Məmməd Araz poeziyası təsviri sənətdə

 

Soruşdum birindən: - Şairəmmi mən?

Özüm ki özümü öyə bilmərəm.

Cavabı asanca qopdu dilindən:

Hələ ölməmisən deyə bilmərəm…

 

Bəli, Məmməd Araz cismani olaraq aramızda yoxdur. Ancaq yaradıcı insanlar heç vaxt ölmürlər. Rəssamlıqda böyük sənət əsərlərinə bir baxış məsafəsi var. Sənət əsərlərinə həmin məsafədən baxsan, o əsər nöqsansız, bütöv və möhtəşəm görünər. M. Araz yaradıcılığı məhz belə  möhtəşəmliyi ilə seçilir. İllər bizi ondan nə qədər uzaqlaşdırırsa, o, öz möştəşəmliyini saxlayır və yaddaşlardan silinmir.

Mən M.Arazın həm kənd qonşusu, həm də redaksiya qonşusu olmuşam. Şahbuz rayonunun NursKülüs  kəndlərini bir-birindən ayıran Düz deyilən dağdır. Nəşriyyatda sağlamlığına görə tez-tez onu narahat etmirdim. Narahat edəndə də həmişə gülər üzlə, mehribanlıqla qarşılanırdım. Eyni mərtəbədə işləyirdik. O,  “Azərbaycan təbiəti” jurnalında, mən isə “Gənclik” jurnalında.

Poeziyanı sevmişəm. Tələbə vaxtında həmişə yeni şeirləri oxuyub müzakirə edirdik. Gənclərin əksəriyyəti bədii ədəbiyyatla maraqlanırdı. Bəlkə də o söhbətlərin, M. Araz əlinin istisindən idi ki, məndə onun yaradıcılığına təsviri-sənətdə poetik xətlər vasitəsilə ideyalar cücərdi və mən başladım konkret olaraq şeirlərinə illüstrasiyalar çəkməyə. Bu ideyalar məni o qənaətə gətirdi ki, bəli, heç nə hədər getmir.  Nə söhbətlər, nə də şeirlərin müzakirəsi, diskussiyalar.

Sovetlər dönəmində ən çox eşitdiyimizDünya mənim, dünya sənin, dünya heç kiminşeiri böyük sənətkarımız Niyaməddin Musayevin nəzərindən qaçmadı və mahnı bəstələyib ortaya çıxartdı. Mahnını yaşatmağı bacardı. Niyaməddin də bu mahnı ilə tarixə daha bir imza atdı.

Məmməd Araz poeziyasını, onun fəlsəfəsini, hər sətrində hikmət gizlənən sözləri duymaq, onu açmaq şairin aurasına daxil olmaq deməkdir. M.Araz kiçik bir qayanın döşündən qopub, böyük bir dünyanın mehinə döndü. Günəşin zirvəsindən nur alıb bu yurda səpələmək ona nəsib oldu. O, dünyanı həqiqət aynasında gördü və bizə çatdırdı:

 

Duman ömrü yaşadı şair.

Duman olum bir çəngə.

Mənim öz yağışım, öz qarım olsun.

İstədiyim yerə yükümü çəkən

Hökmüm, ixtiyarım, qərarım olsun.

 

Fərqli baxışla dünyaya baxan şair deyirdi:

 

Harda həyat başlanır ölüm bağışlanır,

Harda ölüm başlanır həyat bağışlanır.

 

Ölümdən sonrakı həyata, üçüncü bir yaranışa daha çox inanırdı Məmməd Araz. Qara torpaq üstündə üfüqə doğru yolla gedən, təbiətin özünü bir kitabxanaya, hər dərəni bir məktəbə, hər dağı bir müəllimə bənzədən şair deyirdi:

 

Dünyada bir damla olmaq istəsən,

Dünyaya sən ümman həvəsilə gəl !

 

M.Araz poeziyasının qüdrətini, səmimiliyini, onu duymaq bacarığını, sözün necə deyilməsini, bədii ifadəsini, fəlsəfi tutumunu hər oxucu duya bilmir. Onu gərək diqqətlə oxuyub şeirin içinə daxil olasan:

 

Kainat deyimmi mən şeirə, sözə,

Onun min düyünü, min açarı var.

Onu duya bilməz ondakı közə

Qəlbində köz töküb alışmayanlar.

 

Şairin bu fani dünyadan umacağı heç yox idi. İlahinin yaratdığı bütün sərvətlərin ən möhtəşəmlərindən idi bulaqlar.

 

Dağın o üzündən umacağım yox,

Dağın bu üzündə bulaqlar mənim.

 

Əlbəttə, su ilahi bir nemətdir. Müqəddəs Qurani Kərimdə (30/Ən-Ənbiya surəsi) deyildiyi kimi, “Hər bir canlını sudan yaratdıq”. İnsan bədəninin 80-85 faizi sudan ibarətdir.

Buynuzlu qeybətlər, cisimlər arası münasibətlər, dumanlı söhbətlər M.Araz yaradıcılığından yan keçməyib:

 

Sonradan anladım, xeyli sonradan,

Cibə girən olur gözə girənlər

 

Başqa bir şeirində isə:

 

Deyirəm qoltuğa girən adamdan

Yaxşıdır bir sınıq qoltuq ağacı.

 

M. Araz bəşərin uca fikir dağlarındandır. Onun poetik ifadələrinin alt qatında böyük hikmətlər var. O hikmətləri aforizmə, nəğməyə, musiqiyə, təsviri sənətə gətirmək isə bizim boynumuza düşür.

 

Gərəksiz adətlər, sədlərlə dolu,

Bir insan ömrünə sığa bilmirəm,

 

– deyən şair lazımsız, çürümüş adət-ənənələrə qarşı öz fikrini bildirmişdi. Amma onun izahını  açıb cəmiyyətə düzgün çatdırmaq lazımdır. Bizi irəli getməyə qoymayan bütün mənfi, lazımsız, qüsurlu “adət” sonradan ənənəyə çevrilən və “ənənə” kimi formalaşan bütün şeylərdən birmənalı şəkildə imtina etmək lazımdır.

M. Araz ömrünə sığa bilmədi, arzularının yelkəninə ömrü dayazlıq etdi. Bütün keçilməzliyə sinə gərdi. Bu gün o, yenə yaşayır və biz onunla, ruhunun qoyduğu ilahi kəlamları ilə danışırıq. Məmməd Araz şöhrətini yaşatdı.

 

Bir gün həyatımda yellər qopacaq,

Ömür öz tağından salacaq məni.

 

Ruhun şad olsun, Məmməd Araz!..

 

Kirman Abdin,

rəssam

 

Xalq qəzeti.- 2016.- 2 dekabr.- S.11.