Abidələr tarixi
yaddaşımızdır
Azərbaycan dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Bunu ölkəmizin ərazisində tapılan yaşı minillikləri ötən tarixi abidələr sübut edir. Ulu öndər Heydər Əliyev bu abidələr barədə deyirdi: “Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.
Bu abidələrin qorunmasına və bərpasına ulu öndərin hakimiyyəti illərində xüsusi diqqət yetirilməyə başlanmışdır. Ümummilli lider 10 aprel 1998-ci il tarixli sərəncamı ilə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunu təsdiq etdikdən sonra bu məsələ artıq hüquqi status qazanmışdır.
2000-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edildi. Bu gün tarixi memarlıq qoruğu kimi qədim şəhərin mühafizəsi və qorunması dövlətin xüsusi nəzarətindədir. Ulu öndərin hakimiyyəti dövründə bir sıra mədəniyyət abidəsi, tarixi abidələr restavrasiya olunmuş, təmir edilmişdir. Elə Bakıda Dövlət Filarmoniyasının əsaslı təmiri, regionlarda bir sıra mədəniyyət və tarixi abidələrin əsaslı şəkildə yenidən qurulması dövlətin bu sahəyə diqqətinin nəticəsidir.
Ulu öndərin irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə tarixi yaddaşımız olan abidələrin mühafizəsi və bərpası geniş miqyas almışdır. Belə ki, Prezident 2007-ci il iyunun 11-də “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” sərəncam imzalamışdır. Həmin il noyabrın 6-da isə Nazirlər Kabinetinin qərarı ilə bu abidə-kompleksə qoruq statusu verilmişdir. Həmin ərazidə qoruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır. Hazırda Qobustan Dövlət Tarixi-Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri siyahısına daxil edilib.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılmış, abidənin daxilində, o cümlədən yeni inzibati binanın interyerinin və ekspozisiya sahəsinin bədii tərtibatının layihəsi hazırlanmış və abidə kompleksi yenidən qurulmuşdur .
Şəki rayonunda Şəki Xan Sarayı, qala divarları, Kiş alban məbədi, Aşağı Karvansaray, Şəkixanovların evi, Quba rayonunun Xınalıq kəndində Əbu-Müslüm və Xıdır Nəbi məscidləri, Naxçıvan şəhərində “Möminə Xatun”, Şərur rayonunda “Qudi-Xatun” türbələri, Culfa rayonunda “Xanəgah” memarlıq kompleksi, Babək rayonunda “Əshabül-Kəhf” ziyarətgahı dini mədəni abidə kompleksi, Qusar rayonunda Şeyx Cüneyd türbəsi, Qax rayonunda Kürmük məbədi, “Sumuqqala” abidəsi, Gəncə şəhərində Nizami Gəncəvi məqbərəsi, Hacıqabul rayonunda Pir Hüseyn xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri başa çatdırılmışdır. Bəzi abidələrin ətrafında sel sularından mühafizə üçün drenaj sistemi qurulmuş, ərazisi işıqlandırılmış, qoruqlara gedən magistral yollarda informasiya lövhələri və yol nişanları quraşdırılmışdır. Qoruqların bir qisminin maliyyələşdirilməsi dövlət büdcəsinin yerli xərclərindən mərkəzləşdirilmiş xərclərinə keçirilmişdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Prezidentin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan və dövlət başçısının sərəncamı ilə 2013-cü il dekabrın 27-də təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.
Respublika ərazisində 6300-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Dövlət Proqramı bu abidələrin mühafizə, bərpa, konservasiya, tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyur.
Azərbaycan rəhbərliyinin diqqət və qayğısı sayəsində ölkəmizdə bu sahədə böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
Azərbaycanın bir sıra tarix və mədəniyyət abidələri hələ də düşmən tapdağı altıda qalmış regionlarımızdadır. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də ermənilər tərəfindən məhv edilib.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2016.- 17
dekabr.- S.7.