“Əl-Cəzirə” kanalında Azərbaycanın
uğurlarından bəhs edən daha bir reportaj yayımlanıb
“Əl-Cəzirə” kanalında Azərbaycanın uğurlu daxili və xarici siyasəti haqqında reportaj yayımlanıb.
Reportajda Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan ilə həmsərhəd olduğu və Xəzər dənizinə çıxışı qeyd edilir, Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı vurğulanır.
Reportajda Azərbaycanın prezident üsul-idarəsinə malik ölkə olduğu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafı, daxili siyasətin sabitliyi, hakim Yeni Azərbaycan Partiyası ilə bərabər, qanunverici orqanda müxalifət partiyalarının təmsil olunması və siyasi plüralizm mühiti barədə məlumat verilir.
Azərbaycanın qonşu dövlətlərlə əlaqələrdə, regional siyasətdə tarazlı və müvazinətli xarici siyasət həyata keçirdiyi qeyd olunur. Reportajda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Əl-Cəzirə” kanalının müxbiri Ömər Kaşramın “Azərbaycanın uğurlu xarici və regional siyasətinin sirri nədədir” sualına cavabında bildirir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, müstəqil xarici siyasət həyata keçirir, digər dövlətlərin daxili işlərinə qarışmır, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur.
Verilişdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Azərbaycanın üzləşdiyi ən ciddi problem olduğu qeyd edilib. Azərbaycanın bütün imkanlardan istifadə edərək münaqişəni həll etmək əzmində olduğu vurğulanır.
Qeyd edək ki, dekabrın 4-dən başlayaraq, “Əl-Cəzirə” kanalında Azərbaycan haqqında silsilə verilişlər yayımlanır. Dekabrın 4-də yayımlanmış reportajda Azərbaycanın iqtisadi inkişafından, ölkəmizdə neft-qaz sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da inkişaf etdirilməsindən danışılır. İqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin sənaye, turizm, gəmiqayırma, nəqliyyat və logistika sektorlarının inkişafı haqqında məlumat verilir.
AZƏRTAC
Xalq qəzeti
2016.- 8 dekabr.- S.7.