“Mədəniyyətlərarası dialoqdan insan təhlükəsizliyinə, sülhdən davamlı inkişafa

 

UNESCO-nun Parisdəki baş qərargahında “İrs naminə birlik” kampaniyası çərçivəsində “Mədəniyyətlərarası dialoqdan insan təhlükəsizliyinə, sülhdən davamlı inkişafa” adlı konfrans keçirilib.

Konfrans zamanı bu təşkilatdakı daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimovun moderatorluğu ilə “Hədəfimiz irs: dialoq vasitəsilə irsin qorunması – yeni paradiqmalar axtarışında” adlı panel müzakirələri keçirilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, panel müzakirələrində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatının rəhbərləri iştirak ediblər.

Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, 2017-ci il mayın 5-6-da Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib. Nazir bugünkü mürəkkəb dünyada mədəni irs abidələrinin müdafiəsi, mədəniyyətlərarası dialoqun əhəmiyyətindən söz açıb. O, ölkəmizdə müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələrinin əsrlərdir sülh və əmin–amanlıq şəraitində bir ailə kimi yaşamasından danışıb. Ölkəmizin mədəniyyətlər və dinlərarası dialoq platformasına çevrildiyini vurğulayıb.

Digər natiqlər də mədəniyyətlərarası dialoqun əhəmiyyətinə toxunublar. Müzakirələrdə bildirilib ki, hazırda beynəlxalq ictimaiyyət Yaxın Şərq və digər bölgələrdə mədəni və dini irs abidələrinin qəsdən və vəhşicəsinə məhv edilməsi ilə üzləşir. Bu dağıdıcı prosesin əsas səbəbi hərbi münaqişələr və terrorçu qrupların fəaliyyətidir. Bu problemlər qlobal sülh və dinlərarası harmoniyanın qorunub saxlanmasına ciddi təhdidlər yaradır.

Panel müzakirələrin əsas məqsədi hədəfə alınmış irs abidələrinin qorunması üçün profilaktik vasitə kimi dialoqun rolunu vurğulayaraq, onların  qəsdən məhv edilməsinə qarşı mübarizədə yeni baxışlar irəli sürməkdir. Panel iştirakçıları təmsilçisi olduqları təşkilatların profilinə uyğun bu mövzuları təhlil ediblər.

Yüksək səviyyədə keçirilən panel müzaki-rələrində Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə ingilis və fransız dillərində hazırlanmış “Mədəniyyət mülkiyyətinin qorunması haqqında hərbi məlumat kitabı”nın təqdimatı olub. Bu kitab hərbi münaqişələr zamanı dini və mədəni irs abidələrinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

 

M.MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2016.- 8 dekabr.- S.7.