, bu yolda intəhasız əzab-əziyyət
çəkilib, məşəqqətlər başdan
aşıb. Yadellilərə qarşı müharibə,
iqtisadi çətinlik qədim yurd yerimizi çox
sınağa çəkib. Son 20 ilin isə bu yurdun tarixində
xüsusi yeri var. O mənada ki, ötən əsrin
sonlarında erməni daşnaklarının təcavüzkar
siyasəti nəticəsində blokadaya alınmış
Naxçıvan bu illərdə sürətli bir inkişaf
dövrünə imza atıb. Qəhrəmanlıq, yurdsevərlik
isə odur ki, belə bir ağır zamanda yaşam tərzini
qurasan, torpağının varlığını,
inkişafını dünyaya bəyan edəsən.
Danılmaz faktdır ki, bu torpaq sevgisi, yurd məhəbbəti
muxtar respublikanın hər qarışını əhatə
edib. Biz jurnalistlərinsə vəzifəsi bu inkişafın
hər bir sahəsini qələmə almaqdır.
Çünki gələcək nəsillər bu gün vətən
uğrunda fədəkarcasına çalışılanlar
barədə həm də qəzet səhifələrindən
öyrənəcəklər. Biləcəklər ki, sovet
dövrünün miskinliyindən qurtulmuş regionumuzun hərtərəfli
tərəqqi etməsi məhz qəlbi vətən məhəbbəti ilə
döyünənlərin, millət sevgisi ilə
yaşayanların rəşadətli əməyinin bəhrəsidir.
Onu da öyrənəcəklər ki,
düşünülmüş, planlı şəkildə gələcəyə
yol almış bu inkişaf tablosunda səhiyyəmizin məxsusi
yeri var. Çünki bu günümüz kimi, gələcəyimiz
də yalnız sağlam insanların sağlam
düşüncələri üzərində qurulacaqdır.
Sözsüz ki, insanların baş tacı
onların sağlamlığıdır. Amma xəstəliklərdən
də heç zaman sığortalanmamışıq. Xoşbəxtik
ki, artıq səhiyyənin acınacaqlı illəri arxada
qalmışdır. İndi səhiyyə infrastrukturunda
aparılan islahatlar nəticəsində gündən-günə
yeni nailiyyətlər əldə olunur. Əlbəttə, bu
yazıda söhbət yalnız muxtar respublika səhiyyəsindən gedir
və qürurverici haldır ki, bu gün
səhiyyəmiz zirvələrə doğru
addımlayır? Bu yüksəlişdən
dönüb geriyə baxanda
nələri xatırlamırıq. Bu yerdə eşitdiyım bir faktı yada
salmağı özümə borc bilirəm.
İnsanların sağlamlığına “böyük
qayğı göstərilən” sovet
hakimiyyəti dövründə Şahbuz rayonunun Zırnel kəndində bir neçə günün
içərisində yoluxucu xəstəlikdən
adamların kütləvi halda öldüyünü
görən kənd ağsaqqallarından biri
digərinə deyib ki,
çıx təpənin başına, kəndə tərəf
qışqır ki, “daha
qəbristanlıqda yer yoxdur,
gətirməyin”.
Baxın,
səhiyyənin “səviyyəsi” əlacsız insanları nəyə aparırmış o
zaman?! İstər rayon
mərkəzlərində, istər də kəndlərimizdə
insanlara tibbi xidmət
yarıtmaz vəziyyətdə idi. Əlbəttə,
danılmaz faktdır ki, ümummilli
liderimiz Heydər Əliyevin sovetlər birliyi dövründə Azərbaycanda siyasi hakimiyyətə
gəlişindən sonra ölkəmizin əksər
regionlarında olduğu kimi,
Naxçıvanda da sosial-iqtisadi
inkişaf tamamilə yeni
mərhələyə qədəm qoydu. Bu dövrdə təhsilə, səhiyyəyə
qayğı tibbi kadrların da yetişməsinə təkan verdi. Bu illərdə muxtar respublika gəncləri
qarşısında həkimlik peşəsinə yiyələnmək
bir vəzifə kimi durdu.
Ümummilli liderin 1993-cü ildə
ölkə rəhbərliyinə qayıdışından sonra həyata
keçirməyə başladığı islahatların
içərisində Naxçıvandakı universitetlərdə tibb fakültəsinin
yaradılması da yurd
sevgisinin böyük
ifadəsidir. “Səhiyyə xalqımızın
sağlamlığı və gələcəyidir”,-deyən ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə diqqətlə
yanaşıb, xüsusi qayğı
göstərib. Ölkədə səhiyyənin səmərəsinin
yüksəldilməsi, inkişafının intensivləşdirilməsi
üçün maddi-texniki
bazanın yaradılması istiqamətində əvəzsiz
işlər görüb. Bunun sayəsində muxtar respublikada yeni, müasir tipli səhiyyə
müəssisələri həyata vəsiqə alıb. 19 illik qısa bir dönəmdə
burada iri
sıçrayışla irəliləyən səhiyyə sektorunda indiyədək müxtəlif təyinatlı
sağlamlıq obyektlərinin tikilərək və ya yenidən qurularaq
istifadəyə verilməsi faktları həm də onu deməyə haqq verir ki, Naxçıvanda
səhiyyə sektorunda aparılan kompleks islahatlar ulu öndərin layiqli
davamçıları tərəfindən ardıcıllıqla
həyata keçirilir.
2006-cı ildə
dövlət başçısı İlham
Əliyevin iştirakı ilə həyata vəsiqə alan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi
də həyata keçirilən səhiyyə siyasətinin parlaq nümunəsidir. Unikal gözəlliyi və
avadanlıqlarının müasirliyinə görə əvəzsiz
bir sağlamlıq mərkəzi olan bu tibb
ocağı ötən illərdə Naxçıvan səhiyyəsinin
tarixində elə bir iz
buraxıb ki, bunu
bütünlükdə sovetlər birliyi
dövründə əldə edilmiş
nailiyyətlərlə müqayisə etmək olar. Bu nailiyyətləri Naxçıvan səhiyyəsinin
tarixində inqilab, intibah
dövrü adlandırmaq olar.
İndi öz fəaliyyəti
ilə nəinki muxtar respublikada,
eyni zamanda, ətraf
bölgədə də yaxşı tanınan bu
şəfa ocağında Naxçıvan səhiyyəsinin
tarixində ilk dəfə olmaqla,
bir çox diaqnostik və müalicə üsulları həyata
keçirilib. İlk dəfə böyrək
köçürülməsi, yemək borusunun
plastikası, süni oynaq
köçürülməsi, boyun fəqərəsinin
çıxığının cərrahi yolla
yerinə salınması, ümumi narkoz vermədən (onurğa
beyni ağrısızlaşdırması
ilə) açıq ürək əməliyyatı
aparılması Naxçıvanda cərrahi fəaliyyətin
zirvəsi sayıla bilər. Burada muxtar respublika üçün daha bir yenilik laparoskopik
və sistoskopik yolla endoskopik əməliyyatların
aparılması olub. Bu
tibbi terminlərə bir
az aydınlıq gətirərək qeyd edək ki, bu əməliyyatın biri
Babək rayonunun Hacıvar kəndindən
olan 53 yaşlı Fərman Məmmədovun
üzərində həyata keçirilib.
Xəstədə mədənin funksiyası
tamamilə pozulduğundan onun
götürülməsi üçün
təcili cərrahi əməliyyat aparılıb. Ən müasir tibbi aparat və cihazların tətbiqi ilə həkimlər
bu əməliyyatı müvəffəqiyyətlə
həyata keçiriblər.
Muxtar respublikada daha bir iri
səhiyyə obyekti “Duzdağ”
Fizioterapiya Mərkəzidir. Hazırda yeraltı və yerüstü
şöbələrdən ibarət xəstəxanaya
Türkiyə, Rusiya, İran,
Gürcüstan, Qazaxıstan, Özbəkistan
və daha neçə-neçə
ölkələrdən gələn insanlar
tərəfindən bu müalicə mərkəzinin
şöhrəti dünyaya
yayılıb. Burada bronxial
astma və astmatik komponentli xəstələrin
sağlamlığı bərpa olunur. Bu möcuzəvi
müalicəxanaya baxanda
düşünürsən ki, uzaq keçmişdən duzu
karvan-karvan dünya
ölkələrinə daşınan Duzdağın qoynuna indi müxtəlif
ölkələrdən sağlamlıq sorağı ilə gəlirlərsə
və Naxçıvan şəfa mənbəyi kimi beynəlxalq səviyyədə tanınınırsa,
bunun arxasında yurd sevgisi dayanıb.
Ümumiyyətlə,
muxtar respublikanın bütün
bölgələrində yüksək memarlıq üslubu ilə inşa olunan, hər cür tibbi ləvazimatla təchiz edilən səhiyyə
obyektləri bir gercəkliyi
vurğulayır: dövlətimizin əsas amili
insan sağlamlığıdır. Elə 2009-cu ildə həyata vəsiqə
alan Doğum Mərkəzi
də bunu özündə əks etdirir. Nümunəvi şərait
yaradılmış Mərkəz muxtar respublikada, qadınların, anaların, həmçinin
dünyaya göz açan körpələrin
sağlamlıqlarının tam təmini
məqsədilə inşa olunub. Mərkəzin nümunəvi fəaliyyəti,
ölkə başçısı cənab İlham
Əliyevin bu sözlərindəki həqiqəti
təsdiq edib: “Son illər
ölkədə gedən quruculuq,
abadlıq işləri nəticəsində Azərbaycanda uşaq ölümü kəskin
şəkildə aşağı düşüb.
Naxçıvanda isə bu göstərici
inkişaf etmiş
ölkələrin səviyyəsindən də
aşağıdır. Nəyə görə? Çünki lazımi səviyyədə tibbi xidmət göstərilir.
Naxçıvanda artıq təcili tibbi
yardım avtomobillərinin sayı da
artıb, yəni bu maşınlar vasitəsilə
istənilən anda ağır xəstəyə
tibbi yardım göstərmək mümkündür. Naxçıvandakı hər
bir yaşayış məntəqəsinin
gözəl tibb məntəqəsi, tibb ocağı vardır və onlar yüksək səviyyəli, keyfiyyətli
avadanlıqla təchiz olunub”.
Bəli,
bu gün nəinki muxtar respublikanın şəhər və
rayonlarında, həmçinin kəndlərimizdə, sərhəd
məntəqələrimizdə tibb
ocaqlarında yüksək şərait yaradılıb, günün bütün
saatlarında qəflətən ağır vəziyyətə
düşən xəstələri
abad yollarla, təcili
yardım maşınları ilə lazimi
səhiyyə ocağına çatdırmaq imkanına nail olunub.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Babək rayonunda səhiyyənin
vəziyyəti ilə əlaqədar bir çox kənddə olmuşuq,
insanlarla söhbət bir
həqiqəti təsdiq edi: əgər
dünənəcən Nehrəm kənd sakini,
uşaqlıqdan böyrəyindən əziyyət çəkən, bir ayağı xarici
ölkələrdə qalan, xeyli vəsait xərcləyən Heydər Muxtaroğlu və eləcə də onun kimi 3 xəstə indi yaxınlıqda, rayon
mərkəzindəki xəstəxanada hemodializ
aparatı vasitəsilə müalicələrini davam etdirirlərsə, bu sözsüz ki, dövlətimizin
insanlara qayğısının əyani
göstəricisidir. Bu xəstələr rayonda yeni, cari
ilin yanvar ayında
istifadəyə verilən dördmərtəbəli binada yaradılan şəraitdən, onlara göstərilən həkim
qayğısından ağızdolusu razılıq edirlər.
Babək rayonunun iki böyük
kəndi əhalisinin sayına görə muxtar
respublika üzrə iri
yaşayış məntəqəsi sayılır - Nehrəm
və Cəhri. Bu kəndlərin hər
birində bu gün
ikimərtəbəli, yaraşıqlı səhiyyə
ocağı əhaliyə xidmət edir. Rayon Mərkəzi Xəstəxanasında
yaradılan şərait eynilə bu kəndlərdə
də yaradılıbsa, bu, intibahı əks
etdirmirmi? Əlbəttə etdirir.
Cəhri kənd xəstəxanasının
36 illik təcrübəyə malik tibb işçisi
Zöhrə Kərimova səhiyyənin inkişafından
ağızdolusu danışdı: “Xəstəxanamız elə
bir vəziyyətdəydi ki,
hər an qorxurduq tavan başımıza uçacaq.
Dərman tapa bilmirdik,
təmizlik yox idi. Bu şəraitdə uşaqların,
anaların xəstələnməsi də qaçılmaz idi. Amma elə təkcə bu il Cəhridə 108 uşaq
doğulub, körpələr də, analar da
sağlamdırlar”. Əlavə etdi ki, cari ilin
fevral ayında əsaslı təmir olunub yenidən qurulan ikimərtəbəli,
20 çarpayılıq xəstəxanamızda bu gün stasionar
və poliklinika şöbələri, eləcə də doğuş və ginekologiya bölməsi fəaliyyət
göstərir, işıqlı palatalar, stomatologiya, ultrasəslə müayinə, rentgen, peyvənd kabinələri, laboratoriya, fizioterapiya, bufet, yeməkxana və s. otaqlar var, xəstəxana
ultrasəslə müayinə, mobil və
stomatoloji rentgen
aparatları, stomatoloji qurğu,
doğuş və cərrahi alət
dəstləri, EKQ, hematoloji avtoanalizator və fizioterapiya
aparatları ilə təmin edilib.
Baxın, bu bir kənd
xəstəxanasında yaradılan şəraitdir. Təkcə
bu kənddəmi? Qeyd edək ki,
bu gün
Naxçıvan MR-də əhaliyə ümumilikdə 237, o cümlədən Babək rayonunda
34 səhiyyə müəssisəsi tərəfindən tibbi xidmət göstərilir və
hamısında da özünəxas
gözəl şərait yaradılıb. Muxtar
respublikamızda, eləcə də Babək rayonunda
səhiyyə coğrafiyasının inkişafını təsdiq
edən faktlardır ki, bu
gün ikimərtəbəli həkim
ambulatoriyaları inşa olunur,
sərhəd kəndlərimiz Gərməçataq, Buzqovda belə əhaliyə yardım edə
bilmək vəzifəsinə malik tibb ocaqları fəaliyyət göstərir.
Rayon Mərkəzi Xəstəxanasının
açılış mərasimində Ali
Məclisin sədri Vasif Talıbov muxtar respublika səhiyyəsində
islahatının bəhrələrini diqqətə
çatdırmışdır: “Ölkəmizdə, eləcə
də muxtar respublikamızda səhiyyə
sahəsində həyata keçirilən tədbirlər nəticəsində təhlükəli yoluxucu və infeksion xəstəliklərin
qarşısı alınmış, bu xəstəliklərin
statistikasında azalma olmuş,
ana və uşaq
ölümləri minimuma endirilmişdir”.
Sözsüz ki, əgər bu gün xəstələr
pulsuz dərmanlarla təmin olunursa, sağlam gələcəyimiz
naminə orta məktəblərdə yoxlamalar aparılırsa, profilaktiki
tədbirlər həyata keçirilirsə, anaların,
körpələrin vaxtlı-vaxtında müayinəsi həyata
keçirilirsə və bu gün müxtəlif ixtisaslı həkim
briqadaları təşkil edilərək sıra ilə bütün yaşayış məntəqələrində
yaşından, vəzifəsindən asılı olmayaraq insanları yoxlamadan
keçirirsə, bu, sağlamlığa
göstərilən qayğının insanlara
bəxş etdiyi layiqli
töhfələrdir. Burda bir haşiyə çıxmağı
özümə borc bilirəm. Elə bu gün
diyarımızda aparılan çoxşaxəli quruculuq işləri də sağlamlığımıza
qayğı kimi diqqət çəkir. Çünki insanlara
işıqlı, müasir binalarda, təmiz havalı otaqlarda
işləmək imkanı qazanılırsa, həmçinin
yaşayış binaları təmir olunursa,
hər bir bina istilik sistemi,
işıqla təmin edilirsə, axan sular, dağ bulaqları
evlərimizin içinəcən çəkilib gətirilirsə,
bu, bizə
“sağlamlığımıza tükənməz
qayğı var”, -deməyə söz haqqı verir. Konkret olaraq qeyd edək ki, muxtar respublikada əhalinin
sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi
bu gün dövlətimizin
qarşısında duran əsas vəzifələrdəndir.
Həyata keçirilən genişmiqyaslı islahatlar
nəticəsində regionumuzda yeni səhiyyə ocaqları tikilməkdə, müasir dövrün tələbinə
cavab verməsi üçün
təmirə ehtiyacı olanlar əsaslı
surətdə yenidən qurulmaqda, ən müasir tibbi avadanlıqlarla
təchiz olunmaqdadır. Bu şəfa ocaqlarına baxdıqca isə
düşünürsən ki,
diyarımızda səhiyyə sistemi özünün ən sürətli inkişaf dövrünü
yaşayır. İnamla demək olar ki, Naxçıvan MR Ali Məclisi sədrinin “Dövlətimizin ən
qiymətli incisi onun vətəndaşlarıdır”,
- prinsipi
əsas götürülərək, muxtar
respublikada əhalinin
sağlamlığının qorunması, tibbi
profilaktikanın genişləndirilməsi, xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması, müasir tibbi
avadanlıqlarla təchiz olunmuş səhiyyə
ocaqlarının inşası bundan sonra da daim
diqqət mərkəzində saxlanılacaqdır.
Hafizə ƏLİYEVA,
Babək rayonu,
“Şərqin səhəri” qəzetinin redaktoru,
Naxçıvan Muxtar Respublikasının
Əməkdar jurnalisti
Xalq qəzeti.- 2015.- 25 yanvar.- S.6.