Pambıq istehsalı ölkənin ixrac
potensialını
artıracaq Aqrar sahənin hədəfləri
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci
rübünün yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında kənd təsərrüfatı sahəsində
vəziyyəti təhlil edərkən bildirib ki,
vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələr
bərpa olunmalıdır.
Ulu öndər Heydər Əliyevin zamanında
- 1970-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunda
neft amili çox aşağı faiz təşkil edirdi.
İndi məlumat verilir, məsələn, yüngül sənaye
23 faiz təşkil edirdi, kənd təsərrüfatı,
maşınqayırma bəlkə ondan da daha böyük
faiz təşkil edirdi.
Dövlət başçısı daha sonra
deyib: “Biz o vaxt kənd təsərrüfatının
sürətlə inkişaf edən sektorlarını
inkişaf etdirməliyik, ilk növbədə
pambıqçılığı. Çünki pambıq elə
məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac
yoxdur. İndi dünyada bazarlar uğrunda mübarizə gedir.
Xüsusilə, son vaxtlar sanksiyalarla əlaqədar müəyyən
bazarlar bəzi məhsullar üçün bağlanıb.
Əlbəttə ki, bunun bizə aidiyyəti yoxdur. Ancaq indi
biz öz kənd təsərrüfatı məhsullarımızı
başqa bazarlara çıxarmaq üçün gərək
səylər göstərək. Ancaq pambıq məhsulunu
birjalarda satmaq üçün heç bir problem yoxdur. Vaxtilə
yenə də ulu öndər Heydər Əliyevin zəhməti,
səyləri nəticəsində pambığın
istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. O,
1969-cu ildə hakimiyyətə gələndə, indi mənim
dəqiq yadımda deyil, təqribən 100 min, 200 min ton
pambıq istehsal olunurdu. Sonralar isə bir milyon, ildə orta
hesabla 800 min, 900 min ton pambıq istehsal edilirdi”.
Aqrar elmləri doktoru Gəray Vəliyevin sözlərinə
görə, 1925-1926-cı illərdə hər hektardan məhsuldarlıq
6-7 sentner, cəmi məhsul isə 58-60 min ton olub. Vəziyyət
sonrakı illərdə də yaxşılığa doğru
dəyişməyib. Lakin 1969-cu ildə
ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra əkinçiliyi və heyvandarlığı, ilk
növbədə isə pambıqçılığı
inkişaf etdirmək üçün konkret tədbirlər
planı işlənib hazırlandı. 1970-ci
ildən başlayaraq pambıq istehsalı və dövlətə
satış planları artıqlaması ilə yerinə
yetirilməyə başladı. 1969-cu ildə 162 min ton
pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu, 412 min ton təşkil
edirdi.
Ulu öndərimiz tərəfindən
pambıqçılığın inkişaf etdirilməsi
kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə,
kənd sakinlərinin maddi rifah
halının yaxşılaşmasına müsbət təsir
göstərdi. 1969-cu ildə pambıqçılıqdan
150 milyon manat götürüldüyü halda, 1976-cı ildə
bu rəqəm 350 milyon manata çatdı. 1970-1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən
pambıqdan 2 milyard manat əldə edilmişdi. Bir
sözlə, o dövrdə Azərbaycanda illik pambıq istehsalı bir
milyon tona çatdırılmışdı. Ölkə
büdcəsinin 22-25 faizini pambıqçılıq təmin
edirdi.
Həmin
dövrdə respublikamızda 39 sort
rayonlaşdırılmışdı. Rayonlaşan
hər bir yeni sort əvvəlki sortlardan təsərrüfat
qiymətli göstəricilərinə, məhsuldarlığına
görə fərqlənirdi və ümumi istehsalın sabit
artımına zəmin
yaradırdı.
Dahi öndər tez-tez pambıq tarlalarında, kənd
adamları arasında olurdu və onlara öz tövsiyəsini
verirdi. O,
qabaqcıl pambıqçıların, sürücü- mexaniklərin əməyini
həmişə yüksək qiymətləndirir və onlara
ölkənin ali mükafatlarını təqdim edirdi.
Pambıqçılığın dinamik
inkişafının elmi əsaslarla nizamlanmasını daim
diqqətdə saxlayan ulu öndər bu sahənin
inkişafına hər cür qayğı göstərir,
pambıqçılıq bölgələrinin
hamısında nəticəli fəaliyyət
üçün əlverişli mühit yaradırdı. O, alimlərin
yaradıcı əməyini də yüksək qiymətləndirir,
bütün elmi-tədqiqat institutlarının məhsuldar
elmi fəaliyyəti üçün tələb olunan
maddi-texniki bazanın yaradılmasını daim nəzarətdə
saxlayırdı.
Müstəqillik illərində isə pambıq
istehsalına diqqət zəiflədi, əkin sahələri
ildən-ilə azaldı. Əlbəttə, bu, bir tərəfdən “qara
qızıl”ın “ağ qızıl”ı üstələməsi,
arxa plana keçirməsi, digər yandan isə məhsulun
dünya bazarında qiymətinin sürətlə
ucuzlaşması ilə bağlı idi. Məhz bunun nəticəsi
idi ki, 2005-ci ildə Azərbaycanda olan 112 min 500 hektar pambıq əkini sahəsi
10 ildən sonra nə az, nə
çox
–5 dəfə
azalaraq 23 min hektara endi.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin sözügedən
iclasında bu məqama toxunaraq deyib: “Keçən il Azərbaycanda
cəmi 35 min ton pambıq yığılıbdır. Bir milyon hara, 35 min hara?! Özəl
qurumlar bunu təkbaşına edə bilməyəcəklər.
Pambıqçılığı inkişaf
etdirmək üçün dövlət birinci rol oynayır,
ikinci yerli icra orqanları və ondan sonra özəl qurumlar.
Ona görə, göstəriş verilmişdir
ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilibdir. Biz pambıqçılığı bərpa etməliyik.
Keçən il 18 min hektar əkilibdir. Bu il mən qarşıya vəzifə qoymuşam
ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın
zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə,
bu il 50 min hektar əkilərsə və məhsuldarlığı
lap aşağı səviyyədə, 20 sentnerdən
götürsək, bu, 100 min ton pambıq edəcək -
keçən ildəkindən üç dəfə
çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən
suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı
artırmaqla daha da böyük nəticəyə çata bilərik.
1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi,
keçən il 18 min hektar. Ona görə,
məhsuldarlığın artırılması və əkin
sahələrinin dövriyyəyə buraxılması, normal
suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri
öz həllini tapmalıdır və biz bu il
100 min ton pambıq gözləyirik. Ancaq bir il
ərzində, gələn ilin əkininə qədər
bütün lazımi tədbirlər görülməlidir ki,
2017-ci ildə, - mən indi rəqəm demək istəmirəm,
- Azərbaycanda 100 min tondan bir neçə dəfə
çox pambıq yığılmalıdır. Pambıq satılacaq, ölkəmizə lazım olan
valyuta gələcəkdir”.
Mütəxəssislərin
fikrincə,
hazırda dünya bazarında neftin qiymətinin
ucuzlaşması pambıqçılığa marağın artmasını zəruri
edir. Elə buna görə də ölkədə bu sahənin
inkişaf etdirilməsi, yerli istehsalın gücləndirilməsi
və yeni iş yerlərinin açılması istiqamətində
dövlət başçımızın verdiyi
tapşırığa uyğun olaraq, ənənəvi sahələrdən
olan pambıqçılığın inkişafı
perspektivlərinə bu gün daha çox önəm verilir.
Kənd Təsərrüfatı Nazirliyindən
bildirildiyinə görə, bundan sonra sözügedən sahəyə
marağın daha da artırılması məqsədilə
stimullaşdırma tədbirləri həyata keçiriləcək,
fermerlərə güzəştli kreditlərdən və
aqrolizinq xidmətlərindən daha geniş istifadə
imkanları yaradılacaq. Eyni zamanda, pambıq
istehsalı və emalı müəssisələri
daşınma xərclərini qarşılayacaq və istehsal
xərclərinin 90 faizi emalçılar tərəfindən
avans olaraq veriləcək.
Nazirliyin
məlumatında o da vurğulanır ki, pambıq istehsalı
və emalı müəssisələri satınalma qiymətini
2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli
dərəcədə artırmaqla, pambığın birinci
növünün bir tonunu 500 manata, ikinci növünün bir
tonunu 470 manata, üçüncü növünün bir
tonunu 440 manata, dördüncü növünün bir tonunu isə
400 manata qəbul edəcək. Ümumilikdə, cari ildə əvvəlki
ildəkindən 80 faiz çox –30 min hektar sahədə
pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük
edilməsi planlaşdırılır.
Stimullaşdırma
tədbirləri, pambıq əkini sahələrinin
artırılması bu sahədə 15 mindən çox yeni
iş yerinin açılmasına, pambıqçılıq
sahəsində çalışanların sayının
ötən illə müqayisədə 2 dəfəyə
yaxın artmasına imkan verəcək.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı
Nazirliyinin Bitki-Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat
İnstitutu ölkədə
pambıqçılığın inkişafına dair
xüsusi təkliflər hazırlayıb. Artıq bu təkliflər
Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.
Təkliflərdə
pambıqçılığın yenidən dirçəldilməsi
üçün bu sahəyə ilk növbədə dövlət
səviyyəsində dəstək verilməsi,
pambıqçılığa xüsusi subsidiyalar və
güzəştli kreditlərin ayrılması ilə
bağlı məsələlər əksini tapıb.
Təkliflərdə qeyd edilir ki, xam pambığın
satınalma qiymətləri yüksəldilməli,
pambıqçılıq klasterlər əsasında
inkişaf etdirilməli (əkin, yığım, emal, son məhsul
və satış) və pambıq
istehsalçılarının kooperasiyası təşkil
edilməlidir.
Bundan başqa, adıçəkilən nazirliyə təqdim
edilən təkliflərdə torpaqların meliorativ vəziyyətinin
yaxşılaşdırılması üçün
irriqasiya sistemlərinin yenidən qurulması, torpaqların
münbitliyi və məhsuldarlığın
artırılması üçün pambıq-yonca-taxıl
növbəli əkin sisteminə keçidin təşkili,
aqrokimyəvi xidmətlərdən geniş istifadənin zərurəti
xüsusi vurğulanıb.
İnstitutun
sahə üzrə alimləri hesab edirlər ki, ölkədə
fəaliyyət göstərən özəl pambıq
zavodlarına alternativ olaraq analoji dövlət müəssisələri
yaradılmalı və pilot pambıqçılıq
zavodları tikilməlidir.
Təkliflərə
əsasən, aqrolizinq yolu ilə
pambıqçılığa dair müasir texnikalar gətirilməli,
pambıq son məhsula məhz ölkə ərazisində
keçməli və emal sənayesi (toxuculuq-trikotaj, yem, yağ və s.) yaradılmalıdır. Xaricə əsasən hazır məhsul
çıxarılmalıdır. Buna
ölkə iqtisadiyyatı tam imkan verir. Bundan
əlavə, pambıq toxumçuluğu ilə məşğul
olan təsərrüfatlar yaradılmalı,
pambıqçılıqla məşğul olan xarici
investorlar ölkəyə dəvət edilməli,
pambıqçılığın inkişafına dair
dövlət proqramı qəbul edilməlidir.
Bir məqamı da xatırlatmaq istərdik. Hazırda dünyanın ən inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan ölkələri pambıq istehsalına xüsusi diqqət ayırır. ABŞ, İsrail, Türkiyə, Çin, Hindistan kimi ölkələr bu sahədən kifayət qədər böyük gəlir əldə edir. Hətta vaxtilə bizim yarışdığımız Özbəkistan artıq pambıqçılığı yüksəldərək 3,5 milyon tona çatdırıb. Bu gün dünya pambıq istehsalının 15 faizi Özbəkistanın payına düşür. Bununla paralel olaraq, özbəklər toxuculuq sənayesini də inkişaf etdirib. Otuz transmilli xarici şirkətin dəvəti ilə istehsal edilən pambığın artıq 70 faizə qədəri Özbəkistanın öz ərazisində parçaya və toxuculuq məhsullarına çevrilir. Beləliklə, dünya toxuculuq məhsulları bazarında Özbəkistan artıq Çin və Türkiyənin yeni bir rəqibinə çevrilib.
Məhz bu ölkənin təcrübəsi göstərir ki, bu sahənin Azərbaycanda yenidən dirçəldilməsi olduqca vacibdir. Həm də ölkəmizdə pambıqçılığın inkişafı üçün ehtiyatlar, məhsuldarlıq adları çəkilən ölkələrdən qat-qat yüksəkdir. Statistikaya görə, Azərbaycanda hər hektardan orta hesabla 2 tona yaxın pambıq əldə etmək mümkündür. Dünyanın əksər ölkələrində isə bu göstərici 1 tona yaxındır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2016.- 16 aprel.- S.6.