Multikulturalizm: dünya təcrübəsi
və Azərbaycan modeli
Azərbaycan dünyanın
multikulturalizm mərkəzlərindən birinə
çevrilmişdir... Azərbaycan öz müsbət təcrübəsini
başqa ölkələrlə bölüşərək
ümumbəşəri dəyərlərə qiymətli
töhfəsini verir və verəcəkdir.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Milli və
etnik münaqişələrin tarixi qədimdir. Millətlər
və dinlər arası ayrıseçkilik bir çox ölkələrdə
əsrlər boyu mövcud olmuş və milyonlarla insanın
faciəsinə səbəb olmuşdur. Tarixə müharibələr
əsri kimi daxil olmuş XX əsrdə baş verən hadisələri
yada salmaq kifayət edər. XXI əsrdə isə bəzi
qüvvələr tərəfindən məqsədyönlü
şəkildə yaradılan Şərqdən Qərbə
köç axını dünya nizamı üçün
böyük təhlükə mənbəyinə
çevrilmişdir.Bütün bunlar multikulturalizm ideyalarını
bütün dünyada olduqca
aktuallaşdırmışdır.
Multikulturalizm
hər hansı bir mədəni mühitdə etnik və mədəni
fərqliliyin qəbul edilməsi, bu fərqliliyin
toxunulmazlığı, mədəni ünsürlərin
özünəməxsusluq hüququnun varlığı, azad
şəkildə təbliğ olunması, hər bir fərdin
və ya qrupun mədəni inkişafının qanunla
müdafiə olunması, bir sözlə, mədəni
müxtəlifliyin qorunub saxlanılması deməkdir. O bir
çoxlarının israrla təbliğ etdiyi vahid, universal mədəniyyətin
formalaşması deyil, fərqliliyin bərabərhüquqlu
mövcudluğuna şərait yaradan mədəniyyətlərin
paralel inkişaf meylidir.
Günümüzdə
daha tez-tez müşayiət edilən mədəni
münaqişələrin fonunda cəmiyyətdə sabit
inkişaf mühitini təmin etmək üçün
multikulturalizm dialoq və mədəni zənginlik nümunəsidir.
Bu mənada, bir çoxları hesab edir ki, multikulturalizm
ideyalarının reallaşması, guya, daha çox mədəni
cəhətdən yüksək inkişaf etmiş cəmiyyətlərdə
mümkün olur. Multikulturalizmin tənqidçiləri hesab
edirlər ki, nəticədə, çoxəsirlik mədəni
dəyərlərin əsasları sarsılacaqdır,
çünki belə təmayüllər həmişə hər
şeyin orta vəziyyətə düşməsinə səbəb
olur. Onların fikrinə görə, əgər
miqrantların aşağı mədəni səviyyəsi
yüksəlirsə, multikulturalizm ölkəsinin yüksək
mədəni səviyyəsi mütəmadi olaraq
aşağı düşür. Ona görə də bəzi
avropa ölkələrinin A. Merkel, D.Kemeron, N.Sarkozi kimi sağ
təmayüllü liderləri 2010-cu ildə bəyan etdilər
ki, multikulturalizm siyasəti bu ölkələrdə iflasa
uğrayıbdır.
Multikulturalizm,
bir tərəfdən, cəmiyyətdə milli, mədəni
və konfessional müxtəlifliyin bənzərsiz ifadəsi,
digər bir tərəfdən isə dövlətin bu rəngarəngliyi
qoruyub saxlamaq, onun hüquqi bazasını təmin etmək
siyasəti, onun fəlsəfi və nəzəri əsaslanmasıdır.
Multikulturalizm
hər bir ölkənin, xalqın, mədəni birliyin təcrübəsini
nəzərə alır, müxtəlif yanaşmalar təklif
edir, sosial-iqtisadi inkişafı isə hər bir cəmiyyətin
öz xüsusiyyətləri üzərində
formalaşdırmağa cəhdlər edir. Bu siyasət imkanlar
çoxluğu prinsipinə əsaslanır və heç bir
xalqdan kimlik dəyişikliyi tələb etmir. Bu mənada,
multikulturalizm təkcə qloballaşmanın tələbi
deyil, həm də postmüasir inkişafın aparıcı
meyillərindən biridir.
Bu gün
əksər ölkələr üçün müxtəliflik
həyatın bir normasına çevrilmişdir. Bu turizmin,
ticarətin, elm və mədəniyyətin dialoqu, mütəxəssislərin
mobilliyi və miqrasiyanın intensivləşməsi ilə əlaqədardır.
Demək olar ki, bütün ölkələrdə mədəni
və dini “azlıq” kimi ifadə etdilən qruplar mövcuddur.
Bir çox ölkələr ona görə multikultural
adlanır ki, hər bir kəs üçün buraya gəlmək,
işləməsi, yaşaması üçün gərəkli
mühit olan açıq cəmiyyətlər mövcuddur.
Qeyd etmək
lazımdır ki, uzun illər dünya cəmiyyəti Qərb
inkişaf nümunəsini təkcə mükəmməlliyin
deyil, həm də gələcəyin yeganə inkişaf
modeli olaraq qəbul edirdi. Digər mədəniyyətlərlə
münasibətlərini konkret modelləşmə üzrə
əsaslandıran Qərbin iqtisadi uğuru mədəni
inkişafın əsas elementi, onu müdafiə edən təfəkkür
isə dəyişikliklərin hərəkətverici qüvvəsi
sayılırdı. Tanınmış alman tətqiqatçısı
U.Bek qeyd edir ki, inkişafın universal modeli hesab edilən Qərb
modeli bütün ölkələri özünə doğru
istiqamətləndirdi.
Lakin son
onilliklərdə dünyanın yeni inkişaf meyilləri,
insan fəaliyyətinin çoxşaxəliliyi və
dinamikliyi onu əhatə edən sosial-mədəni atmosferi
köklü şəkildə dəyişdirdi. Qərbin
homogenliyi, mədəni müxtəlifliyin heterogen
tendensiyalarının təsiri altında yeni institutlaşma,
çoxukladlı demokratiya, yeni iqtisadi və siyasi təşkilatlanma
(çoxlu mərkəz) formalaşdırmışdır.
Ənənə ilə mübarizə, sekulyar siyasət, fərdiyyəçiliyin
ali prinsiplərə aid edilməsi insanlarda kimlik məsələlərini
yenidən önə çıxarmış, sosial miqrasiya isə
bu problemi mədəni münaqişənin obyektinə
çevirmişdir. Bu mənada, dünyanın yeni
nizamını formalaşdıran qloballaşma Qərbin
müstəsnalıq iddialarının yeni reallıqlarla bir
araya gəlmədiyini göstərdi. İnformasiyanın
yaratdığı yeni mədəni meyillər isə
inkişafın alternativlərini ortaya qoydu,eyni zamanda ənənə
ilə müasirliyin birgə mövcudluğunu da göstərdi.
Bu gün
qloballaşma bəşəriyyətin inkişafı
üçün yeni imkanlar yaradır. İnteqrasiya və
informasiya kommunikasiya texnologiyaları insanlar arasında
münasibətlərin ənənəvi səddlərini
aradan götürür, elm və biliyin, texnologiyaların sərbəst
mübadiləsinə, şəxsiyyətin özünütərbiyəsinə
daha asan imkanlar yaradır, müxtəlif mədəniyyətlər
arasında dialoqu genişləndirir. Miqrasiyanın genişlənməsi
isə mədəniyyətlərarası təması daha da
yaxınlaşdırır. Dünyanın mədəni mənzərəsi
daha rəngarəng görünür.
Multikulturalizm
anlayışı son zamanların termini kimi qloballaşma
proseslərinin intensivləşməsi və “azadlıq”,
“demokratiya”, “bərabərlik” kimi liberal dəyərlərin
möhkəmlənməsi ilə ortaya
çıxmışdır. Ona görə də sosioloqlar
düşünürlər ki, bu cür cəmiyyətin formalaşmasında
ayrı-ayrı fərdlərin müstəsna
hüquqlarını təmin edən demokratik cəmiyyətin
qurulması vacib məsələdir. Lakin liberal-demokratiyadan fərqli
olaraq, multikulturalizm fərdlərin deyil, müəyyən
sosial qrupların, birliklərin, ümumilikdə, cəmiyyətin
maraqlarını güdür.
Bu
anlayışı ortaya çıxaranlardan biri olan
amerikalı sosioloq H.Kallen amerika cəmiyyətinin müxtəlif
mədəni fərdlərdən ibarət olduğunu nəzərə
alaraq, “mədəni plüralizm” adlı nəzəriyyəni
işləyib hazırlamışdır. Onun fikrincə,
insanları bir-birinə yaxınlaşdıran mədəniyyət
deyil, sosial mənsubiyyətdir. Belə ki, H.Kallenin
ardıcılları bildirirdilər ki, cəmiyyətin
mövcud dominant dəyərlər paradiqmasına adaptasiya və
assimilyasiya meyillərinə baxmayaraq, müasir sivilizasiya
heç də fərqli mədəniyyətləri vahid mədəni
orqanizmdə həll edə bilmir: hər bir mədəniyyət
sintez edilmədən tarixi- mədəni özəlliklərini
saxlamaqla mövcudluqlarını təmin edə bilir. Etnik və
konfessional qrupların daxilindəki ənənələr o qədər
möhkəmdir ki, onlar çox asanlıqla xalqların mədəni
irsinin özünəməxsus elementlərinə çevrilə
bilirlər.
Multikulturalizm
tərəfdarları iddia edirlər ki, çoxlu mədəniyyətin
bərabər şəkildə inkişafı dövlətin
sabit inkişafını təmin edə bilər. Bu gün
mutikulturalizm dini, irqi, etnik xüsusiyyətləri müdafiə
edən bir hərəkatdır.
Bir
çoxları belə düşünür ki, onun əsası
Amerika Birləşmiş Ştatlarında Afrika mənşəli
amerikalıların öz hüquqları uğrunda mübarizəsi
hərəkatı ilə bərabər formalaşmağa
başlamışdır. Uzun illər ABŞ “miqrantlar ölkəsi”
kimi milli siyasətini dini-etnik seqreqasiya ətrafında
aparılan mübarizə əsasında yaratmağa
çalışmışdır. Nəticədə, bu
ölkədə nə dinin, nə də milli mənsubiyyətin
formal şəkildə əhəmiyyət
daşımadığı sosial-siyasi sistem formalaşa
bilmişdir. ABŞ vətəndaşının siyasi statusu
da ölkə ərazisində doğulması ilə müəyyənləşirdirir.
Lakin bu hələ multikultural sosial-mədəni mühitin
yaradılması demək deyildi.
Bu cür
siyasət gözlənilən nəticələrin əldə
olunmasına, yəni azlıqların siyasi həyata
inteqrasiyasına gətirib çıxara bilmədi. Belə
ki, xalqların, xüsusən də zəncilərin vahid “millətdə”
assimilyasiyası quldarlığın və irqi
ayrıseçkiliyin “acınacaqlı” tarixini onların
yaddaşlarından silə bilməmişdi. Buna görə də
amerika cəmiyyətində bir müddət multikulturalizm
anlayışı hakimiyyətin qaradərili vətəndaşlarına
qarşı “yumşaq diskriminasiyası” kimi qəbul edilirdi.
Azlıqlar
bu cür yanaşmanı əmək bazarında və təhsildə
müəyyən üstünlüklərin əldə
olunması kimi qəbul etsələr də bu təcrübənin
davam etdirilməsinə qarşı çıxırdılar.
Nəticədə, məişət səviyyəsində
başlanan seqmentləşmə cəmiyyətin irqi-etnik əlamətlərə
görə seqreqasiyasını daha da dərinləşdirdi,
sosial gərginliyi artırırdı.Ona görə də bu
cür yanaşma bir çox hallarda multikulturalizmə
qarşı neqativ münasibətlərin formalaşmasına da
gətirib çıxarırdı.
Bununla belə,
dünya Amerikanın timsalında millətlərin,
xalqların, dinlərin bir-biri ilə yanaşı
yaşamanın fərqli tərzini görə bilmişdir.
Daha çox gəlmələrdən ibarət olan bu cəmiyyət,
müxtəlifliyi ifadə edən yeni identikliyin formalaşmasında
aparıcı rolu olacaq gənc amerikalıların tərbiyəsində
dinc yaşamanın özəyi kimi dünyəvi təhsil
sisteminini əsas götürmüşdülər. Təhsil
amerikalıları böyük multimədəni sosiumun tərkib
hissəsinə çevirə bilmişdir.
Amerika
Birləşmiş Ştatlarından fərqli olaraq Avropada vəziyyət
başqa cür idi. XX əsr boyunca və əsrin sonlarında
baş verən hadisələr, xüsusən də
SSRİ-nin dağılması, iqtisadi və sosial problemlər,
Yaxın Şərqdə baş verən dini münaqişələr
kütləvi surətdə əhalinin yerdəyişməsinə
səbəb oldu.Onların əksəriyyəti sosial
rifahın yüksəldilməsi məqsədilə Avropaya
gedirdi. Bu mənada, Qərbi Avropa ölkələrində
multikulturalizmə dair müzakirələr başqa istiqamətdə
inkişaf edirdi. Belə ki, Avropanın azlıqlara
qarşı repressiv tarixi Amerikada zəncilərə və
hindulara qarşı münasibətlərlə müqayisədə
çox az idi. Mədəni müxtəliflik haqqında fikirlər
burada uzun müddət səslənmirdi: miqrantların
qarşısında dayanan başlıca vəzifə yerləşdikləri
ölkənin sosial, siyasi və mədəni mühitinə
inteqrasiya etməli idilər.
Bu zaman Avropaya
axın edənlərin əksəriyyəti sosial baxımdan cəmiyyətin
orta səviyyəsini təmsil edirdi. XX əsrin sonlarına
doğru isə daha çox keçmiş müstəmləkələrdən
axın edən miqrantların sosial tərkibində məskunlaşmanın
xarakteri və məqsədləri dəyişir. Bu zaman həm
elmi, həm də siyasi çevrələrdə belə
düşünürdülər ki, qaçqın qismində
gələnlər gec-tez geri qayıtmalı olacaqlar. Ona
görə də onların assimilyasiyası vacib deyildir. Beləliklə
də miqrantların inteqrasiyası siyasi orqanizmə daxil
olmadan, başqa sözlə assimilyasiyadan kənar həyata
keçməli idi.
Assimilyasiya
modelinin iflası Fransa və Almaniya kimi ölkələrdə
özünü daha qabarıq göstərirdi. Azlıqlar
ölkə vətəndaşı olmaqla hüquqi baxımdan
yerli əhali ilə bərabər hüquqlara malik idilər.
Lakin təcrübədə formal şəkildə ifadə
olunan hüquqlar əslində, tam həyata keçirilmirdi,
siyasi və mədəni həyatdan uzaq olmaqla bərabər
marginal şəkildə öz kimliklərini qorumağa
çalışırdılar. Məsələn, Fransada
yoxsulluq, az təminatlı iş yerləri, dözülməz
yaşayış yerləri keçmiş müstəmləkələrindən
axın etmiş miqrantların vəziyyətini daha da pisləşdirirdi.
Almaniyada isə ümumiyyətlə axının
qarşısını almağa çağıran
şüarlar daha kəskin səslənməyə
başlayırdı.
Təcrübə
göstərir ki, müasir Avropada multikulturalizmin daha çox
miqrasiya ilə bağlı formalaşması məsələyə
düzgün yanaşılmamasından xəbər verir. Bu
istiqamətdə aparılan işlərin səmərəsizliyi
Fransa, Almaniya, Hollandiya, Belçika kimi ölkələrin
identiklik problemlərini ölüm-dirim mübarizəsinə
çevirməkdədir. Belə ki, Qərb nöqteyi nəzərində
mövcud olan multikulturalizm yüzilliklərlə formalaşan
Avropa dəyərlərinin və mədəniyyətinin itməsinə,
marginal qrupların aktivləşməsinə gətirib
çıxarmışdır.
Multikulturalizmi
tənqid edən daha çox mədəniyyətlərin
çoxəsrlik tarixi köklərinin dağıdılması
təhlükəsindən danışanlardır. Onların
fikrincə əgər aşağı səviyyəli mədəni
ünsürlər cəmiyyətdə üstünlük təşkil
etməyə başlasa, yüksək mədəni nailiyyətlərin
varlığı sual altında qala bilər. Təsadüfi
deyil ki, daha çox Qərbi Avropa ölkələrinin
xüsusən də, Angela Merkel, Nikola Sarkozi kimi siyasətçiləri
multikulturalizmin öz ölkələrində iflasa
uğradıqlarını qeyd edirlər. Onlar belə
düşünürlər ki, söhbət ölkələrin
daxili nizamına adapdatisya edən mədəni inteqrasiyadan gedə
bilər. Bu zaman assimiliyasiya təbii prosesdir.
Əksəriyyət
belə düşünür ki, multikulturalizm milli dövlətçiliyin
qarşısında ən böyük təhlükələrdən
biridir. Belə ki, multikultural cəmiyyət, ilk növbədə,
“üstün mədəniyyətin” olmadığı cəmiyyətdir.
Belə ki, bu cəmiyyətlərdə fərdin seçim
hüququ mədəniyyət anlayışını millət
anlayışı ilə müəyyənləşdirə
bilməz. Mədəni müxtəliflik təkcə etmik
müxtəliflik deyil, bu həm də həyat tərzindəki
fərqlilik, mədəni inkişaf meyillərində və
istiqamətlərində gedən fərqlilikdir. Mədəni
plüralizm mədəni “kimliyin” paralel şəkildə,
öz-özünə inkişaf etməsi ilə bərabər,
qarşılıqlı təsirin və dialoqun, mədəni
transformasiyanın mövcud olduğu mühitdir. Bu isə milli
özünüdərkə əsaslanan Avropa dövlətləri
üçün ağrılı məsələdir.
Beləliklə,
multikulturalizmlə bağlı siyasətin başlıca
problemi mədəniyyətlərin assimilyasiya məsələsinə
münasibətidir. Belə ki, miqrasiyaya məruz qalan ölkələr
onları daha assimilyasiyaya məruz qoya bilmirlər, ikincilər
isə ümumiyyətlə, bunu istəmirlər. Bu mənada,
Avropa ölkələri buraya axın edən müsəlmanların
adaptasiya problemlərinə görə ciddi narahatdırlar.
“Parıltılı Qərb mədəniyyəti” müsəlmanları
elə də təəccübləndirmir, mirqrantlar öz mədəni
fərqliliklərini qorumaqla, fərdiləşmiş və
demək olar ki, heç bir cəlbedici mədəni elementə
malik olmayan avropalılar kimi olmaq istəmirlər.
Sosial
inteqrasiyanın qarşısında sipər olan obyektiv və
subyektiv maneələr miqrantların qarşısında dilin
və müəyyən milli- məişət ənənələrinin
qorunub saxlanılmasına, çox vaxt da sosial- iqtisadi
mövqeyə görə cəlb edilən məxsusi etnik
birliklərin formalaşdırlmasına yol açır. Bu
gün belə birliklər dünyanın, demək olar ki,
bütün ölkələrində mövcuddur. Bu cür
dövlətlərdə hakimiyyət miqrantları cəmiyyətin
bərabərhüquqlu üzvlərinə çevrilməsi
üçün onların kimlik, fərqlilik hüquqlarının
mövcudluğunu təmin etməyə borclu hesab edirlər.
(ardı var)
Dünyamalı VƏLİYEV,
AMEA Şərqşünaslıq
İnstitutunun
Şərq-Qərb şöbəsinin
müdiri,
Gülşən SOLTANOVA, şöbənin
dissertantı
Xalq qəzeti.- 2016.- 23 aprel.- S.6.