Gənc pianoçunun uğurları

 

Zərif barmaqları  pianonun dillərinə toxunduqca, musiqi sədaları könülləri fəth edir. Musiqinin sehri dinləyiciləri lirik ovqata, düşüncələrə kökləyir.    Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin on birinci sinif şagirdi  Səbinə Rzazadə  indiyədək yerli və beynəlxalq müsabiqələrdə bir sıra uğurlara imza atıb, laureat adını qazanıb.

Yola salmağa hazırlaşdığımız 2016-cı  il də gənc pianoçu üçün  kifayət qədər uğurlu olub.  Rusiyada keçirilən “Musiqi alətləri və vokal ifaçıların ustadlığı”  adlı festivalda (1-14 iyun) Qran-pri laureatı, Sloveniyanın Lyublyana şəhərində keçirilən “World Competetion in Slovenia” adlı müsabiqədə (24 avqust )  Qran-pri, Kanadada keçirilən  İnternational art competition in Fredericton” müsabiqədə birinci yer, Fransada keçirilən “Cannes İnternational Childrens Festival  (24 iyul)  müsabiqəsində ikinci yer, Slovakiyada keçirilən “İnternational competition” (14 avqust ) ikinci yerə layiq görülməsi bu il əldə etdiyi uğurların bir qismidir.

O, Rusiya, Sloveniya, Kanada, Fransa, Polşa, İspaniya, Monako, Slovakiyas. ölkələrdə keçirilən  müsabiqələrdə  Qran-pri mükafatı qazanıb, dəfələrlə birinci yerə çıxıb və diplomlara layiq görülüb.

Səbinə Rzazadə 2000-ci ildə  Naxçıvan şəhərində anadan olub. 2009-cu ildən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Tatyana Vladimirovna  Ryabuxanın sinfində fortepiano ixtisası üzrə təhsil alır.

Səbinənin Azərbaycanda da uğurları kifayət qədərdir.  Gənc  və istedadlı pianoçu kimi   respublika xor müsabiqələrində birinci yeri, Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş fortepiano ansamblı və müşayiət üzrə respublika müsabiqəsində ikinci  yeri tutub, “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin repertuarında”  I Respublika Festivalının  laureatı adını qazanıb.

Estoniyanın Narva şəhərində keçirilən  Şopenin əsərlərində urtekst nəşrin rolu” beynəlxalq seminarında  sertifikat ilə təltif olunub.

Səbinə hər zaman yaradıcılıq axtarışında və öyrənmək həvəsindədir. Odur ki, dünyanın nüfuzlu musiqiçilərinin məruzə və təlimlərində iştirak edərək ustad dərsləri almağa böyük önəm verir.  Dünyaca məşhur pianoçu, dirijor, İtaliyada  Çiqiana Musiqi Akademiyasının professoru Mişel Kampanella, Polşada  Frederik Şopen adına  Musiqi Akademiyasının professoru Pavel Kamenski,  Cenevrə Konservatoriyasının professoru  Serqey Milşteyn,  Rusiyada  Saratov Dövlət Konservatoriyasının professoru Valentin Xanetskidən ustad dərsləri alıb.

2015-ci ildən Azərbaycan Respublikasının Əməkdar artisti Vaxtanq  İmanovun bədii rəhbər olduğuDolçe Vita” adlı  Azərbaycanda yeganə gənc simli kvintetin solisti kimi fəaliyyət göstərib. Birlikdə  Asəf Zeynallı adına Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin səhnələrində dəfələrlə solo konsert ilə çıxış ediblər.

Səbinə mütəmadi olaraq orkestr müşayəti ilə Bakı Musiqi Akademiyasında, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, Alman kilsəsində, Dövlət Filarmoniyasında Azərbaycanın Xalq artisti Rauf Abdullayevin, altist ,dirijor Fuad İbrahimovun və Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin rəhbərliyi  altinda keçirilən konsertlərdə solist kimi ifa edib.

Gənc pianoçunun  gələn ildən gözləntiləri böyükdür. Ümid edir ki,  gələn il daha böyük uğurlar qazanaraq, azərbaycanlı gənc kimi dövlətimizi nüfuzlu beynəlxalq  müsabiqələrdə müvəffəqiyyətlə təmsil edəcək.

 

Əfsanə BAYRAMQIZI,

 

Xalq qəzeti.- 2016.- 16 dekabr.- S. 7.