Vaqif Səmədoğlu
Azərbaycan mədəniyyətinə
ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Əməkdar incəsənət
xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
Xalq şairi Vaqif Səmədoğlu (Vaqif
Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün
76-cı ilində vəfat etmişdir. Vaqif Səmədoğlu
1939-cu il iyun
ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O,
1956-cı ildə Bülbül adına Musiqi Məktəbini bitirərək Azərbaycan
Dövlət Konservatoriyasında fortepiano
ixtisası üzrə ali təhsil almış,
sonralar Moskvada Çaykovski adına Konservatoriyada
ixtisas kursu keçmişdir.
Əmək
fəaliyyətinə 1963-cü ildən etibarən Azərbaycan
Dövlət Konservatoriyasında müəllim kimi
başlayan Vaqif Səmədoğlu
1968-1973-cü illərdə “Azərbaycan Sovet
Ensiklopediyası” baş redaksiyasında
incəsənət şöbəsinin müdiri,
1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə
“Yazıçı” nəşriyyatında redaktor,
1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında ədəbi hissə
müdiri vəzifələrində
çalışmış, 1992-1994-cü illərdə isə
Azərbaycan Yazıçılar Birliyinin
müstəqil “Oğuz eli”
qəzetinin baş redaktoru
işləmişdir.
Vaqif Səmədoğlu 2000-2010-cu illərdə
iki çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı
seçilmişdir. Həmin dövrdə o, Azərbaycan Parlamentinin Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.
Ötən
əsrin 60-cı illərində ölkəmizdə ədəbi
mühitə yeni ab-hava
gətirən istedadlı sənətkarlardan biri
olaraq Vaqif Səmədoğlu
yarım əsrdən artıq dövr ərzində
xalqımızın söz xəzinəsinə
dəyərli töhfələr vermişdir. Onun
yaradıcılığı müasir Azərbaycan
ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində
mənalandırdığı hər bir
ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii
irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri
ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi
düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini
və poetik tapıntılarla dolu zəngin aləmini yaratmışdır.
O, müraciət etdiyi rəngarəng mövzularda vətənin parlaq
obrazını daim diqqət mərkəzində
saxlayırdı.
Ədəbi
tənqidin həmişə fikir
poeziyası kimi yüksək dəyərləndirdiyi
Vaqif Səmədoğlu lirikası bəşəriliklə
milliliyi özündə birləşdirməklə,
mənalı yaşamağa
çağırması və düşünməyə sövq etməsi sayəsində geniş oxucu kütləsinin
rəğbətini qazanmışdır. Müasir dövrlə ahəngdar surətdə sıx bağlanan sənətkar ənənə ilə
novatorluğun vəhdətində, sərbəst
şeirin də imkanlarından istifadə
edərək, müasir insanın
psixologiyasının dolğun və əhatəli
təsvirinə nail olmuşdur.
Səməd Vurğunun ədəbi varisi olaraq doğma
dilin tükənməz imkanlarından
ustalıqla bəhrələnən şairin
sözlərinə bu gün
də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.
Vaqif Səmədoğlu teatr
və kino üçün
yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi
idi. Bədii vasitələrin əlvanlığına
və təsir gücünə görə seçilən,
diqqəti taleyüklü mənəviyyat
problemlərinə yönəldən bu əsərləri
ona dramaturq
şöhrəti gətirmişdir.
Ölkənin
və cəmiyyətin həyatında baş
verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan
Vaqif Səmədoğlu, eyni
zamanda, ictimai xadim kimi də
tanınırdı. O, azərbaycançılıq məfkurəsindən
çıxış edərək mədəniyyətimizin
inkişafı, milli-mənəvi
dəyərlərimizin qorunub
yaşadılması üçün
qüvvə və bacarığını əsirgəmirdi.
Vaqif Səmədoğlunun ədəbi və
ictimai-siyasi fəaliyyəti dövlət
tərəfindən yüksək qiymətləndirilmişdir.
O, müstəqil Azərbaycan Respublikasının ali təltifləri olan
“Şöhrət”, “Şərəf” və “İstiqlal”
ordenlərinə layiq görülmüşdür.
Görkəmli şair, tanınmış ictimai
xadim və səmimi insan
Vaqif Səmədoğlunun əziz xatirəsi
xalqımızın qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,
Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV,
Hacıbala ABUTALIBOV, Kamal ABDULLAYEV,
Fatma ABDULLAZADƏ, Əbülfəs QARAYEV,
Anar RZAYEV, Nizami CƏFƏROV,
Səməd SEYİDOV, Fikrət QOCA,
Çingiz ABDULLAYEV, Söhrab TAHİR,
Nəriman HƏSƏNZADƏ, Sabir RÜSTƏMXANLI,
Zəlimxan YAQUB
* * *
Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il yanvarın 29-da saat 12.00-dan 14.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında (Füzuli meydanı, 1) qoyulacaqdır.
Xalq qəzeti.- 2015.- 29 yanvar.- S.2.