“Azərbaycan vətəndaşları öz doğma

torpaqlarına qayıtmalıdırlar, ondan sonra

regionda sülh və təhlükəsizlik yarana bilər”

 

Müsahibimiz Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur

– Elman müəllim, Azərbaycan Ordusu  Ermənistan silahlı qüvvələrinin növbəti hərbi avantürasının qarşısını əks-həmlə ilə aldı və düşmənə sarsıdıcı zərbələr endirdi. Dörd günlük hərbi əməliyyatlarda qoşunlarımız mövqe üstünlüyünü təmin etmiş oldu. Bu vəziyyəti necə şərh edərdiniz?

Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasınadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri  düşmənlərimiz üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır”. Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı.

Bu, təxribatın səbəbləri də bəllidir. Prezident İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında silahlı təxribatı şərtləndirən amillərə toxunaraq qeyd etmişdir: “Görünür ki, danışıqlarda mümkün ola biləcək müsbət dinamika Ermənistanın bu təxribata getməsini şərtləndirdi. Bir daha qeyd etmək istəyirəm, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verəsi deyilik. Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev hələ keçən ilin dekabrında Vaşinqtonda keçiriləcək İV Beynəlxalq Nüvə Sammitində iştirakla bağlı ABŞ Prezidenti Barak Obamadan dəvət almışdı. Azərbaycan nə nüvə dövlətidir, nə də ərazisində AES var. Bu dəvət, ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatına verdiyi mühüm töhfələrlə bağlıdır. Dövlətimizə olan böyük etimaddan qaynaqlanır. Səfər çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər, xüsusilə də ABŞ-ın Dövlət katibi Con Kerrivitse-prezident Cozef Bayden ilə apardığı məhsuldar danışıqlar Ermənistanda şok effekti yaratmışdır. Düşmən ölkə Cozef Baydenin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  beynəlxalq hüququn normaları  ərazi bütövlüyüsuverenlik  prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyini süngi ilə qarşılamışdır. Burada heç bir halda Ermənistanın  əlində daim bayraq etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququndan söhbət getmir. Onu da xüsusi olaraq qeyd edək, əslində, ABŞ-ın vitse-prezidentinin bu mövqeyi elə Prezident Barak Obamanın mövqeyi kimi qiymətləndirilməlidir. Bir qədər də açıq desək, bu, ABŞ ali icra hakimiyyətinin mövqeyidir. Vitse-prezidentin ölkə konstitusiyasına görə, həm də Senatın rəhbəri olduğunu nəzərə alsaq, deməli, bu yanaşma həm də ABŞ-ın ali qanunverici hakimiyyətinin mövqeyi anlamındadır. Bu hadisə Ermənistanda günün günorta çağı şimşək effekti yaratmışdır. Ona görə də rəsmi İrəvan bu vəziyətin münaqişənin həlli prosesinə və deməli, status-kvonun dəyişməsinə gətirib çıxaracağından ehtiyatlanaraq, növbəti dəfə silahlı təxribat hərəkətlərinə əl atdı.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin aprelin 5-də AZƏRTAC-a müsahibəsində qeyd olunduğu kimi, “ermənilər yalnız Milli Ordumuzun mövqelərinə hücum etməmiş, həm də beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı hərbi cinayətlər törətmişlər.”

Erməni silahlı qüvvələrinin təxribat xarakterli hərəkətlərinin artmasını şərtləndirən amillərə “Sputnik”ə verdiyi müsahibəsində toxunan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun mövqeyinə görə isə, “ATƏT-in Minsk qrupunun fəaliyyətini artırdığı bütün mərhələlərdə onlar belə oxşar təxribatlara əl atmışlar.

Bu vəziyyətdə qəhrəman Azərbaycan Ordusunun əks-həmləsi artıq labüd idi. Nəticəsi isə hamiya bəllidir. Bir neçə yaşayış məntəqəsi və strateji yüksəklik üzərində milli bayrağımız dalğalanmaqdadır. Düşmən böyük itkilər vermişdir. Çoxsaylı hərbi texnikası məhv edilmiş, ordusunda isə mənəvi düşkünlük hökm sürür. Əsgərlər arasında fərarilik baş alıb getməkdədir. Təkcə təmas xəttində deyil, Xankəndi, Şuşa və digər Azərbaycan ərazilərində yaşayan erməni əhalisi də kütləvi köç etməyə başlamışdır. Bu proses əvvəllər də var idi. Lakin Azərbaycan Ordusunun rəşadəti sayəsində bu proses daha sürətli xarakter almışdır. Dərin təəssüf hissi ilə qeyd edək ki, Ermənistanın silahlı təxribatının qarşısını alarkən Azərbaycan hərbçiləri arasında da itkilər olmuşdur. Şəhidlərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir, yaralı hərbçilərimizə şəfa versin.

– Ermənistanın son hərbi avantürası və onun nəticələri kontekstində münaqişənin bundan sonrakı tənzimlənməsi istiqamətində hansı real addımlar atıla bilər?

– Əvvəla, onu qeyd edək ki, Ermənistanın son hərbi təxribatı və ona Azərbaycan Ordusunun verdiyi layiqli cavab bir sıra nəticələrə gəlməyə əsas verir. Çoxsaylı nəticələr sırasında 3-ü üzərində xüsusi olaraq dayanmaq istəyirəm:

Birinci nəticə: Ermənistan ordusununqondarma “DQR silahlı qüvvələri”nin kifayət qədər güclü olması, ən müasir silahlarla təhcizatı və əsgər-zabit heyətinin yüksək döyüş ruhuna malik olması ilə bağlı erməni təbliğat maşınının illərlə formalaşdırdığı mif sabun köpüyü kimi dağıldı. Ermənistan ordusunun keçən əsrin 80-ci illərinin silahlarından istifadə etdiyi həqiqəti bəlli oldu. Ermənistanın Baş naziri Ovik Abramyanın İrəvana səfər etmiş Rusiyanın Baş naziri Dmitri Medvedevə 200 milyon dollar kredit üzrə silah-surasatın verilməsinin hələ də Moskva tərəfindən yubadıldığını xatırlatması və bu məsələdə komək göstərilməsini az qala yalvararaq xahiş etməsi yuxarıda söylənən fikirlərin düzgünlüyünü təsdiqləyir. Bundan savayı, Ermənistan prezidenti Serj Sarkisyan  Almaniyada səfərdə olarkən 2 hadisənin onu üzdüyünü dilə gətirməkdən çəkinməmişdir. Birincisi, Azərbaycan Ordusu ən müasir silahlarla təhciz olunubdur. İkincisi, müttəfiqləri olan Rusiya Azərbaycana müasir silah-sursat satır. Əli Xocalıda dinc, günahsız soydaşlarımızın qanına bulaşmış “Serj Sarkisyanı heç vaxt bu qədər bədbin və inamsız görməmişdik,”-fikri də erməni ekspertlərinə məxsusdur.

İkinci nəticə: Beynəlxalq birliyin subyektlərinin mütləq əksəriyyəti, o cümlədən böyük dövlətlər və beynəlxalq təşkilatlar, əsasən, Azərbaycanın haqq işini müadfiə etdilər. Prezident İlham Əliyevin  Nazirlər Kabinetinin 9 aprel tarixli  iclasında qeyd etdiyi kimi, “bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, bizim ərazi bütövlüyümüzü dəstəkləməsin... qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər və bizbunu istəyirik”.

Hətta o yerə gəlib çatdı ki, Ermənistanın Xarici İşlər Nazirliyi beynəlxalq qınaq obyektinə çevriləcəyi perspektivindən ehtiyatlanaraq, bu istiqamətdə yaranmış vəziyyətin geniş təhlilə ehtiyacı olduğunu vurğuladı və məlum istiqamətdə fəaliyyətin yenidən qurulmasının vacibliyini qeyd etdi. Xüsusilə, Ermənistanın hər zaman istinad edərək Azərbaycanı hədələdiyi Kollektiv Təhlükəsizlik  Müqaviləsi Təşkilatının ayrı-ayrı üzvlərinin davranışı rəsmi İrəvanın “yuxusuna haram qatdı”. Xüsusilə,  Qazaxıstan və Belarus dövlətlərinin Azərbaycanın mövqeyini birmənalı olaraq müdafiə etməsini böyük məmnunluq hissi ilə qeyd edirik. Türkiyə hər zaman olduğu kimi, bu dəfə də Azərbaycanın yanında oldu. Dövlətlərimizin qardaş, dost, strateji müttəfiq olması həqiqəti növbəti dəfə tarixin sınağından çıxdı. Ermənistan mətbuatı və ziyalıları isə ölkələrinin təkləndiyini, müttəfiqsiz qaldığını acı etiraf olaraq səsləndirməkdə davam edirlər. Rusiyanın qaz satışında son günlər Ermənistana etdiyi 10-15 dollarlıq güzəşti isə, əslində, Kremlin Sarkisyan rejiminə verdiyi dəyər kimi qiymətləndirirlər.

Üçüncü nəticə: 1994-cü ildən bəri davam edən nisbi atəşkəs dövründə ilk dəfə olaraq Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbə endirə bilməsi bir sıra amillərlə bağlıdır. Xüsusi olaraq qeyd edək ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğuna prioritet sahə kimi yanaşması və bu istiqamətdə göstərdiyi misilsiz fəaliyyət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilmişdir. Son 13 il ərzində Azərbaycanın hərbi arsenalı ən müasir silahlarla təmin edilmişdir. Ölkə büdcəsində hərbi xərclər birinci mövqedədir. Ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir. Bütün qoşun növləri arasında unikal koordinasiya mövcuddur. Ən başlıcası isə, hakimiyət və xalq arasında monolit birlik vardır. Xalq Prezidentini sevir, Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilmişdir. Bütün bunlar Ermənistanda yoxdur. Ermənistan prezidentinin sosial bazası çoxdan tükənmişdir. Sarkisyan rejiminə erməni xalqı nifrət ediröz ovladlarını bu rejimin müdafiəsi naminə müharibəyə göndərmək istəmir. Elə bu səbəbdən də Ermənistanda yeni müxalifət düşərgəsi – “Əsgər anaları hərəkatı” formalaşmışdır. Ermənistan ordusunun son böyük itkiləri fonunda bu hərəkatın sıraları ədədi deyil, həndəsi silsilə ilə artmaqdadır. Bu realılqlar işğalıçı Ermənistan üçün dərs olmalıdır. Əks halda Ermənistanı hərbi cəbhədə labüd biabırçı məğlubiyyət gözləyir.

– Növbəti sualımız münaqişənin həlli prosesində vasitəçilik funksiyasını həyata keçirən və heç bir real nəticəyə nail olmayan ATƏT-in Minsk qrupunun yeni reallıqlar fonunda fəaliyyəti ilə bağlıdır. Necə düşünürsünüz, 4 günlük müharibədən sonra Minsk qrupunun fəaliyyətində keyfiyyət dəyişikliyinin baş verməsi mümkündürmü?

Bu gün dünyadagüclü haqlıdır” məntiqinin işlədiyini nəzərə alaraq, davamlı şəkildə güclənmək xəttimizi daha da möhkəmləndirməliyik. Yalnız bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun ədalətin bərpasına yönəlik siyasətinin formalaşmasının şahidi ola bilərik. Hal-hazırda isə bu qrumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir. Elə Minsk qrupu bu fəaliyyəti ilə də məlum “aprel müharibəsi”nədək öyünürdü. Guya, onların fəaliyyəti olmasaydı, münaqişə çoxdan müharibəyə çevrilərdi.

Əslində, müharibə davam etməkdə idi, sadəcə onun aktiv hərbi fazasında atəşkəs mövcud idi. Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması, aprel ayının əvəlində geniş hərbi insident törətməsi müharibənin istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir. 1992-ci ilin mart ayında yaradılmış və münaqişənin tənzimlənməsində vasitəçi missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu isə permanent atəşkəsdə israrlıdır. Yeri gəlmişkən, ATƏT-in Minsk qrupunun nəticə baxımından bir çox hallarda fəaliyyətsizlik kimi təsir bağışlayan “fəaliyyəti”nin də bu ilin mart ayında “24 yaşı” tamam olmuşdur.

Münaqişənin tənzimlənməsində maraqlı olduğunun görüntüsünü yaratmaq və növbəti dəfə beynəlxalq ictimai fikri çatdırmaq məqsədi ilə Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə 2008-ci ilin iyun ayında Sankt-Peterburqda, noyabr ayında Moskvada, 2009-cu ilin yanvar ayında Sürixdə, may ayında Praqada, iyun ayında  Sankt-Peterburqda, iyul ayında Moskvada, oktyabr ayında Kişinyovda, noyabr ayında Münhendə, 2010-cu ilin yanvar ayında Soçidə, iyun ayında Sankt-Peterburqda, oktyabr ayında Həştərxanda və 2011-ci ilin mart və 2012-ci ilin yanvar ayında yenidən Soçidə, 2013-cü ilin noyabr ayında Vyanada və 2014-cü ilin avqust ayında  Soçidə və sentyabr ayında Nyuportda, oktyabr ayında Parisdə, 2015-ci ilin dekabr ayında Berndə  görüşsə də, tutduğu ənənəvi qeyri-konstruktiv mövqe ucbatından problemin həllində real nəticə hasil olmamışdır.

Regionda baş verən proseslərin mənfi inkişaf tendensiyasına baxmayaraq, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə start verdiyiPraqa prosesinə” sadiqdir. Bu proses çərçivəsində münaqişənin  “mərhələli həll” yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı “Madrid prinsipləri”ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüşson nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunmuşdur. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Yalnız növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks olunmuşdur. Konfidensial xarakterliMadrid prinsipləri”ndən geniş ictimaiyyət üçün məlum olanlar müddəaları bunlardan ibarətdir.

Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu il aprelin 9-da keşirilən  iclasında bu məsələyə bir daha xüsusi diqqət ayıraraq vurğuladı ki, “məsələnin həlli çox sadədir - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər.

O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.”

Obyektivlik naminə onu da qeyd edək ki, Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş vermis son hadisələr ATƏT-in Minsk qrupunu da hərəkətə gətirmişdir. Əvvəlcə Vyanada toplaşan həmsədrlər bunun ardınca, həm Bakıya, həm Xankəndinə, həm də İrəvana tələm-tələsik səfər etmişlər. Əsas niyyətləri əvvəlcə Azəbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünə nail olmaq, sonra isə prezidentlər səviyyəsində görüşü təşkil etməkdir. Yeniləşmiş Madrid prinsiplərindən çıxış edərək, ilk növbədə Dağlıq Qarabağın ətrafında olan 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) işğaldan azad olunması haqqında həmsədrlər əvvəlkindən fərqli olaraq daha ucadan danışmağa başlamışlar. Bu prosesdə həmsədrlərdən biri olaraq Rusiya daha fəal siyasət yerinə yetirir.

Son hərbi əməliyyatların gedişində Rusiyanın müdafiə və xarici işlər nazirlərinin münaqişə tərəflərindəki həmkarları ilə telefon danışıqları aparması, bunun ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər etməsi və yüksək səviyyəli görüşlər keçirməsi, Baş nazir Dmitri Medvedevin Ermənistana və Azərbaycana işgüzar səfərlər etməsi, Moskvada Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəislərinin görüşünün təşkil edilməsi və həmin görüşdə 5 aprel tarixindən etibarən atəşkəs haqqında razılaşmanın əldə edilməsi və nəhayət, Prezident Vladimir Putinin təmas xətində baş verən hərbi insidentdən narahatlığını ifadə edərək Prezident İlham Əliyevə və Serj Sarkisyana telefon zəngi etməsi həmin fəallığın göstəricisi hesab oluna bilər.

Düzdür, həmsədr ölkələr ATƏT-in Minsk qrupunun strukturunda hər hansı dəyişikliyi hələ ki, istisna edirlər. Eyni zamanda son hərbi əməliyyatların bu qrupun onsuz da xeyli zəifləmiş imicinə növbəti ağır zərbə olduğunun da fərqindədirlər. Bunu açıq etiraf etməsələr də belə. Artıq yeni reallıqda iki yol vardır. Ya ATƏT-in Minsk qrupu indiyədək davam etdirdiyi passiv vasitəçilik missiyasından imtina edib, münaqişənin həlli ilə bağlı yaranmış yeni şəraiti düzgün qiymətləndirərək fəal tənzimlənmə hərəkətlərinə keçməlidir və bu prosesə ilkin olaraq özündə islahatlarla başlamalıdır, ya da uğursuzluğunu etiraf edib, özünü buraxmalıdır.

Zənnimizcə, 24 illik fəaliyyətindən (fəaliyyətsizliyindən) sonra ATƏT-in Minsk qrupunun  yuxarıda göstərdiyimiz hər hansı yolu seçməsindən asılı olmayaraq, qətiyyət göstərməsinin vaxtı gəlib  çatmışdır.

 

Müsahibəni qələmə aldı:

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2016.- 23 aprel.- S.5.