Milli tariximizin Heydər
Əliyev zirvəsi
Tarixin pəncərəsindən
bu dünyaya baxıb keçənlərin sayı sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki,
onlar, sadəcə, baxıb keçmir, öz
baxışları ilə bəşəriyyətin həyatını
dəyişəcək qədər güclü iz buraxıb
gedirlər. Ümummilli lider Heydər Əliyev
tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla
insanın qəlbində öz heykəlini ucaltmış və
müstəqillik tariximizin əbədiyyət simvoluna
çevrilmiş belə bir nadir simalardandır.
Müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusunun ömrü əbədiyyətə
qovuşsa da, onun yaratdığı çağdaş tarix
öz uğurlu yoluna davam etməkdədir. Hər ötən il Heydər Əliyev dühasının
böyüklüyünü, möhtəşəmliyini bir
daha üzə çıxarır. Zaman Heydər
Əliyevin siyasi baxışlarına daha dərin məna
qazandırır, Vətənimizin indisinə və gələcəyinə
onun çox möhkəm tellərlə bağlı
olduğunu daha aydın göstərir.
Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik
məkanda baş verən dəyişikliklər və
bütün bu təlatümlərin fövqündə dayanan
müasir dövlətçiliyimiz Heydər Əliyev tərəfindən
əsası qoyulmuş siyasi kursun
mükəmməl bir məntiqdən
–ulu öndərin zəkasından yoğrulduğunu bir daha
sübut edir.
Heydər Əliyevin keçdiyi həyat yolunun və
bütöv bir xalqın gələcəyini müəyyən
edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər
haqqında çoxsaylı dəyərli əsərlər
yazılır. Bu araşdırmalarda Heydər Əliyev ən yeni
tarixdə xalqımızın yetişdirdiyi ən
böyük düha sahibi kimi xarakterizə olunur. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə
Azərbaycan kontekstində deyil, daha geniş miqyasda–XX əsrin
qlobal siyasi aynasında baxmaqla, dünya siyasətinin
formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə
bir sırada nəzər salmaqla onun siyasi portreti daha önəmli
cizgilərlə zənginləşir.
Məhz bu rakursda biz Heydər Əliyevi bütün
ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında,
onun yaradıcıları və yönləndiricilərinin
ön sıralarında görürük. Xüsusən,
sovet dövrünün son illərində, kommunist
ideologiyasının çöküşü fonunda
yürüdülən bədnam “Qorbaçov yenidənqurması”
siyasətinə qarşı çıxması və
heç kim tərəfindən
anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən
imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini
düzgün müəyyən edə bilən yeganə sovet
siyasətçisi kimi tanıdır.
Hadisələrin sonrakı
inkişafı da göstərdi ki, sovet liderləri arasında
postsovet məkanında müstəqilləşmə
epoxasının zərurətlərini duyan və siyasətdə
yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən,
yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə
gətirən yeganə siyasətçi məhz Heydər
Əliyev oldu.
Bu baxımdan,
öz dövrünün ən xarizmatik dövlət
xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər
Əliyev ümumbəşəri dəyərlərin
daşıyıcısı missiyasına yüksələn
universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə
sığmayaraq ümumdünya kontekstinə
çıxır.
Görkəmli dövlət
xadimi Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən,
XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə, XX əsr
bəşər tarixində bir çox təlatümlü
hadisələrin baş verdiyi, iki dünya müharibəsinin
od ələdiyi, çoxsaylı milli dövlətlərin
meydana gəldiyi, siyasi və iqtisadi böhranların və
eyni zamanda, dünya
inkişafına təkan verən proseslərin
yaşandığı qlobal ziddiyyətlərlə dolu
dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər
dünyanın bugünkü mənzərəsini ərsəyə
gətirməklə yanaşı, həm də siyasətdə
aparıcı şəxsiyyətlərin dövlətlərin
və bütövlükdə, bəşəriyyətin
taleyində nə qədər önəmli rol
oynadığını göstərdi.
Bu yüzillikdə bəşəriyyət
məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli,
odlu-alovlu dünyadan nisbətən sabit və dayanıqlı
dünyaya keçid aldı. XX əsrin tarixi məhz
şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz
bir dövr oldu. Bu tarixi Atatürksüz,
Çörçillsiz, de Qollsuz, Kennedisiz, Mandelasız və
eləcə də Heydər Əliyevsiz təsəvvür və
şərh etmək mümkün deyil. Tarixi sınaqlar
qarşısında dünyanı və öz
xalqlarını məhv olmaq təhlükəsindən
böyük siyasi məharət hesabına
çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər
XX əsrin müxtəlif dövrlərində təkcə
öz ölkələrinin deyil, həm də regionun və bu
regionda yaşayan xalqların tarixində dönüş
yaratmağa nail oldular.
XX əsrin
böyük siyasi xadimlərindən biri kimi tanınan Uinston
Çörçill siyasi karyerasının ən yüksək
pilləsində bütün bəşəriyyəti təhdid
edən şər qüvvə ilə–imperialist
işğalçılığının ən qəddar
forması olan faşizmlə üz-üzə qalmışdı. Faşist Almaniyası artıq Britaniya şəhərlərini,
Londonu bombalayırdı. Belə bir çətin
məqamda düşmənin amansız həmlələrinin
qarşısını almaq, təcavüzə məruz
qalmış xalqı ruh düşkünlüyündən
çıxarmaq, ümummilli müqavimət hərəkatını
formalaşdırmaq Britaniya hökumətinin
qarşısında duran ən başlıca vəzifə idi.
Məhz Çörçillin uzaqgörən
siyasi gedişləri və qətiyyətli siyasi duruşu nəticəsində
faşist Almaniyasına qarşı çox güclü
ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu.
Zaman və geosiyasi faktorlar baxımından fərqli
olsa da, hadisələrin kökündə dayanan səbəblər
və təhlükənin miqyası baxımından müstəqilliyimizin
ilk illərində qarşılaşdığımız təhdid
və təhlükə ötən əsrin 40-cı illərində
Britaniyanın üzləşdiyi təhlükədən
çox da fərqlənmir.
Öz şovinist ideoloji
baxışlarına görə mənfur erməni millətçiliyi
faşist düşüncəsindən heç də geri
qalmır. Ermənistan rəhbərliyinin
Avropa Şurasının tribunasından azərbaycanlılarla
ermənilər arasında etnik uyuşmazlığın
mövcudluğunu iddia etməsi elə nasistlərin “ari”lərlə
başqa millətlərin uyuşmazlıq düşüncəsinin
eynidir. Buna görə də Azərbaycanın
üzləşdiyi təcavüz və ermənilər tərəfindən
milli ayrı-seçkilik zəminində etnik təmizləmə
siyasəti artıq, sadəcə, milli təhlükəsizliyimizi
deyil, eyni zamanda, bəşəri dəyərləri də təhdid
edən, beynəlxalq hüquqa zidd olan təhlükəli
tendensiya xarakteri almışdı.
Belə bir məqamda erməni
faşizminə qarşı ümummilli cəbhənin
formalaşdırılması məhz Heydər Əliyev şəxsiyyətinin
qüdrəti idi. Xüsusilə, 1993-cü ilin payızında
düşmən hücumlarının kəskinləşdiyi
məqamda ümummilli liderin xalqa müraciətini
xatırlatmaq yerinə düşər. Dağlıq
Qarabağ ətrafındakı rayonların
işğalından sonra Tərtər, Ağcabədi, Beyləqan-
istiqamətində erməni qoşun birləşmələrinin
aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin
ən yüksək şəkildə təşkili zərurətini
yaratmışdı.
O zaman Heydər Əliyevin
soyuqqanlı və bir o qədər də qətiyyətli,
xalqın vətənpərvərlik hisslərini
alovlandıran müraciətindən sonra qısa zaman ərzində
cəbhədə əhəmiyyətli dönüş
yarandı, Füzuli istiqamətində düşmən
tapdağında olan bir sıra məntəqələrimiz
işğaldan azad olundu. Cəbhədə
yaranan dönüş tez bir zamanda düşməni atəşkəs
sazişi imzalamağa məcbur etdi. Məhz
bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid
mərkəzdən idarə olunan ordu quruculuğuna start
verildi.
Bu epizodlarda iki fərqli
zamanda, dövlətçiliyin məhvolma təhlükəsi
ilə üzləşdiyi ən çətin məqamlarda
tarixi şəxsiyyətlərin üzərinə
götürdükləri missiyanın xalqların taleyində
nə qədər mühüm rol oynadığını
görürük. Öz xalqlarının taleyüklü məqamlarında
göstərdikləri cəsarət, siyasi qətiyyət və
əzmkarlıq keyfiyyətləri hər iki siyasət
adamını bəşər tarixində öz dəst-xətti
olan görkəmli siyasi xadimlər kimi tanıtdırır.
XX əsrin aparıcı
şəxsiyyətlərindən sayılan Şarl de Qoll
“militarist” Avropanın demokratikləşən Avropaya
transformasiyasında həlledici rol oynamış siyasi xadimlərdən
biridir. Bəzi hallarda aşırı milliyətçiliyə
əsaslanan siyasət yürütdüyü iddia olunsa da, de
Qollun XX əsrin ən görkəmli siyasət adamlarından
biri olduğunu inkar etmək mümkün deyil. İkinci dünya müharibəsi zamanı
Fransanın faşizm işğalına düçar
olduğu bir vaxtda onun rəhbərliyi ilə yaradılan Azad
Fransız Qüvvələri Fransanın nasist Almaniyasına
qarşı mübarizəsində başlıca hərəkətverici
qüvvə oldu. Xüsusilə, müharibənin
başlanğıc illərində de Qollun Fransa xalqına
davamlı radio müraciətlərinin düşmənə
qarşı müqavimət hərəkatının
formalaşmasına təkan verən əsas səbəb
olduğunu bugünün tarixçiləri və siyasət
adamları qələbənin əsas amili kimi dəyərləndirirlər.
Zaman-zaman Azərbaycan dövlətçiliyinə
qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin
müstəqilliyimizin və gənc dövlətimizin məhv
olması təhlükəsini ortaya
çıxardığı anlarda Heydər Əliyevin fövqəladə çevikliklə
öz qətiyyətli mövqeyini birbaşa xalqa
ünvanlaması və bütün xalqı təhlükəyə
qarşı birləşdirməyə nail ola bilməsi də
onun siyasi cəsarətinin və xalqla rəhbər arasında
qarşılıqlı inamın nadir nümunəsidir.
1994-cü ilin oktyabrında Surət Hüseynovun
tör-töküntü ətrafı və Xüsusi Təyinatlı
Polis Dəstəsinin
xarici dövlətlərin kəşfiyyat idarələri
ilə birgə ölkəmizdə dövlət
çevrilişi cəhdinə qarşı Heydər
Əliyevin inamlı duruşu yaxın tariximizdə ən
parlaq siyasi qətiyyət
nümunəsidir.
Oktyabrın 4-də axşam
televiziya və radio ilə xalqa müraciət edən Heydər
Əliyev böyük natiqlik məharəti ilə dövlətçiliyimizin
təhlükə altında olduğunu açıq şəkildə
ifadə edərək milli maraqlarımızın müdafiəsi
naminə insanları Prezident Administrasiyasının
qarşısına səslədi. Dərhal bu
çağırışa səs verən on minlərlə
Azərbaycan vətəndaşı Prezident
Administrasiyasının qarşısına toplaşaraq
dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə
eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin
yaradılmasını təmin edən Xalq – Heydər birliyi
dövlət çevrilişinin qarşısını
aldı. Örnək gətirdiyimiz belə
faktlar xalqların taleyinin müəyyənləşdiyi həlledici
məqamlarda tarixi şəxsiyyət amilinin nə qədər
önəmli rol oynadığını göstərir.
Bu kontekstdə Heydər
Əliyev və Şarl de Qoll kimi iki tarixi şəxsiyyəti
birləşdirən mühüm bir keyfiyyət–öz
xalqlarının ən çətin anlarında onları
dövlətçilik naminə səfərbərliyə
ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və
xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu keyfiyyət həmin
tarixi şəxsiyyətlərin uzaqgörən siyasi
gedişlərinə uğur gətirərərək toplumun
bir ideya ətrafında sıx birləşməsinə rəvac
verdi. Eyni zamanda, Şarl de
Qoll və Heydər Əliyev bir-birindən fərqli
situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən
demokratik təsisatlara keçməyin tarixi
labüdlüyünü vaxtında dərk etdilər və bu
mütərəqqi prosesin təşkilatçıları
oldular.
Məşhur çex
dissidenti və siyasətçisi Vaslav Havel Heydər
Əliyevlə eyni siyasi dövrün hadisələrinə
şahidlik etmiş görkəmli şəxsiyyətlərdəndir. Sovet
imperiyasının Şərqi Avropada mövqelərini
möhkəmləndirməsindən sonra aktiv siyasi mübarizə
meydanına atılan Havel uzun illər regionun kommunist
totalitarizmindən qurtulmasında, Şərqi Avropa dövlətlərinin
bu imperiyadan asılılığına son qoyulmasında
müstəsna rol oynamışdır. Xüsusilə,
Sovet İttifaqının çökməsi ərəfəsində
Şərqi Avropada baş qaldıra biləcək etnik
münaqişələrin qarşısını almaq,
Çexiya və Slovakiyanın sülh şəraitində
müstəqil dövlətlər kimi dünya birliyinə
inteqrasiyasına zəmin formalaşdırmaq Vaslav Havelin
sülhpərvər siyasətinin prioritet istiqamətləri
idi.
Vaslav Havellə Heydər Əliyevi
birləşdirən ortaq məziyyət isə bu tarixi şəxsiyyətlərin
uzun müddət ərzində kommunist ideologiyası
sırınan cəmiyyətlərə demokratik prinsipləri
və Avropa dəyərlərini aşılaya bilmək
qabiliyyətləridir. Azərbaycan hələ müstəqilliyini
bərpa etməzdən əvvəl Sovet ideologiyasının
artıq yeni zamanın reallıqları ilə
ayaqlaşmadığını və məhvə məhkum
olduğunu dəfələrlə bildirən Heydər
Əliyev hakimiyyətə dönüşündən sonra
demokratik dəyərləri, hüququn aliliyi prinsipini dövlət
siyasətinin aparıcı xəttinə çevirdi. Ulu öndər ölkədə hakimiyyətin
üç əsas qolunun – qanunvericilik, icra və məhkəmə
hakimiyyətinin demokratik prinsiplər əsasında təşkilini
təmin etdi, siyasi partiyaların fəaliyyətinə
geniş zəmin yaradaraq, hakimiyyətin sağlam siyasi
mübarizə yolu ilə formalaşdırılmasının əsasını
qoydu.
Həyat və mübarizə
yollarına nəzər saldığımız liderlər fəaliyyət
göstərdikləri məkanın coğrafi sərhədlərini
aşaraq, universal düşüncə sahibləri,
dünyanın yeni sosial yaşam və yeni siyasət
reallıqlarını ərsəyə gətirən
yaradıcı insanlar kimi tanınmışlar. Onlar
üçün məkan və zaman fərqi yoxdur. Bu
baxımdan, Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər
və siyasi qabiliyyətlər ona istənilən siyasi
mühitdə və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək
pilləsində qərarlaşmağı təmin edə bilərdi.
Belə bir dühanın məhz Azərbaycan
xalqına mənsub olması və özündən sonra bu
xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə
hesablanmış siyasi irs qoyması,
bütövlükdə, xalqımızın milli uğuru və
iftixar mənbəyidir. Müasir dünya tarixində
yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə
ortaq məziyyətlər daşıdığı və bəzi
hallarda isə həmin siyasi xadimləri belə üstələyən
keyfiyyətlərə malik olduğu üçün Heydər
Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan
xalqının hər zaman fəxr edəcəyi və həyat
yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Bütün
oxşarlıqlarla yanaşı, Heydər Əliyev şəxsiyyətinin
özünəməxsusluğu da xüsusi əhəmiyyət
kəsb edir.
O, bir çox siyasətçi müasirlərindən fərqli
olaraq təkcə öz dövrünün deyil, daha geniş
zaman çərçivəsində baş verən
ictimai-siyasi proseslərin axarını müəyyən edə
bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin
rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir. Heydər Əliyev təkcə gələcəyi
görmür, həm də onu yaradırdı: Bu dahi insan
sabaha doğru gedən yolu açır və insanları o
yolla getməyə səfərbər edirdi.
Ümummilli lider Heydər
Əliyevlə, eyni zamanda, SSRİ-nin siyasi elitasının ən
yüksək pilləsində qərarlaşmış siyasətçilər
– Leonid Brejnev və Mixail Qorbaçov bu gün siyasət
tarixində ən miskin fiqurlar kimi görünürlər. 18 il ərzində
Sovet İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi
retrospektiv baxımdan dəyərləndirməli olsaq, onu, əslində,
Sovet İttifaqını durğunluğa düçar
etmiş siyasətçi kimi xarakterizə etmək
mümkündür. Leonid Brejnev başında
dayandığı siyasi rejimi yalnız mühafizəkar
qaydalarla idarə etməyi bacaran, dövlətin təkamül
və tərəqqi qanunlarını bilməyən, istənilən
yeniliyi yaxına buraxmayan tipik bir “homo-sovietikus” idi.
Onun şəxsində bir
siyasət adamı üçün həyati vacib olan siyasi qətiyyət,
xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək,
ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək
qabiliyyətini görmək olduqca çətindir. Lakin az sonra eyni siyasi
piramidanın kifayət qədər nüfuzlu və məsuliyyətli
pilləsində dayanmış Heydər Əliyevin o
zamankı və sonrakı həyat yoluna nəzər
saldıqda tamamilə fərqli bir mənzərənin
şahidi oluruq. Heydər Əliyevin istər Azərbaycan
SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet
İttifaqının rəhbərliyində təmsil
olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və
yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından fərqli
olaraq, xarizmatik lider imici qazandırmışdı.
Bütün siyasi karyerası boyunca
Heydər Əliyevə qarşı qısqanc münasibətin,
zaman-zaman edilən xəyanətlərin kökündə də
məhz onun öz zəhməti ilə qazandığı
böyük nüfuzun yaratdığı “təhlükə”
dayanırdı. SSRİ-nin sonuncu rəhbəri
Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli
münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi
vəzifənin məsuliyyəti arasında dərin
uçurum olan bu şəxsin parlaq zəkaya malik bir şəxsiyyətə
– Heydər Əliyevə qarşı qərəz və kini də
məhz həmin “təhlükə” duyğusundan
qaynaqlanırdı.
Nahaq yerə deyilmir ki, zaman tarix
boyunca əsl həqiqətləri üzə çıxaran,
kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir. Tarixin üzə
çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə
böyük bir dövləti dağıdan, əli öz vətəndaşlarının
qanına bulaşan cinayətkar bir şəxs kimi, Heydər
Əliyev isə dövlətini yenidən quran, onun müstəqilliyini
əbədi və sarsılmaz edən şəxsiyyət kimi
yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının
süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin
bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda
tutduqları yer həmin dövlətlərə
başçılıq etmiş şəxslərin
seçdikləri siyasi xətlə birbaşa
bağlıdır. Bunu postsovet ölkələrinin
keçmiş rəhbərlərinin fəaliyyətinə və
həmin ölkələrin bu günkü siyasi-iqtisadi durumuna
nəzər saldıqda daha aydın görmək
mümkündür. Belə bir müqayisədə
də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi
ilə üzə çıxır. Həm
də bir faktı nəzərdən qaçırmaq olmaz ki,
Azərbaycanın yerləşdiyi geopolitik məkan digər
postsovet ölkələrindən öz mürəkkəbliyi
və həssaslığı ilə fərqlənir.
Görünür, bu
çürük siyasətin, daha doğrusu, siyasətsizliyin, öz ölkəsini böyük fəlakətlərə
sürüklədiyini nə Ermənistan hakimiyyəti, nə
də erməni xalqı əməlli-başlı dərk edir.
Lap yaxın dövrdə Qərblə Şərq arasında
geopolitik çəkişmələrin qurbanına
çevrilmiş Ukraynanın da durumu ürəkaçan
deyil. Bu dövləti 20 ildən çox müstəqillik
dövrü ərzində idarə etmiş siyasətçilər tərəfindən
yürüdülən siyasi kursun dəyəri, daha
doğrusu, dəyərsizliyi bu gün göz
qabağındadır. Bütün bu illər ərzində
formalaşan kövrək siyasi vəziyyət, xaotik siyasi
gedişlər fonunda daim tənəzzülə gedən
iqtisadi durum və davamlı hakimiyyət dəyişmələri
bu gün Ukrayna dövlətçiliyinin möbcudluğunu belə
təhlükə altına almışdır.
Ukraynada baş verən hadisələr bir çox cəhətlərinə
görə Azərbaycan--Ermənistan münaqişəsini
xatırladır. Lakin ən böyük fərq
ondan ibarətdir ki, cərəyan edən dramatik hadisələrin
səhnəsində bu hadisələri cilovlayıb
dayandırmağa və bütün vətəndaşları
Ukrayna xalqının milli maraqları ətrafında birləşdirməyə
qadir olan siyasi lider yoxdur. Ukrayna
xalqının avtoritarizmdən qurtulduğu bu həssas məqamda
Ukraynaya məhz Heydər Əliyev kimi lider hava və su kimi
lazım idi.
Belələiklə, Heydər
Əliyevdən başqa, vaxtilə sovet dövləti rəhbərliyində
– Siyasi Büroda olmuş bütün siyasətçilərin
adlarını əlahəzrət tarix qısa müddət ərzində
yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi və
siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna
çevrilə bilmədi. Yalnız dünya inkişafının
perspektivini aydın
görən, ona doğru addımlayan və ölkəsini,
xalqını ona doğru istiqamətləndirən Heydər
Əliyevin uzaqgörən siyasəti müasir Azərbaycanın
dünya birliyinə təbii inteqrasiyasını təmin edərək, onun müstəqilliyini əbədi
və dönməz prosesə çevirdi.
Heydər Əliyev Azərbaycan
xalqının rifahını, milli dövlətçiliyimizin
daha da güclənməsini hər şeydən üstün
tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son
on ilində Heydər Əliyevin fəaliyyəti hətta bir
insan ömrünə sığmayacaq qədər zəngin
oldu. Xarici ölkələrə etdiyi davamlı
səfərlərlə, daxili və xarici siyasətimizin
dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin
yenidən qurulmasına rəhbərlik etməklə, Heydər
Əliyev yeni Azərbaycanın əsasını qoydu.
İstənilən böhrandan
sabitliyə keçidin uzunmüddətli və
ağrılı proses olduğu şübhəsizdir. Heydər
Əliyev uzaqgörən siyasi gedişləri ilə
bugünkü sabitliyi qısa zaman kəsiyində bərqərar
etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində
problemlər yaratmasına baxmayaraq, böyük rəhbər
Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı.
Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında xidmətləri, regionda sabitliyin
bərqərar olunmasında oynadığı rol bir çox
tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və
yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş
Prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: “Heydər
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən
əsas şəxsiyyət olmuşdur. Onun
mövqeyi və göstərdiyi səylər Azərbaycanın
iqtisadi inkişafını möhkəmləndirən
böyük həcmli xarici sərmayələrin cəlb
olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın
XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait
yaratmışdır”.
Bu fikirlər Heydər Əliyev tərəfindən
yürüdülən siyasətin ölkə daxilində
sabitliyə və iqtisadi inkişafa təkan verdiyini ifadə
etməklə yanaşı, onun, bütövlükdə,
regional müstəvidə kəsb etdiyi sülhyaradıcı
və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini
də bir daha təsdiqləyir. Böyük
Britaniyanın keçmiş Baş naziri Toni Bleyer də Heydər
Əliyev haqqında fikirlərini bölüşərkən
sabitlik faktorunu xüsusilə vurğulayıb: “Heydər
Əliyev Azərbaycanın böyük lideri idi. O,
böhranlar dövründə öz ölkəsinə sabitlik
gətirdi. Azərbaycan xalqı onun qoyduğu
irs ilə fəxr edə bilər”.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə
Azərbaycan, region və ümumdünya kontekstində
yanaşaraq bildirib: “Heydər Əliyev Azərbaycanın
xoşbəxtliyi və firavanlığı, bölgədə
və dünyada sülh naminə göstərdiyi fövqəladə
xidmətlərlə türk və dünya tarixində şərəfli
yer tutmuşdur”.
Doğrudan da, Heydər
Əliyev öz xalqının tarixi köklərinə
bağlı olan elə bir şəxsiyyətdir ki, o,
bütün siyasi fəaliyyəti ərzində türk
dünyasının birliyinə, bütövləşməsinə
və vahid güc mərkəzinə çevrilməsinə
böyük inam bəsləmiş və bu prosesin də
davamlı inkişafına çalışmışdır.
Ümummilli lider Heydər
Əliyevin bənzərsiz şəxsiyyəti o qədər zəngindir
ki, istənilən aspektdən yanaşdıqda, onun intəhasız
fəaliyyətinin okeana bənzər hüdudlarına
çıxa bilirsən. Öyrənildikcə öyrənilən,
heç zaman tükənməyən Heydər Əliyev irsi,
onun yaradıcı zəkası hələ uzun illər
çoxtərəfli araşdırmaların mövzusu olacaq.
Və hər zaman bu şəxsiyyətin tarixdə
oynadığı əhəmiyyətli rol daha dərin və
daha geniş məzmunda,
konseptual şəkildə açılacaq.
Bir həqiqət
isə heç zaman dəyişməyəcək: Heydər
Əliyev müasir Azərbaycanın qurucusu, ümummilli lideri
olmaqla yanaşı, həm də tərəqqi və ədalət,
sülhpərvərlik və humanizm ideyalarına, bəşəri
dəyərlərə əsaslanan genişspektrli fəaliyyəti
ilə dünya tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərin
ön sırasında layiqli yerini qoruyub saxlayacaq!
Cavanşir
FEYZİYEV,
Milli Məclisin
deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.-
2016.- 11 dekabr.- S.1, 2.