Azərbaycan
gömrüyünün fəaliyyətində
davamlı inkişaf
dinamikası təmin edilmişdir
30 yanvar Gömrük İşçilərinin Peşə Bayramı Günüdür
Azərbaycan Respublikası iqtisadi inkişaf tempinə görə artıq 11 ildir ki, dünyada lider ölkələr sırasındadır. Bu dinamika 2014-cü ildə də qorunub saxlanılıb. Ötən il də ölkəmizin sürətli sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına böyük töhfələr verilib.
Bugünkü
böyük iqtisadi potensial, toplanmış maliyyə
resursları, cəmiyyət həyatının bütün
sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi
kimi məsələlərin uğurla həll edilməsi Azərbaycana
tam müstəqil, milli maraqlara əsaslanan xarici siyasət
yürütməyə
imkan verir. Gənc müstəqil dövlətimiz
təməli ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan çoxşaxəli, balanslaşdırılmış
xarici siyasət kursu həyata keçirərək beynəlxalq
aləmə uğurla inteqrasiya olunub, region və dünya
ölkələri ilə qarşılıqlı hörmətə
və əməkdaşlığa əsaslanan çoxtərəfli
və ikitərəfli əlaqələr qurub.
Təxirəsalınmaz vəzifə – milli
gömrük
xidmətinin yaradılması
və
formalaşdırılması
Məlumdur
ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz
vəzifələrdən biri də ölkənin iqtisadi
maraqlarının və mənafelərinin qorunması, səmərəli
xarici iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına
dövlət nəzarəti sisteminin yaradılması, sərhədlərin
iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi.
Qısa zaman kəsiyində ölkənin milli gömrük
xidmətinin yaradılması və
formalaşdırılması bütün kəskinliyi ilə
qarşıda dururdu.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından qısa
müddət sonra, 1992-ci il yanvarın 30-da
yaradılmış Dövlət Gömrük Komitəsi (DGK)
yalnız ulu öndər Heydər Əliyev tərəfindən
həyata keçirilən uzaqgörən siyasət və
köklü islahatlar nəticəsində
dinamik inkişaf yoluna qədəm qoymuşdur. Gömrük
xidmətini dövlət müstəqilliyinin əsas
atributlarından biri kimi dəyərləndirən Heydər
Əliyev gömrük xidmətinin inkişafının
prioritetlərini müəyyənləşdirərək bu
istiqamətdə tövsiyə və
tapşırıqlarını vermişdir. Məhz ümummilli liderin rəhbərliyi ilə
1995-ci ilin əvvəllərindən etibarən respublikada
gömrük işinin yenidən qurulmasına
başlanıldı, Dövlət Gömrük Komitəsinin fəaliyyətində
müsbət dönüş nöqtəsi əldə olundu və
qurum özünün müstəqil inkişaf yoluna qədəm
qoydu.
Gömrük sisteminin inkişafı
Hazırda Azərbaycan
gömrüyü dünya gömrük ailəsində
özünəməxsus layiqli bir yer tutmuş və aidiyyəti
beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini
daim inkişaf etdirir. Bu baxımdan, Ümumdünya
Gömrük Təşkilatının dünyanın 6 regionu
üzrə sonuncu – Potensialın Gücləndirilməsi
üzrə Avropa Regional Ofisinin 2011-ci ildə Bakı şəhərində
yaradılması təsadüfi deyil. Regional ofisin fəaliyyəti
üçün Azərbaycanın seçilməsinin səbəbi,
ilk növbədə, ölkə rəhbərliyinin
gömrük sahəsinə göstərdiyi diqqət və
eyni zamanda, gömrük xidmətinin əldə etdiyi nailiyyətlər
olmuşdur.
Son 11 ildə Azərbaycan
gömrüyünün inkişaf dinamikası uğurla davam
etdirilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda gedən inkişaf prosesləri bu sahədən
də yan keçməmiş, ölkəmizin ümumi tərəqqisində
aparıcı qüvvəyə çevrilən gömrük
orqanlarının fəaliyyəti günün tələbləri
səviyyəsində qurulmuşdur. Bu proses dövlət
başçısının 1 fevral 2007-ci ildə
imzaladığı “Azərbaycan Respublikası gömrük
sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət
Proqramı” haqqında sərəncamının uğurlu
icrası ilə daha da sürətlənmişdir.
Azərbaycanın
gömrük keçid məntəqələrində
yaradılan şərait, tətbiq olunan müasir vasitələr
Cənubi Qafqazın digər ölkələrində hələ
də mövcud deyil. Narkotik və
partlayıcı maddələrin, həmçinin gizli saxlanc
yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin
tərkibini və radioaktiv sızıntıları müəyyən
edən qurğular, baxış alətləri və digər
müasir avadanlıqlar gömrük əməkdaşlarına
işi ən yüksək səviyyədə həyata
keçirməyə imkan verir. Bütün
bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata
keçirən nəqliyyat vasitələrinin hərəkətinə
şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsi,
idxal-ixrac prosedurunun sadələşdirilməsi və
ümumilikdə, gömrük işinin keyfiyyətinin
artırılmasında mühüm rol oynayır.
İdxal-ixrac
əməliyyatlarının aparılmasının
liberallaşdırılması sahəsində islahatlar nəticəsində
2009-cu il yanvarın 1-dən etibarən Azərbaycan
Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında “bir pəncərə” prinsipi tətbiq edilmiş, 2012-ci il
yanvarın 1-dən yeni Gömrük Məcəlləsinin tətbiqi
ilə idxal-ixrac əməliyyatları sahəsində inzibati
prosedurlar daha da sadələşdirilmişdir. 2012-ci ildə
Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis
edilməsi və Dövlət Gömrük Komitəsi
haqqında Əsasnamənin və DGK-nın strukturunun təsdiq
olunması da bu prosesə öz töhfəsini vermişdir.
Ölkənin
gömrük-buraxılış məntəqələrində,
eləcə də daxili gömrük orqanlarında həyata
keçirilən gömrük prosedurlarını vahid mərkəzdən
müşahidə etmək məqsədilə 2011-ci ildə
BMT İnkişaf Proqramının Azərbaycan Gömrük
Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə “Hədəf”
Əməliyyat Mərkəzi yaradılmışdır. Burada
videogörüntülər yerlərdə quraşdırılan
1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə
ötürülür və 20 monitorla izlənilir. Bundan başqa, gömrük rəsmiləşdirilməsi
zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi
şəxslərə dair qeydə alınan məlumatlar, o
cümlədən, nəqliyyat vasitələrinin texniki
göstəriciləri də “on-layn” şəklində Mərkəzə
daxil olur.
Bütün
bunlar, ölkənin gömrük ərazisindəki giriş və
çıxış məntəqələrində sərnişin
və yükdaşımalarına gömrük nəzarətini
artırmağa, həm də bu nəzarəti daha çevik və
mütəşəkkil qaydada həyata keçirməyə imkan
yaradır. Ümumilikdə, Azərbaycan gömrüyündə Vahid
Avtomatlaşdırılmış İdarəetmə Sisteminin
yaradılması və tətbiqi post və
keçid-buraxılış məntəqələrinin də
veb-texnologiyalar əsasında tam modern olmasını tələb
etməklə yanaşı, gömrük nəzarətinin daha
müasir qaydada həyata keçirilməsinə imkan verir.
Gömrük ödənişləri və hüquqpozmalar
Azərbaycan
gömrüyü 2014-cü ildə də fiskal siyasətin həyata
keçirilməsi, idxal-ixrac əməliyyatları üzrə
gömrük nəzarətinin təkmilləşdirilməsi,
xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi
və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi
istiqamətində əhəmiyyətli işlər görüb.
Dövlət
Gömrük Komitəsi 2014-cü ildə nəzərdə
tutulan 1 milyard 510,0 milyon manat illik büdcə proqnozuna
qarşı 1 milyard 510,76 milyon manat gömrük vergi və
rüsumunu toplayaraq proqnoza 100,05 faiz əməl edib. Eyni zamanda, 2015-ci və növbəti üç il
üçün proqnozlaşdırılan dövlət
büdcəsi gəlirlərinin layihəsinin
hazırlanması məqsədi ilə geniş iqtisadi təhlillər
aparılmış və müvafiq təkliflər aidiyyəti
üzrə təqdim edilmiş, nəticədə Dövlət
Gömrük Komitəsi üçün 2015-ci il üzrə
80 milyon manat və ya 5,3 faiz artımla 1 milyard 590 milyon manat həcmində
büdcə proqnozu müəyyən edilmişdir.
2014-cü
ildə Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin
təmini, gömrük işi sahəsində cinayətlərin
və digər hüquqpozmaların qarşısının
alınması, təqsirkar şəxslərin müvafiq məsuliyyətə
cəlb edilməsi gömrük orqanlarının
hüquq-mühafizə fəaliyyətinin prioritet istiqamətlərini təşkil
etmişdir.
Gömrük
orqanları tərəfindən 2014-cü ildə həyata
keçirilmiş kompleks tədbirlər nəticəsində
10811 hüquqpozma faktı aşkar edilmişdir. Bu faktlardan
424-ü cinayət xarakterli faktlar olmuş və həmin
faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının
və digər cinayət predmetlərinin dəyəri 2 milyon
577 min 813 manatdan çox təşkil etmişdir. Bu əməllərin
törədilməsində şübhəli bilinən 473 nəfər
(375 Azərbaycan vətəndaşı, 98 əcnəbi) barəsində
müvafiq tədbirlər görülmüşdür.
Gömrük
sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin
qarşısını almaq məqsədilə gömrük
orqanları tərəfindən (o cümlədən, digər
hüquq-mühafizə orqanları ilə birlikdə)
görülmüş qətiyyətli tədbirlər nəticəsində
2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158
fakt aşkar olunmuşdur.
Bu
faktlar üzrə ümumilikdə
178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə,
o cümlədən, 35 kq 926 qram tiryək, 27 kq 37 qram marixuana,
38 kq 454 qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon,
221,4 qram metamfetamin və digər maddələr qanunsuz
dövriyyədən çıxarılmış, şübhəli bilinən
185 nəfər (159 nəfər
kişi, 26 nəfər qadın) barəsində müvafiq tədbirlər
görülmüşdür.
Qanunvericilik və nəzarətin təşkili
Dövlət
Gömrük Komitəsinin əsas fəaliyyət istiqamətlərindən
biri də gömrük işini nizama salan qanunvericilik
bazasının yaradılması və təkmilləşdirilməsidir.
Ötən illərdə olduğu kimi, 2014-cü il ərzində
də DGK tərəfindən gömrük işi sahəsində
normayaratma fəaliyyətinin
həyata keçirilməsi istiqamətində mühum işlər
görülmüşdür.
“Malların
xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi
Qaydaları”, “Malların daxildə emal xüsusi
gömrük proseduru altında
yerləşdirilməsi Qaydaları”,
“Malların beynəlxalq və daxili tranzit xüsusi
gömrük prosedurları altında yerləşdirilərək
daşınması Qaydaları” və “Gömrük təmsilçiliyi, o cümlədən
gömrük brokeri fəaliyyətini tənzimləyən Qaydalar”
Nazirlər Kabineti tərəfindən müvafiq qaydada təsdiq
edilmişdir.
Bundan
başqa, “Şəxsi yoxlama aparılması haqqında”
Protokolun forması, “Gətirilməsi (aparılması)
qadağan olunmuş və ya məhdudlaşdırılmış
malların götürülməsi haqqında” Protokolun forması,
“Gömrük orqanlarının vəzifəli şəxsləri
tərəfindən keşik çəkmənin
(patrulluğun) və gömrük müşahidəsinin aparılması
Qaydaları”, “Ümumdünya Poçt İttifaqının
aktlarında nəzərdə tutulmuş sənədlərlə
müşayiət olunan beynəlxalq poçt göndərişləri
ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi
Qaydaları”, “Risklərə dair məlumatların və
gömrük kəşfiyyatı məlumatlarının
mübadiləsi Qaydaları”, “Xüsusi gömrük
statistikasının aparılması Qaydaları”, “Poçt
rabitəsi operatorları tərəfindən gömrük
borcu üzrə ödənişlərin gömrük
orqanlarının hesabına köçürülməsinin
Qaydası”, “Gömrük nəzarəti
zonalarının yaradılması və nişanlanması Qaydaları”,
“Ümumi meyarların və prioritet nəzarət sahələrin
müəyyən edilməsi üzrə Qaydalar” və “Beynəlxalq
Dəniz Ticarət Limanı” gömrük postu haqqında Əsasnamə"nin layihəsi
hazırlanmış və DGK Kollegiyasının qərarı
ilə təsdiq edilərək Ədliyyə Nazirliyində
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
təmin olunmuşdur.
Gömrük xidmətində
həyata keçirilən kompleks tədbirlərdən biri də
gömrük nəzarətinin təşkili və təkmilləşdirilməsi,
eləcə də bu nəzarətin səmərəliliyinə
zərər vurmadan onun sadələşdirilməsidir. Bu
işdə Dövlət Gömrük Komitəsinin mobil
gömrük bölmələrinin fəaliyyəti də
önəmlidir. Mobil gömrük bölmələri Azərbaycan
Respublikasının gömrük ərazisində
daşınan malların müəyyən olunmuş
marşrut və müddət ərzində təyinatı
üzrə çatdırılmasına nəzarəti həyata
keçirirlər. Mobil gömrük avtomobilləri
ilə təmin olunmuş bölmələrin əməkdaşları
marşrut xəttindən çıxan, müəyyən
olunmamış yerlərdə uzun müddət dayanan və
pozuntu hallarına yol verən nəqliyyat vasitələrinə
operativ şəkildə yaxınlaşaraq hadisəni yerində
araşdırır və müvafiq tədbirlər
görürlər. 2014-cü il ərzində mobil
gömrük bölmələri tərəfindən müxtəlif
gömrük rejimləri altında yük daşıyan 352-dən
artıq avtomobilin marşrut xəttindən
çıxması və çıxma cəhdləri
faktı aşkarlanmış və həmin yük
avtomobillərinə qarşı operativ tədbirlər
görülmüşdür.
Gömrük işində informasiya texnologiyaları
Son illər
Azərbaycan gömrük sistemində informasiya texnologiyalarından
istifadəyə geniş yer verilmişdir. Ötən il
“Gömrük-sərhəd buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
qeydiyyatında və yoxlanılmasında “bir pəncərə”
prinsipinin həyata keçirilməsi üzrə texnoloji sxem”ə
uyğun olaraq Vahid Avtomatlaşdırılmış İdarəetmə
Sistemində (VAİS) təkmilləşdirmələr
aparılmış, gömrük-sərhəd
buraxılış məntəqələrində yerləşən
gömrük postlarından keçirilən malların və
nəqliyyat vasitələrinin yoxlanılmasında risklərin
avtomatlaşdırılmış qaydada idarə edilməsi
– VAİS-RİSK sistemi tətbiq edilmişdir.
Bu sistem
əsasında gömrük-sərhəd buraxılış məntəqəsindən
keçirilən mal və nəqliyyat vasitələrinin və
onların sənədlərinin yoxlanılmasının dərəcəsini
müəyyən etmək üçün Risklərin
İdarə Edilməsi metoduna əsaslanaraq avtomatik şəkildə
risklər təhlil olunur.
Bundan başqa,
poçtla daşınan malların qeydiyyatı və əvvəlcədən
bəyan edilməsi üçün “VAİS-Poçt
daşımaları” altsistemi hazırlanaraq istismara
verilmişdir. Altsistem poçt
daşımaları ilə məşğul olan şirkətlərə
Dövlət Gömrük Komitəsinin internet saytında
yaradılmış “XİF iştirakçısının
şəxsi kabineti”nə daxil olmaqla poçtla ölkəyə
gətirəcəkləri malları əvvəlcədən bəyan
etməyə imkan verir.
Ümumdünya
Gömrük Təşkilatının “Malların
buraxılış vaxtının ölçülməsi
üzrə Təlimat”ında təsbit olunmuş metodologiyadan
istifadə etməklə Azərbaycan Respublikasının
gömrük-sərhəd buraxılış məntəqələrində
“Sərhədkeçmə vaxtının ölçülməsi
(TRS)” layihəsi işlənilmiş,
layihənin proqram təminatı hazırlanmış və
VAİS-ə inteqrasiyası təmin edilmişdir. Layihə
Astara Gömrük İdarəsində, Biləsuvar
Gömrük İdarəsinin “Qoşa Təpə”, Tovuz
Gömrük İdarəsinin “Sınıq Körpü” və
Balakən Gömrük İdarəsinin “Mazımçay”
gömrük postlarında tətbiq olunmuşdur. Layihənin icrası mal və nəqliyyat vastələrinin
sərhəddən keçidinə, buraxılışına
və sərhəd keçidindən
buraxılışına qədər keçən
vaxtları müəyyən etməyə imkan verir ki, bununla
da toplanan statistik məlumatların təhlili mal və nəqliyyat
vasitələrinin sərhəd keçidinin daha keyfiyyətli
idarə olunmasına yardım edəcəkdir.
DGK ilə
Almaniyanın “SMİTHS HEİMANN” şirkəti arasında
imzalanmış müqavilə əsasında dövlət sərhəd
buraxılış məntəqələrində iri həcmli
yüklərə sürətli və yüksək keyfiyyətli
gömrük nəzarətinin həyata keçirilməsi
üçün Astara, Biləsuvar, Şahtaxtı, Sədərək
və Culfa gömrük idarələrində, Tovuz
Gömrük İdarəsinin “Sınıq Körpü” və
Balakən Gömrük İdarəsinin “Mazımçay”
gömrük postlarında
“X-REY” rentgen avadanlıqları quraşdırılaraq
istifadəyə verilib və Vahid
Avtomatlaşdırılmış İdarəetmə Sisteminə
inteqrasiyası təmin edilib.
“X-REY SMİT Heymann”
rentgen avadanlığı dünyanın az sayda inkişaf
etmiş ölkəsində tətbiq olunan ən müasir
müayinə sistemidir. Müxtəlif növ yük avtomobillərinin
3 dəqiqə ərzində tam şəkildə rentgen
müayinəsini aparan bu avadanlıq son illərin
istehsalıdır. Təbii ki, belə yüksək
texnologiyalı avadanlığın Azərbaycan gömrük
orqanları tərəfindən əldə olunaraq ölkəmizə
gətirilməsi və onun tətbiqi
qaçaqmalçılıq hallarının qarşısının
alınmasında da əhəmiyyətli rol oynayır.
Beynəlxalq əməkdaşlıq genişlənir
Gömrük
işi sahəsində beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə
Azərbaycan gömrüyü dünyanın bütün
aparıcı qurumları və müvafiq təsisatları ilə
sıx əlaqələr qurur.
Ötən
il Azərbaycan tərəfi Gürcüstan Respublikası ilə
gömrük işi sahəsində qarşılıqlı
inzibati yardım, Toqo Respublikası ilə gömrük əməkdaşlarının
potensialının gücləndirilməsi sahəsində
qarşılıqlı yardım, Mərakeş
Krallığı və Uruqvay Şərq Respublikası ilə
gömrük işi sahəsində
əməkdaşlıq və qarşılıqlı
yardım haqqında sazişlər imzalamışdır.
Bundan
başqa, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi Moldova Respublikasının Maliyyə
Nazirliyi yanında Gömrük Xidməti ilə kadrların
peşəkar hazırlığı və ixtisasının
artırılması sahəsində əməkdaşlıq
haqqında, eləcə də Özbəkistan
Respublikasının Dövlət
Gömrük Komitəsi ilə dövlət sərhədindən
keçirilən mallar və nəqliyyat vasitələri
haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə
protokollar imzalamışdır.
2014-cü ildə
Dövlət Gömrük Komitəsinin nümayəndələri
bir neçə ölkədə səfərdə olublar. Toqo
Respublikasının paytaxtı Lome şəhərinə
mayın 8-9-da gerçəkləşən səfər
zamanı hər iki ölkənin gömrük xidmətləri
arasında əməkdaşlığın inkişaf etdirilməsi
məsələləri müzakirə edilmişdir. Azərbaycan
tərəfi Toqonun gömrük xidmətinə texniki
avadanlıq, həmçinin narkotik vasitələrin
axtarışı üzrə iki xidməti it hədiyyə
etmişdir.
Mayın 12-14-də isə
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti
Mərakeş Krallığında səfərdə
olmuşdur. Bu səfərdə də Azərbaycan və Mərakeşin
gömrük xidmətləri arasında əməkdaşlığın
inkişaf etdirilməsi məsələləri müzakirə
edilmişdir. Mərakeşin paytaxtı Rabatda, ölkənin ən
nüfuzlu ali təhsil ocağı olan V Məhəmməd
Universitetində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü ilə bağlı “Azərbaycan
və Heydər Əliyev” mövzusunda konfrans
keçirilmişdir. Universitetin professor-müəllim
heyətinin, tanınmış elm adamlarının, tələbələrin
iştirak etdiyi toplantıda xalqımızın xilaskarı,
ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin
qorunmasında müstəsna rolundan
danışılmış, ulu öndərin siyasi kursunun bu
gün uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Sonra V Məhəmməd adına Milli Teatrın foyesində Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin
“Gömrük mədəni irsin keşiyində” adlı sərgisi
keçirilmişdir. Sərgidə Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin muzeylərində
saxlanılan, gömrük orqanları tərəfindən
müxtəlif vaxtlarda qaçaqmalçılardan müsadirə
olunmuş qədim və dəyərli incəsənət əsərləri
nümayiş etdirilmişdir.
Səfər çərçivəsində
Rabatdakı
V Məhəmməd
Universitetinin rəyasət heyətinin binasında ulu öndər
Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr
olunmuş simpozium da keçirilmişdir. Tədbirdə
ümummilli lider Heydər Əliyevin ölməz
ideyalarının bütövlükdə Azərbaycanın
inkişaf strategiyasını müəyyənləşdirdiyi
və bu strategiyanın hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyi vurğulanmışdır.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti
barədə film nümayiş etdirilmişdir. Mayın
14-də isə Azərbaycanın milli bayramı – Respublika
Günü və ulu öndər Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümü münasibətilə
ölkəmizin Rabatdakı səfirliyinin və Dövlət
Gömrük Komitəsinin dəstəyi ilə rəsmi qəbul
da təşkil olunmuşdur. Qəbula Mərakeş
Krallığının Baş naziri Abdelilah Benkiran başda
olmaqla, ölkənin yüksək rütbəli dövlət
və hökumət nümayəndələri, ziyalılar,
Rabatda akkreditə edilmiş beynəlxalq missiya rəhbərləri,
nüfuzlu beynəlxalq qurumların təmsilçiləri
qatılmışlar.
Daha bir səfər
iyunun 9-13-də Uruqvay Şərq Respublikasının
paytaxtı Montevideo şəhərinə təşkil
edilmişdir. Səfər zamanı keçirilən
görüşlərdə Uruqvay-Azərbaycan münasibətlərinin
perspektivlərindən söhbət açılmış, eləcə
də gömrük xidmətləri arasında birgə fəaliyyətin,
təcrübə mübadiləsinin əhəmiyyəti
vurğulanmışdır. Səfər
çərçivəsində Azərbaycan nümayəndə
heyəti Uruqvay Milli Kitabxanasını ziyarət edərək
Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ
həqiqətləri” , “Qədim Şuşa”, “Azərbaycan
xalçaları” və digər nəşrləri kitabxanaya hədiyyə
etmişdir. Azərbaycan nümayəndə heyəti
Uruqvay Tarixi İncəsənət Muzeyini də ziyarət edərək
bu mədəniyyət ocağına Azərbaycan
xalçası və rəsm əsərini
bağışlamışdır. Uruqvayda təkşil edilən
tədbirlər çərçivəsində Montevideo şəhərində
“Gömrük mədəni irsin keşiyində” sərgisi də
keçirilmişdir.
Ötən
il bir sıra ölkələrdən, eləcə də
mayın 19-da Braziliya Gömrük Xidmətinin baş direktoru,
ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə
Komitəsinin sədri Ernani Arqolo Çekkukki Filyo, iyunun 3-də
Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Gömrük Nəzarəti
Komitəsinin sədr müavini Amaniyaz Yerjanov, sentyabrın 7-13-də
Seneqal Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi
Baş Gömrük İdarəsi rəhbərinin müavini
Noiaye Aliou, sentyabrın 29-dan oktyabrın 2-dək İran
İslam Respublikası Maliyyə və İqtisadi məsələlər
üzrə nazir müavini, Gömrük İdarəsinin rəhbəri
Məsud Kərbasiyan, oktyabrın 13-17 tarixlərində
isə Özbəkistan Respublikası Dövlət
Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik
etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdə
olmuşdur. Dövlət Gömrük Komitəsində
keçirilmiş görüşlərdə gömrük
işi sahəsində əlaqələrin vəziyyəti,
mövcud imkanlar və gələcək perspektivlər
müzakirə edilmişdir.
Nəhayət,
2014-cü ildə Dövlət Gömrük Komitəsi
nümayəndələrinin bir sıra beynəlxalq və
regional toplantılarda iştirakı ilə yanaşı, Azərbaycanda
da gömrük işinə dair mühüm tədbirlər təşkil
olunmuşdur. Martın 17-18-da
Gürcüstanın Tbilisi şəhərində
Ümumdünya Gömrük Təşkilatının Avropa
Regionu üzrə sədr müavini kimi Azərbaycan
Gömrük Xidməti və Gürcüstan Gəlirlər
Xidmətinin birgə təşkilatçılığı
ilə ÜGT-nin Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin
konfransı keçirilmişdir. Bundan başqa,
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti
iyunun 23-28 tarixlərində Belçika
Krallığının Brüssel şəhərində
keçirilən Ümumdünya Gömrük Təşkilatının
sessiyalarında, bu təşkilatın Meksikanın Puebla şəhərində
sentyabrın 17-19-də keçirilən 9-cu Beynəlxalq PICARD Konfransında, eləcə də
dekabrın 4-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlətləri
Gömrük Xidməti Rəhbərləri
Şurasının 60-cı
iclasında və digər bu kimi tədbirlərdə
yaxından iştirak etmişdir.
Onu da qeyd edim ki,
Meksikanın Puebla şəhərində keçirilən
konfransda 10-cu Beynəlxalq PICARD konfransının Azərbaycanda
keçirilməsi qərara alınmışdır.
Ölkəmizdə
təşkil olunan tədbirlərə gəlincə,
yanvarın 22-24-də Bakıda keçirilən ÜGT-nin
Avropa Regionu üzrə Milli Tədris Mərkəzləri Rəhbərlərinin
1-ci konfransında 42 ölkənin, eləcə də bir
sıra beynəlxalq təşkilatların nümayəndə
heyətləri iştirak etmişdir. Tədbirdə gömrük işi sahəsində
insan resurslarının inkişaf etdirilməsinə dair
qabaqcıl təcrübə və bir sıra digər
mövzular ətrafında fikir mübadiləsi və
müzakirələr aparılmışdır.
Bakıda daha bir
mühüm hadisə - mayın 21-23-də Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi və Beynəlxalq
Gömrük Universitetləri Şəbəkəsinin birgə
təşkilatçılığı ilə “Bali
Konfransından sonra Ticarətin Asanlaşdırılması: Siyasətin təcrübədə tətbiqi”
mövzusunda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin
1-ci Qlobal Konfransının keçirilməsi olmuşdur. 200-ə
yaxın nümayəndənin iştirak etdiyi və
gömrük işi sahəsində tədqiqatlar,
araşdırmalar, təhsil və təlimlə bağlı
fikir mübadiləsinin aparıldığı
bu konfransda 20-yə yaxın beynəlxalq təşkilat və
şirkətin, 65 ölkənin gömrük xidməti, eləcə
də gömrük işi ixtisasını tədris edən
ali təhsil müəssisələrinin nümayəndələri
və elm xadimləri nitq söyləmişlər.
Onların sırasında iqtisad elmləri üzrə Nobel
mükafatı laureatları, professorlar Kristofer Pissarides, Tomas
Sargent və Alvin Rof da olmuşdur.
Azərbaycan
Gömrük Xidmətinin istər xaricdə təmsil
olunduğu beynəlxalq və regional toplantılar, istərsə
də ölkəmizdə təşkil etdiyi tədbirlər
bununla bitmir. Ötən il Dövlət Gömrük Komitəsi
öz ənənəsinə sadiq qalaraq, narkomaniyaya
qarşı mübarizə mövzusunda maarifləndirmə
işini də davam
etdirmişdir. Komitənin indiyədək Azərbaycanda və
başqa ölkələrdə təşkil etdiyi “Narkotiklərə
yox!” adlı sərgi bu dəfə Maltanın paytaxtı
Valletta şəhərində keçirilmişdir.
Oktyabrın 3-də sərgini maltalı həmkarlarının
dəstəyi ilə Azərbaycan Gömrük Xidməti və
Gömrük Tarixi Muzeyinin nümayəndələri təşkil
etmişlər.
Azərbaycan
Gömrük Xidməti narkotik
qaçaqmalçılığına qarşı mübarizədə
təkcə hüquq-mühafizə müstəvisində
deyil, eyni zamanda, maarifləndirici tədbirlər həyata
keçirir. Maltada təqdim edilən sərgi indiyədək
Azərbaycan Gömrük Xidmətinin narkomaniyaya qarşı
mübarizə mövzusunda keçirdiyi beynəlxalq sərgi
və müsabiqələrdə nümayiş olunan ən
uğurlu əsərlər əsasında təşkil
edilmişdir. Məqsəd dünya ictimaiyyətinin diqqətini
qlobal problemlərdən birinə çevrilən narkomaniyaya
qarşı mübarizənin vacibliyinə həssas bir şəkildə
yönəltmək olmuşdur.
Onu da əlavə edim
ki, Maltada keçirilən sərginin açılış mərasimində
Malta Prezidenti xanım Mari-Luiz Koleyro Preka da iştirak
etmişdir. Həmçinin sərgi Valletta şəhərində
“Notte Bianca” festivalının keçırildiyi günlərə
təsadüf edib ki, bununla da festivala öz töhfəsini
vermişdir.
Gömrük işində
peşəkarlıq və inkişaf üçün əsas
şərtlərdən biri də bu sahədə təhsilin və
kadr hazırlığının təşkil edilməsidir.
Bu baxımdan, 2014-cü ildə Azərbaycan
gömrüyü, eləcə də ölkənin təhsil
sektoru üçün daha bir əlamətdar hadisə
sentyabrın 15-də Dövlət Gömrük Komitəsi
Akademiyasının fəaliyyətə başlamasıdır.
Məlum olduğu kimi, akademiya gömrük
orqanları üçün yüksək ixtisaslı
kadrların hazırlanması, əməkdaşların
ixtisasının artırılması və gömrük
işi sahəsində elmi tədqiqatların aparılması
məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 24
yanvar 2012-ci il tarixli sərəncamı əsasında təsis
edilib. Gömrük Akademiyası Azərbaycanda
ilk peşəkar gömrük kadrlarını hazırlayacaq
ali təhsil müəssisəsidir. Ötən il ilk tələbələrini
qəbul edən akademiya onların biliklərinin daha dərindən
mənimsənilməsi, nəzəri və praktiki vərdişlərin
aşılanması işində müstəsna rol
oynayacaq.
Bütün
bunları yekunlaşdırıb əminliklə deyə bilərik
ki, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyevin rəhbərliyi dövründə ölkəmiz
bütün sahələrdə, o cümlədən,
gömrük işində davamlı inkişafı təmin etmişdir.
Ötən 11 il ərzində
milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin
keyfiyyət müstəvisinə keçirilməsi təmin
edilmiş, respublikamız MDB məkanında ilk dövlət
olaraq iqtisadi sahədə keçid dövrünü başa
vurmuşdur. Azərbaycanın investisiya və
sosialyönümlü mahiyyət daşıyan milli inkişaf
modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin
əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə
regionların tarazlı və davamlı inkişafının
sürətləndirilməsi, əhalinin sosial rifah
halının daha da yaxşılaşdırılması,
faydalı məşğulluğunun təmin edilməsi, yeni
iş yerlərinin açılması üçün milli
sahibkarlığın hərtərəfli dəstəklənməsi
kimi vacib məsələləri özündə ehtiva
etmişdir.
Azərbaycanın
bugünkü dinamik sosial-iqtisadi inkişafı ölkəmizin
qarşıdakı mərhələdə də böyük
uğurlar əldə edəcəyinə, respublikamızın
yaxın gələcəkdə bütün sahələrdə
dünyanın ən qabaqcıl dövlətlərindən
birinə çevriləcəyinə böyük zəmin
yaradır. Bu işdə
gömrükçülər də onların
qarşısında qoyulan mühüm vəzifələrin
layiqincə yerinə yetirilməsi üçün
bütün qüvvə və bacarıqlarını səfərbər
edəcək, ölkəmizin iqtisadi təhlükəsizliyinin
qorunması naminə yeni-yeni nailiyyətlərə imza
atacaqlar.
Aydın ƏLİYEV,
Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı
Xalq qəzeti.- 2015.- 30 yanvar.- S.3.