Dünya turizminin yeni
ünvanı – Azərbaycan
Əsas məsələ
turizm sənayesini yaratmaqdır--həm daxili turizm, həm də
qonaqları qəbul etmək üçün. Bizim gözəl iqlimimiz, yay aylarında Xəzər
sahili, qış aylarında, dağlar, xizək kurortları
var. Bizim çoxlu tarixi abidələrimiz var. Nəinki
Bakıda, bütün bölgələrdə müasir
infrastruktur, otellər, yollar var. Ona görə bu istiqamətdə
görüləsi işlər hələ çoxdur.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Turizm artıq bütün
dünyada ən gəlirli sahələrdən biri kimi
geniş və sürətlə inkişaf edən iqtisadi sektor
hesab edilir. Onun davamlı
olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni
sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə
çevirib. Bu, özünü yeni iş yerlərinin
yaradılması, turizmlə bağlı müəssisələrin
və infrastrukturun qurulmasında göstərir.
Dünyada mövcud olan 11 iqlim qurşağının
9-nun ölkəmizdə olması nəinki yaz-yay, hətta
payız-qış istirahətinin də təşkilinə
imkan yaradır. Zəngin tarixi, mədəni irsimizə
maraq da son illər dünyanın hər yerindən
qonaqları ölkəmizə cəlb edir. Min bir dərdin
dərmanı olan mineral su qaynaqları, dünyada yeganə
müalicə nefti olan Naftalan, nadir qədim memarlıq abidələri,
özünəməxsus mədəniyyət, milli mətbəx
və bir çox digər amillər Azərbaycanda turizmin
bütün növlərinin inkişafı üçün
geniş imkanlar yaradıb. İyulun 10-da Prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında bu barədə ətraflı
danışan ölkə başçısı demişdir:
"...Son illər ərzində Azərbaycanın dünyada
tanıdılması istiqamətində çox böyük
işlər görülüb. Azərbaycanda
dünyanın diqqətini cəlb edən beynəlxalq tədbirlər
keçirilir. Misal üçün, bu il
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu
keçirilmişdir. Dünya miqyaslı tədbirdir.
Bir neçə il bundan əvvəl
"Eurovision", keçən il Avropa Oyunları
böyük marağa səbəb olmuşdur. Yəni
Azərbaycanı artıq tanıyırlar. Əlbəttə
ki, ölkəmizin tanıdılmasında "Formula-1"
yarışının xüsusi yeri var. ...Əgər
dünya çempionatı və Olimpiya Oyunları bir şəhərdə
bir dəfə keçirilirsə, yaxud da ki, indi bəlkə də
əlli ildə iki dəfə keçirilirsə,
"Formula-1" yarışı Azərbaycanda ən azı
bundan sonra dörd il keçiriləcəkdir. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, bu, şəhər
yarışıdır və Bakının gözəlliyi 500
milyon insan üçün artıq təqdim olunub".
Ölkə başçısı nitqində ölkəmizi
dünyada tanıtdırmaq üçün çox ciddi tədbirlər
görüldüyünü, təbliğat-təşviqat
işlərinin həyata keçirildiyini, vizalarla bağlı
problemlərin aradan götürüldüyünü,
"ASAN viza" xidməti yaradıldığını diqqətə
çatdırmışdır.
Turizm sahəsində Azərbaycanın rəqabət
imkanları çox yüksək olduğundan, deyə bilərik
ki, regionların inkişafı üçün məhz turizm
sənayesi həlledici əhəmiyyət kəsb edir. Təbii sərvətlərimiz,
rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici
turizm məhsulu yaratmaq üçün mühüm zəmindir.
Bununla bərabər, Azərbaycan dövləti
turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft
sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi
ilə bağlı görülən işlər, aparılan
islahatlar, qəbul edilən dövlət proqramları,
normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu
bir daha sübut edir. Bu tədbirlər nəticəsində
Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm
qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi
tanınmağa başlayıb və beynəlxalq turizm
bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin
olunur.
Turizmin inkişafına dövlət
qayğısının nəticəsidir ki, respublikamıza gələn
turistlərin və qonaqların sayı çoxalır. Fransa
Senatının Fransa-Azərbaycan dostluq qrupu (sədri Andre
Rişard) ilə respublika Mədəniyyət və Turizm
Nazirliyində keçirilən görüşdə Azərbaycan
ilə Fransa arasında mədəniyyət və turizm sahələrində
əməkdaşlığın vəziyyəti və gələcək
perspektivləri müzakirə edilib. Bildirilib
ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq
üçün geniş imkanlar mövcuddur.
Qarşılıqlı münasibətlərin
inkişafında Azərbaycanın birinci xanımı, Milli Məclisin
Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti,
həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycanda ekoloji turların təşkili çox
geniş yayılmışdır, bunlara təbii qoruqlara səfərlər,
trekkinq və alpinist marşrutları daxildir. Günorta çağı qum çimərlikləri, dənizdə
çimmək, Xəzəryanı istirahət mərkəzlərində
olmaq çox cəlbedicidir. İstər xarici
ölkə vətəndaşlarının Azərbaycana
istirahətə gəlişi, istərsə də ölkəmizin
vətəndaşlarına göstərilən xidmətin təşkilindən
çoxlu nümunə gətirmək olar.
Azərbaycanda turizm sahəsinə dövlət
qayğısı gündən-günə artır və
tezliklə iqtisadiyyatın mühüm sahələrindən
birinə çevrilməkdədir. Hazırda paytaxt
Bakıda və digər turist zonalarında çoxlu sayda
yüksək xidmət səviyyəsinə malik mehmanxanalar fəaliyyətdədir.
Onların sayı
500-ü ötmüşdür. Azərbaycanın ən məşhur
brend şəbəkəli mehmanxanalarından olan "Four
Seasons Hotel Baku", "Hyatt Regency", "JW Marriott Absheron
Baku Hotel", "Jumeirah Bilgah Beach Hotel", "Grand Hotel
Europe", "Hilton Baku", "Badamdar" və digərləri
diqqətçəkəndir.
Azərbaycanda turizm sahəsindəki davamlı
inkişafın nəticəsi kimi, peşəkar kadrlara olan
ehtiyac da sürətlə artmışdır. Bu ehtiyacın təmin
olunması məqsədilə 2006-cı ildən 200 tələbə,
1 fakültə və 3 ixtisasla Azərbaycan Turizm İnstitutu
(ATİ) fəaliyyətə başlayıb, Avstriyanın
İMC Krems Tətbiqi Elmlər Universiteti ilə bakalavr və
magistr hazırlığı sahəsində ikili diplom
proqramını uğurla həyata keçirməklə
yanaşı, Avropanın digər ali məktəbləri ilə
də sıx əməkdaşlıq edib. ATİ-ni
indiyədək 1064 məzun bitirib. Onlardan
97 nəfəri ATİ ilə yanaşı, Avstriyanın
İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alıb.
Lakin turizm sektorunda rəsmi olaraq işləyənlərin
sayı 10 min nəfərdən çoxdur. Həmin işçilərin əlavə təhsil
proqramı və qısamüddətli kurslar vasitəsilə
ixtisas artırmasına, yenidən hazırlanmasına (ixtisas dəyişməsinə)
nail olmaq üçün müvafiq işlər
görülüb. Bacarıqlı xidmət
personalının hazırlanması üçün 2008-ci ildə
ATİ-də Təlim Mərkəzi yaradılıb. Mərkəz
tərəfindən Bakı ilə yanaşı, turizm
potensialının yüksək olduğu bölgələrdə
də "Bələdçi", "Turoperator və
turagent" və "Qeydiyyat-ön büro" peşə
istiqamətləri üzrə kurslar təşkil olunub. Bələdçi kurslarını bitirmiş şəxslər
üçün Beynəlxalq Turizm Bələdçiləri
Federasiyası ilə birlikdə HOT 1 təlimi təşkil
edilib və onlar beynəlxalq sertifikatlar alıblar.
Ölkədə
turizmin inkişafı üçün müasir tələblərə
cavab verən kadrların hazırlanması prosesinin daha da təkmilləşdirilməsi
məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 22
dekabr 2014-cü il tarixli sərəncamı
ilə ATİ-nin bazasında Azərbaycan Turizm və Menecment
Universiteti yaradılıb. Bu, ölkə
Prezidentinin təhsilə, turizm sektorunun inkişafına,
ümumiyyətlə, ölkədə müasir menecment təcrübəsinin
tətbiqinə verdiyi böyük dəstəkdir.
Hazırda 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura
səviyyəsində 1747 nəfər, magistraturada 107 nəfər,
doktoranturada 61 nəfər və ilk peşə-ixtisas təhsili
üzrə Bakı Turizm Peşə Məktəbində 12
ixtisas üzrə 440 nəfər təhsil alır. Beləliklə, bu gün ATMU ailəsində
ümumilikdə 2355 gənc turizm sahəsi üçün
müxtəlif səviyyəli mütəxəssis kimi
hazırlanıb. İndiyədək ATMU-dan 1296 bakalavr və
70 magistr olmaqla cəmi 1366 nəfər məzun olub, onlardan 124
nəfəri ölkənin təhsil tarixində ilk dəfə
olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Tətbiqi
Elmlər Universitetinin diplomunu alıb. Hazırda
isə 113 tələbə bu proqram üzrə təhsilini
davam etdirir. Məzunların əksəriyyəti
ölkənin nüfuzlu turizm müəssisələrində
uğurla fəaliyyət göstərir. Universiteti
bitirən məzunlar Azərbaycan Turizm İnstitutunun Məzunları
Assosiasiyasını (ATİMA) yaradıb və onu
qeyri-hökumət təşkilatı kimi dövlət
qeydiyyatından keçiriblər. Məzunlar
bu gün nəinki Azərbaycanda, həmçinin
dünyanın müxtəlif ölkələrində
çalışır, təhsil alır və vətənimizi
uğurla təmsil edirlər.
Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət
zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət
göstərir. Bunlara misal olaraq Qafqaz Mehmanxanalar Şəbəkəsini,
Qəbələ şəhərindəki "Gabaland"
attraksionlar parkını, Qusar rayonundakı möhtəşəm
"Şahdağ" Qış-Yay Turizm Kompleksini, həm idmanla
məşğul olmaq, həm də turistləri qəbul etmək
üçün müvafiq infrastruktura malik 15-dən çox
Olimpiya İdman Kompleksini və digərlərini göstərmək
olar.
Ölkəmizdə
davamlı turizmə nail olmaq üçün qış turizm
bazasının yaradılması və mövsümlük
anlayışının aradan qaldırılması məqsədilə
yaradılan "Şahdağ" Yay-Qış Turizm Kompleksi
dünyadakı bu tipli komplekslərdən müasirliyi və
universallığı ilə fərqlənir. 2009-cu ilin
sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə
təməli qoyulan bu nəhəng obyektin tikintisi zamanı
ölkə başçısının görülən
işlərlə yerində tanış
olması məqsədilə həyata keçirdiyi səfərlər
dövlət tərəfindən turizmə göstərilən
qayğının bariz nümunəsidir.
"Şahdağ" Turizm Kompleksi Qusar rayonunun mərkəzindən
32 kilometr məsafədə Şahdağ Milli Parkının
yaxınlığında yerləşir. Dünyada ən
mükəmməl layihələrdən biri olan
"Şahdağ" Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən
bənzərsizliyi ilə fərqlənir. Bu
layihənin reallaşdırılması respublikamızda
dağ-xizək idmanı və digər qış idman
növlərinin inkişafı üçün hərtərəfli
imkanlar açıb. Kompleks Azərbaycan
tarixində ilk dağ-xizək kurortudur. Ölkə
Prezidenti İlham Əliyev Qusar rayonuna səfərləri
çərçivəsində kompleks ərazisində 2012- 2013-cü illərdə
bir neçə hotelin açılışında iştirak
etmişdir. Onu da deyək ki, bir neçə il
öncəyə kimi Azərbaycan vətəndaşları
qış mövsümündə turizm məqsədilə
digər ölkələrə üz tuturdular. Lakin artıq Azərbaycanda
iki qış turizm müəssisəsi fəaliyyət
göstərir: Qusarda "Şahdağ" Yay-Qış
İstirahət Kompleksi və Qəbələ rayonunda
2014-cü ilin yanvar ayında açılışı olan
"Tufan" Dağ-Xizək Mərkəzi. Bu
iri komplekslərin inşası göstərir ki, Azərbaycanda
təkcə yay turizminə alternativ turizm növlərinin də
inkişafına və bu sahədə infrastrukturun
yaradılmasına xüsusi diqqət göstərilir.
Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin
üstün istiqamətlərindən birinə çevrildiyinə
və ölkənin iqtisadi inkişafına böyük
perspektivlər açdığına dəlalət edir. Təsadüfi deyil ki, bu məsələyə
kompleks şəkildə toxunan ölkə
başçısı cari ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında demişdir: "...Əsas məsələ turizm sənayesini
yaratmaqdır -- həm daxili turistləri, həm də xarici
qonaqları qəbul etmək üçün. Bizim gözəl
iqlimimiz, yay aylarında Xəzər sahili, qış
aylarında dağlar, xizək kurortları var. Bizim çoxlu
tarixi abidələrimiz var. Nəinki Bakıda, bütün
bölgələrdə müasir infrastruktur, otellər, yollar
var". Artıq Azərbaycan dünya turizminin
perspektivli ünvanına çevrildiyindən bu istiqamətdə
görüləsi işlər, yəqin ki, hələ
çoxdur.
Ölkəmizdə Azərbaycanın turizm şirkətlərinin
və mehmanxanalarının birgə fəaliyyətini
özündə birləşdirən və hazırda 300-dən
çox üzvü olan Azərbaycan Turizm Assosiasiyası fəaliyyət
göstərir. Bu təşkilatın əsas məqsədi
dövlət sektoru ilə turizm sənayesi arasında
körpü rolunu oynamaq, üzvlərinin hüquqlarını
qorumaq və turizm sənayesinin təbliğatına dəstək
verməkdən ibarətdir.
Turizmin
inkişafı üçün mövcud olan dəyərləri
qorumaq, bütün regionlarda turizmin
balanslaşdırılmış səviyyədə
inkişafını təmin etmək, düzgün idarəetmə
və turizm ehtiyatlarından səmərəli istifadə
mexanizmlərini qurmaq üçün respublikanın
bütün bölgələrində müasir tələblərə
cavab verən, rəqabətədavamlı turizm xidməti sahələrinin
yaradılması zərurəti nəzərə alınaraq,
yaxın 10 ildə ölkədə turistlərə xidmət
yerlərinin sayının ciddi ölçüdə
artırılması nəzərdə tutulur. Turizm
sənayesinin inkişafı ilə bağlı aparılmış
tədqiqatların nəticələrinə görə,
2020-ci illərdə turizm təhsilinin müxtəlif səviyyələri
üzrə ixtisaslaşmış təxminən 70-75 min nəfərə
ehtiyac olacaqdır. Məhz bu ehtiyacı
ödəmək, regionlarda inkişafı peşəkarlarla
davamlı etmək üçün kompleks tədbirlərin
görülməsi nəzərdə tutulmuşdur.
Biz çox böyük inamla deyə bilərik ki, Azərbaycanda
turizmin inkişafı üçün geniş imkanlar
mövcuddur. Əldə edilən nəticələr, ölkəmizə
gələn turistlərin sayının ildən-ilə
artması da onu göstərir ki, bu istiqamətdə dövlət
və özəl sektorun apardığı birgə siyasət
öz səmərəsini verir.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.-
2016.- 13 avqust.- S.5.