Prezident İlham ƏLİYEV:

Son on bir il ərzində Azərbaycan dünya

miqyasında iqtisadi və sosial baxımdan

ən sürətlə inkişaf edən ölkə olmuşdur

 

Azərbaycanda həyata keçirilən düzgün, hərtərəfli iqtisadi strategiyanın uğurları ilbəil artır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların yeni dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilməsi, neft strategiyasının uğurları nəticəsində Azərbaycanda davamlı və tarazlı inkişafın təməli qoyulmuş, ölkəmizin beynəlxalq nüfuzu xeyli artmışdır. Artıq keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası indi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ən islahatçı və dinamik inkişaf edən  ölkə kimi tanınır.

 

Azərbaycanın neft strategiyasının uğurlarının ilbəil artması və ölkəmizin maliyyə imkanlarının getdikcə genişlənməsi nəticəsində iqtisadiyyatın şaxələndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilir. İndi başlıca hədəf neft və qaz gəlirləri hesabına ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, regionların tarazlı inkişafına, əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasına nail olmaqdan ibarətdir. Dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin başlıca istiqamətini də məhz ölkədə qeyri-neft sektorunu inkişaf etdirməklə yeni iş yerlərinin yaradılması və bunun hesabına əhalinin rifah halının getdikcə yaxşılaşdırılması təşkil edir. Son illər bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı təmin olunmuş, ölkənin tarazlı inkişafının əsas göstəricisi sayılan regionların tərəqqisi xeyli sürətlənmişdir.

Ölkə regionlarının tarazlı inkişafının əsası isə Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də qəbul etdiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” ilə qoyulmuşdur. 2009-cu ilin aprel ayında isə dövlət başçısının müvafiq fərmanı ilə ölkə regionlarının sosial-iqtisadi inkişafına dair növbəti beş illik Dövlət Proqramı qəbul olunmuşdur. Xatırladaq ki, hər iki proqramın əsas məqsədi regionlarda mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda nəzərdə tutulan islahatları daha da dərinləşdirmək, əhalinin  məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu  yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsindən ibarət idi. Ölkənin tarazlı inkişafına nail olmaq məqsədilə qəbul olunmuş bu mühüm dövlət sənədlərinin icrasına başlanılması regionlara yeni nəfəs gətirmiş, yerlərdə iqtisadi fəallığı və təşəbbüskarlığı xeyli artırmışdır. Bütövlükdə isə regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin inkişafında dönüş nöqtəsi olmuş, bütün regionlarda quruculuq işləri geniş vüsət almış, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşlar bu strategiyanın nəticələrini öz gündəlik həyatında hiss etməyə başlamışlar. Belə ki, Azərbaycanın davamlı və tarazlı inkişafını sürətləndirən dövlət proqramlarının uğurlu icrası ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə etməyə imkan yaratmış, sosial-inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynamışdır. Təsadüfi deyil ki, yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev dövlətin nümayiş etdirdiyi siyasi iradənin və məqsədyönlü tədbirlərin əvvəlki regional inkişaf proqramlarında nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında həyata keçirilməsinə imkan verdiyini diqqətə çatdırmışdır.

Ölkədə qeyri-neft sektorunun inkişafının daha da sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, əhalinin həyat səviyyəsinin bir qədər də yaxşılaşdırılmasını təmin etmək məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”  da  uğurla həyata keçirilməkdədir. Məlum olduğu kimi, üçüncü regional inkişaf proqramında ölkə əhəmiyyətli tədbirlərlə yanaşı, Bakı şəhərinin rayon və qəsəbələri, xüsusən də ölkənin iqtisadi rayonları üzrə bir sıra zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Proqramda müəyyən edilmiş məqsədlərə nail olmaq üçün dövlətin büdcə-vergi, pul-kredit, investisiya və məşğulluq siyasətində və s. sahələrdə bir çox yeniliklərin tətbiqi planlaşdırılmışdır. Hazırda regionlarda qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq məqsədilə sənaye, kənd təsərrüfatı, turizm, elm, təhsil, səhiyyə, mədəniyyət, rabitə və  informasiya texnologiyaları, sosial təminat sahələrində mühüm tədbirlər həyata keçirilir, bölgələrin infrastruktur imkanları əsaslı şəkildə yeniləşdirilir. Üçüncü regional inkişaf proqramının qəbul edilməsi ilə bölgələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.

Dövlət Proqramının həyata keçirilməsinə başlanıldığı  ötən bir ildə Azərbaycanın regional inkişafı bir qədər də sürətlənmişdir. Ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynayan üçüncü Dövlət Proqramı Prezident İlham Əliyevin daimi diqqət və nəzarəti altında uğurla həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən bir ildə dövlət başçısı ölkənin ayrı-ayrı regionlarına 23 dəfə səfər etmiş, bunun məntiqi nəticəsi olaraq 123 müxtəlif təyinatlı infrastruktur obyektinin və yeni müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Yeri gəlmişkən, bölgələrdə yaşayan sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə dövlət başçısı tərəfindən imzalanmış 72 sərəncamla 270 milyon manat vəsait ayrılmışdır. Bütövlükdə isə il ərzində regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir.

2014-cü ildə regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilmişdir. Hesabat ilində Azərbaycanda 5 elektrik stansiyası istifadəyə verilmiş, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilmiş və ya əsaslı təmir olunmuş, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilmişdir. İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2014-cü ili  Azərbaycanda “Sənaye ili” elan etmişdir. “Sənaye ili” çərçivəsində nəzərdə tutulmuş tədbirlər planının icrası regionlarda da iqtisadiyyatın aparıcı sahəsinin inkişafına təkan vermişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il regionlarda 105 sənaye müəssisəsi açılmışdır. Bütün bu tədbirlərin nəticəsidir ki, “Sənaye ili”ndə ölkə üzrə qeyri-neft sənayesi 9 faiz artmışdır. Yeri gəlmişkən, son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. Ölkənin 14 rayonunda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılmışdır. Artıq həmin zavodların 22-si istifadəyə verilmişdir.

Hazırda Azərbaycanda  aqrar sektorun inkişaf etdirilməsi də iqtisadiyyatın şaxələndirilməsinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, sahibkarlığın inkişafı, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini vermiş, idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, son üç ildə  19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və ixrac imkanını yaratmışdır.

Dövlət başçısının tapşırığına uyğun olaraq ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47 milyon manat güzəştli kreditlər verilmişdir. Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Ölkə iqtisadiyyatının, o cümlədən aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı tədbirlərinin də müstəsna əhəmiyyəti vardır. Məhz bunun nəticəsidir ki, son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi həyata keçirilmiş, 171 min hektar sahədə suvarılan torpaqların su təminatı və 178 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılmış, 20 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmişdir. Bundan əlavə, ölkəmizin gələcək inkişafı üçün əvəzolunmaz nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr uğurla başa çatdırılmışdır. Bütövlükdə isə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkənin 50 rayon və 3 şəhərində çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, onların da uğurla yerinə yetirilməsi aqrar sektorun inkişafına mühüm töhfələr verəcəkdir. Yeri gəlmişkən, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması ölkənin aqrar sektoruna sürətli inkşaf perspektivləri vəd edir.

Məlum olduğu kimi, müasir yol infrastrukturu olmadan regionların inkişafını təmin etmək mümkün deyildir. Məhz buna görədir ki, son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və əsaslı təmiri getdikcə intensivləşir. Artıq şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlər də müasir, rahat yolların çəkilişinə başlanılmışdır. Üçüncü regional inkişaf proqramının reallaşdırıldığı ötən bir ildə 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüsü tikilmiş və ya təmir olunmuşdur. Ölkədə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərin nəticəsi olaraq kənd yollarının tikintisi də davam etdirilmiş, dövlət başçısının imzaladığı 43 sərəncamla ayrılmış vəsait hesabına əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılmışdır.

Regionlarda informasiya və rabitə xidmətlərinin səviyyəsini yaxşılaşdırmaq məqsədilə də konkret tədbirlər həyata keçirilmişdir. İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə ötən il bölgələrdə 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt şöbəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin bütün şəhər və rayonlarının içməli su təchizatının yaxşılaşdırılması üçün də geniş imkanlar yaratmışdır. Belə ki, son on illər  Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir. Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunmuş, artıq 12 şəhərdə işlər yekunlaşmışdır. Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunmuşdur. Üçüncü regional inkişaf proqramının icrasının birinci ilində isə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50 min ədəd “smart-kart” tipli sayğac quraşdırılmışdır. Dövlət proqramında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların xüsusi çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılmışdır.

Son illər ölkənin bütün bölgələrində həyata keçirilən mühüm infrastruktur layihələri regional sahibkarlığın inkişafını getdikcə sürətləndirir. Yeri gəlmişkən, hazırda ölkədə sahibkarlığın inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Məhz buna görədir ki, ölkəmizdə sahibkarlığa dövlət dəstəyi getdikcə gücləndirilir. Dövlət qayğısının nəticəsidir ki, son illər ümumi daxili məhsul istehsalında özəl sektorun çəkisi artaraq 85 faizə çatmışdır. Bu da ölkəmizdə bazar iqtisadiyyatının möhkəmləndirilməsi üçün həyata keçirilmiş işlərin uğurlu nəticələrindəndir. Üçüncü regional inkişaf proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfransda bu vacib məqama toxunan Prezident İlham Əliyev demişdir: “Son on bir il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna ayrılmışdır. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissə isə sənaye müəssisələrinin yaradılmasına yönəldilmişdir. Bu il də vəsait nəzərdə tutulur və biz görürük ki, bu kreditlər, doğrudan da, gözəl nəticələrə gətirib çıxarır. Həm sahibkarlarda inam artır, çünki Azərbaycan dövləti bu layihələrdə, necə deyərlər, onlarla ortaqdır və öz payını güzəştli şərtlərlə təqdim edir, vəsait ayırır”. Ötən il regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri açılmışdır. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 295 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da  78 faizi regionların payına düşmüşdür. Həmin kreditlər hesabına ölkədə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmiş,12500-dən çox yeni iş yeri açılmışdır. Göründüyü kimi, regionların inkişafına göstərilən qayğı və diqqət bütövlükdə Azərbaycanın davamlı inkişafını təmin edir, ölkəmizi daha da gücləndirir, onun beynəlxalq nüfuzunu getdikcə  artırır. İndi dünyanın əksər inkişaf etmiş ölkələri, eləcə də nüfuzlu beynəlxalq maliyyə qurumları ölkəmizdə gedən sürətli inkişafı birmənalı olaraq bəyənir, təqdir edirlər. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu barədə demişdir: “Bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır”.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2015.- 29 yanvar.- S.1-2.