Multikulturalizmin Azərbaycan modeli
qlobal proseslərin çağırışına cavabdır
Dövlət,
ölkə nə qədər çox xalqı birləşdirsə,
bir o qədər zəngin olur, çünki onların hər
biri... ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir.
Heydər
ƏLİYEV
Ümummilli lider
İyirmi beş yaşlı müstəqil
dövlətimiz bu gün beynəlxalq
aləmdə bir neçə cəhətdən özünəməxsus
nüfuz sahibinə çevrilib. Çəkinmədən
deyə bilərik ki, həmin cəhətlərin ən
mühümlərindən biri çoxmədəniyyətlilikdir.
Beynəlxalq aləmdə multikulturalizm kimi qəbul
edilən həmin həyat tərzi Azərbaycan xalqının
yüz min illərlə ölçülən tarixində
daim olub. Ancaq SSRİ-nin çökməsindən
sonra postsovet məkanının bütün ölkələrində
olduğu kimi, Azərbaycanda da çoxmədəniyyətlilik
ciddi təhlükə altına düşmüşdü.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı cəmiyyət həyatının
bütün sahələri kimi, ənənəvi Azərbaycan
çoxmədəniyyətliliyini də xilas etmişdir.
Qloballaşma şəraitində
bütün millətlər, dövlətlər və
sivilizasiyalar bir-biri ilə fəal qarşılıqlı əlaqədə
olur, iqtisadi və siyasi sistemlərin rəhbər tutduğu
qaydalar və normalar bir-birinə yaxınlaşır, lakin hər
hansı sivilizasiya öz identikliyinin əsaslandığı
mədəni dayaqlara yüksək dəyər verir. Müasir
situasiya qlobal inteqrasiya proseslərində mədəniyyətlərarası
əlaqələrin rolunun güclənməsi ilə
yanaşı, eyni zamanda, əhalini diferensiallaşdıran və
bir-birindən ayıran amillərin rolunun artması ilə
xarakterizə olunur. Bu halda multikulturalizm həmin
təhlükəli tendensiyaya liberal-demokratik
qarşıdurmanın ən effektli üsullarından birinə
çevrilir.
Multikulturalizm
anlayışının fərqli səviyyələri
mövcuddur, bunlara görə o, yalnız sosial diskurs, mədəni
plüralizm dəyərini tanıyan nəzəriyyə və
ya ideologiya deyil, həm də onun işləyib
hazırladığı, onun prinsiplərinin praktik tətbiqinə
istiqamətlənmiş siyasət kimi təsəvvür
olunur. Bu, dövlətlər və etno-mədəni
azlıqlar arasında, eləcə də bu azlıqların
özləri tərəfindən münasibətlərin
harmonikləşdirilməsinə yönəlik olmaqdan ibarətdir.
Multikulturalizm siyasəti hakim və minoritar mədəniyyətlərə
bərabər, dəyərli və inkişafa eyni dərəcədə
hüququ olan mədəniyyət kimi baxmaqla, müasir
dünyada ksenofobiya, ekstremizm və terrorizm kimi təzahürlərlə
sıx bağlı olan assimilyasiyaya qarşılıq olaraq
onların inteqrasiyasını təklif edir.
Multikulturalizmin başlıca
üstünlüyü ondan ibarətdir ki, o, bu və digər
mədəniyyətin daşıyıcısının
özünü müdafiə olunmuş hiss etdiyi, onun
identikliyinin xarici təsirə məruz qalmadığı bir
cəmiyyət yaratmağa imkan verir. Almaniya, Böyük
Britaniya və Fransa kimi aparıcı Qərb ölkələrinin
liderləri öz ölkələrində multikulturalizm siyasətinin
iflasa uğradığını bəyan edirlər. Çünki çoxmədəniyyətlilik
faktı olaraq multikulturalizmin Qərbin heç vaxt bilmədiyi
miqyasdakı bir gerçəkliyi ortaya
çıxmışdır. Ardı-arası
kəsilməyən, ən müxtəlif soylu milyonlarla miqrant
axınlarının mədəni inteqrasiyaya cəlb etmək
obyektiv olaraq mürəkkəb məsələdir. Bu mənada multimədəniyyətliyinin alternativi
çətin ki, artıq mövcud olsun.
Multikulturalizm
konsepsiyasının davamı, heç şübhəsiz,
tolerantlıqdır, bu, UNESCO-nun Baş Konfransı tərəfindən
1995-ci ildə qəbul edilən Tolerantlıq Prinsipləri Bəyannaməsinə
uyğun olaraq, bizim dünyamızın mədəniyyətlərinin
zəngin müxtəlifliyinə, bizim özünüifadə
formalarımıza və insani fərdiliyin təzahür üsullarına
hörmət etmək, onu qəbul etmək və düzgün
anlamaq deməkdir.
Beləliklə, sosiumun belə
bir yeni polikültür halının qəbulunu təklif edən
multikulturalizmin başlıca paradiqması cəmiyyətdə
var olan bütün mədəniyyətlərin nominal deyil,
faktiki bərabərlik praktikasını nəzəri
baxımdan əsaslandırır. Simvolik mədəniyyətlər
proqramının daşıyıcısı olmaqla, cəmiyyət
yalnız onu təşkil edən etnosların, onların dillərinin
və mədəniyyətlərinin qorunub saxlanması,
qarşılıqlı əlaqədə olması və tərəqqisi
şəraitində yenilənə və inkişaf edə bilər.
Bütövlükdə, multikulturalizm –
çoxlu sayda müxtəlif soylu etnik bir həyati məkanda
sülh şəraitində birgəyaşayışın nəzəriyyəsi,
praktikası və siyasətidir. O, fərqliliklərə
hörməti təsdiq edir, lakin bununla yanaşı,
universallıq axtarışlarından imtina etmir. Yəni, mədəniyyətlərin
qarşılıqlı əlaqəsi subordinasiya yolu ilə
deyil, koordinasiya vasitəsilə baş verir.
Multikulturalizm yetərincə mürəkkəb və
ziddiyyətli təzahürdür. Bu konsept, eləcə
də, konkret ərazidə milli azlıqlara və mövcud
etnik qrupların sosial-demoqrafik xüsusiyyətlərinə
münasibətdə dövlət siyasətini də ifadə
edir. Əgər ölkədə
xalqların birgə yaşayışının müsbət
təcrübəsi yoxdursa, dövlət belə bir siyasəti
uğurla yürüdə bilmir.
Azərbaycan Respublikasının isə
belə bir üstünlüyü vardır: Bu müstəvidə
multikulturalizm siyasətinin qurulması üçün təməl
rolunu oynayan tarixi və mədəni irs
bütün sahələrdə böyük uğurlara gətirib
çıxarır.
Multikulturalizm Azərbaycan
üçün öz keçmişi və hazır vəziyyəti
ilə yeni bir hal deyil. Ölkədə qədimdən bəri
eyni mülki hüquq və azlıqlardan, o cümlədən
öz mədəniyyətini qoruyub saxlamaq və inkişaf
etdirmək, öz dininə bağlı olmaq və ya dindən
kənarda qalmaq hüququndan faydalanan fərqli etnik və
konfessional qrupların təmsilçiləri yaşamaqdadırlar.
Azərbaycan Respublikası polietnik dövlətdir,burada azərbaycanlılarla
yanaşı, udilər, ingiloylar, qrızlar, buduqlar, tatlar,
talışlar, ləzgilər kimi avtoxton, respublikada onlardan
başqa, müvafiq olaraq öz tarixi
vətənləri olan ruslar, ukraynalılar, yəhudilər,
yunanlar, almanlar, tatarlar və s. yaşamaqdadır və bu səbəbdən
Azərbaycan torpaqlarına alloxton milli azlıqlar da aid edilə
bilər. Multikulturalizm Azərbaycanda milli (etnik)
və dini müxtəlifliyə qarşı deyil, əksinə,
onları mədəni identiklik variantları qismində birləşdirir.
Multikulturalizm siyasəti
kontekstində azlıqlar Azərbaycanda yüksək diqqət
obyektinə çevrilirlər ki, bu da hər bir qrupa, hətta
ən azsaylı qrupa öz mədəniyyətini digər
qruplarla bərabər səviyyədə inkişaf etdirmək
imkanı verir.
Məsələn, etnik azlıqların kompakt şəkildə
yaşadığı yerlərdə ümumtəhsil məktəblərinin
ibtidai siniflərində ana dili tədris olunur; tədris
proqramları və vəsaitləri, folklor və şeirlər
toplusu, müvafiq dillərdə bədii ədəbiyyat nəşr
edilir; qəzetlər və jurnallar dərc olunur; dövlət
milli teatrları və bədii yaradıcılıq kollektivləri
fəaliyyət göstərirlər.
Azərbaycanda mövcüd
olan mədəni simbioz və müxtəlif ənənələr
maddi və mənəvi mədəniyyətin tarixi abidələrində
həkk olunmuşdur. Belə ki, maddi mədəniyyət abidələrinin
qorunması çərçivəsində Astara, Qax,Quba, Zaqatala və digər rayonların
tarix-ölkəşünaslıq muzeylərində, həmin ərazilərdə
yaşayan etnik azlıqların irsini və ənənələrini
əks etdirən ekspozisiyalar təşkil olunur. Bu sahədə kitabxanalar da səmərəli fəaliyyət
göstərir; burada milli azlıq nümayəndələrinin
kitablarının təqdimatı keçirilir və bu kitablar
kitabxanaların fonduna daxil olur.
Belə bir faktı qeyd etmək
lazımdır, multikulturalizm yalnız milli mədəniyyətlərin
qarşılıqlı təsiri deyil, həm də ictimai fəaliyyətin
mənəvi təzahürü olaraq, dinlərin
qarşılıqlı təsiridir. Azərbaycanda
insanın əsas hüquq və azadlıqları kimi, vicdan və
dini əqidə azadlığına Konstitusiya ilə təminat
verilmişdir, buna görə də bütün konfessiyalar
azadlıq və tolerantlıq şəraitində fəaliyyət
göstərirlər. Azərbaycanın bu
sahədəki uğurlarını bizim ölkədəki
din-dövlət münasibətlərinin düzgün
qurulması şərtləndirir və həm də
tolerantlıq dövlət səviyyəsində dəstəklənir.
Azərbaycanda müxtəlif dinlərə mənsub
insanlar özlərini cəmiyyətin ayrılmaz tərkib hissəsi
hesab edirlər.
Müxtəlif
konfessiyaların təmsilçilərinin sülh şəraitində
birgəyaşayışı ölkədə tarixi gerçəklikdir. Azərbaycan
xalqının üç dindən – zərdüştilik,
xristianlıq və İslamdan keçib gəlmə mərhələləri
də həm ölkənin daxilində, həm də beynəlxalq
arenada balanslaşdırılmış üzvi mədəniyyətlərarası
kommunikasiyaların qurulması üçün böyük əhəmiyyət
daşıyan faktordur. Azərbaycanda
dünyanın bir çox polietnik bölgələri
üçün örnək olan tolerantlıq və
konfessiyalararası dialoqun xüsusi modeli qərarlaşmışdır.
Dövlət-din münasibətlərinin
müasir Azərbaycan modeli çərçivəsində
bütün konfessiyalar qanun qarşısında bərabər
olmaqla, eyni status almışlar. Ölkə
vətəndaşlarının böyük əksəriyyətini
təşkil edən müsəlmanların
hüquqlarının təmin edilməsi ilə yanaşı,
dövlət respublikada yayılmış bütün ənənəvi
dinlərə qayğı göstərir. Azərbaycanda
yürüdülən və ölkənin tarixi ənənələrinə
söykənən, vətəndaşların mədəni, o
cümlədən dini tələbatlarının təmin
edilməsinə qayğı göstərildiyi kursuna
aşağıdakılar nümunə ola
bilər:
• Sovet ateizminin tüğyan etdiyi
dövrdən sonra Bakıda XX əsrin əvvəllərində
azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin fəal
dəstəyi ilə inşa olunan “Jen-mironosits” pravoslav kafedral
kilsəsinin açılışı. Bu kilsə XXI əsrin
əvvəllərində digər bir azərbaycanlı
mesenatın səyləri ilə bərpa olunmuşdur;
•
Pontifik
II İohann Pavelin Azərbaycana səfəri zamanı tikintisini təqdir etdiyi
yeni inşa olunan katolik kilsəsinin
açılışı. Bu kilsə 1930-cu ilin məlum hadisələri
zamanı uçurulmuş əvvəlki katolik məbədinin
ənənələrini davam etdirir;
•
Bakıda
sovet dövründə dağıdılmaqdan xilas ola bilən
sinaqoq bərpa edilmiş və genişləndirilmişdir.
Azərbaycan cəmiyyətində unikal tolerantlıq, dözümlülük və mədəniyyətlərarası dialoq atmosferi multikulturalizmin inkişaf modeli olaraq diqqəti cəlb edir. Bu çoxmədəniyyətlilik modeli həm assimilyasiyaya, həm də etnik qrupların sosio-mədəni təcridinə qarşı olmaqla, cəmiyyətin mədəni mənzərəsinin “mozaikliyinə” rəvac verməkdir. O, nəinki mədəniyyətlərin çoxsaylı spektrinə, həm də bütöv bir sıra qanunvericilik tədbirləri yolu ilə mədəniyyətlərə dövlət dəstəyinə əsaslanır. Milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında təsbit edilmişdir, bunlar, etnik, dini və irqi mənsubiyyətindən asılı olmayaraq, onun bütün vətəndaşlarının bərabərliyini təmin edir ( III hissənin 25-ci maddəsi, 44-cü maddə, 45-ci maddə ).
Azərbaycan Respublikasının milli siyasət konsepsiyası BMT-nin “Ümumdünya insan hüquqları bəyannaməsi”nə, Avropa Şurasının “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi Konvensiyası”na, BMT-nin “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”sına, BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Avropada Təhlükəsizlik və Əməkdaşlıq haqqında müşavirənin Yekun Aktı”na, “ATƏT İnsan ölçüləri üzrə Konfransın Kopenhagen müşavirəsinin sənədi”nə, Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası”na, Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub şəxslərin hüquqlarının təmin edilməsi haqqında Konvensiya”ya əsaslanır. Eləcə də Azərbaycan Respublikasının milli siyasətinə həsr edilən dövlət sənədi – Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların hüquq və azadlıqlarının müdafiəsinə, dillərinin və mədəniyyətlərinin inkişafına dövlət dəstəyi haqqında” fərmanı qəbul edilmişdir. Başqa sözlə, milli azlıqların müdafiəsi Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin başlıca istiqamətlərindən biridir.
Belə bir faktı qeyd etmək istərdik ki, ölkədə keçirilən multikulturalizm sferasına dair tədbirlər multikulturalizm və tolerantlığın Azərbaycan modelinin uğurlarının dünya birliyi tərəfindən tanınmasına şahidlik edir. Məhz “Bakı prosesi” adını almış təşəbbüs sonralar dünya dini liderləri Sammitinin, Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycanda keçirilməsinə təkan vermişdir. Bu tədbirlər bir növ buna çağırışdır ki, mədəniyyətlərarası dialoq çağdaş dünyanın ən təxirəsalınmaz məsələlərindən biridir və heç şübhəsiz ki, dünya miqyasında getdikcə daha böyük önəm kəsb edən sahədir. Bakıda 2015-ci ilin yayında keçirilən birinci Avropa Oyunları və 2017-ci ilə planlaşdırılan İslam Olimpiya Oyunları – multikulturalizm ənənələrinin tanınmasında Azərbaycanın əvəzedilməz rolunun daha bir sübutudur. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Bu qərar Azərbaycan tolerantlıq və mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa hansı mühüm töhfələr verdiyi nəzərə alınmaqla qəbul edilmişdir.
Multikulturalizm mahiyyət etibarı ilə müxtəlif mədəniyyətlərin və onların daşıyıcılarının bir vahid cəmiyyətdə hüquqi, iqtisadi məkanda sülh şəraitində birgə yaşayışın qaydaları və normalarının işlənib hazırlanmasıdır. Bizim zəmanənin çoxmilliyyətli dövlətlərinin sabitliyinin qorunub saxlanması və uğurlu inkişafın təminatının vasitəsi kimi, multikulturalizm siyasətinə qiymət verərkən qeyd etmək lazımdır ki, bu, faktiki olaraq şəxsiyyətin mədəniyyət əsaslarına görə sosial sistemdən xaric edilməsinin yolverilməzliyinə istiqamətlənmişdir. Biz Azərbaycanın timsalında məhz bunu görməkdəyik. Mədəni müxtəliflik bizim ölkədə fərqli identikliklərin sadəcə üst-üstə gəlməsi deyil, həm də onların birləşdirici ümummilli həmrəyliyinin inkişaf etdirilməsi üçün münbit zəmindir. Başqa sözlə, bu, Azərbaycanın – etnik, dini və ya hər hansı başqa mənsubiyyətdən asılı olmayaraq, orada yaşayan bütün vətəndaşların ümumi evinin var-dövlət və sərvəti qismində nəzərdən keçirilir.
Multikulturalizmin Azərbaycan modeli ilə bağlı sadaladığımız bu çoxsaylı həqiqətlər barədə fikirlərimizi yekunlaşdırarkən bir daha xatırladaq ki, xalqımızın və dövlətimizin bütün uğurları kimi, formalaşdırdığımız müasir multikulturalizm modelimizin də təməlində ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi dayanır.
Elmar Qasımov,
Bakı Ali Neft
Məktəbinin rektoru,
YAP Siyasi Şurasının üzvü