Ermənistanın işğalçılıq siyasəti

beynəlxalq aləmdə qınaq hədəfinə çevrilib

 

Dünyanın aparıcı kütləvi informasiya vasitələrində dərc olunan məqalələr də bunu təsdiqləyir

 

İyirmi dörd ildir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayanbir milyondan artıq  insanı doğma ata-baba yurdundan didərgin salan Ermənistan silahlı qüvvələri bu gün də cinayətkar əməllərini davam etdirir, mütəmadi olaraq atəşkəs rejimini pozur, dinc əhalini qətlə yetirir, yaşayış məntəqələrini dağıdırlar. Son vaxtlar cəbhədə baş verən növbəti gərginlik yenə də Ermənistan tərəfindən yaradılmışdır. Söz yox ki, düşmən bu dəfə Azərbaycan Ordusu tərəfindən tutarlı cavabını aldı. Buna baxmayaraq, bu hadisələr insan tələfatı ilə nəticələnmişdir. Məlum olduğu kimi, aprelin 2-dən başlayaraq, Ermənistan ordusu işğal etdikləri  Azərbaycan ərazilərində münaqişəni   yenidən  alovlandırmışdır. İşğalçı dövlətin təcavüzkar siyasəti dünyanın aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış və Ermənistan qınaq hədəfinə çevrilmişdir.

İtaliyanın aparıcı mətbu orqanı olanSicilia Journalda Carmelinda Comandatorenun müəllifliyi ilə dərc olunmuş məqalədə yazılır ki, iyirmi ildən çox davam edən və tez-tez pozulan rəsmi atəşkəsdən sonra Dağlıq Qarabağda münaqişə yenidən başlanır. Müəllif haqlı olaraq, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olduğunu diqqətə çatdıraraq yazır: “Azərbaycanın bir bölgəsi olan Dağlıq Qarabağ 20 ildən artıqdır ki, qonşu Ermənistan tərəfindən işğal altında saxlanılır. Təcavüz nəticəsində 30 mindən çox azərbaycanlı həlak olmuşdur. 1994-cü ildə münaqişə formal olaraq sona çatdı və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT Minsk qrupunun himayəsində danışıqlar başlandı. O vaxtdan etibarən Azərbaycana Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdən və Ermənistanın özündən 1 milyona yaxın qaçqın və məcburi köçkün gəlmişdir”.

Məqalədə bildirilir ki, 2 aprel gecəsi Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı atəş açmış, diversiya fəaliyyəti həyata keçirmiş və təmas xətti boyunca hücuma keçmişdir. Bu zaman təmas xətti yaxınlığındakı mülki əhalinin sıx yaşadığı ərazilər bombardman edilmişdir ki, bunun da nəticəsində mülki əhali arasında ölümyaralanma halları müşahidə edilmişdir. Qısa zaman ərzində, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocalı-Füzuli istiqamətində əks-hücuma keçmişlər. Döyüşlərdə 12 Azərbaycan əsgəri həlak olmuş və Azərbaycana məxsus MİG-24 vertolyotu vurulmuşdur.

Azərbaycanın İtaliyadakı səfirliyinə istinad edən müəllif yazır ki, təcavüz və işğalçılıq siyasəti həyata keçirən Ermənistanın məsuliyyətsizlik nümayiş etdirərək, mülki hədəfləri vurması, beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə qınanmalıdır. Münaqişəni həll etmək və regionda davamlı sülhə nail olmaq üçün beynəlxalq ictimaiyyət, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən silahlı qüvvələrini geri çağırmağı tələb etməlidir. Beynəlxalq ictimaiyyətin qəti mövqeyi Ermənistanı təcavüz siyasətindən imtina etməyə və Azərbaycanın işğal olunmuş ərazilərindən silahlı qüvvələrini geri çəkməyə vadar etmək prizmasından olduqca əhəmiyyətlidir.

Müəllif qeyd edir ki, BMT-nin Baş katibi Pan Gi Mun münaqişənin daha da qızışmasından bərk narahatlığını ifadə edərək, Ermənistan və Azərbaycanı atəşi dərhal dayandırmağa çağırmışdır. Həmçinin Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramut tərəfləri atəşi dayandırmağa və dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması istiqamətində danışıqlara yenidən başlamağa dəvət etmiş və “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın bütün silahlı qüvvələrini çıxarmaqla” bağlı müraciət etmişdir.

 

Vaşinqton Post

 

ABŞ-ın nüfuzluVaşinqton Post” qəzeti “Azərbaycan: Dağlıq Qarabağa qarşı təktərəfli atəşkəs” başlığı ilə dərc etdiyi məqalədə Azərbaycanın Müdafiə Nazirliyinin atəşkəslə bağlı bəyanatına geniş yer verib.  CNN də son iki gündə cəbhə xəttində baş verən hadisələri işıqlandırıb. Məqalələrdə Azərbaycanın beynəlxalq çağırışları nəzərə alaraq, atəşkəs elan etdiyi bildirilir. “ABC News” isə hadisə ilə bağlı xəbərdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın fikirlərinə yer verib. “Türkiyə Prezidenti: Biz sonadək Azərbaycanın yanındayıq” ifadəsi əsas sitat olaraq diqqətə çatdırılıb.

Reuters xəbər agentliyi baş verən hadisələri yaxından izləyən beynəlxalq mətbuat orqanları sırasındadır. Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasındakı çıxışına istinad edən agentlik yazır: “Ermənistan beynəlxalq qanunları pozub. Biz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Ancaq, eyni zamanda, biz atəşkəsə riayət edəcəyik və daha sonra münaqişəni sülh yolu ilə həll etməyə çalışacağıq”.  İsrailin səsi”: “İsrailin səsi” dövlət radiosuGünün aktual hadisələri” verilişində Ermənistan-Azərbaycan sərhədində, habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələri geniş şərh edib. Radionun aparıcısı İqor Moldavskinin suallarını “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut cavablandırıb. O bildirib ki, nizama salınmamış və dondurulmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir daha sübut edir ki, Cənubi Qafqaz regionu sülhdən uzaqdır.

Ekspert deyib ki, indiki qarşıdurma və eskalasiya hər şeydən əvvəl erməni silahlı birləşmələrinin sərhədyanı ərazidə provokasiyası ilə əlaqədardır. Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanla sülh prosesini pozmaq istəyini yenidən nümayiş etdirib, Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən qoşunların təmas xəttinə çoxsaylı hərbi qüvvə və müxtəlif texnika növlərini cəlb etməklə provokasiya törədir.

Verilişdə qeyd olunub ki, Ermənistan silahlı qüvvələri aprelin 2-nə keçən gecədən başlayaraq, Azərbaycan kəndlərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub, Azərbaycanın hərbi mövqelərinə ardıcıl zərbələr endiriblər. Ermənistanın provokasiyasının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində sərt və qəti cavab tədbirləri görmək barədə qərar qəbul edib. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyinin və öz mövqelərinin qorunması üçün Ermənistan silahlı qüvvələrinə lazımi və sarsıdıcı cavab verib və onları geri çəkilməyə məcbur edib. Azərbaycan Silahlı Qüvvələrinin əks-əməliyyatı nəticəsində Ermənistanın 6 tankı, 15-dək artilleriya qurğusu, möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb".

İsrailli ekspert qeyd edib ki, çoxvektorlu xarici siyasət aparan güclü və müstəqil Azərbaycandan fərqli olaraq, Ermənistan Respublikası bəzi regional dövlətlərin ambisiyalarından tamamilə asılıdır. Arye Qut Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu geosiyasigeoiqtisadi təşəbbüslərindən də söhbət açıb və bildirib ki, bunun nəticəsində Azərbaycan regionun qüdrətli dövlətinə və liderinə çevrilib. Bu dövlətin iştirakı və razılığı olmadan dünyanın bu strateji regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi həll edilə bilməz. Ermənistan əhalisi 1,5 milyon olan kiçik ölkədir və son illər geosiyasi təcrid vəziyyətindədir. Bu faktdır ki, Serj Sarkisyanın sözlərinə görə, müstəqil Ermənistanın əhalisini aclıqdan varlı erməni diasporu və ABŞ konqresinin sponsor yardımı xilas edir. Təəssüf ki, Ermənistan rəhbərlərinin çoxuBöyük Ermənistan” xülyası ilə yaşamaqda davam edir. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan Xəzər dənizinin neftqaz ehtiyatları ilə bağlı əsas geosiyasigeoiqtisadi layihələrdən kənarda qalıb. Bu, danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir".

Arye Qutun qənaətinə görə, rəsmi Bakı tamamilə haqlı olaraq Qarabağ münaqişəsini rəsmi Yerevanın ərazi iddiası kontekstində nəzərdən keçirirbu səbəbdən də münaqişəyə Azərbaycanın 1992-ci ildə BMT-yə qəbul edilən zaman beynəlxalq birlik tərəfindən təsbit edilmiş sərhədlərdə “dövlət ərazi bütövlüyü prinsipləri” çərçivəsində baxılmasını təkid edir.

Siyasi ekspert sonda vurğulayıb ki, bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin danılmaz lideridir. Onun güclü və qüdrətli ordusu varöz gücünü nümayiş etdirmək üçün əsl məqamın yetişməsini gözləyirdi.

Ukraynanın “Podrobnoskiinternet  nəşrində dərc olunan məqalə belə adlanır: “Azərbaycan Ermənistanın Dağlıq Qarabağdakı bazasını məhv etdiyini elan edib”.

Məqalədə bildirilir ki,  Azərbaycan Ermənistanın Dağlıq Qarabağda ən iri hərbi bazasını məhv etdi. Hərbi baza Ağdərəyə gedən yolda yerləşir. Bundan əlavə, son iki gündə həlak olan Azərbaycan hərbçiləri, habelə düşmənin  tanklarının  sıradan çıxarılması haqqında məlumat verilir. Ukrayna jurnalistləri öz oxucularına xatırladıblar ki, Azərbaycan Dağlıq Qarabağda atəşi dayandırmaq üçün şərtlərini açıqlayıb.

 

İsveçinSvenska Dagbladet” və

Aftonbladet” qəzetləri

 

İsveçin ən nüfuzlu gündəlik qəzetlərindən olanSvenska Dagbladet” və  Aftonbladetkimi nəşrləri aprelin 2-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı keçirdiyi təxribat nəticəsində, təmas xəttində başlayan toqquşmalar haqqında xəbərlər dərc edib: “Keçən günlər ərzində, Azərbaycan ərazisinin tərkib hissəsi sayılan Dağlıq Qarabağda - Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında şiddətli döyüşlər baş verib. Bu hadisə uzun çəkən münaqişə tarixində ən böyük toqquşmadır”.

Xəbərdə insan itkilərinin olduğu qeyd edilirbildirilir ki, Azərbaycan hökumətinin birtərəfli qərarına əsasən, Dağlıq Qarabağda toqquşmalar dayandırılsa da, döyüşlər davam edir. Qəzetin əməkdaşları döyüşlərin Ermənistan ordusu tərəfindən davam etdirildiyini oxucuların diqqətinə çatdırır.

Almaniyanın nüfuzluZeit” və  Sueddeutsche” qəzetləri, “Sputniknewsun regionlararası nəşrin alman redaksiyası öz internet səhifələrində beynəlxalq hüquqa görə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu geniş auditoriyaya xatırladıblar. Mətbu nəşrlər  Prezident İlham Əliyevə istinadla işğal olunmuş Qarabağdakı döyüş əməliyyatları zonasında yüzdən çox erməni hərbi qulluqçusunun məhv edilməsi haqqında xəbər yayıblar. “Sputniknewsun Alman Redaksiyası Azərbaycan Prezidentinin çıxışından sitat gətirib: “Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik”.

Associated Press beynəlxalq informasiya agentliyi cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə “Dağlıq Qarabağ separatçı regionu”, “Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib”, “Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir” kimi şərhlər yer alıb. Məlumatda əksini tapan faktlardan təxribatın məhz Ermənistan tərəfindən törədilməsi açıq-aydın görünür. Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin 100-dən çox əsgəri öldürülüb və yaralanıb, 6 tankı və 15 artilleriya qurğusu məhv edilib. Agentlik  bildirir ki, Azərbaycan tərəfi itkilərini açıqlasa da, Ermənistan tərəfi bu barədə rəsmi məlumat yaymır.

Həmin xəbər Associated Press-ə istinadla ABC News, Washington Times, Washington Post, NBC, Fox 13, New York Times, Deutsche Welle kimi məşhur informasiya mənbələrində və bir çox ölkələrə məxsus saytlarda yerləşdirilib.

Gürcüstanın “Adjara P.S.” qəzetində də Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində baş vermiş hadisələrdən bəhs edən məqalə dərc olunub.  Müəllif  Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatları ilə bağlı məlumat verir. Müxtəlif mənbələrə istinad edən müəllif  məqaləsində  BMT-nin işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistan ordusunun cəbhə xəttindəki təxribatlarını və mülki əhaliyə qarşı həyata keçirdiyi qətlləri pisləyir. Həmçinin, erməni silahlı birləşmələrinin atəşkəs prinsiplərinə əməl etməməsi qınanılıb. Məqalədə dünya ictimaiyyətini və beynəlxalq qurumları baş verən hadisələrə biganə qalmamağa, Ermənistan dövlətinin apardığı təcavüzkarlıq siyasətinə son qoymaq üçün tədbirlər görməyə çağırıb.

Əsası 1996-cı ildə qoyulan  ABŞ-ın “Stratfor” kəşfiyyat-analitik mərkəzi  də “Ermənistan Qarabağda uğursuzluğa düçar olur” sərlövhəli məqalə dərc edib. Qeyd edilir ki, hər iki tərəfdən itkilər var: “Amma Ermənistanın itkiləri daha böyükdür. Rəsmi məlumatda 18 nəfərin öldüyü, 37 nəfərin yaralandığı deyilir. Ermənistan kütləvi informasiya vasitələri isə  yüzlərlə itki haqqında məlumatlar verir”.

Məqalədə bildirilir ki, Azərbaycan Ordusu döyüşlərdə irəliləyərək, Talış və Seysulan kəndlərini, həmçinin, “Lələ Təpə” yüksəkliyini tutub. Bu təpənin  strateji əhəmiyyətə malik olduğu qeyd edilir və döyüşlərin hələ də Dağlıq Qarabağın müəyyən hissəsində davam etdiyi əks olunur. Müəllif yazır ki, əvvəlki məhdud atışmalardan fərqli olaraq, bu dəfə daha çox strateji hücum planı əsasında döyüşlər aparılır. Azərbaycan üstünlüyü ələ alıb.

Stratforqeyd edir ki, hazırda Ermənistan daha az itki vermək uğrunda döyüşür: “Azərbaycan isə ötən onilliklər ərzində öz ordusunu müasir səviyyədə gücləndirib. Onun hərbi üstünlüyü maksimal həddədir”.

Fransanın “France 24” telekanalında  Ermənistanla Azərbaycan arasında baş verən intensiv atışmadan bəhs edən repotraj nümayiş olunub. Reportaj əsasən Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.  Orada Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu vurğulanıb. İlk dəfə olaraq,  Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyi  qeyd olunub. Bildirilib ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Bu ərazi Ermənistan ordusu tərəfindən işğal edilib.

ABŞ-n bir sıra xəbər portalları  bu ölkədə yaşayan həmvətənlərimizin Milli  Ordumuza dəstək aksiyası keçirməsi barədə məlumat yayıblar. Məlumatda bildirilir ki,  Vaşinqton şəhərindəki Ermənistan səfirliyinin qarşısında Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.  Aksiyada  Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıların yaşayış yerlərini atəşə tutması  kəskin pislənilib. Qeyd olunur ki, aksiyaya İran azərbaycanlıları və Türkiyə türkləri də  dəstək veriblər.

Etiraz aksiyasının iştirakçıları “Azərbaycan, biz səninləyik”, “Azərbaycan əsgəri, sənin yanındayıq”, “Qarabağ bizimdir, bizim olacaq  kimi şüarlar səsləndiriblər.

 

Təqdim etdi:

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2016.- 9 aprel.- S.5.