Azərbaycan Silahlı Qüvvələri
işğal
altında olan ərazilərimizi
azad
etməyə qadir
olduğunu təsdiqlədi
Azərbaycan Prezidenti İlham Əliyevin istər
prezidentlikdən əvvəlki,
(Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan
Parlamenti daimi nümayəndə heyətinin rəhbəri
kimi), istərsə də ölkəyə rəhbərliyi
dövründə Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı cəsarətli
çıxışları respublikamızın
dünyadakı siyasi nüfuzunun daha da artmasında əhəmiyyətli
rol oynamışdır.
Dövlət
başçısı həm rəsmi, həm də qeyri-rəsmi
görüşlərdə erməni təcavüzkarlarını
ifşa etmiş, qətiyyətli mövqeyi ilə Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ
haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə dünyada obyektiv rəy
formalaşdırmış, həmin münaqişəyə
düzgün siyasi qiymət verilməsi və onun həlli yolunda mühüm
addımlar atmışdır.
Uzun illərdir ki, həllini tapmayan bu münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyi ədalətlidir və bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ermənistanın mövqeyi isə heç bir məntiqə söykənmir və işğalçı ölkənin bütün fəaliyyəti beynəlxalq hüquq normalarını pozmaq üzərində köklənib. Münaqişənin nizamlanması istiqamətində Ermənistanın bütün tələbləri ədalətsizdir və bu tələblər işğalçılıq siyasətinin davamı deməkdir. Tarixi faktlar da təsdiqləyir ki, Dağlıq Qarabağda yaşayan ermənilər oraya, qədim Azərbaycan torpağına köçürülmüş xalq kimi gəlmişlər. XIX əsrin əvvəllərində Dağlıq Qarabağa gələn ermənilərin həmin köçün 150 illiyi münasibətilə ucaltdıqları abidə də onların köçəri olduqlarını təsdiqləyir.
Azərbaycanın uğurla davam etdirilən xarici siyasəti nəticəsində artıq ermənilərin iç üzü ifşa olunmuş və onların tarixi saxtalaşdırmaq cəhdləri iflasa uğramışdır. Diplomatik fəaliyyətimizin prioritetini ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, təhlükəsizliyin, qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı səmərəli münasibətlərin inkişaf etdirilməsi, eləcə də, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi təşkil edir. Bu istiqamətdə aparılan siyasi strategiya artıq öz bəhrəsini vermişdir. Erməni yalanlarına qarşı Azərbaycan tərəfindən dünya miqyasında aparılan uğurlu diplomatik hücum strategiyasının bariz nəticələri göz qabağındadır. Bu da Azərbaycanın artan ikitərəfli əlaqələrinin inkişafından xəbər verir. Son hadisələr də təsdiqləyir ki, artıq erməni yalanlarına inanan yoxdur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən uğurlu əməliyyatlar xarici aləmdə respublikamıza məğlub ölkə kimi yanaşma tendensiyasını aradan qaldırıb. Bu vaxta qədər beynəlxalq aləmdə Azərbaycanın məğlub tərəf olması barədə rəy formalaşdırılmışdı və təəssüf ki, danışıqlarda da bu statusda iştirak edirdik. Görünür, buna görə də ölkəmizin haqlı tələblərinə biganəlik göstərilirdi, münaqişənin nizamlanması istiqamətində 20 ildən artıq bir müddətdə qətiyyətli addım atılmamışdı. Bu müddət ərzində ATƏT-in Minsk qrupu yalnız bəyanatlar vermiş, işğalçı dövlət qarşısında ciddi tələblər qoymamışdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Son hadisələr də göstərdi ki, artıq dünya birliyi münaqişənin nizamlanmasında birmənalı olaraq, Azərbaycanın mövqeyini dəstəkləyir: mövcud status-kvo dəyişdirilməli, problem Azərbaycanın BMT tərəfindən tanınmış ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Münaqişənin dinc vasitələrlə nizamlanması üzrə aparılan danışıqlar məhz bu prinsiplərdən irəli gələn detalların razılaşdırılmasına yönəldilib.
Son zamanlar isə Avropa Parlamenti və NATO-nun Zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının vacibliyi bildirilirdi.
Bütün bunlara baxmayaraq, Ermənistan BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistan Respublikasının münaqişədə iştirakı etiraf olunub və təcavüz faktları öz əksini tapıb. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti, praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Son hadisələr göstərir ki, artıq beynəlxalq birlik və dünyanın super güc dövlətləri Ermənistanın təcavüzkar siyasətini dayandırmaq üçün ciddi fəaliyyətə başlayıblar. Biz Azərbaycan Prezidentinin Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ rəsmiləri ilə keçirdiyi yüksək səviyyəli görüşlərin də şahidi olduq. Ermənistan prezidenti Serj Sarkisyana Almaniyadan rədd cavabı verilməsi və bu ölkənin kansleri Angela Merkelin “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” deməsinin də. Bundan sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndələrinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, ardınca Baş nazir Dmitri Medvedevin ölkəmizə səfərləri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmələri, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini ciddi şəkildə artırmaları ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsinin bariz nümunəsidir.
Təbii ki, bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi aprel əməliyyatlarından sonra daha da güclənmişdir. Artıq həm ölkə, həm də xarici aləmdə qəti əminlik yaranmışdır ki, Azərbaycan Ordusu istənilən vaxt qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və işğal altında olan torpaqları azad etmək iqtidarındadır. Mövcud reallıq Azərbaycan Silahlı Qüvvələri haqqında cəmiyyətimizdə yaranmış rəyi daha da möhkəmləndirmiş, Milli Ordumuza olan inamı qat-qat artırmışdır.
Ulu öndər Heydər Əliyevin yaratdığı müasir ordumuz Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində daha da qüdrətli olmuş və mobil bir orduya çevrilmişdir .
Prezident İlham Əliyev hələ ilk dəfə Prezident seçilərkən andiçmə mərasimindəki nitqi zamanı demişdir: “Ölkəmizdə güclü ordu yaradılıb və bu proses davam edəcək. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaq. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcək”.
Sonralar da dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, ordu quruculuğu bizim üçün zəruri məsələlərdən biridir. Bu, özünü praktikada da göstərir. Ölkəmizin son illərdəki sürətli inkişafı Silahlı Qüvvələrin büdcəsinin dəfələrlə artması və ordumuzun güclənməsi ilə müşayiət olunur. Son illər ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası xeyli möhkəmlənmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Artıq 2016-cı ildə dövlət büdcəsindən müdafiə məqsədləri üçün ayrılan vəsaitin miqdarı 4 milyard dollara çatmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu getdikcə güclənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək: “Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq... Son illər ərzində maddi texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir”.
Bu gün Silahlı Qüvvələrin möhkəmləndirilməsi planlı surətdə davam etdirilir. Qoşunların döyüşə və səfərbərliyə hazırlığı, kadrların və idarəetmə orqanlarının hazırlanması və yetişdirilməsi, maddi-texniki təminat hazırlıq planı və digər sənədlər əsasında gerçəkləşdirilir. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı planı üzrə bütün təlimləri NATO-nun döyüş hazırlığı sənədlərinə uyğun keçirilir. Hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı, idman və fiziki hazırlıq işi NATO standartlarına uyğunlaşdırılıb. Mühüm komandir-qərargah vəzifələrinə ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsinə malik peşəkar zabitlərin təyin olunması daim diqqət mərkəzində saxlanılır.
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən, cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqliyə və məhvetmə imkanına malik silahlarla təchiz edilib. Son 10 il ərzində Azərbaycanda yerli hərbi istehsal daha da inkişaf etdirilmiş, çoxlu hərbi zavodlar yaradılmışdır. Bu zavodlarda 750 adda silah-sursat istehsal edilir. Bu qədər üstünlüyə malik ordusu olmasına baxmayaraq, Azərbaycan xalqı sülhsevər xalqdır, səbir və təmkinlə ərazi bütövlüyümüzün təmin olunmasına qan tökülmədən nail olmaq istəyir. Dövlətimizin başçısı keçirdiyi görüşlərdə də bu məsələyə münasibət bildirərkən demişdir ki, Azərbaycan münaqişəni sülh yolu ilə, qan tökülmədən nizamlamaq istəyir. Lakin Ermənistan bütün vasitələrlə buna mane olmağa çalışır. Nəhayət, düşmən Milli Ordumuzun gücü qarşısında cavab verməli oldu.
Azərbaycanın kifayət qədər gücü olduğu halda, müharibə etmək fikrində deyil. Lakin bəzi üzdəniraq azərbaycanlılar–radikal müxalifət nümayəndələri, xüsusilə, AXCP sədri Əli Kərimli insanları müharibəyə səsləyir, ölkəmizin beynəlxalq aləmdə sülməramlı kimi tanınmasına xələl gətirmək istəyir. Hesab edirəm ki, AXCP sədrinin bu çağırışı Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzuna xələl gətirməyə hesablanıb. Çünki Əli Kərimli hakimiyyətə gəlmək üçün hətta ermənilərlə də əməkdaşlıq edir. O, xalqı müharibəyə səsləməklə, heç də işğal altında olan torpaqlarımızın azad olunmasını istəmir. Yaxşı bilir ki, əgər hərbi əməliyyatlar bizim tərəfimizdən davam etdirilərsə, Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşacaq və ölkəmiz beynəlxalq təşkilatların, demokratik dövlətlərin qınaq hədəfinə çevriləcək. Hətta ölkəmizə qarşı sanksiyalar da tətbiq oluna bilər. Əli Kərimliyə də bu lazımdır. Ancaq o, öz istəyinə nail ola bilməyəcək. Çünki Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi strategiya ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir. Əli Kərimlilər isə hakimiyyətə gəlmək arzusu ilə “qarıyacaqlar”.
Xalq öz Prezidentinə inanır və güvənir. Azərbaycan Prezidenti xalqın inamını öz əməli ilə doğruldur. Dövlətimizin başçısı bizim tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyimizə əminliyini bir daha dünyaya bəyan edərək deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq-İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”.
Mirkazım
KAZIMOV,
Milli Məclisin
deputatı,
Yeni Azərbaycan
Partiyası
Siyasi
Şurasının üzvü
Xalq qəzeti.- 2016.- 16 aprel.- S.4.