Murovdan bir az bəri...

 

Yeni Zod kəndində keçirilən səyyar qəbuldan reportaj

 

 Zod deyəndə, hər şeydən əvvəl, Göyçə mahalı, böyük ustad Ələsgər yada düşür. Başı çox bəlalar çəkib. Axırıncı faciə isə daha ağır, daha dərin olub. Bir gecənin içində böyük bir el ayağa qalxdı, yola çıxdı, öz ata-baba yurdundan didərgin düşdü. O gecəyə qədər çox hədələr, çox basqınlar, çox atışmalar olmuşdu. Zodlularsa hələ də ümidlərini itirməmişdilər. Ona görə də dözürdülər, tab gətirirdilər, dayanırdılar. Ancaq... o gecə əlləri hər yerdən üzüldü. Nə Azərbaycan öz millətinə yiyə durdu, nə də qaniçən düşmən insafa gəldi.

 

İlin elə bu çağları idi. Qarlı-boranlı yollara, sərt dağ aşırımlarına çıxanda dolu ev-eşiklərindən nə götürə bilərdilər? Ağsaqqallar belə məsləhət gördülər ki, hər halda, dağ yerində yurd salsalar, yaxşıdır. Axı zodlular dədə-babadan dağ havasına, bulaq suyuna, meşə ətrinə öyrəşiblər.

Belə də oldu. Zod əhalisi bütöv halda Göygöl rayonunun ermənilərdən təmizlənmiş Azad və Kamo kəndlərində yerləşdi. Ancaq gördükləri ilk mənzərə onları sarsıtdı: ermənilər ev əşyalarını, mal-qaralarını, həyət-bacalarını silib-süpürüb aparmışdılar. Onlar isə illərlə dişləri-dırnaqları ilə tikib-qurduqları evlərindən əliboş çıxmışdılar, canlarını götürüb güclə qaçmışdılar. Hələ Göyçədə yaşayarkən basqın və atışmalarda ölən və yaralananları, sərt dağ yollarında don vuranları, xəsarət alanları demirik.

İlk vaxtlar yandırılmış, dağıdılmış evlərdə yaşamaq mümkün deyildi. Üstəlik, yollar, körpülər dağıdılmış, su, elektrik xətləri zədələnmişdi. Deməli, həyatı təzədən başlamaq, ev-eşik, həyət-baca düzəltmək, gün-güzəran qurmaq lazım idi. Beləcə, Zodun yeni həyatı başladı. Ona görə də ağsaqqallar, ziyalılar belə qərara gəldilər ki, elə kəndin adını da “Yeni Zod” qoysunlar. Qoy yeni doğulan uşaqlar, gələcək nəsillər ata-babalarının hardan-hara köç etdiklərini, həm də bu adla müəyyən edə bilsinlər.

Əslində, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun növbəti səyyar qəbulunun Yeni Zod kəndində keçirilməsi təsadüfi deyildi. Düzdür, ötən müddət ərzində rayonun başqa yaşayış məntəqələrində olduğu kimi, burada da çox iş görülmüş, infrastruktur layihələri həyata keçirilmiş, əhalinin vacib sosial məsələləri diqqət mərkəzində saxlanılmışdır. Ancaq, hər şeyin tam qaydasında olduğunu da demək çətindir. Etiraf edək ki, dağ kəndlərinə məxsus bir sıra problemlər hələ də qalmaqdadır. Başqa sözlə desək, adamlarla görüşmək, onları düşündürən, narahat edən məsələləri öz dillərindən eşitmək vacib idi. Təsadüfi deyildir ki, səyyar qəbulda hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edirdilər.

Burada məsələnin başqa, daha vacib tərəfi də var: ötən səyyar qəbulda irəli sürülən təklif, irad və şikayətlərin yerinə yetirilməsi nə vəziyyətdədir? Əslində, bilavasitə yerlərdə keçirilən səyyar qəbulların məqsəd və mənası da elə bundan ibarətdir. Əgər eyni problemlər hər dəfə təkrar edilirsə, konkret addım atılmırsa, real tədbir görülmürsə, onda belə görüşlərin nə mənası var?

Ancaq icra başçısı Arif Seyidov ruhən sakit və rahat idi. Ona görə ki, səyyar qəbula, necə deyərlər, əliboş gəlməmişdi. Ötən qəbulda qaldırılan təklif, irad və qeydlərin, demək olar ki, hamısı öz müsbət həllini tapmışdı.

Əlbəttə, həyat bir yerdə durub-dayanmır, hər gün özü ilə yeni qayğılar, həlli vacib problemlər gətirir. Elə çıxışlarda da görülüb başa çatdırılmış işlərlə yanaşı, daha çox qarşıda duran vəzifələrdən, çətinlik və problemlərdən danışıldı.

İlqar Hacıyev: — Gördüyünüz kimi, hər yer qardır, havalar çox soyuq keçir. Belə vaxtlarda dağ adamlarının qayğıları birə-beş artır. Ancaq düzünü deyim ki, bizim elə bir ciddi çətinliyimiz yoxdur. Bundan əvvəl keçirilən səyyar qəbulda elektrik enerjisinin verilməsindəki fasilələrdən, bəzi yerlərdə dirəklərin yararsız olduğundan şikayətlər olmuşdu. Əlaqədar təşkilatlar sağ olsunlar. Həmin məsələlər qısa müddətdə öz həllini tapdı. Təbii qaz, içməli su sarıdan da elə bir çətinliyimiz yoxdur.

Yaz-yay aylarında bu dağlar qonaqlı-qaralı olur. Qışın bu vədəsində bizi yada saldığınıza, göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından sizə öz minnətdarlığımızı bildiririk.

Şikar Əsgərov: — Əvvəllər kəndə gələn yol çox narahat idi. Payız-qış aylarında xüsusilə əziyyət çəkirdik. İndi isə hətta belə qarlı havada da gediş-gəliş heç bir çətinlik törətmir. Çətinliyimiz başqa tərəfdəndir. Hazırda Yeni Zodun əhalisi 1216 nəfərdir. Əksəriyyəti də gənclərdir. Ancaq düzünü deyim ki, hamısı işsizdir. Ona görə də dolanışıq dərdindən baş götürüb Bakıya, başqa şəhərlərə gedirlər.

Vəziyyətdən çıxmaq üçün yaxşı olar ki, burada kiçik emal sexləri yaradılsın. Elə götürək meyvə emalı sexini. Bildiyiniz kimi, bizim meşələr cır meyvə ilə zəngindir. Əgər belə bir sex açılarsa, həm işsizlik qismən aradan qaldırılar, həm də əhalimiz ekoloji cəhətdən təmiz məhsul ala bilər.

Alim Əhmədov: — Kəndimizdəki orta məktəb binası çoxdan tikilib. Bu müddətdə bir dəfə də olsun əsaslı şəkildə təmir olunmayıb. İstilik sistemi də yoxdur. Ona görə də xahiş edirəm ki, ya ayrıca müasir tipli məktəb binasının, ya da heç olmasa əlavə sinif otaqlarının tikintisi, əsaslı təmiri barədə müvafiq respublika təşkilatları qaşrısında məsələ qaldırılsın.

Akif Hüseynov: — Düzdür, kəndimizdə 350 yerlik mədəniyyət sarayı var. Hər cür şəraitlə də təmin olunub. Ancaq təəssüf ki, orada mədəni-kütləvi tədbirlər az-az keçirilir. Maraqlı proqramlar, ədəbiyyat və incəsənət ustaları ilə görüşlər, yeni çap olunmuş kitabların müzakirəsi və s. tamam yaddan çıxıb.

Bəs gənclər, yeniyetmələr boş və asudə vaxtlarını harda, necə keçirsinlər? Unutmaq olmaz ki, pis vərdişlər çox zaman bax belə bekarçılıqdan yaranır. Ona görə də bu istiqamətdə iş, əslində, yenidən qurulmalı, intizam və tələbkarlıq gücləndirilməlidir. Rayon mədəniyyət və turizm şöbəsi də bu məsələdə öz köməyini əsirgəməməlidir.

Zahid Vəliyev: — Ötən yaz güclü külək və dolu kənd evlərinin çoxunun damını atmışdı. Digər tərəfdən, elektrik naqilləri də sıradan çıxmışdı. Əlbəttə, bütün bunları öz gücümüzlə bərpa edib başa çatdıra bilməzdik. Rayon rəhbərliyinə müraciətimiz cavabsız qalmadı. Dərhal kəndimizdəki operativ qərargah yaradıldı, müvafiq tikinti materialları, avadanlıq gətirildi. Yaranmış gərgin vəziyyət qısa müddət ərzində aradan qaldırıldı. Demək istəyirəm ki, nə vaxt, nə məsələ ilə bağlı müraciətimiz olubsa, dərhal öz müsbət həllini tapıb.

Çıxışlar, təklif və qeydlər davam edir. Zalda quraşdırılmış mikrofonlar susmaq bilmir. Şəxsi dərdini, çətinliyini dilə gətirənlər də var, el-obanı narahat edən, düşündürən məsələlərdən danışanlar da. İrəli sürülən təklif və təşəbbüslər Göygöl Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri tərəfindən qeydə alınır, ümumiləşdirilir, icra müddəti, məsul şəxslər dəqiqləşdirilir.

Əlbəttə, səyyar qəbulda qaldırılan məsələlərin heç də hamısı rayonun öz gücü, daxili imkanları hesabına həll oluna bilmir. Belə olan halda, əlaqədar nazirliklərin, komitə və şirkətlərin konkret köməyinə ehtiyac yaranır. Deməli, həmin ünvanlara geniş arayış hazırlamaq, vəziyyəti ətraflı təhlil etmək lazımdır. Belə qarşılıqlı münasibət, birgə səy və kömək isə öz müsbət nəticələrini verir.

Səyyar qəbulu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov yekunlaşdıraraq, görülmüş və görüləcək işlər barədə məlumat verdi, irəli sürülən təklif və qeydlərə öz münasibətini bildirdi:

— Son illər inkişaf edən təkcə sizin kənd deyil. Bütövlükdə, Göygöl rayonu öz inkişafının yeni bir mərhələsinə qədəm qoymuşdur. İldən-ilə istehsal artır, tikinti-quruculuq və abadlıq işləri genişlənir, yeni-yeni müəssisələr işə düşür. Bütün bunlar isə ilk növbədə, ölkə Prezidenti İlham Əliyevin Göygölə göstərdiyi gündəlik diqqət və qayğının nəticəsidir. Mən, yeri gəlmişkən, bəzi xarakterik fakt və rəqəmləri sizin də nəzərinizə çatdırmaq istəyirəm. Yola saldığımız 2014-cü ildə rayonda sosial obyektlərin tikintisi, abadlıq, quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.

 

593 yeni iş yerləri açılmışdır ki, bunun da 460-ı daimidir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində məhsul və xidmətlərin ümumi həcmi 3 234 min manat artaraq 145 739,1 min manata çatmışdır. Adambaşına 2 389,2 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çox məhsul istehsal edilmişdir.

Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, kənd təsərrüfatı istehsalçılarının təminatı yaxşılaşdırılmışdır. 41 221,4 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür. 2015-ci ilin məhsulu üçün 194,5 hektar sahədə payızlıq səpin aparılmışdır.

Qara malın sayı 20 621 başa, qoyun-keçilərin sayı isə 167 589 başa çatmışdır. Müqayisə olunan dövrdə süd istehsalı 207,6 ton, ət 90,3 ton, yun 3,1 ton, yumurta 18 min 100 ədəd artmışdır.

Sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 474-ə çatmışdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 156 iş adamına 5 milyon 170,9 min manat dəyərində güzəştli kredit verilmişdir.

Dövlət Proqramının icrası ilə bağlı 180 yerlik Şəhriyar kənd tam orta, 80 yerlik Bəhrəmbağ kənd ümumi orta məktəblərin binaları, Köşkü kənd tibb məntəqəsi üçün bina tikilmişdir. Xaqani kənd uşaq bağçası, Qızılca və Çaykənd folklor evi, Qızılca kənd kitabxanası əsaslı təmir olunmuşdur. 80 yerlik Üçbulaq kənd məktəbi, Zurnabad kənd tibb məntəqəsi, Göygöl şəhərində 100 yerlik, Yeni Qızılca kəndində isə 50 yerlik uşaq bağçaları üçün binaların tikintisi, 4 saylı “Sevinc” uşaq bağçasının əsaslı təmiri davam etdirilir.

Ə.Əliyev, Bülbül, İ.Verdiyev, Q.Qarayev, S.Mehmandarov, Y.Məmmədəliyev, 20 Yanvar, Z.Tağıyev, Nizami, N.Nərimanov küçələrinə asfalt örtük salınmışdır. Sel sularının vura biləcəyi ziyanın qarşısını almaq üçün Xətai küçəsində 370 metr uzunluğunda kanal qazılmışdır. Böyük Vətən Müharibəsində həlak olunanların Xatirə Kompleksində və onun ətrafındakı parkda təmir-bərpa və yenidənqurma işləri başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ayırdığı vəsait hesabına 5 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən 15,1 kilometr uzunluğunda Yeni Zod - Çaykənd - Qarabulaq - Quşçu - Sarısu kəndlərarası avtomobil yolunun yenidən tikilməsinə başlanılmışdır.

Əhalinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq üçün 61,6 min manatlıq təmir-bərpa işləri aparılmış, 183 müxtəlif güc transformatoru təmir olunmuş, 12,16 kilometr yeni elektrik xətti çəkilmiş, qəza vəziyyətində olan dayaqlar yenisi ilə əvəz olunmuşdur. Əhali üzrə istehlak olunan elektrik enerjisinin ödənişi 96,4 faiz yerinə yetirilmişdir.

Yeni salınmış yaşayış massivlərində 2741 metr uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilərək, 993 təsərrüfat təbii qazla təmin edilmişdir. İstismarda olan müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri görülmüşdür. Əhali üzrə istehlak olunan qazın ödənişi 110,7 faiz yerinə yetirilmişdir.

İcra başçısının ayrı-ayrı sahələrdən gətirdiyi konkret fakt və rəqəmlər bir daha onu göstərir ki, ötən il Göygöl rayonu üçün əlamətdar və yaddaqalan olmuş, inkişaf və irəliləyiş bütün sahələri əhatə etmiş, ardıcıl və sistemli xarakter daşımışdır.

Səyyar qəbulda da qeyd edildiyi kimi, bütün bu uğurlar, əlbəttə, öz-özünə qazanılmamışdır. İlk növbədə, ölkə Prezidenti İlham Əliyevin Göygölə tarixi səfərləri, rayona göstərdiyi gündəlik diqqət və qayğı həlledici olmuşdur. Onu da əlavə edək ki, həmin tarixi səfər və keçirilən görüşlər işlərin gedişinə əsaslı təsir göstərmiş, adamlara əlavə ruh və stimul vermiş, onların sabaha olan inam və ümidlərini daha artırmışdır.

Digər vacib məsələ isə yerlərdə işin düzgün təşkili, insan amili, onların vacib sosial tələblərinin vaxtında yerinə yetirilməsi, təşkilat-idarəetmə məsələlərinin daha da təkmilləşdirilməsidir. Bu gün Göygöldə həyatın axarı gurdur. Rayonda sağlam mənəvi-psixoloji mühit, yaradıcı, təşəbbüskar ab-hava var. Təhlil və müşahidələr göstərir ki, vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına baxılması sahəsində burada zəngin təcrübə toplanılmış, ardıcıl və sistemli iş qurulmuşdur. Təsadüfi deyildir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizə və şikayətlərin sayı xeyli azalmışdır.

Rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların təsdiq edilmiş cədvəl əsasında, elan edilmiş günlərdə və saatlarda qəbul edilməsi müntəzəm təşkil olunaraq, 823, o cümlədən icra hakimiyyətinin başçısı tərəfindən 638 vətəndaş qəbul edilmişdir.

Əhalini narahat edən problemləri vətəndaşlarla birbaşa ünsiyyətdə olaraq öyrənib, lazımi tədbirlər görülməsini təmin etmək məqsədilə 2014-cü ildə 36 səyyar qəbul keçirilmişdir. Bu görüşlərdə 2186 adam iştirak etmiş, 199 nəfər çıxış edərək 105 müxtəlif xarakterli müraciət etmiş, yerli əhəmiyyətli sosial problemlər qaldırılmışdır. O da fərəhlidir ki, səyyar qəbullarda qaldırılan məsələlərin böyük əksəriyyəti elə yerindəcə öz müsbət həllini tapmışdır.

...Murovdan bir az bəri, meşələr qoynunda, dağlara sığınmış bir kənd var – Yeni Zod. Gündən-günə böyüyür, inkişaf edir, yeni evlər tikilir, məhəllələr salınır. Ancaq ötüb keçən aylar, illər yurd həsrətini, ayrılıq dərdini, torpaq nisgilini azalda bilmir. Yaşı 100-ü haqlamış Mehralı baba demiş, özümüz burda, ürəyimiz isə bax o dağların, Kəlbəcərin o üzündə, ata-baba yurdumuzda - Zodda qalıb.

Ancaq dağ ürəkli bu insanlar dərdə təslim olmurlar. Möhkəm inanırlar ki, haqq-ədalət, nəhayət, qalib gələcək, onlar öz ata-baba yurd yerlərinə dönəcəklər. Bu inam və ümidi isə onlara verən ölkə Prezidenti İlham Əliyevin ardıcıl, cəsarətli daxili və xarici siyasət xətti, fəal diplomatik səyləri, ölkəmizin beynəlxalq aləmdə artan siyasi və iqtisadi nüfuzudur.

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2015.- 27 yanvar.- S.6.