Prezident İlham
ƏLİYEV:
Azərbaycan dünyada sabitlik
adasıdır, inkişaf məkanıdır
Ötən
il qəbul edilmiş Azərbaycan regionlarının
sosial-iqtisadi inkişafı üçüncü Dövlət
Proqramının icrasının birinci ilinin yekunlarına həsr
olunmuş konfrans yaddaqalan məqamlarla
zəngin oldu. Çünki
geridə qalan il ərzində
dünyada bir sıra hadisələr
baş vermişdir, müxtəlif proseslər getmişdir.
Konfransda qeyd edildi ki, dünyada gərginlik
artır, həm Yaxın Şərqdə, həm Avropada
qanlı toqquşmalar baş verir, müharibələr davam
edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə
və iqtisadi böhranın yeni mərhələsi
başlamışdır. Gündən -günə tərəqqi
edən, götürülmüş siyasi kursun bütün
istiqamətləri üzrə nailiyyətlərə imza atan
Azərbaycanda isə ötən il ərzində bütün
işlər müsbət istiqamətdə getmişdir. Dövlət
başçımızın qeyd etdiyi kimi, Azərbaycan inamla
irəliyə getdiyinə görə ölkədə
dayanıqlı inkişaf təmin olunmuşdur.
Dövlət başçımız
konfransdakı nitqində gənc müstəqil respublikamızın bugünkü uğurları barədə
söz açarkən dedi: “Azərbaycan
dünyada sabitlik adasıdır, inkişaf məkanıdır.
Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün
təşəbbüslərimiz xalq tərəfindən
dəstəklənir. Bizim atılan bütün
addımlarımız Azərbaycanın inkişafına xidmət
edir. Ölkəmizdə ictimai,
siyasi vəziyyət sabitdir,
iqtisadiyyata böyük
həcmdə investisiyalar qoyulur
və iqtisadiyyatımızın şaxələndirilməsi
istiqamətində çox önəmli
addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda,
dünya miqyasında seçilən
ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu
yaxınlarda Davos Dünya
İqtisadi Forumu
çərçivəsində keçirdiyim
çoxsaylı görüşlər, orada
səslənən fikirlər bunu bir daha göstərir və
Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər”.
Bütün bunları yada salan dövlət başçımız onu da xatırlatdı ki, əldə etdiyimiz
nailiyyətlərə çatmaq üçün getdiyimiz yol o qədər də asan, maneəsiz olmayıb: “ Bəzi hallarda əsassız təzyiqlərə də
məruz qalmışıq. Bəzi hallarda
bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə
bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər
müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan
çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir.
Biz bunu da bilirik”.
Azərbaycan
Prezidenti iştirak və
çıxış etdiyi bütün tədbirlərdə olduğu kimi, bu konfransda da
ölkəmizin yeganə problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həll edilməsi üçün
həyata keçirdiyimiz tədbirlərin
çox mühüm
zəmin yaratdığını
dilə gətirdi: “Əlbəttə, iqtisadi
güc imkan verir ki, siyasi
səhnədə də heç kimdən
çəkinmədən sözümüzü
deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq.
Ona görə iqtisadi
güc bizə, bax, bu imkanları yaradır. Ona
görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə
nail olmasaq, bizim siyasi müstəqilliyimiz
də yarımçıq olacaq. Bu gün biz
ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana
nəzər yetirin. Ermənistan nəinki
müstəmləkə deyil, hətta o, bəlkə heç
nökər adına da layiq
deyil. Milli ləyaqət
kriminal xunta tərəfindən
tapdalanır və son hadisələr bunu bir daha
göstərir. Görün, nə qədər
bunlar aciz
durumdadırlar ki, hətta haqlı tələbləri
də irəli sürə bilmirlər. Bu
ölkə artıq sübut edib ki, müstəqil
ölkə kimi yaşaya
bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər
xalqlar var ki, onların müstəqilliyi yoxdur.
Əgər öz çirkin
siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan
olacaq”.
Cənab Prezidentin həmin tezisləri, sözün
həqiqi mənasında, günün
reallıqlarıdır. Həmin
reallıqlar nəticəsində
bu gün dünyada Azərbaycan
modeli var. Yeri gəlmişkən, dövlət
başçımız Azərbaycan modeli
haqqında fikirlərini həm konfransdakı giriş
nitqində, həm də yekun nitqində yada saldı və xatırlatdı ki, biz boşboğazlıqla yox,
real işlərlə məşğuluq, xalqa xidmət edirik və
edəcəyik.
Ekspert və politoloqların fikrincə, Azərbaycan dövlətinin
çoxsaylı uğurlara imza atmasının
bir səbəbi ölkənin dəqiq
hesablanmış və elmi şəkildə
əsaslandırılmış siyasi kursla idarə edilməsidirsə, digər səbəbi
özünütənqid prinsiplərinin mövcudluğu
və bütün nöqsanların
açıq şəkildə
etiraf edilməsidir. Bu, bir faktdır ki, Prezident İlham
Əliyev istənilən
çıxış və nitqlərinin dünyanın hər
yerində zərrəbinlə öyrənildiyini bilə - bilə
ölkəmizdəki nöqsanları açıq-aşkar etiraf edir, söyləyir və
çıxış yollarını göstərir. Bu konfransda da
tənqidi məqamlara kifayət qədər yer
verildi. Həmin məqamlardan cəmi ikisini xatırladaq. Birinci
məqam aqrar sektorla
bağlı söhbət gedərkən gündəliyə gətirildi:
“Kənd təsərrüfatı məhsullarının bəzilərinin
istehsalının aşağı düşməsi təkcə
quraqlıqla bağlı deyil. İndi Kənd Təsərrüfatı naziri, bəlkə də, demək istəmirdi. Dedi ki, quraqlıqla
bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər
qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə.
Məgər burada oturanlar
bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri
bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə
verir, məmurlara yox. Ona görə indi
statistik göstəricilər
daha da realdır.
Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə
şəffaflıq olmalıdır.
Bütün sahələrdə
səmərəli iş
aparılmalıdır. Ancaq o təqdirdə
Azərbaycanın uğurlu
inkişafı təmin
oluna bilər”.
Dövlət
başçımızın növbəti tənqidi fikirləri isə daha böyük auditoriyanı əhatə
edirdi. Prezident
ölkəmizin uğurlu
inkişafı üçün
vətəndaş-məmur münasibətlərinin mühüm
əhəmiyyət kəsb
etdiyini xatırladaraq dedi ki, Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır:
“Məmurlar yaddan çıxarmamalıdırlar ki,
onlar xalq üçün işləyirlər,
onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci
xidmətçisi Prezident
olmalıdır, çünki
xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə
edib, tapşırıb.
Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq.
Məmurlar, dövlət qurumlarının
nümayəndələri xalqla
bir yerdə olmalıdırlar, onların
qayğıları ilə
yaşamalıdırlar, kobudluğa,
yekəxanalığa yol
verilməməlidir. Bəzi hallarda
yekəxanalıq müşahidə
olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar.
Buna yol vermək
olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə
yanaşmaq lazımdır.
Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə
görürük. Ancaq mənfi
mənzərə ilə
üzləşəndə tədbir də görülür, məmurlar
cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da
cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını
işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm:
Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla
məşğul olmayın,
dövlətə, müstəqilliyə
sadiq olun. Budur mənim tələblərim,
əsas tələblərim.
Hər yerdə belə olmalıdır. Çünki bir daha demək
istəyirəm ki, Azərbaycanın inkişafı
və ictimai-siyasi vəziyyətin müsbət
istiqamətdə inkişafı
bütün dünyada
gedən böhranlardan
asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır.
Azərbaycanda sürətli inkişaf
prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır.
Budur bizim uğurlarımızın
təməlində dayanan
əsas amillər.
İqtisadi, siyasi islahatlar
aparılır, bütün
azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə
gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın
əsas amilidir”.
Həm Prezidentin nitqlərində, həm də digər natiqlərin çıxışlarında
sadalanan çoxsaylı
uğurlarla yanaşı, dövlət başçımızın dilə
gətirdiyi tənqidi
məqamlar da bütövlükdə
Azərbaycan həqiqətləridir.
Həmin həqiqətlərin
ən böyüyü
isə odur ki, bu gün
dünyada
nadir Azərbaycan inkişaf
modeli var. Artıq dövlət
rəsmilərimiz, dostlarımız
və sadə azərbaycanlılar – hər
kəs bu barədə danışa bilər. Çünki cənab
Prezidentin xatırlatdığı
kimi, bu model, doğrudan da, bir nümunə olaraq hər bir ölkə
üçün maraqlı
olmalıdır. Azərbaycanda
reallaşdırılan siyasi,
iqtisadi islahatlar, yeridilən müstəqil
siyasət, bütün
dünyada yüksək
qiymətləndirilən dinlərarası
dialoq, ən ali səviyyəli
milli - dini tolerantlıq, dözümlülük,
sosial siyasət və görülən işlər hamının
gözü qabağındadır.
Dövlət
başçısının siyasi iradəsi, lider kimi qətiyyəti,
xalqın isə öz iqtidarını daim, bütün sahələrdə dəstəkləməsi
sübut edir ki, Azərbaycan bundan sonra da
uğurla inkişaf edəcəkdir. Biz buna
tam əminik. Çünki geridə qalan illərin təcrübəsi
bu əminliyə zəmanət verir.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2015.- 31 yanvar.- S.1.