Yol xəritəsi turizmin inkişafının yeni hədəflərini müəyyənləşdirib

 

Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən diqqət və qayğı turizmin inkişafının daha da sürətlənməsinə böyük imkanlar yaradıb. Ölkə Prezidenti İlham Əliyevin  2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq  olunan  milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri sırasında da ixtisaslaşdırılmış turizm sənayesi diqqət mərkəzində saxlanılıb. Həmin sənədlə ölkəmizdə turizmin  gələcək inkişaf hədəfləri müəyyənləşdirilib.

Turizm  müstəqil Azərbaycanda  qeyri- neft sektorunda əsas istiqamətlərdən biridir. Dövlət başçısı bu sahənin tərəqqisi  üçün bir sıra  əhəmiyyətli sərəncamlar imzalayıb, onların reallaşması  üçün  mühüm tədbirlər həyata keçirib.

Turizmin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları da ölkədə  bu sahənin  sürətli inkişafına əsaslı stimul yaradıb. Ölkə Prezidenti Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “Biz gördük ki, həyata keçirilən tədbirlər və aparılan islahatlar bu il turizmin axınına çox böyük təkan verib. Xüsusilə ərəb ölkələrindən gələnlərin sayı 20-30 dəfə artıb. Yay aylarında bizim otellərin çoxunda boş yer yox idi. Yəni, bu, ölkəmizə böyük valyuta gətirir. Ola bilər bu, bizim üçün yenilikdir. Bəlkə insanlar da buna öyrəşməyiblər. Ancaq bütün inkişaf etmiş ölkələrdə böyük turizm axını müşahidə olunur. Turizm axını o ölkələrin inkişafı, təhlükəsizliyi, xalqlarının qonaqpərvərliyi deməkdir. Bizdə də bunların hamısı var. Xalqımız qonaqpərvərdir, təhlükəsizlik təmin edilir, gözəl tarixi, mənzərəli yerlərimiz və müasir infrastrukturumuz var.”

Azərbaycan  Prezidentinin imzaladığı  Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sərəncamında  dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları təhlil edilib. Aparılan təhlillər nəticəsində turizm sahəsi üzrə strateji yol  xəritəsi təsdiq olunub. Bu sənəddə 2020-ci ilə qədər  turizmlə bağlı hədəflər, prioritetlər və tədbirlər müəyyənləşdirilib. Yeri gəlmişkən 2020-ci ilə qədər Bakının turizm imkanlarının daha da  genişlənməsi  əsas hədəflərdən biridir. Bu gün  Bakı öz  turizm imkanlarına  görə  turistlərin  maraq  göstərdiyi  şəhərlərdəndir. Buradakı tarix və mədəniyyət abidələri,  park  xiyabanlara, muzeylərə və digər mədəniyyət abidələrinə  turistlər  böyük həvəs  göstərirlər. İçərişəhər  Tarix-Memarlıq  Qoruğu həmişə turistlərin  ziyarət etdiyi məkana çevrilib. Elə Qobustan, Atəşgah qoruqları da  turistlər üçün belə  cəlbedici məkanlardır.

Regionlarımızda da turizmin inkişafı  üçün  potensial imkanlar var. Yol xəritəsində bu imkanların reallaşması istiqamətləri öz əksini tapıb. Sənəddə turizmin müxtəlif növlərinin inkişafı əsas hədəflərdəndir. Qış turizmi, çimərlik turizmi, ekoturizm, sağlamlıq turizmi  bu sahənin  inkişafında  əsas istiqamətləri təşkil edəcək. Artıq Azərbaycanın bu sahələrdə kifayət qədər  təcrübəsi var.

Azərbaycanın turizm potensialı dünyada əsaslı şəkildə təbliğ olunur. Mədəniyyət Turizm Nazirliyi  beynəlxalq turizm sərgilərində mütəmadi olaraq iştirak edir. Turistlərin cəlb olunması  üçün  imkanlardan daha  səmərəli istifadə olunur. Bu istiqamətdə  tədbirlərin  davam etdirilməsi əsas  hədəflərdəndir.

Azərbaycanda  turizmin inkişafına  güclü  stimul verən faktorlardan biri ölkəmizdə  kecirilən  beynəlxalq  tədbirlərdir. Birinci Avropa Oyunları, “Formula- 1”  yarışları, Mədəniyyətlərarası  Dialoq  forumları və  Bakıda   keçirilən Ümumdünya  Şahmat  Olimpiadası Azərbaycana turist axınını  xeyli sürətləndirib. Gələn il  IV  İslam Həmrəyliyi Oyunları, IV Mədəniyyətlərarası Dialoq Forumu    digər  beynəlxalq tədbirlərin   ölkəmizə turistlərin cəlbinə əhəmiyyətli təsir göstərəcəyi şübhəsizdir.

Turizm sahəsinin inkişafı bu sahədə kadr hazırlığına da müsbət təsir göstərir. Azərbaycan TurizmMenecment Universitetininturizm sahəsi üzrə ilk peşə təhsili müəssisələrinin məzunları bu gün turistlərə yüksək səviyyədə xidmətin  təşkilində böyük təcrübə qazanıb. Prezidentin daha bir sərəncamı ilə  27  sentyabr ölkədə  Turizm İşçiləri  Günü elan olunmuşdur.

Göründüyü kimi,  bu  sahə ölkə  rəhbərinin  diqqətindədir. Bu yaxınlarda “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” Prezident sərəncamı ilə turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsinə  800 min manat, o cümlədən Turizm Reyestrinin yaradılmasına 400 min manat, Bakı şəhərində ticarət festivalının (“Shopping festival”) keçirilməsinə 400 min manat vəsait ayrılması da bunun bariz ifadəsidir.

Bütün bunlar isə onu deməyə əsas verir ki,  yaxın  gələcəkdə  Azərbaycan yüksək sürətlə inkişaf edən turizm ölkəsinə çevriləcək.

 

M.MÜKƏRRƏMOĞLU, 

 

Xalq qəzeti.- 2016.-15 dekabr.- S.6.